42
Məhəmməd Rza bəydən və Əbdülkərim bəydən ibarət nümayəndə
heyəti Arif Əhməd paşanın qəbulunda oldular. Danışıqlar zamanı
İrəvan elçiləri şah II Təhmasibin (1722-1732) razılığı olmadan
qalanın təslim olunmasının qeyri-mümkünlüyünü bildirdilər. Çünki
şahın yanında kiminsə oğlu, kiminsə qardaşı, kiminsə də arvadı
girov idi. Onlar şahdan xəbər gəlincə möhlət verilməsini xahiş
etdilər. Lakin paşa bu şərtlə razılaşmadı. Buna görə də danışıqlar
heç bir nəticə vermədi. Beləliklə, danışıqlar iki həftə davam etdi
(74, 49; 492, 11; 87, 12).
İrəvan hakimi başda olmaqla irəvanlıların könüllü təslim
olmayacağını görən Arif Əhməd paşa iyulun 7-də qalaya hücum
əmrini verdi. Qala güclü bombardman edilir. Qeyd etmək lazımdır
ki, İrəvan qalasının mühasirəsi üçün Ərzurumdan 14 böyük top və
bu topları idarə etmək üçün 32 topçu mütəxəssis gətirilmişdi. Zəngi
çayının əks tərəfində quraşdırılan bu toplardan qala güclü bom-
bardmana məruz qaldı (492, 11; 87, 13).
Lakin Allahqulu xan başda olmaqla İrəvan qalasına sığınan
yerli əhali və qoşun hissələri Osmanlı qoşununa güclü müqavimət
göstərirdi. Onlar da öz növbəsində osmanlılara top atəşi ilə cavab
verirdilər (87, 13).
İrəvanlıların güclü müqaviməti mühasirənin uzanmasına sə-
bəb olmuşdu. Osmanlı ordusu ayrı-ayrı vaxtlarda dörd dəfə İrəvan
qalasına irimiqyaslı hücum etmişdi. İlk üç hücumda İrəvan qalası
güclü bombardmana məruz qalmış, hətta bombardman nəticəsində
qala divarlarında çatlar əmələ gəlmişdi. Bu çatlardan qalaya gir-
məyə çalışan Osmanlı qoşunu güclü müqavimətlə rastlaşdı. Tüfəng,
qumbara, hətta daşlarla silahlanmış irəvanlılar Allahqulu xanın
başçılığı ilə nəinki hücumun qarşısını aldılar, eyni zamanda os-
manlılar xeyli itki verdi. Burada dözülməz hava şəraiti də öz işini
görmüşdü. Hər iki tərəfdən çoxlu ölən və yaralanan var idi. İş o yerə
çatmışdı ki, insan, heyvan cəsədlərinin çürüməsindən hər tərəfi
müxtəlif xəstəliklər bürümüşdü. Buna görə də, paşa ölüləri dəfn
etmək üçün üç günlük barışıq xahiş etmişdi (493, 107-108; 74, 52-
53; 87, 14).
43
Köməksiz qalmış qala sakinlərinin vəziyyəti də heç də yaxşı
deyildi. İrəvanlıların qəhrəmanlıqla mübarizə aparmalarına
baxmayaraq, mühasirənin uzanması onların qüvvələrini xeyli
tükəndirmişdi. Bir tərəfdən döyüşlərdə ölənlərin sayının artması,
digər tərəfdən ərzaq çatışmazlığı irəvanlıların sıralarını gündən-
günə seyrəldirdi. Aclıq qala sakinlərini tamamilə əldən salmışdı.
Qaladan hər gün onlarla adam qaçırdı (74, 51; 493, 108). Digər
tərəfdən, irəvanlıların silah və sursatları da detdikcə tükənirdi.
Toplar üçün mərmi, güllə və hətta güllə düzəltmək üçün qurğuşun
belə çatışmırdı (493, 108).
Bununla belə irəvanlılar təslim olmaq niyyətində deyildi.
İrəvan hakimi Allahqulu xan şah II Təhmasibdən kömək almaq
ümidində idi. O, mühasirə başlanandan kömək almaq məqsədilə
gizli surətdə şahın yanına adamlar göndərirdi. Xanın niyyətini hiss
edən və irəvanlılara kənardan hər cür köməyin onlar üçün təhlükəli
olacağını başa düşən Osmanlı komandanlığı isə bunun qarşısını
almaq üçün hər vasitəyə əl atırdı. Bütün yollar nəzarətə götürül-
müşdü. Bunun nəticəsində qaladan çıxmağa çalışan bir neçə nəfər
həbs edilmişdi. Digər tərəfdən, irəvanlılar xəyanətlə də üzləşirdilər.
Belə ki, bəylərbəyi hələ qalaya hücumdan əvvəl Osmanlı koman-
danlığı tərəfindən ona göndərilmiş aman məktubunu şahın adına
yazdığı məktubla birlikdə bir nəfər şəxsilə şah II Təhmasibin yanına
göndərmişdi. Lakin həmin şəxs hər iki məktubu Osmanlı
komandanlığına təslim etmişdi (74, 50-51).
Buna baxmayaraq, şah II Təhmasib irəvanlılara kömək
məqsədilə Mustafa xanın başçılığı ilə Naxçıvan istiqamətinə qoşun
göndərdi. İrəvan hadisələrinin canlı şahidi M.Kəmani guya bu
qoşunların sayının 30.000 nəfərə yaxın olduğunu bildirirdi. Onun
yazdığına görə, bu məlumatı İrəvan qalasına daxil olmağa çalışan,
osmanlılar tərəfindən ələ keçirilmiş casus xəbər vermişdi (74, 51).
Qeyd etmək lazımdır ki, müəllifin həmin qoşunla bağlı verdiyi bu
məlumat inandırıcı görünmür. Çünki əfqanlar tərəfindən sıxışdırılan
Səfəvi şahının hərbi qüvvə cəhətdən ciddi problemləri var idi.
Əslində şahın göstərişi ilə Mustafa xan azsaylı qoşunla Naxçıvan
44
hakimi Mənsur xanla birləşərək irəvanlılara kömək etməli idi. Bu
birləşmiş qoşunun sayı cəmisi 8 minə qədər çatırdı. Bu xəbəri
eşidən Arif Əhməd paşa irəvanlılara köməyə gələn bu qoşuna zərbə
endirməyi qərara aldı. Bu məqsədlə Osmanlı komandanlığı xüsusi
müşavirə çağırdı. Müşavirədə Bəyazid hakimi Mahmud paşanın və
Ələşkert hakimi Xəlil bəyin başçılığı ilə bir dəstə qoşunun
Naxçıvan tərəfə göndərilməsi qərara alındı. 1724-cü il sentyabrın
10-da Ordubad yaxınlığında tərəflər arasında bir saaat davam edən
döyüş baş verdi. Döyüşdə şah qoşunu məğlub oldu. Məğlub olmuş
xanlar Naxçıvandan geri çəkilmək məcburiyyətində qaldılar. Bu
döyüşdə İrəvan hakiminin qardaşı Hüseynqulu bəy ələ keçirilərək
Osmanlı komandanlığına təslim edilmişdi (74, 51-53, 58, 61).
Lakin ruhdan düşməyən İrəvan hakimi Allahqulu xan qonşu
əyalətlərdən kömək almaq üçün yeni bir cəhd etdi. O, yaxın adam-
larından ibarət bir heyəti xüsusi məktubla Gəncəyə göndərdi.
Məktubda xan gəncəlilərdən 2-3 min nəfərlik hərbi qüvvə xahiş
etmişdi. Onun planına görə, bu qüvvələr bir tərəfdən, qala
müdafiəçiləri isə digər tərəfdən Osmanlı qoşununa hücum etməli
idi. Lakin bu heyət Qoç Əlinin adamları tərəfindən ələ keçirilmiş və
məktub tapılaraq Osmanlı baş komandanına verilmişdi (74, 54).
İtkilərə baxmayaraq tezliklə Osmanlı qoşununa əlavə kömək
gəldi. Kütahiyə paşasının qoşunları Arif Əhməd paşanın qoşunları
ilə birləşdi. Bundan ruhlanan paşa sentyabrın 10-da dördüncü dəfə
İrəvan qalasına hər tərəfdən irimiqyaslı hücum əmrini verdi. Lakin
bu hücum da Osmanlı qoşunlarının tam məğlubiyyəti ilə nəticə-
ləndi. Xeyli itki verən osmanlılar geri çəkilmək məcburiyyətində
qaldılar (493, 107-108).
Uğursuz hücumlar Osmanlı qoşununu ağır vəziyyətə salmışdı.
Onlar döyüş baslayandan bəri 20.000 nəfərə yaxın adam itirmişdilər
(493, 108; 492, 12).
Lakin sentyabrın sonlarında Ərzurum hakimi Sarı Mustafa
paşanın başçılığı ilə buraya əlavə qoşun hissələrinin gəlməsi Os-
manlı qoşununun vəziyyətini xeyli yaxşılaşdırdı. (493, 108; 87, 14).
Dostları ilə paylaş: |