Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə32/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   28   29   30   31   32   33   34   35   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
153 
qafiyələrlə bir sırada durur. Yeri gəlmişkən, bu tip hadi-
sələrə filologiyamızda tam başqa prizmalardan yanaşma da 
müşahidə olunur. Məsələn, Z.Məmmədov  əvvəlcə  Aşıq 
Hüseyn Şəmkirlinin “Layıxdı” şeirindən bir bənd  təqdim 
edir:  
Sallanıb gedən Salatın 
Qaşın kamana layıxdı. 
Aşıxlar sənin əlindən 
Çəksə amana, layıxdı. 
 
Sonra isə belə bir şərh  verir: “...Misal gətirdiyimiz 
bədii nümunələrdəki (fikri təsdiq üçün bir neçə nümunə 
verilib – Ə.T.) fonetik dialektizmlər  sözün müxtəlif 
yerlərində dialekt tələffüzü üçün xarakterik olmayan 
səslərin  əvəzlənməsi, ahəng qanununa uyğun olmayan  
sözlərin ona uyğunlaşdırılması yolu ilə  əmələ  gəlmişdir. 
Belə ki, misallardakı “mana” (mənə), “xabar” (xəbər), 
“çərx” (çarx), “anda” (onda), “bağman” (bağban), “iyid” 
(igid), “tapmanam” (tapmaram), “layıx” (layiq), “aşıx” 
(aşıq) fonetik dialektizmləri səs dəyişməsi nəticəsində 
yaranmışdır (Klassik aşıq poeziyasının leksik-semantik 
xüsusiyyətləri. Bakı, 2006, səh.25).  İlk olaraq qeyd edək 
ki, şifahi xalq ədəbiyyatı, nümunələrinə bu cür yanaşmanı 
məqbul hesab etmək olmaz. İkincisi, “...ahəng qanununa 
uyğun olmayan sözlərin ona uyğunlaşdırılması yolu ilə 
əmələ  gəlmişdir” – fikri,ümumiyyətlə, yerinə düşmür. 
Belə ki, həmin şeirlərin, demək olar ki, heç birində sünilik, 
qondarma qafiyələr nəzərə çarpmır. Bu da səbəbsiz deyil. 
Ən azı ona görə ki, bu şeirlərin hər biri həm də  şivə 
tələffüzünə söykənmiş ustad aşıqların poetik təfəkkürün-
dən  süzülüb gəlib. Burada bir faktdan da yan keçmək 
Язизхан Танрыверди 
 
 
154
 
olmur:  əgər ustad aşığın dilində  ərəb mənşəli “Həsən” 
sözü “Hasan” şəklindədirsə (bu, Azərbaycan dilinin qərb 
şivələri üçün səciyyəvidir) və bu söz qafiyələnən sözlər 
cərgəsində eynilə (Hasan şəklində) verilibsə, onu heç bir 
sözlə, konkret desək, “Həsən”lə  əvəz etmək mümkün 
deyil: basan-pusan-Hasan. Bir-birilə  səsləşən bu həm-
qafiyə sözlərin bənd daxilindəki həlledici rolu da 
dediklərimizi sübut edir: 
 
Mərd igidlər kimi yolları basan, 
Tülək tərlan kimi bərələr pusan, 
Bu ya Koroğludur, ya Dəli Hasan, 
Bu qılıqda çodar olmaz, hay olmaz. 
 
Azərbaycan dilinin qərb  şivələrində “xəncər” sözü-
nün “xançal” formasında işlənməsinə daha çox rast gəlinir. 
Maraqlıdır ki, xəncər sözü “Koroğlu”nun  şeir dilində  də 
“xançal”  şəklindədir: “Dal xançallar düşman qanında 
gərək!” Bu misradakı “xançal” sözünün “xəncər” şəklində 
yazıla bilmə ehtimalı  sıfıra bərabərdir. Çünki “dal” sözü 
və “çal” (xançal) hissəsinin alliterativliyi ilə obrazlılıq 
yaradılıb, digər tərəfdən, “dal xançallar” birləşməsində “a” 
saitinin assonansı müşahidə olunur ki, bu da həmin sözləri 
eyni poetik kateqoriya daxilində birləşdirir. 
Dastandakı  şeirlərdə  xəbər sözü iki formada verilib: 
xəbər, xavar. Bunlardan birincisi dilimizin  orfoqrafiyasına 
uyğundur, ikincisi isə  şivə  tələffüzünün transkripsiya-
sından başqa bir şey deyil. Xəbər//xavar  şəklində yazıya 
alınmaya mətn daxilində nəzər salaq: 
 
 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
155 
Ərəb paşa, sənə bir ərz eləyim, 
Yerim xəbər alsan, Muradbəyliyəm. 
Yağı düşman mənnən qovğa başlasa, 
Misri qılınc əldə gərək teyləyəm. 
 
                      *   *    * 
 
Müxənnət olubdu qabağımda xar, 
Xotkara yurdunu eyləmişəm dar, 
Söylə Möminədən mənə bir xavar 
Koroğlu deyiləm igid mənəm, mən! 
 
Müqayisələr göstərir ki, I bənddə “yer” və “xəbər” 
sözlərinin alliterativliyi ilə obrazlılıq yaradıldığı üçün 
“xəbər” sözü “xavar” şəklində verilə bilməz. II bənddə isə 
tam əksinədir. Konkret desək, “xavar” formasını “xəbər”lə 
əvəz etmək olmaz. Çünki “xar-dar” qafiyəsi “xəbər” deyil, 
“xavar”  formasını tələb edir: “xar-dar-xavar”. Digər tərəf-
dən, qafiyələnmədə iştirak edən sözlər cərgəsində seman-
tik dinamika da məhz “xavar” forması ilə tamamlanır. 
“Qarşu yatan qarlı dağlar” misrası ilə başlanan 
gəraylının ikinci bəndində qafiyələnmədə  iştirak edən 
sözlər bunlardır: “tavar-qavar-canavar”. İlk baxışda belə 
təəssürat yarana bilər ki, təqdim etdiyimiz qafiyələn-
mədəki “qavar” süni şəkildə düzəldilib. Halbuki burada 
qondarma qafiyədən söhbət belə gedə bilməz. Çünki 
“qovar” sözü Azərbaycan dilinin cənub  şivələrində elə 
“qavar” şəklində işlənir. Deməli, “Koroğlu”nun şeir dilin-
dəki “qavar” forması  şivə  tələffüzünün transkripsiyasıdır. 
Yeri gəlmişkən, həmin  şeir ilk dəfə Elyas Muşeqin 
Язизхан Танрыверди 
 
 
156
 
“Nəğmələr kitabı”nda verilib. Burada haqqında bəhs etdi-
yimiz ikinci bəndi  eynilə təqdim etmək yerinə düşür: 
 
İki tülək biri tavar, 
Biri qaçar, biri qovar, 
Babur, aslan, sərp canavar 
Almış ovuna gümrənər. 
 
Müasir  ədəbi dilimizdəki “dərdinə çarə eyləmək” 
(etmək, olmaq) frazeoloji vahidi Azərbaycan dilinin qərb 
şivələrində “dərdinə çara eləmək” (olmaq) şəklində işlən-
məkdədir. “Koroğlu”nun  şeir dilində  də  şivədəki forma 
eynilə saxlanılıb: 
 
Məni salmışdılar dara, 
Olmadı dərdimə çara, 
Beləmi olar yar yara?! 
Üzün məndən niyə döndü?!  
 
Buradakı “çara” formasının “çarə” ilə  əvəz etmək, 
yəni orfoqrafik normalara uyğun  şəkildə yazmaq qeyri-
mümkündür. Bu da, heç şübhəsiz ki, “dərdimə çara 
olmaq” frazemindəki “çara” ilə “dara” və “yara” sözlərinin 
zəngin qafiyələr xəttində birləşməsi, onlardan biriin 
digərini formaca tamamlaması ilə bağlıdır. 
Bir daha vurğulayaq ki, şivə  tələffüzü formasının 
eynilə  şeirə  gətirilməsi zəngin qafiyələrdə açıq-aydın 
şəkildə görünür: 
 
İgid olan etməz xata, 
Qoç gərək pusquda yata, 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə