Miratur-rəŞAD” (Hidayət güzgüsü) Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani



Yüklə 307,66 Kb.
səhifə2/7
tarix26.09.2017
ölçüsü307,66 Kb.
#1932
1   2   3   4   5   6   7
Ey oğul, Allahla olsan heç vaxt günah etməzsən. Çünki onun gördüyünü və xəbərdar olduğunu bilsən həya səni onunla müxalifət etməyə qoymaz”   
TƏFƏKKÜR
Ey oğul, sənə təfəkkür etməyi vəsiyyət edirəm. Təfəkkür qəflətin qəti düşməni və qəlbin saflaşmasında ən mühüm səbəblərdəndir. Fikirdə olan küdurətin getməyində, qarşısını almaqda, qürur evini (dünya) sadə, əbədişadlıq evinə (axirət) üz tutmaqda təfəkkürün böyük rolu var. O, ibadətlərin başında durur, itaətlərin canı və ruhudur. Hədisdə var ki, ibadətlərin ən əfzəli, Allah və onun qüdrətində təfəkkür etməkdir.  
Təfəkkür bəndənin Allaha yetişməsinə itaəti isə bəndənin Allahın səvabına nail olmasına səbəb hesab edirlər. Allahın özünə yetirən, onun səvabına yetirən əməldən yaxşıdır. Həmçinin təfəkkür qəlbə, ibadət isə bədənə məxsusdur. Qəlb başqa üzvlərdən şərəflidir. Demək qəlbin əməli də, başqa üzvlərin əməlindən şərafətli olacaqdır. Hədisdə var ki, bir saat təfəkkür bir il ya altmış il, yaxud da yetmiş il ibadətdən yaxşıdır.  
Hədislərin müxtəlifliyi təfəkkür dərəcələrinin müxtəlif olduğu ilə əlaqədardır. Təfəkkür insana cəhənnəmdən nicat verər. Necə ki, Hürr ibn Yezid Riyahi azacıq düşünməklə nicat tapdı. Bir il, ya illərlə etdiyi ibadəti qiyamətdə ona xeyir verməzdi, lakin bir az fikirləşib düzgün nəticə alması ona xeyir verdi və cəhənnəmdən nicat tapdı. Ona görə də bir saat fikirləşmək yetmiş ilə (düşünülməmiş) ibadətdən xeyirli hesab olunur. Hədisdə var ki, ibadət, namaz və orucun çoxluğu ilə deyil, (ibadət) Allah və Onun yaratdıqları barədə düşünməklədir. 
Ey oğul, hərdən bir keçmişdəkilər haqda fikirləş. Gör onların əvvəli, axırı və sahib olduqları var-dövlət necə oldu, kimin üçün qoyub getdilər, nə qazandılar, necə öz dünyalarından üzülüşdülər və ondan məhrum oldular? İpək üzərində yatan və yer üzərində saymazyana gəzənlər necə öz malından, əhl-əyalından, qəsr, imarət, kəniz və qulluqçularından ayrıldılar, əyninə kəfən geyib, zərif üzünü torpağa qoyub, əqrəb və ilanlara yoldaş olub tək-tənha qəbirin sakini oldular.” 
Hərdən bir ölüm və onun qəfildən gəlməsini fikirləş. Onun vaxtı vardır ki, yetişdikdə nə bir an tez və nə bir an gecikər və o vaxt heç kimə bir dəqiqə də möhlət verilməz. Bu anı heç vaxt unutma!
Allahın izni olmayınca heç kəsə ölüm yoxdur və hər birinin vaxtı təyin olunmuşdur. 
Fürsət varikən özünü ona hazır et, tövbə və saleh əməl ilə ona hazırlaş, onu yüngül tutma, ondan qafil olma. Çox insanı ölüm birdən yaxalayıb ki, nə Allahı zikr etməyə və nə tövbə etməyə möhlət tapıblar. Tövbəni təxir etdiyinə görə həsrət və peşmançılıq çəkən kəslərdən olmamaq üçün bunu heç vaxt unutma. Allah taala bu barədə belə buyurub: 
“Ey Pərvərdigarım, tərk etdiklərimin əvəzində saleh əməllər yerinə yetirməyim üçün məni yenidən həyata qaytar.”  
Ey oğul, dünya evi əzab, əziyyət, məşəqqət və bəladan başqa bir şey deyil, onun yaxşısı pisinə qarışmış, rahatlığı isə əzabla birgədir. Allah taala burada rahatlıq yaratmamışdır. Allah taala hədislərin birində buyurur: “Bəndələrim məndən dünyada rahatlıq istəyirlər, bir halda ki, mən onu yaratmamışam. Yaratdığım əbədi cənnəti isə məndən istəmirlər”.
Ey oğul, bunları dərk etdikdən sonra çətinliklər sənə asanlaşar, axirət üçün səy etməyə rəğbət və həvəsin çoxalar. Dünyada zəhmət və məşəqqətin labüd olduğunu biləndən sonra daimi olan cənnət xatirinə bu məşəqqətlərə dözmək çox asan olar. Qarşıdan gələn ölümdən sonrakı həyat, qəbir, bərzəx, məhşər, əməllər və əqidəni təcəssümü, hesab, sirat (körpü), mizan, Allahın müttəqilərə vəd etdiyi cənnət və onun növləri, həmçinin günhakarlara vəd etdiyi cəhənnəm və əzabının qisimləri barədə fikirləş.
Ey oğul, sənə var-dövlətinin yalnız Allah yolunda sərf etdiyini fayda verəcəyi haqqında düşün. Çünki onların arasından özünə bircə kəfən apara bilərsən. Arvad- uşaqların, sevimlilərin və yaxınlarının səni tənha öz əməllərinlə qəbirə qoyub getməkdən başqa heç bir çarələri yoxdur. Orada sənə xeyir verən yalnız Allaha xatir etdiyin əməllərindir ki, onlar səninlə bir olacaq və ayrılmayacaqlar. Deyilənlər barədə düzgün fikirləşsən gözəl işləri çoxaldacaq, niyyətini saflaşdıracaq və həlak olmaqdan nicat tapacaqsan, həmçinin fürsəti əldən vermədən sabahın üçün çalışacaqsan. Hədisdə var ki, zöhdün ən fəzilətlisi ölümü yada salmaqdır, ibadətlərin ən fəzilətlisi ölümü yada salmaqdır, təfəkkürün ən fəzilətlisi ölüm haqda fikirləşməkdir.  
Hər kəs ölümü yad etməsə ömrünü faydasız işlərə və hər kəs ölümü yad etsə, ömrünü düz yolda sərf etmişdir. Ölüm insana ən gözəl nəsihətçi və çətinliklərdə yaxın köməkçidir. Ölümü yada salmağın nə qədər mühüm olduğu barədə onun çətinliyə düşmüş insanın işini asanlaşdırmağı, var-dövlətini əcrə səbəb olan yerə xərc etməsi və bəndəni lazımsız işlərdən çəkindirməsi kimi xüsusiyyətlərini demək kifayətdir. Nə gözəl deyiblər: “Ölüm haqda təfəkkür, çətinlikləri asanlaşdırar, qiyamət günü fayda verən işlərə rəğbət artırar, ölümdən qabaq tövbə etməyə və hazırlığa sövq edər, uzun arzulara son qoyar və bəndənin həsrət çəkməyinə imkan verməz”. 

SƏBR
Ey oğul, səbr etməyi sənə vəsiyyət edirəm. Onun insanın nicat tapmağında çox mühüm rolu vardır. Həqiqətən bəndələr hər iki dünyada ali mərtəbələrə səbr ilə nail olarlar. 


“Ruzigarın çətinliklərində səbr paltarını geyin ki, bu gözəl səbrinlə hüsni-aqibətə nail olarsan”.
Ey oğul, nemətlərin şirinliyi kimi bəlaları da özünə xoş bil. Allahın sənin həyatında müqəddər etdiyi sağlamlıq və xəstəliyi, afiyət və bəlanı, cavanlıq və qocalığı, qüvvət və zəifliyi, var-dövlət və kasıblığı səmimi qəlblə qarşıla. Çünki səni bunlara mübtəla edən, hikmət sahibidir ki, hər nəin aqibətini çox gözəl bilir, səni sevir, ata-anandan və özündən çox sənə mehriban odur və bunlar sənin xeyrinədir.
Ey oğul, müsibət gələndə tez təşvişə düşüb canfəşanlıq etmə. Mehriban və həkim Allahın qəza və qədərinə razı ol, şikayətlənib müsibəti dilinə gətirmə. İmam Səccad əleyhissalamdan nəql olunan şerdə Həzrət belə buyurub: “Bəlaya mübtəla olsan kəramət sahiblər tək səbr et ki, bu ən böyük şücaətdir. Rəhimsizlərə belə rəhimli olan Allahın qoyub adi insanların qarşısında şikayətlənməyin”.
Ey oğul, xoş güzaranlıq, var-dövlət və afiyəti sevdiyin kimi çətinlik, yoxsulluq və bəlanı da sevməlisən.  
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunan hədisdə Həzrət belə buyurur: “Hər kəs müsibətə səbr etsə Allah taala onun üçün hər birinin arası yerdən göyə qədər olan üçyüz dərəcə yazar. Hər kəs itaətdə səbr etsə Allah taala onun üçün hər birinin arası yerin dərinliklərindən ərşə qədər olan altıyüz dərəcə yazar. Hər kəs günahın müqabilində səbr etsə Allah taala onun üçün hər birinin arası yerin dərinliklərindən ərşin sonuna qədər olan doqquzyüz dərəcə yazar”. 
Əxlaq alimləri səbri neçə mərtəbəyə bölüblər:  
SƏBRİN MƏRTƏBƏLƏRİ VƏ NÖVLƏRİ
1-İnsanın ürəyi istədiyi sağlamlıq, mal, qohum-əqrəba, cah-cəlal və məqam kimi dünyəvi ləzzətlərin müqabilində edilən səbr. Bəndənin bunların müqabilində səbr edib, öz nəfsini onlara meyl etməkdən, ciddi yanaşıb tüğyana düşməkdən saxlaması nə qədər zəruridir. 
2-İtaətdə səbr. Bu çətin işdir. Çünki nəfs təbii olaraq itaətdən, boyun qaçırır və daha çox ağalığa doğru meyilli olur. Ona görə deyiblər elə bir adam yoxdur ki, Fironun zahir etdiyi onun ürəyindən keçməsin. Lakin Firon imkan tapıb onu aşkar etdi. Elə bir adam yoxdur ki, öz nökərləri ya xadimləri və ya ətrafdakıları ilə bunu bildirməsin. Düzdür, həddini aşmasa da xadimlərin təqsiri olanda onlara acıqla qəzəblənməsi buna dəlildir. Bütün bunlar təkəbbürdən başqa bir şey deyildir.
Ey oğul, itaətdə, həm əmələ başlamazdan qabaq, həm əməlin əsnasında, həm də ondan sonra səbr etməyin lazımdır. Əməldən qabaq, niyyətin düzlüyü üçün, əməlin əsnasında Allahın zikrindən qafil olmamağın üçün və əməldən sonra isə onu qiymətdən salan təkəbbür kimi halətlərin sənə üz verməməsi üçün lazımdır. 
3-Günahların müqabilində edilən səbr. Bəndənin buna lap çox ehtiyacı var. Çünki yalan, qeybət, söz gəzdirmək, böhtan kimi günahlar adətdən doğur və adət isə sabitləşmiş bir xüsusiyyətdir. Şəhvət də bunlara əlavə olsa Şeytanın iki böyük qoşununa çevirilib fitrətə qalib gələrlər. Bəs günah nə qədər ləzzətli olsa ona səbr etmək də bir o qədər çətinləşər. 
4-Xaricdən gələn təsirlərin müqabilindəki səbr. Belə ki, hər hansı bir iş, ya söz ilə sənə əziyyət olunarsa səbr et. Burada onun cavabını verməyib səbr etməyin “gözəl səbr” (şəriətdə) adlanır. 
Ey oğul, sənə pislik yetirən adamın müqabilində səbr edib işi Allaha həvalə et, intiqam almağa imkanın olsa da heç vaxt əks təsir göstərməyə can atma. Bizə yetişən hədislərdən əlavə,  Əli əleyhissalamın oğlu Həsənə olan vəsiyyətlərindən: “Məbadə Allahdan başqa köməyi olmayan kəsə zülm edəsən”.  
Təcrübə göstərir ki, bəzən gec də olsa Allah taala elə bu dünyada çox gözəl əvəzini çıxar və məzlumun intiqamını zalımdan alar. 
5-İxtiyarı əlində olmayan bəlaların müqabilindəki səbr. Əziz adamlarını itirməyin, malın tələf olması, səhhətin pisləşməsi, göz işığının getməsi, bədən üzvlərinin gücdən düşməsi, yoxsulluq və fəqirlik kimi müsibətlərə dözmək və səbr etmək əksər hallarda çox çətin olur və çoxda böyük əcri vardır. Allah taala onlar haqqında buyurur: 
“O kəslər ki, başlarına müsibət gəldiyi zaman səbr edib dedilər: “Biz Allah tərəfindən gəlmişik və Ona tərəfdə qayıdacağıq” onları pərvərdigarı tərəfindən salavat və xüsusi rəhmət gözləyir və onlar doğru yolda olanlardır.” 
Ey oğul, (Allah səbrin bütün qisimlərini sənə əta etsin) səbrin vasitəsilə neçə şey ələ gəlir ki, onlar səbr əhlinə səbrin acısını baldan da şirin edərlər: 1-Axirətdə hesabı məlum olmayan savabın verilməsi hədislərdə var ki, səbr edənlər “Ərəsat”da durmadan, “Mizan” və hesab-kitab görmədən cənnətə daxil olacaqlar. 
Səbr edən şəxs qiymətdə oruc tutub namaz qılanın və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qarşısında qılınc çəkib şəhid olanın dərəcəsinə nail olar.
Yoxsulluğa səbr etmək cihaddır.”  İmam Sadiq əleyhissalam deyir ki, İmam Baqir əleyhissalam buyurubdur: “Səbr edən kəs, səbri ilə oruc tutub namaz qılanın və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qarşısında qılınc vuran şəhidin dərəcəsinə nail olar”. 
Bu mətləbi yuxarıda deyilmiş hədisdən “səbr edən kəs Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qarşısında qılınc vuran şəhidin dərəcəsinə nail olar” anlamaq olar. 
“Səbr etmək altmış il ibadətdən fəzilətlidir.” 
İmam Sadiq əleyhissalam buyurub: “Hər kəs bir gecə öz dərdindən Allaha pənah apara, onun qəbul olmasını istəyə və ona şükr edə altmış illik ibadət kimi olar”. 
“Mömin hər hansı bir bəlaya səbr etsə ona min şəhidin savabı verilər.”  
2-Təcrübə göstərir ki, insan səbrlə ali mərtəbələrə nail olur. 3-Zaman ötdükcə çətinlik aradan gedir, ömür qısalır, keçən anların sevinci və kədəri qalmır, gələcəkdə isə nə olacağını bilmirsən. İndi bir sənsən bir də yaşadığın saatlar. Yaxşı olar insan, ömrünü faydalı olan səbrə həsr etsin. 4-Narazı olub şikayətlənməyin əcri azaltmaqdan başqa bir nəticəsi olmaz. Olacağa çarə yoxdur və Allahın qəza-qədəri dəyişməz. Bəndənin isə qul kimi hər şey qüdrətindən xaricdir. 5-Bu işdə böyük və çətin imtahanlardan çıxmış insanların həyatına nəzər salmağın böyük əhəmiyyəti var. 6-Bəlaya mübtəla olmaq özü bir səadətdir. Bəla dostluğun nişanəsidir. Ümumiyyətlə bəlanın ən şiddətlisinin möminin başına gəlməsi onun Allaha daha yaxın olduğunu kəşf edir. 7-Başa düşməlisən ki, bəlalar həkim və mehriban olan Allah tərəfindəndir O, bəndəsinin xeyrinə olmayan bir şeyi ona məsləhət görməz, ehtiyacsızdır, hər şeyə də qadirdir. 8-Bilməlisən ki, bu yalnız nəfsin islahı və paklığı üçündür. 9-Ah-nalə etməyin düşmənin sevincini və dostun kədərini artırar. 10-Səbr etməyin aqibəti hətta bu dünyada belə yaxşı nəticə ilə qurtarır. Məsələn, Yusif peyğəmbərin çətin sınaq və töhmətlərin müqabilində səbr etməsi onu son dərəcə izzətə yetirdi, zalım padşahı ona qul, qardaşlarını ona tabe, Züleyxanı isə xar olub onun yolunu gözlədikdən sonra (Yusif peyğəmbərin duası ilə) cavanlığı, gözəlliyi və gözünün nuru yenidən qayıdıb onunla izzətlə evləndi. “Yusif” surəsinin təfsirində gələn hədislərə müraciət edənə bu mətləb gizlin deyildir.  
Həmçinin, Allah taala Əyyub peyğəmbərin səbrinə görə, əldən verdiyi səhhətini, övladlarını və əyalını ona qaytardı və ona çoxlu mal-dövlət verdi.  
Ey oğul, müsibət gələn zaman Əhli-beytin müsibətlərini yadına sal. Çünki elə bir müsibət yoxdur ki, onlar onun ən kamil fərdinə mübtəla olmasınlar. İnsanların ağası və məxluqatın yaradılışına səbəb olan İmamların böyük Hətta “Yeri, göyü və onda olanları” Əhli-beytə əleyhissalam xatir yaratmaq barədə çoxlu hədislər nəql olmuşdur.  
Müsibətlərini xatırladıqda öz müsibətin sənə asanlaşar. Şair nə gözəl deyib:
“Sizin müsibətiniz bizim kiçik müsibətlərimizi unutdurdu və qarşıdan gələn müsibətlərimizi də asanlaşdırdı”.
Ey oğul, məbadə bəzi avamlar kimi çətinliklər müqabilində çarəsizlikdən səbr edəsən. Bu aşkar riadır. Sənin səbrin təqvalı insanların səbrindən olsun ki, onlar axirət əcrinin intizarındadırlar. Ən üstünü ariflərin səbridir ki, mehriban və hər şeyi bilən Allahdan gələn bəlaların ləzzətini duyasan. 
Ey oğul, müsibət zamanı səbrin ağlamaq ilə ziddiyyəti yoxdur. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) o əzəmətilə oğlu İbrahimin vəfatında ağlayarkən ondan soruşdular “Sən bizə səbr etməyi əmr edirsən, bəs bu ağlamaq nədir?” Peyğəmbər (s) bunu deyənə acıqla: “Vay olsun sənə! Ürək yanar, göz yaş axıdır, ancaq biz Allahın razı olmadığı və Onu qəzəbləndirdiyi şeyi demərik”  
Ey oğul, müsibət zamanı “İnna lillah və inna iləyhi raciun” ibarətini çox təkrar et ki, ayədə qeyd olunan salavat, rəhmət və hidayətdən məhrum olmayasan və dözümlü və səbirli olmağın üçün böyük səbr sahiblərinin başına gələnləri tez-tez yad etməlisən. 
Ey oğul, İmam Sadiq əleyhissalam buyurubdur: “Səbr kasası daşdıqda ümid qapısı açılar.”  
Təcrübələr də buna şahiddir ki, hər çətinliyin sonunda bir rahatlıq vardı. 
Nə gözəl deyilib: 
“Allahın nə qədər gizli mehr və lütfü vardır ki, ona hətta zəkalı beyinlər yaxın düşə bilməzlər”. 
“Hər bir çətinlikdən sonra hökmən rahatlıq vardır ki, onunla kədərli qəlbinə sevinc bəxş et”. 
“Nə çox olub ki, səhərlər əhvalın narahat olduğun halda axşamlar sənə gözəl ruhiyyə üz gətiribdir”. 
“Hər vaxt əhvalın dəyişsə təkcə uca, vahid Allaha etimad et”.
“Çətin hadisələrlə üzləşdikdə heç vaxt ah-zar etmə. Allahın nə qədər gizli lütfü var”. 
“Dünya sənə dar olsa “ələm nəşrəh” barədə fikirləş ki, hər çətinlikdən sonra iki yüngüllük taparsan. Əgər fikirləşsən fərəhli və şad olarsan”.
Ey oğul, demək olar gözəl əxlaqi sifətlərin çoxunun mahiyyəti səbrlə bağlıdır, lakin hər birinin özünə məxsus adı var” qarın və şəhvətin müqabilindəki səbrə “iffət”, müsibətin müqabilindəki səbrə sadəcə “səbr”, günahın müqabilindəki səbrə “təqva”, özünü cüzi miqdar malla razılaşdırmağa “qənaət”, döyüş və müharibədəki səbrə “şücaət”, qeyz və qəzəbin müqabilindəki səbrə “helm”, dünyəvi bəlaların müqabilindəki səbrə “ürəyi genişlik”, əgər eyş-işrət və firavan yaşamaqdan uzaqlaşarsa “zöhd” və s. deyilir ki, hər biri öz yerində bütün təfsilatı ilə şərh olunmuşdur. 

TƏVƏKKÜL
Ey oğul, (Allah taala sənə hər iki dünyanın xeyrini nəsib etsin) bütün işlərində Allaha təvəkkül və etimad et. Çünki bütün işlər onun tədbiri və qəza qədərilədir. Allaha təvəkkül etməklə həm qəmdən, həm də etdiyin səyin çətinliklərindən rahat olarsan. Çünki həyatda hər hansı bir məqsəd uğrunda səy etməyin həmişə ona yetişməklə nəticələnmir. Əgər Allahın qəzası səyinlə üst-üstə düşməzsə narahatçılıq, kədər və qəm-qüssə səni əldən salacaq və əgər qəza ilə səy uyğun gələrsə bu yolda çəkdiyin zəhmətlərin özü insan üçün böyük bir yükdür. Amma bu işdə Allaha təvəkkül edib onun təqdirinə razı olarsansa, heç bir narahatçılıq keçirmədən aram və rahat olacaqsan. Əhli-beyt (əleyhimüssalam) da “Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha iman gətirərlər” ayəsini  dediyim mətləbin əvvəl və mənfi qismətinə təfsir etmişlər  (Yəni, insanlar adətən öz elm, səy və zəhmətlərini öz məqsədlərinə yetişməkdə Allahdan ayrıca müstəqil bir səbəb hesab edib onların sorağına gedərlər). 


Ey oğul, işlərində alim, xəbərdar və qəza-qədər sahibi olan Allaha təvəkkül et, ondan başqasını gücsüz hətta milçəkdən də aciz bil. Oğul, naşı adamların düzgün başa düşməyib istinad etdikləri (Allah taala bütün işləri yalnız səbəblərilə icra edir) qaydada aldanma. Qaydanın mənası budur ki, heç bir iş səbəbsiz hasil olmur. Lakin bu qaydanın harasında yazılıb ki, bəndə öz işlərini müstəqil səbəb hesab etsin? Dualarda da deyilir ki, yalnız Allah taala müstəqildir və bütün işlərin səbəbi onun əlindədir. O, bu işdə heç kimi özünə şərik etməmişdir. Elmdən əməllərin məsələn, ruzi toplamağın barəsində hədislərdə gələn təkidli hökmlər səni çaşdırmasın. Bunlar aləmlərin pərvərdigarının qurduğu nizam-intizamı saxlamaq üçündür. Ona görə də həmin təkidlərlə yanaşı ifrat etməmək və qənaət haqqında da qəti hökmlər gəlmişdir. 
Ey oğul, səbəb və vəsilələrin hamısını qeyri-müstəqil san, onları öz sahibinə tapışır və bütün ona təvəkkül et. Şair nə gözəl deyib: “Öz işlərinin nəticəsinə arxayın olma, onları qəza-qədərin öhdəsinə burax. Bəzən çətinliklər sovuşar, bəzən də dünya sənə dar gələr. Nə çox ola bilər ki, çətinliklərin sonu sənin xeyrinə tamam olsun. Allah öz istədiyini icra edər, sən buna etiraz etmə”. 
Əgər elm öyrənmək istəmirsənsə onda ehtiyacın qədər qazanc əldə et və qənaətlə xərclə. Hədislər və təcrübə göstərir ki, öz işində Allaha təvəkkül edən şəxsin halı səbəblərə arxayın olan kəsin halından yaxşı olar. Həyatda səbəblərə tam arxayın olan şəxsin, xüsusən onun yaxın bəndəsinin bu işi, Allahın ondan üz döndərməsinə, onu özbaşına buraxmasına hətta səbəblərin belə təsir etməməsinə gətirib çıxara bilər.
Ey oğul, Yusif peyğəmbərin başına gələn o böyük bəlaların müqabilində səbr edib Allaha təvəkkül etməyi sənə kifayət edər. Həmçinin Yəqub peyğəmbərin mübtəla olduğu o ürək ağrıdıcı və acınacaqlı hadisələrin müqabilində bir ləhzə də ondan ümidini üzməyib səbr etməsi bizlərə ən gözəl həyat dərsidir. 
Ey oğul, hacətlərini Allahdan başqasından istəmə, müsibətlərdə təkcə ondan kömək dilə. O, səxavətlidir, kəramət sahibidir. İbrahim peyğəmbərə xəlillik mənsəbini o vermişdir. Çünki İbrahim əleyhissalam heç vaxt özgəsindən bir şey istəməmişdir. 
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: “Mən xeyrin hamısını başqalarının əllərində-kinə tamah salmamaqda gördüm”. 
Başqa bir hədisdə İmam Sadiq Müəmmər Əz-Zəhrədən, o da Əliyibnil Hüseyn əleyhissalamdan nəql edir ki, buyurub: “Mənim nəzərimcə xeyr bütünlüklə insanlardan bir şey ummamaqda cəm olmuşdur”. 
Yenə buyurur: “Sizlərdən hər biri Allahdan istəmədiyi bir şeyi ona verdiyi halda gərək başqaların-dan ümidini üzsün və yalnız ona bel bağlasın. Belə olan surətdə bəndə ona ağız açmamış Allah taala onun qəlbindən keçənləri ona əta edər”. 
Hacətlərin ona əyandır. Bu babın rəvayətlərini nəzərdən keçir, bu mənaya dəlalət edən çoxlu rəvayət taparsan. 
“Səhifəyi-Səccadiyyə”nin on üçüncü duasını yaddan çıxarma, onun ətrafında yaxşı-yaxşı fikirləş ki, səbəblərə müstəqil surətdə üz gətirməyin bəyənilmədiyi haqqında dediklərim sənə aydın olsun.  

QƏNAƏT
Ey oğul, qənaət etməyi unutma ki, həm bədənin rahat olar həm də hər iki dünyada izzətli olarsan. Ona riayət etməməyin başqalarının qarşısında alçalmağına, axirətdə isə əzab-əziyyətə düçar olmağına səbəb ola bilər. Qənaət dedikdə ailəni imkan olduğu surətdə çətinliyə salmağı nəzərdə tutmuram. Çünki hədislərdə ailədə bolluq yaratmaq savab bir iş kimi qeyd olunmuşdur.  Buna riayət etməmək vacib nəfəqənin (ev xərci) tərk olunmasına səbəb olar. Məqsəd budur ki, bacardıqca gücün çatanla razılaşıb öz qazancına münasib olaraq xərcləyəsən. Əgər sərvətlisənsə israfa yol verməmək şərtilə mümkün qədər ailənin maddi ehtiyaclarını artıqlaması ilə təmin et. Bütün işlərini düzgün tədbirlə idarə et ki, nə xəsislərdən nə də israf və bədxərclik edənlərdən sayılasan.


Əgər kasıbsansa qənaət et, qəza-qədərə  razı ol və heç kimə öz sirrini açıb, kasıb olduğunu bildirmə. Dünyapərəst və dar düşüncəli adamlar bunu bilən kimi istehza ilə səni təhqir edərlər.
Şair nə gözəl deyib: “İnsanların ən yaxşısı qənaət edib öz kasıbçılığını gizlədəndir. Qənaət bizə izzət verər, ondan izzətli bir şey yoxdur”.
Ey oğul, (Allah sənin abır-həyanı qorusun) təcrübəmdən deyirəm ki, sirri başqasına açmaq fəqirliyi artırar, adamı alçaldar, Allahın qəzəbinə səbəb olar. Çətinliyini başqasına açmaqla sənə məhəbbət göstərməyini və ya bir şey verməyini istəmə. Ruzi əvvəldən Allahın hikməti üzrə ayrılmışdır. Abrını (həyanı) tökməklə onu artırmaq olmaz, nə də iffət və izzətin onun azalmasına səbəb olar.  Əksinə, bəzən sirri açmaq  Allahdan onun məxluqatına şikayətlənməyə gətirib çıxarar və onun qəzəblənməyi ilə həm dünyada vəziyyətin daha da çətinləşər, həm də axirətdə əzaba düçar olarsan. Hədisləri mülahizə etsən 
Allah taalanın qüdsi  hədisdəki bu kəlamı sənə kifayət edər: “And olsun izzət və cəlalıma, Məndən ümidini üzüb başqasına üz gətirəni mütləq naümid edəcəyəm, insanlar arasında ona zillət paltarı geydirəcəyəm və Öz fəzlimdən onu uzaqlaşdıracağam”. 

HƏYA
Həya insan üçün dünya və axirətdə bəyənilmiş ən gözəl əxlaqi sifətlərdəndir. İmamlardan yetişən hədislərdə buyurulur: Həya imandandır, imanın yeri isə cənnətdir.  


Həya və iman bir-birindən ayrılmaz, əgər biri gedərsə o biri də ona qoşular. 
İmam Sadiq ya Baqir (ə)-dan nəql olunmuşdur ki, buyurub: “Həya və iman bir-biri ilə yanaşıdırlar. Əgər biri getsə (olmasa) o birisi də onunla gedər”. 
Həyası olmayanın imanı da olmaz. 
Dörd şey hər kəsdə olsa, günahları həddən artıq çox olsa belə Allah o günahları savaba döndərər: doğruluq, həya, gözəl əxlaq və şükür. 
Başqa bir hədisdə şükürün yerinə əmanətdarlıq deyilmişdir.  İmam Sadiq əleyhissalamdan nəql olunmuşdur ki, buyurub: “Hər kəsdə bu dörd xislət olsa imanı kamil olmuşlardan sayılar və başdan ayağa qədər günaha batmış olsa belə heç şeyinə mənfi təsir qoymaz. Və o dörd xislət bunlardı: Düzlük, əmanəti əda etmək, həya və gözəl əxlaq”.  

HÜSNÜ-XÜLQ (GÖZƏL ƏXLAQ VƏ RƏFTAR)


Ey oğul, (Allah sənin əxlaqını gözəlləşdirsin) gözəl əxlaq sahibi olasan ki, onun hər iki dünyada böyük faydaları var. Onun nə qədər fəzilətli olmağı barədə Allahın, peyğəmbərlərin ən şərəflisini (Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)) onunla mədh və tərif etməsi sənə kifayət edər.
Hədislərdə var ki, gözəl əxlaq dinin  yarısıdır. İnsana əta olunan ən fəzilətli  sifətdir. Qiyamətdə insanın “mizan”ına ondan  fəzilətli şey qoyulmayacaq. Gözəl əxlaqı olan kəs  gündüzləri oruc tutub gecələri ibadət və Allah  yolunda cihad edənin əcr və savabını qazanır.  
Günəş buzu əritdiyi kimi gözəl əxlaq da xətaları məhv edər. Su duzu həll etdiyi kimi gözəl əxlaq da günahları aradan aparar. 
İslam ümmətinin çoxu həqiqətdə təqva və gözəl əxlaqına görə cənnətə daxil olacaq.  Qiyamət günündə Allah taala cəhənnəmin (odun) gözəl əxlaq sahibinin ətinə yeməsindən həya edər. Gözəl əxlaq ömrü artırar. 
Hədislərdə hətta yəhudi ilə də gözəl rəftar etməyə əmr olunmuşdur.  Mən əxlaqın gözəl və qəribə təsirlərini görmüşəm. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: “Siz heç vaxt öz malınızla bütün insanların vəziyyətini yaxşılaşdıra bilməzsiniz, çalışın açıq üz və gözəl əxlaq ilə onlarla rəftar edin”. 
Həzrət Əli əleyhissalam buyurmuşdur: “Bütün insanlarla gözəl əxlaqla rəftar et ki, bundan sonra onlardan ayrı düşsən də sənə məhəbbət bəslərlər, öləndə sənin üçün: “Biz Allah tərəfindənik və ona tərəf qayıdacağıq” deyərlər. Çalış öləndən sonra da camaat sənin arxanca: “şükr olsun aləmlərin pərvərdigarı olan Allaha” deməsinlər”. 
İmam Sadiq əleyhissalamdan gözəl əxlaqın nəyə deyildiyini soruşduqda Həzrət buyurdu: “Yumşaq və mülayim davran, danışığını gözəlləşdir və din qardaşlarınla gülərüzlə və mehriban rəftar et”. 
Həzrət başqa bir hədisdə belə buyurub: “Möminlərlə gözəl rəftar etmək odur ki, onlara xoş və gülərüz göstərəsən. Müxaliflərlə isə mülayim danışasan ki, onlar imana gəlsinlər. Əgər imana gəlməyəcəyindən ümidin üzülsə o zaman özünü və mömin qardaşlarını onun şərrindən gözlə”.  “İnsanlara xoş sözlər deyin”. ayəsinin təfsirində İmam Həsən Əsgəri əleyhissalamdan nəql olunur ki, İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur: “Bütün insanlara xoş söz deyin, istər mömin olsun, istər qeyri-mömin. Möminlər üçün üzü açıqlıqla və qeyri-möminlərlə onların imana gəlməyi gözəl və mehriban danışsın, çünki faydası olmadığı halda özünü və mömin qardaşlarını onların (qeyri-möminlərin) şərindən qorumuş olar”. 

Yüklə 307,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə