Ravik gülümsədi. Bunun səbəbini bilirdi: gəlmə həkimi büsbütün ələ almaq asandı.
Bir şey olsa da, günahkar o idi...
– Fikirləşərəm, – dedi, – hələlik, madam.
Qaranlıq dəhlizdən keçəndə hansı qapıdansa zarıltı eşitdi. Başa düşdü ki, otaqların
biri palata kimi düzəldilib, çarpayılar qoyulub. Qadınlar sürünə-sürünə evlərinə
getməmişdən qabaq bir az burada uzanırlar.
Qabaq otaqda ucaboy, bığlarının ucu qısa vurulmuş bir kişi oturmuşdu, sifəti
zeytun rənginə çalırdı. O, diqqətlə Ravikə baxdı. Roje də onun yanında oturmuşdu
və Raviki görəndə, qeyri-ixtiyari, stolun üstündəki ikinci konyak şüşəsini
gizlətmək istədi. Sonra irişib, əllərini yanına saldı.
– Xoş getdiniz, doktor, – deyə o, saralmış dişlərini göstərdi. Deyəsən, qapının
ağzında dayanıb qulaq asırmış.
– Salamat qal, Roje.
Ravikə elə gəldi ki, onunla məhrəm adam kimi danışmaq olar. Yarımca saatın
içindəcə o məğlubedilməz qadın, az qala onu kin-küdurətli düşməndən şərikinə
çevirmişdi... Buna görə də Roje ilə belə məhrəm-məhrəm danışanda yüngülləşdi,
şahidi olduğu dəhşətlərdən sonra kişi ona mələk sifətində göründü.
Pilləkəndə iki qızla rastlaşdı. Onlar hansı qapınısa axtarırdılar. Axırda biri özünü
toplayıb Ravikdən soruşdu:
– Müsyö, madam Buşe burada yaşayır?
Ravik tərəddüd elədi. Onlara nəsə deməyin mənası var idimi? Xeyri olmazdı,
onsuz da gedəcəkdilər. Bir də ki kimin üstünə göndərə bilərdi?!
– Üçüncü mərtəbəyə qalxın, adı qapıda yazılıb...
Saatın işıldayan siferblatı qaranlıqda, buludların arxasından boylanan günəş kimi
zəif işıq saçırdı. Səhər saat beş idi. Joan üçdə gəlməli idi. Ola bilsin, bundan sonra
gələcək... Ya da çox yorğun olub, çıxan kimi qaldığı mehmanxanaya gedib.
Ravik təzədən uzandı ki, yatsın. Ancaq yuxusu gəlmirdi. Xeyli beləcə uzanıb,
üzbəüz evin damındakı reklamın tavanda titrəyən qırmızımtıl işığına baxdı.
Özündə qəribə bir boşluq hiss edirdi və səbəbini də bilmirdi. Elə bil, canındakı
86
istilik damcı-damcı harayasa axıb gedirdi. Elə bil, qanı haradasa dayaq axtarır, tapa
bilmir, axır, axır, hansı dumanlı bir boşluğasa tökülürdü. Əllərini başının altında
çarpazlayıb, bir az da beləcə uzandı. İndi bildi ki, kimisə, nəyisə gözləyir. Və bir
də onu bildi ki, Joanı gözləyən təkcə ağlı, düşüncəsi deyil, əlləri də, damarlarından
axan qanı da, bütün canına-qanına yayılmış qəribə qəfil kövrəklik də onun
həsrətindədir...
Durub xalatını geydi, pəncərənin qabağında oturdu. Zərif yunun hərarəti canına
yayıldı. Xalat köhnə idi, çoxdan özü ilə gəzdirirdi. Didərgin düşdüyü vaxtlardan
ondaca yatmışdı. İspaniyanın şaxtalı gecələrində xəstəxanadan yorğun-arğın
baraka qayıdanda onun istisinə qızınmışdı. Gözlərindən səksən yaşlı qarıya
oxşayan on iki yaşlı Xuana Madridin bombardman edilmiş mehmanxanasında
onun arasındaca can vermiş, nə vaxtsa belə bir yumşaq yundan don geymək,
anasını gözlərinin qabağında necə zorladıqlarını, atasını ölüncəyə qədər tapdalayıb
əzişdirdiklərini biryolluq unutmaq arzusu gözündə qalmışdı...
Geri döndü: otaq, çamadanlar, bir-iki başqa şey, bir qucaq köhnəlmiş, oxumaqdan
didik-didik olmuş kitab... Kişiyə yaşamaq üçün çox şey lazım olmur. Belə
qarmaqarışıq zəmanədə çox şeyə öyrəşmək yaxşı deyil. Ya atıb gedirsən, ya da
özünlə aparmalı olursan. Getmək isə hər gün gözlənilirdi. Tək yaşamağının da
səbəbi bu idi. Yola çıxanda, gərək, səni burada saxlayan heç nə olmasın, ürəyinin
yarısı qalmasın. Əyləncədən o yana keçmək yaramaz...
Çarpayıya baxdı. Didik-didik olmuş, rəngi solmuş mələfə... Gözləməyin eybi yox
idi. O qədər beləcə gözləmişdi ki! Ancaq onda başqa cür gözləmişdi, elə-belə, niyə
gözlədiyini bilmişdi. Hətta bəzən səbri də tükənmişdi. Hərdən də öz ehtirasını
pərdələmək üçün gizli bir kövrəkliklə gözləmişdi. Ancaq çoxdan idi ki, belə
gözləyirdi. Nəsə ondan xəbərsiz ürəyində özünə yer eləmişdi. Yenə nəsə baş
qaldırmışdı? Nə istəyirdi? Nə vaxtdan başlanmışdı? Nəsə keçmişin mavi
ənginliklərindən boylanıb yenə onu çağırmırdımı? Bu, yenə çəmənlikdən qalxan,
topa-topa göylərə yayılan, nanə qoxulu aprel meşələrinin ətri deyildimi? Yox, heç
birini istəmirdi. Lazım deyildi bunlar ona! İstəmirdi, yenə onların sehrinə düşsün.
Axı yol üstündə idi...
Qalxıb geyinməyə başladı. Sərbəstliyi itirmək olmazdı. Hər şey yavaş-yavaş,
tədrici asılılıqdan başlayır. Adam fikir vermir, bir də görür ki, adətlərin toruna
düşüb. Bu adətlərin çox adı olur, biri də məhəbbətdir. Gərək, heç kimə, heç nəyə
öyrəşməyəsən.
Qapını bağlamadı. Joan gəlsə, onu tapa bilməyəcək... İstəsə qalsın. İstədi kağız
yazıb qoysun. Ancaq nə yalan danışmaq, nə də hara getdiyini bildirmək istəyirdi...
Saat səkkizə yaxın qayıtdı. Səhərin ayazında hələ də fənərlər yanan küçələrdə
gəzişmiş, beynindəki duman çəkilmiş, yüngülləşmişdi. Ancaq mehmanxanaya
çatanda hiss eləmişdi ki, əsəbləri yenə yay kimi dartılır.
Joan gəlməmişdi. Özünü inandırmağa çalışdı ki, elə bunu da gözləyirmiş. Ancaq
otaq əvvəlkindən də kimsəsiz göründü. Yan-yörəsinə baxıb, ondan bir nişanə
axtardı, heç nə tapa bilmədi...
Zəngi basıb xidmətçi qızı çağırdı. Qız gələndə:
– Səhər yeməyi gətirin, – dedi.
87
Qız dinməyib ona baxdı. Ravik də susdu. Soruşmağa da bir şey yox idi.
– Eva, qəhvə ilə kökə gətirin.
– Baş üstə, müsyö Ravik.
Ravik çarpayıya baxdı. Joan gəlmiş olsaydı da, belə səliqəsiz, əzik-üzük
yorğandöşəkdə
tək yatmazdı. Çox qəribədir: insan bədəninin dəydiyi hər şey –çarpayı,
paltar, hətta vanna otağı da onun hənirini görməyəndə, tamam ölürmüş! İnsan
nəfəsini, insan hərarətini itirəndə, onlar nə pis olurmuş!
Siqaret yandırdı. Bəlkə, Joan elə bilib ki, onu xəstə yanına çağırıblar? Yox, onda,
gərək, kağız yazıb qoymuş olaydı. Birdən ona elə gəldi ki, ağlını itirib. Sərbəst
olmaq istəyə-istəyə özünü hörmətdən salıb. Özünü nəyəsə inandırmağa çalışan on
səkkiz yaşlı oğlan uşağı kimi axmaq vəziyyətə düşüb. Asılılıq bu vəziyyətdə daha
çox idi. Bəlkə də, oturub gözləsəydi, bu qədər olmazdı... Qız yeməyi gətirdi.
– Yerinizi yığım? – deyə soruşdu.
– Niyə? Bəlkə, yatası oldum.
Dostları ilə paylaş: |