– Mən çox şeylər görmüşəm, – Ravik sözə başladı. – Berlində çavan bir assistent
tanıyırdım, gələcəkdə yaxşı cərrah olmaq üçün hər cür imkanı var idi. Bir dəfə
professor təşrih eləyərkən düz kəsmir, üstünü vurmayıb, gerisini assistentə
elətdirir. O da başa düşmür, professor yarım saatdan sonra hay-küy qaldırır, hər
şeyi onun boynuna yıxır. Xəstə təşrih zamanı ölür. Bir gün sonra da oğlan özünü
öldürdü... Həmin professor yenə də öz təşrihində, yenə də içməyindədir.
Marso prospektində dayanmalı oldular. Qaliley küçəsində çoxlu yük maşını
qatarlanmışdı. Pəncərələrdən içəri süzülən günəş şüaları onları bişirirdi. Veber
düymələrdən birini basdı, maşının üstündəki çadır yavaş-yavaş geri yığıldı. O,
qürurla Ravikə baxdı:
– Təzəcə düzəltdirmişəm, elektriklə işləyir. Əntiqə şeydir. Görürsünüz, insanlar
nələr kəşf eləyir?
Külək açıq damdan içəri doldu. Ravik başını tərpətdi:
– Bəli, əntiqədir. Ən yeni kəşflər isə maqnitli minalar və bir də sualtı qayıqlardır.
Dünən haradasa oxudum. Hədəfə dəyməyəndə, dövrə vurub təzədən qayıdır, hara
getsə, tutur... Biz insanlar əcəb ixtiraçılarıq!
Veber qırmızı sifətini ona tərəf çevirdi, mehriban bir təbəssümlə gülümsədi:
– Sizinki də müharibədir, Ravik. Ancaq o müharibə bizdən ulduzlar qədər uzaqdır.
Onun haqqında gedən söz-söhbət də siyasi təzyiqdən başqa bir şey deyil. İnanın ki,
elədir!
Xəstənin dərisi göy rəngli sədəfə çalırdı. Bənizi külə dönmüşdü. Qızılı saçları isə
elə bil, yuxarıdan ələnən gur işıqdan od alıb yanırdı, şölələri də kül rəngli sifətində
titrəyirdi. Yeganə həyat işartısı təkcə bu sifətdə qalmışdı, o da, sanki, bu işartının
süzülə-süzülə gedib saçlara ilişdiyi üçün fəryad qoparırdı...
Cərrahiyyə stoluna uzadılmış gənc qadın çox qəşəng idi. Hətta indiki bayğınlıq da
bu ucaboylu, şax qamətli qızın zərif sifətinin gözəlliyini poza bilməmişdi,
deyərdin, tanrı onu yalnız məhəbbət və zinət üçün xəlq eləyib...
Qanaxma, demək olar ki, dayanmışdı.
– Uşaqlığı açmısınız? – Ravik Dürandan soruşdu.
– Bəli.
– Sonra?
220
Düran cavab vermədi. Ravik başını qaldıranda gördü ki, Düran gözlərini döyədöyə
onun üzünə baxır.
– Aydındır. Tibb bacıları hələlik bizə lazım deyil. Üç həkim bəs eləyər.
Düran onun sözlərini başı ilə təsdiqlədi. Tibb bacıları da, assistent də geri
çəkildilər.
– Nə olmuşdu?–Onlar uzaqlaşan kimi Ravik bir də soruşdu.
– Özünüz ki görürsünüz.
– Xeyr!
Ravik nə olduğunu görürdü, ancaq istəyirdi ki, Veberin yanında Düran özü etiraf
eləsin. Bu daha etibarlı olardı.
– Hamiləliyin üçüncü ayı... Qanaxma... Məçbur olub cəngəldən istifadə elədim.
Deyəsən, iç tərəfdən zədələndi.
– Sonra? – Ravik Düranın üzünə baxdı. Orada zəif bir hikkə düyünlənmişdi:
«Ömrü boyu mənə nifrət edəcək,–deyə Ravik ürəyindən keçirdi. – Çünki Veber
hamısını eşidir».
– Uşaqlıq deşilib,–Düran dilləndi.
– Çəngəllə?
– Əlbəttə,–Düran duruxdu.–Özgə nə ilə deşmək olar?
Qanaxma tamam dayanmışdı. Ravik dinmədən müayinəni davam etdirdi. Sonra
dikəldi:
– Deşmisiniz,–dedi,–ancaq xəbəriniz olmayıb. Bir bağırsaq ilməsi həmin deşikdən
içəri keçib. Nə olduğunu başa düşməmisiniz. Elə bilmisiniz, döl pərdəsidir,
qaşımısınız, zədələnib... Elədir?
Düranı tər basdı. Üzünə çə__________kdiyi tənzifin altından saqqalı tərpəndi, elə
bil, ağzına
güclə sığışan bir şey çeynəyirdi.
– Ola bilər...
– Çoxdan başlamısınız?
– Siz gələnə kimi hamısı bir yerdə qırx beş dəqiqə çəkmişdi.
– Qan içəri axıb. Nazik bağırsaq zədələnib. Sepsis təhlükəsi çoxdur. Təcili olaraq
bağırsağı tikmək, uşaqlığı isə kəsib götürmək lazımdır.
– Nə?–Düran az qala qışqırdı.
– Nə olduğunu özünüz yaxşı bilirsiniz.
Düran gözlərini döydü:
– Bəli, bilirəm... Ancaq sizi buna görə çağırmamışdım...
– Bundan artıq heç nə deyə bilmərəm. Adamlarınızı çağırın, davam etdirin. Cəld
tərpənmək məsləhətdir.
Düranın saqqalı yenə tərpəndi:
– Mən çox həyəcanlıyam. Əvəzimə təşrih eləmək istəmirsiniz?
– Xeyr, özünüz bilirsiniz ki, mənim Fransa pasportum yoxdur, ona görə də təşrih
eləyə bilmərəm.
– Siz...–Düran sözünün dalını demədi.
«Sanitarlar, alayarımçıq tələbələr, masajçılar, assistentlər özlərini burada
Almaniyanın məşhur həkimləri kimi qələmə verirlər...» Düranın Levala dediyi bu
sözləri Ravik hələ də unutmamışdı.
– Məni ölkədən çıxaranda müsyö Leval bəzi şeyləri başa saldı.
221
Veber o dəqiqə dikəldi, Düran isə dinmədi.
– Doktor Veber sizin əvəzinizə təşrih eləyər.
– Siz mənim əvəzimə çox təşrihlər eləmisiniz. Əgər qonorar...
– Söhbət qonorardan getmir. Qayıdandan sonra təşrih eləmirəm. Özü də belə
təşrihə razılıq verməmiş adamı heç eləmərəm!
Düran döyükdü:
– Axı xəstəni ayıldıb ondan soruşmaq da olmaz...
– Kim deyir? Olar! Ancaq unutmayın ki, sepsis təhlükəsi var.
Düranı tər basmışdı. Veber Ravikə baxdı. Ravik başını tərpətdi.
– Tibb bacılarına bel bağlamaq olar?–Veber Dürandan soruşdu.
– Olar...
– Assistent lazım deyil!–Veber Ravikə tərəf döndü:–Üç həkim, iki tibb bacısı bəs
eləyər.
– Ravik...–Düran nəsə demək istədi.
– Binoya zəng eləmək lazım idi...–Ravik onu qabaqladı.–Ya Mallona, ya da
Martelə... hamısı birinci dərəcəli cərrahlardır.
Düran dinmədi.
– İndi Veberin yanında etiraf edirsinizmi, uşaqlığı deşmisiniz, nazik bağırsağı döl
pərdəsi bilib zədələmisiniz?
Düranın cavabı bir az ləngidi.
– Bəli...–nəhayət, o, xırıltılı səslə dilləndi.
– Bundan əlavə, mənimlə, yəni təsadüfi bir assistentlə histrektomiya eləməyi,
bağırsağı kəsib götürməyi, anostomiya eləməyi Veberdən xahiş edirsinizmi?
– Bəli...
– Təşrihin bütün məsuliyyətini, onun nəticəsini, xəstənin xəbəri və razılığının
olmamasının səbəbini öz boynunuza götürürsünüzmü?
– Əlbəttə! Bu, nə sözdür?!–Düran xırıldadı.
– Yaxşı, elə isə tibb bacılarını çağırın. Assistent lazım deyil. Ona deyin ki, Veberlə
mənə mürəkkəb bir vəziyyətlə əlaqədar assistentli getməyə icazə verirsiniz. Guya,
çoxdan söz veribmişsiniz. Ya da... Nə istəyirsiniz, deyin... Anesteziya ilə özünüz
məşğul olun. Tibb bacılarına təzədən sterilizasiya lazım gələcək?
– Lazım deyil, etibarlı qızlardır, heç nəyə əl vurmuş olmazlar.
– Daha yaxşı...
Qarın boşluğu açıq idi. Ravik çox ehtiyatla bağırsaq ilgəyini uşaqlıqdan çəkməyə
başladı. Çıxardıqca onu sepsisdən qorumaq üçün hissə-hissə sterilə olunmuş
tənziflərə bükdü, axırda zədələnmiş yeri tapdı. Sonra uşaqlığın yan-yörəsinə də
həmin tənziflərdən düzdü, dodaqaltı Veberə dedi:
– Hamiləlik qarın boşluğundadır. Bura baxın, yarısı uşaqlıqdadır, yarısı da boruda.
Onu da çox qınamaq olmaz... Nadir təsadüfdür. Ancaq buna baxmayaraq...
– Nə?–Düran cərrahiyyə stolunun baş tərəfindəki ekranın arxasından soruşdu.–Nə
dediniz?
– Heç nə,–deyə Ravik bağırsağı iki tərəfdən sıxdı, ortada qalan yeri kəsib götürdü,
sonra ucları ağız-ağıza qoyub, cəld hərəkətlə tikdi, maili anostomiya elədi.
222
Belə iti işləməsi özünə də ləzzət verirdi. Düran yaddan çıxmışdı. Borunu da, ona
birləşən qan damarlarını da sıxdı, borunun ucunu kəsdi. Sonra uşaqlığı kəsib
götürməyə başladı. «Niyə belə az qanayır?–Ürəyindən keçirdi.– Niyə həyatın
kiməsə ömür bəxş edən möcüzəsini kəsib götürəndə adamın ürəyi ondan çox
qanayır?!»
İndi burada uzanmış insan ölmüşdü. O dirilib yaşaya bilər, ancaq, əslində, ölü kimi
olacaq. Nəsil ağacının qurumuş budağıdır, çiçək açacaq, lakin bəhər ləzzəti
görməyəcək. Bir vaxtlar dərin-dərin, qalın-qalın meşələrdə nəhəng insanabənzər
meymunlar yaranıb və sonralar min-min nəslin süzgəcindən keçib, zərifləşib. Bir
az sonra misirlilər uca-uca məbədlər tikib, Elladanın çiçəklənmə dövrü başlayıb...
Həmin müəmmalı qan nəsildən-nəslə keçib və axırda bu gözəl qadın yaranıb.
Ancaq o, boş sünbül kimi bar verməyəcək, öz qanını heç kimə, nə oğluna, nə də
Dostları ilə paylaş: |