Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə63/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   59   60   61   62   63   64   65   66   ...   78

 
364 
Şəha adlanan bir şəhər var idi 
Ki, şənlik yeri, xoş çəmənzar idi. 
Ora keçdü Hamavəran sərvəri, 
Bəzəndirdi cənnət kimi hər yeri. 
Çatanda Şəha şəhrinə hökmdar, 
Sakinləri torpağa baş qoydular. 
Yeri ənbərə, müşkə qərq etdilər, 
Səpildi bütün yollara zər, göhər, 
Hər addımda sazəndələr dəstəsi, 
Göyə qalxdı mahnı səsi, saz səsi. 
Onu görcəyin şahi-Hamavəran 
Böyüklərlə pişvaza oldu rəvan. 
Şahın eyvanından qapıya qədər  
Səpilmişdi dürr ilə yaqutü zər. 
Qızıl cam içində neçə şux pəri, 
Şahın başına səpdi müşk, ənbəri. 
Qoyub qəsrdə bir qızıl təxt şah, 
O təxt üstə əyləşdi xoşbəxt şah. 
Bir həftə tamam eylədi eyşü nuş, 
Keçirdi İran şahının vaxtı xoş. 
Kiçiklər kimi şahi-Hamavəran 
Onun xidmətindəydi hazır hər an. 
Deyərdin: bir ordu qabıqdan çıxar 
Xoş, asudə əylənsin iranlılar. 
Bu yolla xatircəm yeyib yatdılar, 
İnamsızlığın daşını atdılar. 
Fəqət tor qurulmuşdu xeyli qabaq
Tor içrə əsir idi çoxdan qonaq. 
Gedib Bərbəristana çatdı xəbər 
Ki, Hamavəran ilə həmrəydilər. 
Gecə vaxtı şeypur, təbil çaldılar, 
Şahın üstünü qəflətən aldılar. 
Qoşun Bərbəristandan etdi hücum, 
Qohum canına qəsd qıldı qohum. 
 
365 
Tutuldu nəfəs çəkmədən Keykavus, 
Əsir oldu Gudərz ilə Givü Tus. 
Ağıllı adamlar demişlər belə: 
Həqiqət budur, sən dəxi dərk elə, 
Qohumla qanın bir deyilsə əgər, 
Əmin olma, ondan çəkərsən zərər! 
Qanıbir qohumlar da bəzən olur 
Ki, qəlbi sənə qarşı kinlə dolur. 
Deyilsənsə pis-yaxşısıyla tanış, 
Qohum olduğun şəxslə az danış! 
Bəşər çiy süd əmmiş, inanma ona, 
Görərsən ki, gündə girir bir dona! 
Belə hal olur ki, oğul yüksəlir, 
Həsəddan ata qəlbini qurd dəlir. 
Bu murdar cahan rəsminə sal nəzər, 
Külək hardan əssə ora tez dönər. 
Sən Hamavəran şahına ver fikir, 
Xəyanətlə Kavusu etdi əsir. 
Buludlar içində başı gizlənən, 
Dəniz ortasından göyə yüksələn
Uca bir dağın qülləsində haman 
Qala var idi, şahi-Hamavəran 
Ora aldı, göndərdi Keykavusu, 
Qolu bağlı Gudərzi, Givi, Tusu. 
Qalan adlı-sanlı adamlar daha 
Qala yoldaşı oldu Kavus şaha. 
Qoşundan ayırdı igid min nəfər, 
Qala dövrəsində keşik çəkdilər. 
Sərapərdəsi oldu şahın talan, 
Böyüklər qənimət götürdü kalan. 
Kəcavə bəzəndi ipək örtülü, 
İki dəstə arvad ləçək örtülü, 
Gətirmək üçün getdi Sudabəni, 
Ayaq altına salmağa pərdəni. 


 
366 
Nəzər saldı Sudabə arvadlara, 
Əl atdı öz əynindəki paltara. 
Yolub müşk saçları verdi yelə, 
Qızartdı yanaqlarını qan ilə, 
Dedi: – Nə pis iş tutdu namərd atam? 
Gedərmi bu alçaqlığa mərd adam? 
Tutandı, tutaydı döyüşdə onu, 
Yəhər təxti idi, zirehsə donu. 
O meydandakı Giv, Gudərz, Tus, 
Çalanda təbil bağrıqan oldunuz. 
Sarayda qızıl təxtin üstündə siz 
Xəyanətlə dostluq əlin kəsdiniz. 
Axıtdı gözündən üzə qanlı yaş, 
Dedi: – Siz hamı itsiniz qəlbi daş! 
Mən ölsəm də, Kavusdan ayrılmaram, 
Qəbirdə belə mən ona qəmxaram. 
Tutub Kavusu çəkdiniz zəncirə, 
Mənim də kəsin başımı bir kərə. 
Bütün bunları şaha çatdırdılar, 
Başında alov, sinədə ağrılar, 
Dedi: – Çatdırın şaha Sudabəni, 
Qoy olsun onun da qala məskəni! 
Onun oldu həmmənzili şəhriyar
O Kavusa yar oldu, həm qəmküsar. 
Alınmış əsir şah, yəqin etdilər, 
Qoşunlar köçüb İrana getdilər. 
Yayıldı xəbər aləmə nagəhan 
Ki, itmiş çəməndən o sərvi-rəvan. 
Görüncə qızıl təxt şahsız qalıb, 
Hərə tac uğrunda baş qaldırıb, 
Ərəblərlə türklər girib meydana, 
Qoşun sel kimi qoydu üz İrana. 
Tez Əfrasiyab topladı bir qoşun, 
Yeyib yatmağa, dincliyə qoydu son. 
 
367 
İrandan ucaldı öl, öldür səsi, 
Cahan oldu dava-dalaş səhnəsi. 
Ərəblərlə türklər gəlib üz-üzə, 
Qan axdı, o səhrada çıxdı dizə. 
Ara vermədən getdi üç ay savaş, 
Tac alsın deyə çoxları qoydu baş. 
Bu dünya vəfasız yaranmış belə, 
Keçər ömr gah nazla, gah dərd ilə. 
Nəhayət, ölüm hər işə son qoyar, 
Pisə, yaxşıya baxmaz, eylər şikar
Ərəblər bata bilmədi türklərə, 
Basıldı qoşun, qoydu üz çöllərə. 
İranlı düşüb öz evindən qaçaq, 
Qul oldu yada həm böyük, həm uşaq, 
İran tapdaq oldu yenə yadlara, 
Günü, ruzgarı oldu xalqın qara. 
Camaat qoyub Zabilistana üz, 
Zalın oğlunun yanına getdi düz. 
Dedilər ki, itmişsə Kavus şah, 
Bizə bu yaman gündə sənsən pənah, 
Heyifdir ki, İran viran ola, 
Pələnglərlə şirlər əlinda qala! 
Bu yer bəsləmiş çox igid pəhləvan
Bu yerdən idarə olunmuş cahan. 
Olub indi dərdü bəla ölkəsi, 
İti pəncəli əjdəha ölkəsi. 
Pələnglər döşündən süd əmmiş oğul 
Belə bir ağır dərdi etməz qəbul. 
Düşün bir əlac indi, ey qəhrəman! 
Xilas et bizi dərdü qəmdən, aman! 
Gözündən axıb Rüstəmin qanlı yaş, 
Ürək dərdi, can dərdi qaldırdı baş. 
Dedi: – Qövr edibdir sinəmdə yaram, 
Qoşunla qisas almağa hazıram. 


 
368 
Mənə olsa məlum şahın yeri, 
Çıxarram bütün ölkədən türkləri. 
Gəlib çatdı Kavus şahdan xəbər 
Ki, zindanda ömrü əzabla keçər. 
Yığıb ordu Kabildən o pəhləvan 
Mətanətlə meydana oldu rəvan.  
Çağırdı sayıq, yolbilən bir adam 
Dedi: – Şah Kavusa, get, ver salam. 
Qolu güclülərdən seçib bir nəfər, 
Dedi: – Eylə Hamavərana səfər. 
Yazıb namə Hamavəran şahına 
Ki, amadə ol, vay sənin halına! 
İran şahına pusqu qurdunmu sən? 
Kürəkdən ona zərbə vurdunmu sən?  
Döyüşdə xəyanət igidlik deyil
Pələng hiylə işlətsə, sən tülkü bil! 
Ürəkdə ədavət coşub daşsa da, 
Döyüş vaxtı mərd hiylə salmaz yada. 
Əgər şah Kavusu salsan yola, 
Başından sovuşmuş böyük bir bəla. 
Bunu etməsən, meydana qoy qədəm, 
Gərək yurdunu yerlə yeksan edəm. 
Çatıb elçi Hamavəran şahına, 
Bəyan etdi peyqamı dərgahına. 
Eşitdi o peyqamı, şah oldu mat, 
Düşündü: çətindir ki, tapsın nicat, 
Gicəldi başı baxcağın naməyə, 
Qaraldı gözündə bu aləm deyə 
Cavab verdi: – Kavusi-Key heç zaman 
Mənim qəhr-pəncəmdə tapmaz aman.  
Əgər Bərbəristana bassan qədəm, 
Yağar başına gürzlər dəmbədəm. 
Səninçin də zindanda boş yer durur
Əgər mayil olsan, utanma, buyur! 
 
369 
Əgər gəlməyir heyfin öz canına, 
Qoşunla gəlim hərbə–meydanına! 
Cavabı alıb Rüstəmi-namidar, 
Dedi: – Hazır olsun bütün ordular, 
Quru yol uzaqdır deyə pəhləvan 
Dəniz sahilinə tez oldu rəvan. 
Gəmiylə, qayıqla qoşun üç günə 
Keçib gəldi Hamavəran üstünə. 
Qırıb tökdülər, başlanıldı talan, 
Bütün ölkədə sel kimi axdı qan. 
Tutunca xəbər şahi-Hamavəran 
Ki, Rəxş üstə Rüstəm olubdur rəvan, 
Şəhərdən qoşunla çıxınca kənar, 
Gözündə işıqlı cahan oldu tar. 
Düzüb ordunu həm sola, həm sağa
Hərif istədi şah çarpışmağa. 
Çəkib nərə Rüstəm dedi: – Hazıram, 
Özüm təkcə sizdən bir ordu qıram. 
Ağır gürz əlində girib meydana, 
Bağırdı, salıb Rəxşini cövlana, 
Qoşun əhli saldı ona bir nəzər, 
Əmud əldə meydanda dağtək gəzər. 
Üzüldü ürəklər deyən sinədən, 
Dağıldı qoşun qorxusundan həmən, 
Görüb Rüstəmi şahi-Hamavəran. 
Başında olan bir bölük pəhləvan 
Şəhər səmtinə qorxudan qoydu üz, 
O meydan qoşundan boşaldı təmiz. 
Müşavirlə xəlvətdə əyləşdi şah,  
Qoşundan iki novcavan seçdi şah, 
Cilov çəkmədən yolboyu bir kərə 
Biri Misrə getsin, biri Bərbərə. 
Mürəkkəb edib öz ürək qanını, 
Birinci yazıb şahlar ünvanını, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə