Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə27/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
56
 
 
Müasir  iqtisadi  inteqrasiya  və  qloballaşma  şəraitində  istehsalın  ixtisaslaşdırılması  və 
kooperasiyası,  təkcə  ölkə  daxilindəki  sahələrarası  əlaqələrdə  deyil,  eyni  zamanda  beynəlxalq 
iqtisadi-ticarət,  elmi-texniki,  mədəni-turizm  münasibətlərinin  də  genişlənib  dərinləşməsində 
mühüm rol oynayır 
 
6.7. Bütün iqtisadi sistemlərdə pul xüsusi növ əmtəə və ümumi ekvivalent kimi mühüm 
rol  oynamışdır.  Pul  istehsal  olunmuş  əmtəələrin  və  göstərilən  xidmətlərin  dəyərinin  ifadə 
formasıdır.  İnsan  əməyinin  və  zəkasının  məhsulu  olan  müxtəlif  təyinatlı  əmtəələr-xidmətlər 
pul vasitəsilə dəyərləndirilib-hesablanır, mübadilə edilir, reallaşdırılaraq satıcıdan alıcıya keçir.  
Pulun meydana çıxması və keçdiyi inkişaf yolu göstərir ki, tarixən bəşəriyyətin müxtəlif 
dövrlərində  bu  vəzifəni  ilk  vaxtlar  ayrı-ayrı  yerlərdə  mal-qara,  xəz,  duz,  çay;  sonralar  mis, 
dəmir,  gümüş,  qızıl;  müasir  mərhələrdə  isə  kağız  pullar,  səhmlər,  qiymətli  kağızlar,  plastik 
lövhələr, bankomatlar yerinə yetirir. Pulun mahiyyəti və təsərrüfat həyatında oynadığı mühüm 
rol  öz  ifadəsini,  tarixən  onun  yerinə  yetirdiyi  5  vəzifədə  (funksiyada)  tapmışdır.  Həmin 
vəzifələr  bunlardır:  dəyər  ölçüsü,  tədavül  (alqı-satqı),  yığım  (xəzinə  yaratmaq),  borc-kredit 
(tədiyə), dünya pulu. Son iqtisadi ədəbiyyatlarda pulun dəyər ölçüsü, tədavül və yığım vasitəsi 
roluna  daha  çox  diqqət  yetirilir.  Eyni  zamanda  qeyd  olunur  ki,  ümumiyyətlə  pulun  dəyər 
ölçüsü və tədavül vasitəsi olması vəzifələri əsas, başqaları isə onlardan törəmədir.  
Bazar  münasibətləri  iqtisadi  sistemində  pulun  ümumi  bir  ekvivalent  kimi  alqı-satqı 
(tədavül,  mübadilə)  vasitəsi  rolu  özünü  daha  qabarıq  surətdə  göstərir.  Hər  şey  alınıb-
satıldığından,  iqtisadi  resursların,  əmtəələrin,  xidmətlərin  reallaşdırılması  prosesində  pul  və 
onun vasitəsilə həyata keçirilən əməliyyatlar həlledici bir əhəmiyyət kəsb edir. Bu mənada pul 
bəşəriyyətin  kəşflərindən  biri  kimi  qiymətləndirilə  bilər.  Pul  adi  kağız  deyildir,  o  dövlətin 
rəmzi  və  zəmanəti,  ölkənin  sərvətinin  ifadəsi,  millətin  iqtisadi  inkişafının,  habelə  beynəlxalq 
aləmdə nüfuzunun əlamətlərindən biridir.  
 
6.8.  Hər  bir  iqtisadi  sistemin,  o  cümlədən  də  bazar  münasibətləri  iqtisadi  sisteminin 
konkret  olaraq  necə  fəaliyyət  göstərdiyini,  aşağıdakı  5  əsas  (fundamental)  məsələ,  cəhət 
aydınlaşdırılır. Həmin məsələlər aşağıdakılardır: 
1.  Tələbin  sonsuzluğu  və  resursların  məhdudluğu  şəraitində,  nə  qədər  müxtəlif  təyinatlı 
məhsullar  hazırlamaq,  habelə  hansı  xidmətlər  göstərmək  məsələsi,  sırf  kəmiyyət  (miqdar, 
həcm)  baxımından  öz  həllini  tapmalıdır.  Başqa  sözlə,  tələblə-təklifin  optimal  variantı 
tapılmalıdır.  
2.  Nə  istehsal  etmək,  yaxud  istehsalın  yalnız  kəmiyyət,  həcm  cəhəti  deyil,  eyni  zamanda 
keyfiyyət  cəhəti  də  nəzərə  alınmalıdır  ki,  cəmiyyətin  və  insanların  hansı  məhsullara, 
xidmətlərə ehtiyacları olduğu düzgün aydınlaşdırılıb, daha dolğun təmin olunsun.  
3.  İstehsal  olunan  məhsulların  və  göstərilən  xidmətlərin  maddi-texniki  bazası,  habelə 
texnologiyası  necə  olmalı,  nəhayət  bunların  istehsal  prosesi  hansı  prinsiplər  əsasında 
aparılmalıdır.  Məlumdur  ki,  istehsal  2  tipdə  (istiqamətdə),  yəni  ekstensiv  (köhnə  texniki 
baza) və intensiv (ən yeni texnika-texnologiya) əsaslar üzərində qurula bilər.  
4.  İstehsal  olunmuş  məhsullar,  göstəriləcək  xidmətlər  kim  üçün  nəzərdə  tutulmuşdur  və  bu 
məhsullar-xidmətlər kimə təklif olunacaqdır. Başqa sözlə, bazar iqtisadi sistemi anbar üçün 
deyil,  satış  üçün  fəaliyyət  göstərdiyindən,  məhsulun  və  xidmətin  konkret  alıcısı,  ünvanı 
olmasını irəli sürür.  


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
57
 
 
5.  İqtisadi  sistem  bazarın  tələb-təklif  dəyişkənliyinə  hazır  olmalı,  həm  maddi-texniki,  həm 
texnoloji, həm də təşkilatı cəhətdən çevik, yarana və baş verə biləcək proseslərə hazır olub, 
qarşıya çıxan problemlərə optimal variantda cavab tapmalıdır.  
 
6.9.  Bazar  münasibətləri  iqtisadi  sistemi  öz  inkişafinda  böyük  təkamül  yolu  keçərək, 
daim təkmilləşmə sayəsində  müasir  səviyyəyə çatmışdır. Mürəkkəb  bir  quruluşa  malik olub, 
çoxsahəli  sistem  kimi  fəaliyyət  göstərən  müasir  bazar,  onu  təşkil  edən  müxtəlif  hissələrin 
(seqmentlərin) qarşılıqlı əlaqəsini tələb edir. Bu isə ilk növbədə bazar sistemində əmtəələrin-
xidmətlərin, kapitalın (iqtisadi resursların) və əməyin (iş qüvvəsinin) fasiləsiz hərəkəti, birinin 
digərinə  çevrilməsi,  bir-birini  qarşılıqlı  surətdə  əvəz  etməsidir.  Həmin  fasiləsiz  hərəkət,  axın 
isə  iqtisadiyyatda  müxtəlif  mülkiyyətçilərin  (xüsusi,  dövlət,  bələdiyyə,  qarışıq,  xarici, 
korporativ,  səhmdar,  şərikli),  tələblə  təklifin,  bazarda  formalaşan  qiymətlərin,  rəqabət 
mübarizəsinin aparılmasına əsaslanır.  
Eyni  zamanda  bazar  sisteminin  normal  fəaliyyəti  üçün  ona  xidmət  göstərən  bir  sıra 
sahələr,  yaxud  bazar  infrastrukturu  olmalıdır.  Deməli,  bazar  infrastrukturu,  bütövlükdə 
iqtisadiyyatın  səmərəli  fəaliyyətini  təmin  edən  şərtlər  olmaqla  yanaşı,  eyni  zamanda  vahid 
sistemin  tərkib  hissələridir.  Müasir  iqtisadi  ədəbiyyatda  infrastruktura  istehsal  (yollar, 
körpülər,  nəqliyyat,  boru  kəmərləri,  elektrik  suvarma  xəttləri  və  sair),  eyni  zamanda  sosial 
infrastruktura  (xəstəxanalar,  sağlamlıq  ocaqları,  məktəblər,  kitabxanalar,  muzeylər,  tamaşa-
əyləncə mərkəzləri və sair) ayrılır. İnfrastrukturanın fərqləndirici xüsusiyyətlərindən biri, onun 
fərdi, şəxsi deyil, ictimai və cəmiyyətin kollektiv tələbatlarını ödəməsidir.  
6.10. Bazar iqtisadiyyatı infrastrukturunun fəaliyyət göstərən vacib tərkib hissələri kimi 
əmtəə,  fond,  (qiymətli  kağızlar),  valyuta  və  əmək  birjaları,  bankları,  hərracları,  lizinq 
kampaniyaları,  yarmarkalar,  sərgi-satışları,  hüquq  və  audit  xidmətini,  vergi,  sığorta,  gömrük 
idarələrini,  rabitə-məlumat  təşkilatlarını,  məşğulluq  idarələrini  (mərkəzlərini),  antiinhisar 
qurumlarını, kadr hazırlığını göstərmək olar.  
Bazar iqtisadi sisteminin təşkili məsələlərinə aşağıdakılar daxildir: 
a)  Cəmiyyətin  malik  olduğu  iqtisadi  resursları  istehsal-xidmət  dairəsinin  müxtəlif  sahələri 
arasında  elə  bölüşdürmək  tələb  olunur  ki,  ən  az  (minimum,  lakin  məhsulun  keyfiyyətinə 
xələl gətirmədən) xərclərlə lazım olan əmtəələr-xidmətlər hazırlansın və müəyyən (normal) 
mənfəət əldə edilsin.  
b)  Ayrı-ayrı  istehsal-xidmət  sahələrində  fəaliyyət  göstərən  şirkətlər,  müəssisələr,  birliklər 
müəyyən  təyinatlı  məhsullar  hazırlamaq,  xidmətlər  göstərmək  istiqamətində  elə 
ixtisaslaşmalıdırlar  ki,  onlar  yeni  texnikadan,  qabaqcıl  texnologiyadan,  mütərəqqi  iş 
üsullarından  istifadə  etməklə,  tədricən  daha  mükəmməl,  eyni  zamanda  nisbətən  ucuz 
məhsullar buraxmağa, xidmətlər göstərməyə nail olsunlar.  
c)  Hər  bir  şirkət,  birlik  elə  iqtisadi  resurslardan,  yaxud  həmin  resursların  əvəzləyicilərindən 
məqsədyönlü  şəkildə  istifadə  eyməyi  bacarmalıdır  ki,  iqtisadi  fəaliyyətin  son  məqsədi 
sayılan optimal səmərəlilik səviyyəsi təmin olunsun.  
d)  Şirkətlər  və  müəssisələr,  istehsal  və  peşə  yönümündə  perspektivdə  baş  verə  biləcək 
dəyişikliklərə hazır olmalı, gələcəyi görməyi bacarmalıdır. Bu strateji uzaqgörənlik isə tələb 
edir  ki,  istehsalın  alternativ  (əks)  variantları  hazırlansın,  diversifikasiya  imkanları 
araşdırılsın,  nəhayət  müxtəlif  variantlar  arasından  konkret  şəraitə  uyğun  olan  ən  optimalı 
seçilsin. 
  
 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə