Müasir Azərbaycan dili
281
Qocanın sözləri o qədər gözlənilməz səsləndi ki, hətta
qızlar da ağızlarındakı quru pendir-çörəyi çeynəmələrinə
ara verdilər. (Elçin) İş o məqama çatdı ki, dəlilər meydanın
hər tərəfində öz yerlərini tutdular.(“Koroğlu”)
Dərəcə budaq cümləsi baş cümlədə daha çox sifət
və zərflə ifadə olunan üzvlərə aid olur. Məsələn,
Torağaylar səs- səsə verib o qədər gözəl, o qədər məlahətli
oxuyurlar ki, adam durub baxmaq, dayanıb dinləmək
istəyir. (Ə.Vəliyev). Yağış elə şiddətlə yağırdı, lap sütuna
bənzəyirdi. (Mir Cəlal) və s.
Əlamətin dərəcəsini bildirən qəlib sözlər baş
cümlədə təyinə, feli xəbərə də aid ola bilər. Məsələn, O
qədər dərin fikrə getmişdi ki, anası Sara xanımın gəlib
onun yanında dayanmasını bilməmişdi. (F.Kərimzadə) O
qədər köyrəlmişdi ki, dindirəndə az qalırdı ağlasın.
(Ə.Vəliyev) – cümlələrindən birincisində budaq cümlə baş
cümlədə frazeoloji vahidlə ifadə olunan feli xəbərin ismi
hissəsinə aid təyinin (dərin), ikinci cümlədə isə feli xəbərin
(kövrəlmişdi) dərəcəsini bildirir.
II tip: Bu tipdə budaq cümlə əvvəl, baş cümlə
sonra işlənir, budaq cümlə baş cümləyə nə dərəcədə (ki), nə
qədər (ki), nə yerə (ki) və s. bağlayıcı sözlərlə bağlanır.
Budaq cümlənin sonunda -sa, -sə şəkilçisi işlənə də bilər,
işlənməyə də. Baş cümlədə qarşılıq bildirən söz kimi o
dərəcəyə, o dərəcədə, o qədər, o yerə sözləri olur.
Məsələn, Nə dərəcədə desən, o dərəcədə gözəldir. Nə
dərəcədə çalışmışdınsa, o dərəcədə də əməyin
qiymətləndirildi.
Zaman budaq cümləsi. Zaman budaq cümləsi baş
cümlədəki hərəkət və ya əlamətin zamanını bildirir.
Məsələn, Səni o vaxt bağışlayaram ki, bütün səhvlərini etiraf
edəsən.
Baş və budaq cümlənin yerinə, bağlayıcısı vasitələrə
görə zaman budaq cümləsinin iki tipi vardır:
Gülarə Abdullayeva
282
I tip. Bu tipdə baş cümlə əvvəl, budaq cümlə sonra
işlənir, budaq cümlə baş cümləyə ya yalnız intonasiya ilə, ya da
intonasiya və ki bağlayıcısı ilə bağlanır. Baş cümlədə budaq
cümlənin o zaman, o vədə, o vaxt, elə bir vaxtda, onda
sözlərindən ibarət yerliyi, qəlibi olur və budaq cümlə
vasitəsilə izah edilir. Məsələn, Bir də o vaxt ayıldım ki, onun
böyründə dayanıb var qüvvəmlə əl çalıram. (İ. Hüseynov)
Birlik o zaman olar ki, hər tayfa öz çörəyini yesin.
(M.İbrahimov)
Qeyd. O vaxt, o zaman, onda sözləri baş cümlədə işlənib
budaq cümlə tələb etdikdə zaman budaq cümləli tabeli mürəkkəb
cümlə formalaşır. Məsələn, Onda mənə məlum oldu ki, sənin heç
nədən xəbərin yoxdur. – cümləsini sadələşdirməklə mübtəda
budaq cümləli tabeli mürəkkəb cümlə olduğunu görmək olar.
Sadələşdikdə budaq cümlə tərkib şəklində baş cümlədə mübtəda
yerində dayanar: Onda mənə sənin heç nədən xəbərin olmadığı
məlum oldu. Lakin cümlədə onda sözünün təyinatını dəyişməklə -
qəlib sözə çevirməklə zaman budaq cümləsi formalaşdırmaq olar:
Məsələ mənə onda məlum oldu ki, artıq iş-işdən keçmişdi. Belə
cümlələr sadələşdikdə qəlib söz atılır, budaq cümlə tərkib
şəklində onun yerinə keçir: Artıq iş-işdən keçəndə məsələ mənə
məlum oldu.
II tip. Zaman budaq cümləsinin bu tipində budaq
cümlə baş cümlədən əvvəl gəlir və ona aşağıdakı bağlayıcı
vasitələrlə bağlanır.
1. Budaq cümlə baş cümlədən əvvəl işlənir və ona
ki bağlayıcısı ilə bağlanır. Bu cür cümlələrdə intonasiya xüsusi
rol oynayır. Budaq cümlənin əvvəlində elə, indicə, yenicə,
təzəcə tipli sözlər işlənə bilir və bu zaman intonasiyanın rolu
bir qədər azalır. Məsələn, İşığı yenicə yandırmışdı ki, hasarın
o tayından ikimərtəbə evin eyvanından qızı Telli onu səslədi.
(S.Rəhman) Yəhya dəftərini açıb başlamaq istəyirdi ki,
ispalkomu çağırdılar. (Mir Cəlal) Bulağın axarına yenicə
çatmışdı ki, kiminsə arxasınca gəldiyini hiss edib geri döndü.
(İ.Şıxlı) İçəri keçmək istəyirdi ki, arxadan səs eşitdi. (İ.Şıxlı)
Müasir Azərbaycan dili
283
Zaman budaq cümləsinin bu növü baş cümləyə yalnız
intonasiya ilə də bağlana bilir. Məsələn, Bu sözləri deyib
qurtarmamışdı, dəhşətli partlayış min illik qayaları göyə
qaldırdı. (İ.Əfəndiyev)
2. Zaman budaq cümləsi baş cümlədən əvvəl gələrək
ona yalnız ki ədatı ilə bağlanır. Bu zaman ədat budaq
cümlənin daxilində işlənir. Baş cümlədə onda, o zaman, o
vaxt tipli qarşılıq bildirən sözlər işlənə də bilər, işlənməyə
də. Məsələn, Tonqal ki alov tutdu, onun tüstüsü olmaz.
(B.Vahabzadə) Üzünə ki baxıram, dil-dodağı dolaşır.
(C.Cabbarlı) Əsər ki bir balaca ruhuna yatmadı, qurtardı.
(İ.Hüseynov)
3. Budaq cümlə baş cümlədən əvvəl gələrək ona elə
ki bağlayıcısı sözü ilə bağlanır. Məsələn, Elə ki göbələk
başını qaldırdı, onda ehtiyatlı ol. (İ.Hüseynov) Elə ki Zeynəbi
görürdü, kişinin fikri hara isə uzaqlara gedirdi. (İ.Şıxlı)
4. Zaman budaq cümləsi baş cümlədən əvvəl gəlir
və ona o zaman ki, o gün ki, o vaxt ki, bir zaman ki,
onda ki və s. bağlayıcı sözlərlə bağlanır. Məsələn, O gün
ki fəsli yaz olur, Gecə gündüz taraz olur. (A.Səhhət) O
gün ki aləmə yayıldı şölən, Dağlar öz donunu lalədən biçdi.
(S.Vurğun) O vaxt ki müsahibinin sözlərini eşitdi, əvvəlcə
qulaqlarına inanmadı. (M.İbrahimov)
Bəzən poetik dildə baş və budaq cümlənin yeri dəyişə
bilər. Məsələn, Ah, necə kef çəkməli əyyam idi, Onda ki övladi
vətən xam idi. (M.Ə.Sabir)
5. Budaq cümlə baş cümləyə nə qədər, nə qədər ki,
necə ki bağlayıcısı sözləri ilə bağlanır. Məsələn, Nə qədər
qolumda qüvvət var, qılınc vurmağa hazıram.
(Ə.Haqverdiyev) Nə qədər canım sağdır, müsəlmanların
başından bir tük çəkilməsinə razı olmayacam. (M.S.Ordubadi)
Nə qədər ara sakitdir, bu işi qurtarmalıyıq. (H.Abbaszadə)
Qeyd. Nə qədər, nə qədər ki bağlayıcı sözləri həm zaman,
həm də kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlələrin
Gülarə Abdullayeva
284
yaranmasında iştirak edir. Kəmiyyət budaq cümləsində
işlənərkən baş cümlədə o qədər, o qədər də qarşılıq bildirən sözlər
işlənir və ya təsəvvür edilir. Məsələn, Nə qədər istəyirsən, o qədər
götür. Zaman budaq cümləsində işlənəndə isə baş cümləyə
qarşılıq söz kimi o müddətə, o müddətdə sözlərini artırmaq olar.
Məsələn, Nə qədər mən sağam, (o müddətdə) heç kim sənə bir söz
deyə bilməz. – cümləsini sadələşdirsək, Mən sağ olan müddətdə heç
kim sənə bir söz deyə bilməz.
6. Budaq cümlə baş cümləyə haçan, haçan ki, nə
zaman, nə zaman ki, havaxt, nə vaxt, nə vaxt ki və s. bağlayıcı
sözlərlə bağlanır. Məsələn, Nə zaman ki oğlunun getdiyi dörd
il oldu, Məktubları kəsildi, gəlmədi, tətil oldu. (Ə.Kərim)
7. Budaq cümlə baş cümləyə -mı
4
şəkilçisi ilə
bağlanır. Məsələn, Kəndə təzə bir müəllimə gəldimi, mən
təsadüfən bir qadınla danışdımmı, həftələrlə evimizdən dava-
dalaş qurtarmır. (İ.Əfəndiyev)
8. Budaq cümlə baş cümləyə yalnız intonasiya ilə
bağlanır. Məsələn, Havalar isindi, gündüzlər kənddə heç kimi
tapmazsan.
Yer budaq cümləsi. Zərflik budaq cümlələrindən
biri də yer budaq cümləsidir. Yer budaq cümləsi baş
cümlədəki hərəkət və ya əlamətin yerini bildirir və yer
zərfliyinin suallarından birinə cavab verir. Məsələn, Harda
aş, orda baş. (Məsəl) Bu günlər İmran hara gedirdisə, orada
Şahnazla rastlaşırdı. (İ.Şıxlı)
Hər iki nümunədə budaq cümlə baş cümlədən əvvəl
gəlmiş və ona harda, hara bağlayıcı sözləri ilə bağlanmışdır.
İkinci nümunədə budaq cümlənin sonuna - sə şəkilçisi də
artırılmışdır. Baş cümlələrdə orda, orada qarşılıq bildirən
sözləri işlənmişdir. Qarşılıq bildirən söz işlənməyə də bilər,
lakin təsəvvür edilməlidir. Məsələn, Tahir hara göz gəzdirdisə,
(orada) nəhəng neft buruqları göründü. (M.Hüseyn)
Qeyd etmək lazımdır ki, belə hallarda baş cümlədə
işlənən qarşılıq bildirən söz ora, o yer sözlərindən ibarət olur.
Dostları ilə paylaş: |