MÖVZU 7, 8, 9.
BÖYÜK YAŞDA QENDER SOSİALİZASİYASI. CİNSİN YENİ
PSİXOLOGİYASI
Məşəğələlərin planı
1. Cins-rol stereotiplərinin formalaşması və möhkəmlənməsi
2. Cins-rol stereotiplərinin psixoloji sosial funksiyaları
3. Ənənəvi qadın rolu. Ailədə rol gözləmələri. İşləyən qadının rolla bağlı
münaqişəsi.
4. Ənənəvi kişi rolu. Kişi rolu ilə bağlı məhdudiyyətlər
5. «Cinsin yeni psixologiyası» nəzəriyyəsinin yaranma əsasları
«Ana, axı niyə bir mahnıda deyilir ki,
oğlanlar ilbizdən, balıqqulağından və yaşıl
qurbağadan, qızlar isə şirnidən, ədviyyatdan və
lütfkarlıqdan düzəldilib? Demək istəyirlər ki,
oğlanlar lütfkar olmamalıdır?» Ken, 6 yaş
Şon Bern. Qender psixologiyası.
Yaşadığımız aləm çox sayda insanla, cürbəcür əşya və müxtəlif vəziyyətlərlə
doludur. Yəqin ki, aldığımız informasiyanı istisnasız şəkildə görsəydik və qəbul etsəydik,
ağlımız çaşardı. Bu rəngarəng zahiri aləmi koqnitiv qəbul edilən şəklə salmaq üçün biz
biz daxil olan informasiyanı ayrı-ayrı kateqoriyalara bölürük. Beləliklə, sxem adlandırılan
xüsusi koqnitiv strukturlar yaranır. Həmin sxemlər daxil olan informasiyanın qəbulu,
saxlanması və yenidən təkrarlanmasına təsir göəstərir. Adətən biz bir çox sosial şərait
(hadisə sxemləri) üçün, bizə tanış olan insanlar (şəxsiyyətlər sxemi) üçün, qender, etnik
mənsubiyyət və fəaliyyət növü əsasında eyniləşdirilən sosial qruplar (rol sxemləri) üçün
hazır koqnitiv kateqoriyalara malik oluruq. Bu kateqoriyalar insanlar və şərait barəsində
daxil olan informasiya üzərində aparılan işi idarə edir. Hazırda əksər sosial psixoloqlar
stereotipləri sosial qrupların koqnitiv kateqoriyaları (sxemləri) kimi nəzərdən keçirir.
Stereotiplər – eyniləşdirilən qrup üzəvlərinin bir-birinə bənzədiyi və həmin qrupların
qavranması zamanı sxem kimi işləyən geniş yayılmış fikirlərdir. Stereotiplər həddindən
artıq ümumiləşdirilmiş, qeyri-dəqiq və yeni informasiyaya rezistetnt ola bilər. Əksər
tədqiqatların nəticəsi göstərir ki, bizdəki sxemlərə müvafiq gələn informasiya ona
müvafiq olmayandan daha tez nəzərə çarpacaq və onu qəbul edərkən, yadda
saxlayarkən və bizim stereotip təsəvvürlərlə şərh edərkən daha tez yadda qalacaqdır.
İnformasiya üzərində hazır sxemlər vasitəsi ilə iş aparmaq ona görə daha cəlbedicidir ki,
Qərb psixoloqları Markus və Zayonsun fikrincə, o, «qənaətedici» sayılır, çünki
«bütünlükdə çox mürəkkəb sosial ətrafı məna kateqoriyalarının nəzərdə saxlanan
miqdarına bağlayır. Onlar informasiya azlığını əvəz etməyə və daxil olmuş infomasiya
çərçivəsindən kənara çıxmağa imkan yaradır; lakin insan kateqoriyaları barədə əldə
olunmuş ümumi bilik şəxsiyyətin ayrılıqda unikallığı haqda ədalətli mühakimə yürütməyə
imkan vermir».
Qender qavrayışa təsir göstərən mühüm sosial və koqnitiv meyardır. Amerika
psixoloqu L.Teylorun apardığı tədqiqatlar (Taylor & Fiske, 1988) göstərdi ki, müəyyən
şəraitdə insanlar, məsələn, sosial qrupda üzvlüyü daha nəzərə çarpacaq edən amil
mövcuddursa, çox zaman qenderə görə kateqoriyalaşma aparır. Belə ki, qender
stereotipinə uyğun olan paltar yaxud xarici görünüş yəqin ki, insanla bağlı informasiya
üzərində iş apararkən qenderə böyük diqqət yetirilməsinə öz təsirini göstərir. Həmçinin
qender o halda daha tez nəzərə çarpır ki, kişi yaxud qadın eyni bir işi yerinə yetirənlər
arasında azlıq təşkil etsin. Hansısa bir işi icra edənlər arasında kişi yaxud qadın az
sayda olarkən onların cinsi daha tez nəzərə çarpır. Bu isə onlara diqqəti daha çox cəlb
edir və onların fəaliyyət nəticəsinin daha ciddi qiymətləndirilməsinə təsir göstərir. Əgər
tədris müəssisəsində cəmi bir kişi varsa, onun cinsi ətrafdakıların diqqətindən heç
zaman yayınmayacaq. Qender sxemləri öz təsirini və qarşı-qarşıya durmaq bacarığını
ona görə saxlaya bilir ki, üç mənbədən güc alır. Birincisi, onlar sosial cəhətdən
mükafatlandırılır və cəmiyyət bu sxemlərə riayət olunmasına məcbur etməklə
əməllibaşlı təzyiq göstərir. İkincisi, adama elə gəlir ki, özünəhörməti qender eyniliyi
əsasında qazanmaq olar. Üçüncüsü, bizim qender stereotiplərimiz sxem kimi hərəkt edir
və informasiyanın qavranmasını elə idarə edir ki, müşahidə etdiyimiz davranış bizim
gözlədiyimizə müvafiq olaraq şərh edilir. Lakin qenderdən digər insanları qavrayarkən
əhəmiyyətli bir informasiya «tikəsi» kimi istifadə olunmasında fərdi fərqlər də
mövcuddur. Bemə (Bem, 1981) görə, insan qender sxemindən o zaman istifadə edən
sayılır ki, digər insanların fərqləndirici keyfiyyətlərini və onlar barəsindəki informasiyanı
qender əsasında növlərə bölə bilsin; əks halda o qender sxemindən istifadə etməyən
fərdlərə aid olajaqdır. Bemin fikrincə, kişi yaxud qadın başlanğıcına tam şəkildə mənsub
olan insanları daha böyük ehtimalla qender sxemindən istifadə edən fərdlərə aid etmək
olar.
Cəmiyyətdə qender stereotiplərinin qaynaqlandığı bəzi amilləri diqqətinizə
çatdıraq.
•
Öz cinsinin sxemi (own-sex schema) (Martin & Halverson, 1997) – qenderə
müvafiq gələn davranış üçün lazım olan hərəkət ssenarisi və planlarından ibarət
sxemdir. Uşaqlar öz cinsini eyniləşdirə bilən kimi onlarda öz qrupunun üzvlərinə
oxşamaq motivi yaranır və onlar həmin qrupda qəbul olunmuş davranış modelini
daha diqqətlə müşahidə etməyə başlayır.
•
Davamlılıq effekti (Perseverance eggekt) (Taylor & Fiske, 1988) – şəxsiyyətin
sxemə zidd olan informasiyanı yadda saxlasa belə öz stereotiplərini mütləq
dəyişəcəyi demək olmadığından ibarət bir hadisədir. Sxemlərin təbiəti belədir ki,
onları inkar edən dəlillə qarşılaşdığı vaxt da öz möhkəmliyini saxlayır. Çox vaxt insan
onun sxemindən kənar olan fərd üçün cavab olaraq qaydadan istisna kateqoriyası
yaradır.
•
İllüzor korrelyasiya (Illusory correlation) (Taylor & Fiske, 1988) – anlayışlar
arasında əlaqə möhkəmliyinin həddindən yüksək qiymətləndirilməsi yaxud həmin
əlaqəni onun ümumiyyətlə olmadığı bir yerdə müəyyən etmək cəhdidir. Qenderlə
bağlı uydurulmuş yaxud şişirdilmiş əlaqə çox zaman qender və müəyyən
keyfiyyətlər, vərdiş və davranış arasında görsənir.
•
Özlüyündə reallaşan peyğəmbərliklər (self-fulfilling prophecy) (Taylor & Fiske,
1988) - gözlənilənlərin onları təsdiq edən davranışı yaratması ilə ifadə olunan
meyildir. Özlüyündə reallaşan peyğəmbərlik təhsil proqramları yaxud gələcək ixtisas
seçimi ilə bağlı olarsa xüsusilə diqqəti cəlb edir. Tədqiqatlar göstərir ki, valideynlər
müxtəlif cinsə aid olan övladları məktəbdə eyni qiymət alarkən və standartlaşmış test
verəndə bərabər miqdarda bal toplayarkən belə uşaqların qabiliyyətini qender-fərqli
şəkildə qavrayır. O cümlədən valideyn hesab edir ki, qızlar dil sahəsində, oğlanlar
isə riyaziyyatdan daha güclü olmalıdır. Hətta uşaqların faktiki nailiyyətləri statistik
cəhətdən nəzarətdə saxlanıldıqda belə ananın övladında riyazi bacarıq qavrayışı ilə
uşağın özünün riyazi bacarığı arasında nəzərə çarpan korrelyasiya qeyd olunurdu
(Eccles, 1990). Nəhayət, sonradan «özünüdərkdəki və mənimsənmiş vərdişlərdəki
bu fərq kişi və qadının axtardığı və bundan ötrü lazımi kvalifikasiyaya malik olduğu
iş növünə təsir edir» (Eccles, 1990).
Qender psixologiyasına dair kitabların birində müəllifin fikrincə kişi və qadınların
əmək haqqının qeyri-bərabər ödənişinin səbəblərini tam əks etdirən kiçik bir şəkil
verilmişdi. Şəkildə büküldükləri əskinin içərisinə baxan balaca oğlanla qız təsvir
olunmuşdu. Şəklin altındakı yazıda deyilirdi: «Sən demə bizim məvacibimizdəki fərqin
səbəbi bu imiş!» Kişi ilə qadının əmək haqqındakı fərqin səbəbinə həsr olunan bir çox
tədqiqatlar mövcuddur. Məsələn, hətta qadın əhalisinin üstünlük təşkil etdiyi məşğulluq
sahələrində belə orta əmək haqqı kişi kateqoriyasına aid işçilərdə olduğundan aşağıdır.
Beləliklə, BMT məlumatına əsasən, Azərbaycanda əməkdaşların 81 faizinin qadınlar
olduğu səhiyyə sahəsində orta əmək haqqı kişilərin əmək haqqının 61 faizini təşkil edir.
İşçilərin 65 faizinin qadın olduğu təhsil sahəsində orta əmək haqqı kişilərin məvacibinin
79 faizini təşkil edir (Human Development Report, 2000). Avropa mənşəli amerikan
qadınlar il ərzində tam iş həftəsi çalışaraq Avropa mənşəli amerikan kişilərin
qazandığının 68 faizini qazanırlar. Afroamerikan qadınların əmək haqqı isə daha da
aşağıdır və ağdərili kişilərin məvacibinin 61, ağdərili qadınların məvacibinin isə 90 faizini
təşkil edir. Latın-amerikalı qadınlar ağ kişilərin 53, ağdərili qadınların isə 78 faizi qədər
məvacib alır.
Kişi və qadınların məvacibi arasındakı fərqin iki geniş yayılmış izahı mövcuddur:
birincisi, qadınların məvacibi ona görə aşağıdır ki, onlar özləri azödənişli işi seçirlər;
ikincisi, qadınların təcrübəsi və kvalifikasiyası lazımınca olmadığı üçün bir işçi kimi daha
az qiymətləndirilir. Belə ehtimal da mövcuddur ki, qadınlara onlar az qazanca razı
olduğu üçün daha aşağı maaş verilir. Bu izahlardan hər birini ayrılıqda nəzərdən
keçirək.
Ənənəvi olaraq qadın əsasən «qadına aid» hesab olunan və ənənəvi olaraq «kişi»
işi sayılan işdən daha az ödəniş verildiyi işlə məşğul olur. Kompensasiya fərqləri
əsasında izah nəzərdə tutur ki, qadınlar az ödənişli olsa da, əvəzində daha yüksək
əmək şəraiti, daha yaxşı sosial iqlimi, başqalarına yardım etmək imkanı, daha çevik iş
qrafiki yaxud daha çevik işi olan fəaliyyətə üstünlük verir. İşçi qüvvəsi cinsi əlamətə
görə bölünür, yəni ixtisasların əksəriyyəti əsasən bu və ya digər cinsə məxsus olur.
Məsələn, hamıya məlumdur ki, katibələrin 90 faizi qadın olur. Belə ki, Azərbaycanda
mədəniyyət, tibb, təhsil və sosial müdafiə sahələrində çalışanların 60 faizini qadınlar
təşkil edir. Ən yüksək siyasi və inzibati dövrələrdə isə qadınlar çox seyrək təmsil
olunmuşdur. Siyasi və inzibati sahələrdə qadınların sayı cəmi 30 faizdir, lakin həmin 30
faizdən əksəriyyəti ən aşağı mövqelərdə çalışır. Parlament üzvləri arasında qadınlar 12
faiz, nazir vəzifəsində isə 9 faiz təşkil edir; 9 faiz bölgə inzibati orqanların başçısı
vəzifəsini yerinə yetirir. Hüquq sistemindəki Azərbaycan qadınlarının cəmi 15,4 faizi
qulluqçu vəzifəsində və yalnız 11 faiz isə səfir və konsul kürsüsünü tutur. Nazirlər
Kabinetində qadınlar əsasən katibə və texniki işçilərdir ki, orada işləyənlərin 83 faizini
təşkil edir (Azerbaijan Human Development Report, 2000).
Doğrudan da qadınlar ənənəvi olaraq kişilərə aid sayılan işlərdə çox seyrək şəkildə
çalışır; və «qadın» işində məvacibin aşağı olması da doğrudur. Bu o deməkdirmi ki,
qadınlar bu cür işi yüksəködənişli «kişi» işindən ona görə üstün sayır ki, onlar qadın
üçün daha xoşagəlimlidir və paralel funksiyaların yerinə yetirilməsinə daha müvafiqdir?
Statistik məlumatlara əsasən, bu heç də belə deyil. «Qadın» işində nə daha çevik qrafik,
nə daha az gərginlik nə də valideyn vəzifəsini yerinə yetirməyə yardım edən başqa bir
şey nəzərdə tutulmur. Əslində Qlassın və Kamaricin söylədikləri kimi, əksinədir: hansısa
bir ixtisas sahəsində qadınların çox sayda cəmlənməsi həmin işdəki daha az çevikliklə,
müdiriyyətin daha dəqiq nəzarəti ilə və işin yerinə yetirilməsi ilə bağlı üsul və müddət
seçimindəki daha məhdud müstəqilliklə müşaiyət olunur. ABŞ-da aparılmış 1600
ixtisasın təhlili (Glass & Camarigg, 1992) göstərir ki, «kişi» işindən fərqli olaraq,
«qadın» işi başqa, amma heç də daha yüngül olmayan iş şəraiti ilə səciyyələnir.
«Qadın» ixtisasları daha çətin müştərilərlə işi, başqalarından qalan çirkli işi, mexaniki
şəkildə təkrar olunan və daha az avtonomluğa malik işi (öz işini özünün idarə etmək
hüququnun olmaması) nəzərdə tutur. Üstəgəl həmin təhlildən məlum olur ki,
xoşagəlməz iş şəraiti həm «kişi», həm də «qadın» fəaliyyət sahələrində məvacibə
neqativ təsir göstərir, çünki həmin xoşəgəlməz iş bir qayda olaraq daha aşağı sosial
statusa malik olan və pis iş şəraiti əvəzində maaşın artırılmasını tələb edə bilməyən
insanlar tərəfindən yerinə yetirilir.
«Kompensasiya fərqləri» konsepsiyası qadınların azödənişli işi seçdiyini ehtimal
edir. Məsələ burasındadır ki, qadının «kişi» işinə gedən yolda qarşısına bir çox
maneələr qoyulur. Buraya qadının malik olmadığı xarakteristika və professional hazırlıq
vəzifələri üçün əhəmiyyəti olmayan tələblər və kişi kollektivində işləyən qadını müşaiyət
edən özünə inamsızlıq və əsəbi şərait daxildir. Araşdırmalar göstərir ki, qadını onun
üçün qeyri-ənənəvi olan işə həmin kvalifikasiyada malik kişidən daha seyrək götürürlər.
Qlik və başqaları (Glick, 1991) müəyyən etmişlər ki, işə götürərkən ayrı-seçkilik həm
qadın ənənəvi «kişi» işinə qəbul olunmaq istəyəndə, həm də kişi ənənəvi «qadın» işinə
düzəlmək istəyəndə baş verir. Onlar güman edir ki, işə götürənlər çox vaxt namizədin
bacarığı barədə özlərinin həmin ixtisasda məhz kişi yaxud qadının lazımi keyfiyyətlərə
malik olması zənninə əsaslanaraq bu fərziyyəni təsdiq edir. Eyni zamanda sosioloqlar
hesab edir ki, əgər sahibkar namizədin lazımi keyfiyyətlərə malik olduğunu dəqiq bilirsə,
o, özünün ayrı-seçkilik meylini dəf etməyə qabildir. Problem ondadır ki, qadınlar çox
vaxt məhz həmin namizədin onun stereotiplərinə uyğun gəlmədiyinə sahibkarı
inandıracaq müvafiq təcrübəyə malik olmur. Üstəlik də əgər qadın bundan qabaq artıq
ayrı-seçkiliyə məruz qalmışdırsa, sonradan da bunun olacağını gözləyir və öz hüququnu
müdafiə etməkdə çətinlik çəkir.
Lakin qadınların əksəriyyəti ənənəvi «kişi» işinə düzəlməyi heç istəmir və ya buna
cəhd etmir. Qadınlar özünü onlara daha yaxın olan və onların daha yaxşı bildiyi «qadın»
işində daha yaxşı hiss edir. Statistik tədqiqatlar (Prost & Fiore, 1990) da göstərir ki,
əgər qadın «qadına aid olmayan» işlə məşğul olarsa insanlarla münasibətindən neqativ
nəticələr gözləyir; çünki həm kişi, həm də qadın hesab edir ki, «kişi» sənəti qadını
romantik şərəfdən məhrum edir və onun cəlbediciliyini azaldır.
Ola bilər ki, qadın onu iş yerində gözləyə biləcək xoşagəlməz psixoloji şəraiti
qabaqcadan hiss etdiyi üçün «kişi» işindən qaçır. Yoder və Aniakudo (Yoder &
Anicuado, 1994) kişi kollektivində qadını çox vaxt müşaiyət edən «sərin iş iqlimini»
təsvir etmişlər: onlara fikir verilmir, onların professional keyfiyyətləri aşağı
qiymətləndirilir, səhvləri isə şişirdilir, onlara münasibətdə ikili standart tətbiq edilir, onlar
hər addımda arzuolunmaz seksual şərhə yaxud tam biganəliyə məruz qalır, bəzən hətta
lazımi avadanlığa yaxın düşə bilmirlər. Digər tədqiqatçılar işçinin fəaliyyətinə qiymət
verilərkən xurafatın təsiri ilə bağlı məlumatlara müraciət edir. Robins və De Nizi (Robins
& Denisi, 1993) işinə qiymət verilənin fəaliyyətinin onun ənənəvi qender roluna müvafiq
olmasını və həm də qiymət verənin öz mühakimələrində ayrı-seçkiliyə nə dərəcədə
meyilli olmasını vacib amil hesab edir. Tarla şəraitində aparılan və real işçiləri və onların
rəislərini araşdıran tədqiqatlar göstərir ki, qiymət meyarları subyektiv, informasiya isə
minimaldırsa, qadın ənənəvi olaraq kişiyə aid işi yerinə yetirirsə və rəhbər vəzifəyə
namizədlər müqayisə edilərkən doğrudan da qabaqcadan yanlış qənaətə yol verilir.
Kişi və qadınların müxtəlif xidmət sahələrində bölünməsində qeyri-müvafiqliyi izah
edən geniş yayılmış fikirlərdən biri də insan kapitalının qiymətləndirilmə prinsipinə
əsaslanır. Bu prinsipə əsasən, fərdin öz işinin əvəzində aldığı mükaafat onun təhsilə və
professional hazırlığa qoyduğu sərmayədən asılı olur. Hesab olunur ki, qadınlar daha az
qazanır ona görə ki, onların bacarığı daha azdır, onlar daha aşağı təhsil almışlar yaxud
daha az təcrübəyə malikdirlər və nəticədə daha aşağı qiymətə malik işçidirlər.
Azərbaycan cəmiyyətinin nümunəsində həmin qeyri-mütənasibliyi göstərmək
mümkündür. Dövlət Statistika Komissiyasının 2000-ci ildə apardığı sorğuya əsasən, tibb
fakultəsi tələbələrinin 94,8 faizi, pedaqoji fakultədə 95,6 və iqtisadiyyat fakultələrinin 50
faizini qızlar təşkil edir. Bundan başqa, akademiklərin 97 faizi kişi cinsinin
nümayəndələri və müvafiq olaraq yalnız 3 faizi qadınlardır; 85 faiz kişi elmlər doktoruna
qarşı – 15 faiz qadın elmlər doktorudur; kişi cinsinə aid 75 faiz aspiranta qarşı 25 faiz
qadın cinsinin nümayəndəsidir (State Statistical Committee of Azerbaijan Republic,
2000)
Qadınlar az maaş alır ona görə ki, onlar az alacaqlarını gözləyir. Ehtimal var ki,
qadın kişidən az məvacib alacağını qabaqcadan gözləyir. Əgər qadın az alacağını
əvvəlcədən gözləyirsə, demək ona həmin kvalifikasiyalı kişi ilə müqayisədə daha az
maaş da təklif olunacaq. Təcrübələrdən birində müəyyən edilmişdi ki, sahibkar rolunda
çıxış edən iştirakçılar iş yerinə iddia edən namizədlərə onların gözlədiyi maaşı təyin
edirdilər: kim az maaş gözləyirdisə, ona daha yüksək məvacib iddiasında olan həmin
kvalifikasiyalı işçi ilə müqayisədə daha aşağı maaş təklif olunurdu. Belə məlum oldu ki,
hətta kişi və qadınların daha yüksək maaş iddiasında olduğunu bilmədikləri şəraitdə
belə qadınlar daha aşağı məvacib tələb edirdi (Jackson, 1992). Meycor və Forsi (Major
& Forcey, 1993) yenicə karyera qurmağa hazırlaşan cavanlar arasında sorğu keçirərək
aydın etmişdilər ki, qızlar özlərini oğlanların almaq istədiyi məvacibdən daha az əmək
haqqına layiq hesab edir. Biznes sahəsində ixtisaslaşan ali təhsil müəssisələri tələbələri
arasında da gələcək məvaciblə bağlı mühüm fərq müşahidə olunur. Jekson və onun
həmkarları (Jackson, 1992) aşkar etdilər ki, gələcək fəaliyyətin sahəsindən asılı
olmayaraq kollecin yuxarı kursunda təhsil alan tələbə qızlar sinif yoldaşları olan
oğlanlarla müqayisədə gələcək qazancları ilə əlaqədar daha az məbləğə iddiaçıdır,
halbuki bir qayda olaraq qızlar oğlanlardan daha yaxşı oxuyur.
Aldığımız məvacibin nə dərəcədə müvafiq olduğu məsələsini həll etmək üçün biz
adətən özümüzü başqaları ilə müqayisə edirik. Ədalət nəzəriyyəsinin mahiyyəti elə
bundan ibarətdir. İlkin olaraq insan münasibətləri nəzəriyyəsi adlanan bu nəzəriyyə
insanların işə çəkdiyi zəhmətin və bundan əldə etdiyi qazancın başqalarının zəhmətinə
və qazancına bərabər olmasını istəməyindən ibarətdir. İşə aid etsək bu o deməkdir ki,
nəsə bir zəhmət çəkir (vaxtımızı, enerjimizi, kvalifikasiyamızı və s.) və bunun əvəzində
nəsə də (maaş, vəzifə pilləsi ilə irəliləyiş və s.) qazanırıq. Aldığımızın çəkdiyimizə nə
dərəcədə müvafiq olmasını həll etmək üçün biz «müqayisə qrupu» adlanan insan
kateqoriyasının nə çəkdiyi və nə aldığı ilə uzlaşmasını müşahidə edirik. Və bizim
özümüzü razı yaxud narazı hiss etməyimiz özümüzü kiminlə müqayisə etməyimizdən
çox güclü dərəcədə asılı olur. Nisbi mağmunluq nəzəriyyəsi bənzər ideyalara əsaslanır.
O hesab edir ki, mağmunluq və küskünlük hissi təkcə obyektiv faktlar yaxud hadisələr
üzündən yaranmır, bu güclü şəkildə bizim özümüzü müqayisə etdiyimiz qrup yaxud
şəxsə nisbətən nə dərəcədə «mağmun» hiss etməyimizdən asılı olur. Tədqiqatlar
göstərir ki, adətən qadınlar kişilərdən müqayisə obyekti olaraq istifadə etmir (Chessier &
Goodman, 1997). Bunun əvəzində onlar özlərini başqa qadınlarla müqayisə edir və
qadının iş yerindəki zəhməti və qazancı digər qadınların zəhmətinə və qazıncına
təxminən uyğundursa, o hesab edir ki, ədalətə riayət olunur.
Ədalət nəzəriyəsinə əsasən, əgər siz ödənişdə ədalətsizlik gördünüzsə (yəni siz
müqayisə qrupunuza mənsub olanlarla müqayisədə daha az kompensasiya alırsınızsa)
sizdə ədaləti bərpa etmək meyli yaranır. Adətən kişilərin nə zəhmət çəkdiyi və nə aldığı
ilə özünün çəkdiyi zəhmət və qazancı arasında qeyri-müvafiqlik tapan qadın üçün onun
ruhi müvazinətini bərpa etməkdən ötrü bir neçə üsul mövcuddur. O, işdən çıxarsa və
daha az zəhmət çəkərsə (yəni daha az işləsə) qeyri-bərabərliyi aradan qaldıra bilər,
lakin bu qeyri-realdır. O, müqayisə qrupunu özünün vəziyyəti ilə müqayisədə daha
ədalətsiz (məsələn, özünü yalnız qadınlarla müqayisə edərək) görünən başqa bir qrupla
əvəz edərək özü üçün zahiri ədalət görünüşü yarada bilər. Daha bir mümkün yol –
ədalətsizliyi rasional şəkildə əsaslandırmaqdır («Ola bilsin mən onun qədər yaxşı
işləmirəm»; «Yəqin ki, onun təcrübəsi məndən daha çoxdur»).
Karyera etmək istəyən qadınlar çox vaxt «şüşə tavan» hadisəsi ilə üzləşir. Bu
metafora təşkilatlarda sanki qadının ondan o yana yüksələ bilmədiyi gözəgörünməz
tavanın olması faktını ifadə edir. Bu termin ilk dəfə ABŞ Əmək naziri Linn Martin
tərəfindən təklif olunmuşdu və təşkilatların daxilində «şüşə tavan»ı kvalifikasiyalı
işçilərin vəzifə pilləsi ilə irəliləməsinə və öz təşkilatlarında rəhbər vəzifə tutmasına imkan
verməyən süni maneə kimi izah edirdi və kvalifikasiyalı qadın və azlıq nümayəndələri
çox vaxt həmin tavanın altında qalaraq oradan digərlərinin vəzifə pilləsi ilə necə
irəlilədiyini müşahidə edirdi» (Ministerstvo truda SŞA, 1991, r.1). Bir vaxt vardı ki,
psixoloqlar qadının onu rəhbər vəzifə üçün yararsız edən şəxsi cizgilərə və şablon
davranışa malik olduğu və məhz buna görə də yüksək vəzifələrdə qadınların az olması
fikrinə tərəfdar çıxırdılar. Məsələn, Horner 1969-cu ildə kitablarından birində yazır ki,
qadınlar işdəki uğurundan qorxur, çünki xidməti vəzifədəki nailiyyətləri qadınlıqla qeyri-
mütənasib hesab edir. Amma 70-ci illərin ortası – 80-ci illərin əvvəlində sosial
psixoloqlara və sosioloqlara aydın oldu ki, qadının hökmünün aşağı olmasını onun şəxsi
keyfiyyətlərinə yazan yanaşma vasitəsi ilə kişi və qadının hökmündəki böyük fərqi izah
etmək mümkün deyil.
Qadının lider rolu və rəhbər iş üçün yararsız hesab olunmasının səbəbi yəqin ki,
onun cəmiyyətdə hökm sürən stereotiplər əsasında qəbul olunmasıdır. Morrison və fon
Qlinovun (Morrison & Von Glinov, 1990) bir yerə topladığı bir neçə tədqiqatla bağlı
məlumatdan aydın olur ki, qadını lider rolu üçün yararsız şəkildə təsvir edən qender
stereotipləri cəmiyyətdə o qədər güclüdür ki, qadın karyerası ilə bağlı qərar qəbul
edilərkən və kadr seçilərkən bunun əksini bildirən şəhadətlər heç nəzərə alınmır.
Bizim şüurumuzda qadın obrazı rəhbər rolu üçün yox, başqa keyfiyyətlər tələb
edən ənənəvi qadın rolu üstünlük təşkil etdiyi üçün biz qadında rəhbər işə yararlı insan
görməkdə çətinlik çəkirik. Sonra Şeyn və Müller (Schein & Mueller, 1992) Birləşmiş
Ştatlarda, Almaniyada və Böyük Britaniyada kişilərin bu stereotiplərə eyni səviyyədə
riayət etdiyinin şahidi oldular. Onlar həmçinin aşkar etdilər ki, alman qadınlar da alman
kişilərindən az olmayaraq rəhbər vəzifəni «kişi» işi hesab edir; Böyük Britaniyanın
qadınları da rəhbər vəzifələri kişiyə aid edir. amma alman qadınları qədər də yox;
amerikalı qadınlar isə hər iki cinsin işə rəhbərlik üçün vacib olan keyfiyyətlərə eyni
dərəcədə malik olduğunu hesab edir. Məsələn, bir çox insanlar qadının emosional və
qətiyyətsiz (lider üçün olduqca xoşagəlməz kefiyyət) olması fikrinə tərəfdar çıxır. Biznes
sahəsində ixtisaslaşan tələbələr qadın rəhbərə yumşaq xasiyyət, insanlara qarşı
diqqətcillik və asılılıq kimi cəhətlər aid edir (Frank, 1998); digərləri isə göstərir ki, bu
cəhətlər pis rəhbər obrazı ilə eyniləşdirilir. Əksinə, sərt və yarışqan rəhbərlik tərzi
kişilərə xas sayılır.
Kann və Ziqfrid (Cann & Siegrried, 2000) bəzi tədqiqatlara əsaslanaraq təsdiq edir
ki, «yaxşı menecer» və «tipik kişi» stereotipləri bir çox halda üst-üstə düşür. Onlar
göstərir ki, bu zaman misalların və nəzəri tədqiqatların əksəriyyəti yaxşı liderin məqsədə
doğru gedən, insanlarla ünsiyyət qurmağı bacaran olmasını və onlara layiqincə qiymət
verə bilməsini (tipik qadın keyfiyyətləri) təsdiq edir. Alimlər aşkar etmişdir ki, uğur
qazanan liderin davranışına ilk növbədə qadın davranışı üçün səciyyəvi olan əlamətlər
də daxildir. Onlar bu nəticəyə gəldi ki, lider kişi stereotipi liderin rolunu daraldır və
rəhbərin müvəffəqiyyətli fəaliyyəti üçün mühüm olan bir çox keyfiyyətləri nəzərə almır.
Şeyn və onun həmkarları yazır ki, menecer hazırlayan universitetlərin tədris proqramları
yaxşı rəhbər üçün hansı kefiyyətlərin vacib olmasına diqqəti artırmalıdır.
Qadının ev və ailə ilə bağlı vəzifəsi də ona vəzifə pilləsi ilə yüksəlməyə mane olur.
Ola bilsin ki, qadının evdəki vəzifələri onun vəzifə pilləsi ilə irəliləməsindən ötrü işinə
əlavə güc sərf etməsi üçün imkan yaratmır. Ehtimal ki, qadın üçün rəhbər olmaq
çətindir, çünki o axşamlar işdə qalaraq bazar günləri də işləyə bilməz, çünki uşaqlara
qayğı onun vaxtını çox alır. Ola bilsin ki, o bilərəkdən daha aşağı karyera perspektivi
olan işi seçir ki, bu, evdə onun üçün böyük problem yaratmasın (bu ehtimal sosial
psixologiyada şəxsi seçim hipotezi adını almışdır). Bu mövzuya dair aparılmış
tədqiqatlar ərləri ilə müqayisədə işləyən qadınların ev və ailə, uşaqla bağlı məsuliyyətin
əsas hissəsini öz üzərinə götürməsinə şübhə yeri qoymur. (Bilar & Lichter, 1999). Bəzi
qadınlar üçün bu, doğrudan da onların işə əlavə vaxt itirməsi və ezamiyyələrə getməsi
(bunsuz vəzifə pilləsi ilə yüksəlmək mümkün deyildir) üçün səbəb deyildir. Valdets və
Gütek (Valdez & Gutek, 1997) 827 nəfər işləyən qadını müqayisə edərək aşkar etmişlər
ki, qadın rəhbərlər arasında rəhbər vəzifə tutmayan qadınlarla müqayisədə ailəsiz
olanlar daha çoxdur. Onlar həm də görmüşlər ki, həmin işlə məşğul olan qadınların
arasında övladı olmayan çox olduqca, üç və daha artıq uşağı olanların sayı daha aşağı
olur.
Qender münasibətləri sosial normaların insanlar tərəfindən necə mənimsənməsinə
və onların davranışına necə təsir göstərməsinə parlaq misaldır. Lakin sosial
psixoloqların marağına səbəb olan bu deyil. Onların əksəriyyəti hesab edir ki, ənənəvi
qender rolları şəxsiyyətin inkişafını çərçivəyə salır və sosial bərabərsizliyə aparır.
İnsanlar çox zaman sual verir: «Kişi və qadının rolları müxtəlifdir, amma onlar
bərabərdir – bunu dəyişdirmək nəyə gərəkdir?». Onlar hesab edir ki, ənənəvi kişi və
qadın rolları bir-birini tamamlayır və kişi ilə qadın arasındakı bioloji fərqə əsaslanmışdır.
Bizim dövrümüzdə ənənəvi qadın rolunun qoyduğu mühüm məhdudiyyətlərdən biri də
odur ki, işləyən qadın ev qayğılarını və uşaqlarla bağlı məsuliyyəti öz üzərində daşıyır.
Evdən kənarda iş gününü başa çatdıran qadın evə gələndən sonra ikinci iş gününə
başlayır. Bu «ikinci iş günü» kişi və qadınlarda «istirahət vaxtındakı qırılma»nın səbəbini
təşkil edir (Chochild, 1989). Tədqiqatlar kişilərin son 10 il ərzində təsərrüfata sərf etdiyi
vaxtın əhəmiyyətli dərəcədə artdığını göstərsə də, işləyən qadın əvvəlki kimi orta
hesabla ev işinin 69 faizini özü yerinə yetirir (Berardo, 1997). Qadının işə sərf etdiyi
vaxtın artması onun evdəki vəzifəsinin azacıq dərəcədə ixtisar olunmasına gətirsə də,
uşaqlarla bağlı sərf olunan (uşaqların məktəbə hazırlanması, həkimə baş çəkmək və s.)
vaxtın həcmi tamamilə dəyişməz olaraq qalır.
ABŞ-da 3000 ailədə aparılan tədqiqatdan istifadə edən Bler və Lixter bu nəticəyə
gəlmişlər ki, qadınlar evdə orta hesabla kişilərdən iki dəfə çox iş görür (həftədə 33 saat
– 14 saata qarşı). Blerin, Lixterin və Hünterin araşdırmalarında da ğəsdiq olunur ki, ev
işi sırf «cinsi mənsubiyyət»ə görə bölünür, özü də «qadın» işləri – bir qayda olaraq, hər
gün, müəyyən saatlarda yerinə yetirilməli olan işdir (yemək hazırlamaq yaxud qab
yumaq), «kişi» işi isə (bağçada iş görmək, evdə nəyisə təmir etmək) vaxtını daha azad
bölüşdürməyə imkan verir (Bliar, 1991) (Gunter, 1990).
İşlə həddindən çox məşğul olmaq ənənəvi qadın roluna uyğun gəlmir, buna görə
də işləyən qadın çox zaman narahatçılıq keçirir və özünü günahkar hiss edir. Ola bilsin
ki, bu hisslər, həmçinin rəhbər işin ağırlığı ilə birlikdə qadının öz üzərində çəkməli
olduğu dağ boyda ev və ailə qayğıları bir çox qadınları karyerasını inkişaf etdirməkdən
ötrü bütün bu ziddiyyətləri minimuma endirən yollar (buna çox zaman «ana yolları»
deyilir) axtarmağa məcbur edir. Nə qədər gülməli görsənsə də, qadın karyerası üçün
minus sayılan ailənin mövcudluğu faktı kişi üçün plyus sayılır.
Bizlərdən bir çoxumuz o etiqadla böyümüşük ki, qadının yeri oğacın başındadır. İlk
baxışda bu nə qədər yaxşı görünsə də (hər gün işə getmək lazım gəlmir) bütün
gününün evdə keçirən qadının az işlədiyini söyləmək yanlış olardı. Əslində ortastatistik
ev xanımı ev işlərinə həftədə 48 saatdan 70 saata qədər vaxt sərf edir (Hide, 1992).
Üstəlik də ödənişli iş insanın tək iqtisadi deyil, həm də hörmətə, stimula ehtiyac kimi bir
çox sosial problemlərini həll edir. Bütün gününü evdə keçirən insanın bu tələbatlarını
ödəməsi çox mürəkkəb məsələdir.
1963-cü ildə Betti Fridanın «Qadının xüsusi istedadı» (The Feminine Mystique)
kitabı çapdan çıxdı. Fridan «qadının xüsusi istedadı» sözbirləşməsindən istifadə
etməklə qeyd edirdi ki, şəhərkənarında yaşayan amerikan ev xanımının sosial cəhətdən
təminatlı və uğurlu qadın olması ilə bağlı təsəvvür həmişə düzgün deyildir. Fridan qeyd
edir ki, çətinlik bir çox qadınların həyatdan narazı olduğu və bundan sıxıntı
çəkməsindən ibarətdir, axı onlar bəxtinin nə qədər gətirdiyini hiss etməli olduqlarını
bilirlər. «Ailə ocağının mühafizəçiləri» ilə apardığı söhbətdən Fridan aydın etdi ki, arzusu
yalnız həyat yoldaşı və ana olmaq olan qadınlar belə həyatından narazılıq hiss edir.
Onun əldə etdiyi məlumatlara görə, əsas problem qadının başqalarının ehtiyacına
xidmət etməsindən, öz şəxsiyyətinə isə malik ola bilməməsindədir. Bəli, onların
oynadığı rol vacibdir, çünki onların uşaqlarına və ərinə həyatda nəyəsə nail olmağa
imkan verir; amma başqalarında yaşamaq heç də sənin özünün yaşaması demək
deyildir. Buna baxmayaraq hesab edilir ki, elə bu qadınlara xas olan «xüsusi istedad»,
qadın varlığının zirvəsidir. Fridanın sözlərinə görə, «ailə ocağının mühafizəçisi» rolu ilə
bağlı başqa bir problem ondan ibarətdir ki, ev xanımı «bortdan atılan» kimi insanların
həyatındakı ən mühüm hadisələrdən kənarda qalır və özünü mükəmməl insan hesab
edə bilmir. «Sevgi, uşaqlar və ev – yaxşı şeydir, amma qadın üçün yazılan sözlərin
əksəriyyətində belə deyilsə də, bu heç də bütün dünya demək deyildir» (Friedan, 1963,
p.67). Fridanın kitabı 39 il əvvəl çap olunmuşdur, amma müəyyən dərəcədə «qadının
xüsusi istedadı» barədə təsəvvür və bununla bağlı olan problemlər bu gün də
yaşamaqda davam edir.
Azərbaycanlı ailəsində qıza öyrədirlər ki. o özünü layiqli aparmalı, yaxşı davranış
tərzinə malik olmalı, hər şeylə razılaşmalı, mehriban olmalıdır, çünki məhz qız ənənə və
etik normaların daşıyıcısıdır. Qızların asılılığı, qeyri-müstəqilliyi həvəsləndirilir, amma
oğlanda isə müstəqillik və məqsədə doğru irəliləmək, güclü iradə, iddiaçılıq rəğbətlə
qarşılanır; təcavüzkarlığa və emosiyalarını boğmamağa ijazə verilir. Adətən ənənəvi
Azərbaycanlı ailəsində ana qızı oğlandan daha çox nəzarətdə saxlayır. 2000-ci ildə
aparılmış sosioloji sorğu gənc qız və oğlanlarla bağlı prioritetləri aydın şəkildə əks etdirir
(Gender and Economy, 2000). «Sizin üçün həyatda ən vacib olan nədir?» sualına
qızların 53 faizi - «ailə və uşaqlar», 18 faizi – «maddi firavanlıq», 19 faizi – «sevgi», 5
faizi – «iş və təhsil», 3 faizi – «ictimai tədbirlər» və 2 faizi – «istirahət» cavabını
vermişdir.
Yeganə rolu ev xanımı olan bir çox qadının keçirdiyi frustrasiya üçün 1997-ci ildə
Tavris xüsusi – ev sahibəsi sindromu (housewife syndrome) – adlanan termin icad
etmişdi (Tavris & Offir, 1997). Ferri (Feree, 1980) qeyd edirdi ki, ev xanımları çox vaxt
öz sosial izolyasiyasını hiss edir. O hesab adirdi ki, hərəkət azadlığının məhdudluğu,
şəhərdən kənardakı həyat, ətrafda işləyən qadınların olması və kiçikyaşlı uşaqların
müntəzəm diqqət tələb etməsi kimi amillər həmin hissi daha da gücləndirir. İstehsalatda
işləyən qadınların sayının artması evdə qalanların bayramvari və qayğısız həyat
keçirdiyi barədə cəmiyyətdə geniş yayılmış təsəvvürü möhkəmləndirir və ev işlərinin bu
cür aşağı qiymətləndirilməsi ev xanımlarının həyatdan narazılığını daşa da artırır. Yəqin
ki, buna görə də bəzi tədqiqatçılar hesab edir ki, ev xanımlarının özünüqiyməti işləyən
qadınlarla müqayisədə daha aşağıdır. Bəzi tədqiqatlarda hətta evdə oturan qadının
depressiyaya istehsalatda işləyənlərdən daha çox uğraması təsdiq olunur. Qouv (Goav,
1992) ehtimal edirdi ki, ev xanımları depressiyaya daha çox uğrayır, çünki onların işi
daha yeknəsəngdir və az qiymətləndirilir, razılıq mənbəyi isə yalnız birdir. Krouz
(Krause, 1995) hesab edir ki, nə vaxtsa qadın rolunu qeyri-ənənəvi başa düşən, lakin
ənənəvi dünyagörüşə malik kişiyə ərə gedən ev xanımları öz rolundan daha çox
narazıdır və həmişə ənənəvi etiqada malik olanlardan daha etz depressiyaya uğrayır.
Perri-Censkins (Perry-Cenkins, 1992) qadının evdəki vəzifəsi və işindən razılığı ilə onun
bu rola verdiyi qiymət arasında birbaşa asılılığın olduğunu söyləyir. Məsələn, öz gəlirinin
ailə üçün ərinin qazancı qədər vacib olduğunu hesab edən qadın onun gəlirinin
ikincidərəcəli əhəmiyyəti olduğunu görən yaxud onun gördüyü işin lazımlığına əmin
olmayan qadınlarla müqayisədə həyatından daha çox razı olur.
Ev xanımı rolunun qadına necə təsir göstərdiyi barədə alimlərin fikri bölünür, lakin
psixoloqların əksəriyyəti rul qazanan qadının evdə daha böyük hakimiyyətə malik
olması ilə razılaşır. Ailədə hakimiyyət nəzəriyyəsinə görə. daha böyük iqtisadi imkana
malik olan ər yaxud arvad həmiq səviyyədə də hakimiyyətə malik olur. Ev xanımının
ərindən maliyyə asılılığı onu evdə daha az nüfuzlu fiquraya çevirir, çünki pul «onun»
puludur və «əsil» işlə məşğul olan yeganə şəxs də odur (çünki qadının evdəki zəhməti
ödənmir; insanlar onu ödənişli zəhmətlə müqayisədə daha az dəyərə malik sayırlar).
İşləyən arvadın ailədə evdə oturandan daha yüksək hörmətə malik olduğunu təsdiq
edən bir neçə tədqiqat əsəri mövcuddur. Erikson və həmkarları (Erickson, 1999) bu
nəticəyə gəlmişlər ki, nüfuzlu ixtisasa malik ərlər ailə həyatında öz dediyinin üstündə
durmağa meyilli olur. Ailədə cinslərin bərabərsizliyi ailədən kənarda analoji qeyri-
bərabər şəraitin formalaşmasına təsir göstərir. Evdə ərlə-arvaddan birisinin daha üstün
hakimiyyətə malik olmasının bilavasitə onun daha çox pul alması yaxud daha nüfuzlu
işdə çalışması ilə bağlılığını ehtimal edən birmənalı sübut yoxdur. Amma hər halda əgər
biz maliyyə cəhətdən kimdənsə asılıyıqsa və həmin şəxs bizdən daha yüksək sosial
statusa malikdirsə, bu insanın bizim üzərimizdə bizim onun üzərində olduğumuzdan
daha artıq hakimiyyətə malik olması fikri ilə hamı razılaşar.
Kişilərin bir qrup olaraq böyük təsirə malik olması qender fərqinin mövcudluğunu
bizdən gizlədir və dəyişikliklərə mane olur. Özü də qadın və kişi rollarının qarşılıqlı
əlaqəli təbiəti onlardan birində dəyişiklik baş verərəsə bunun digərində də dəyişikliklərlə
müşaiyət olunmasını nəzərdə tutur. Tarixən formalaşmış kişilik və qadınlığın təyini də
kişinin qadın üzərində müəyyən hakimiyyətə malik olması vəziyyətinə dəstək verir və bu
vəziyyəti dəyişmək üçün qadın rolunda diqqəti cəmləmək azdır, kişi roluna da nəzər
salmağın vacibdir; axı kişilər ənənəvi kişi rolunun ucbatından çox şey itirirlər. Bundan
savayı, kişilər də həmişə ənənəvi kişi rolunun yaratdığı və dəstəklədiyi çətinlik və
məhdudiyyətlərlə qarşılaşır.
Kilmartin (Kilmartin, 1994) hesab edir ki, müasir psixologiyanın əsasını kişi
psixologiyası təşkil edir, çünki norma olaraq kişi davranışı araşdırılmışdır və uzun
müddət tədqiqatlarda yalnız kişilər iştirak etmişdir. Buna baxmayaraq o söyləyir ki,
psixologiya praktiki olaraq heç vaxt kişilərin qender mənsubiyyəti ilə bağlı spesifik
duyğularına müraciət etməmişdir. Kilmartin kişi psixologiyasının öyrənilməsinin
vacibliyini göstərən aşağıdakı səbəbləri belə şərh edir:
1. Bütövlükdə kişilər qadınlardan daha artıq nüfuza malik olsa da, bu nüfuzdan
məhrum olan kişilər də var ki, onların sayı o qədər də az deyil və sərt kişi
sosiallaşması onlara yalnız zərər vurmuşdur. Üstəlik də cəmiyyətdə nisbətən böyük
hakimiyyətə malik olan kişilər dəyişiklərin həyata keçirilməsində intensiv rol oynayır.
2. Güclü qadınla ünsiyyətdə olan kişi bəzən ciddi sıxıntı hiss edir. Axı uşaq yaşlarından
oğlan o etiqadla böyüyür ki, məhz o güclü və hökmlü olmalıdır, buna görə də güclü
qadın kişi başlanğıcı üçün təhlükə kimi qəbul olunur. Bu ziddiyyət öz həllini tələb
edir, çünki güclü qadınların sayı gün-gündən artmaqdadır.
3. Kişidə ətrafdakılarla qarşılıqlı münasibətin keyfiyyəti o səbəbdən zərər çəkir ki, bu
münasibətlər insanın ehtiyacı – əsas emosiyaların ifadəsi üçün yer tapılmayan
çərçivədə baş verir.
Bu gün ənənəvi kişi rolunun qoyduğu məhdudiyyətlərlə bağlı elmi tədqiqatların sayı
çox deyil. Psixoloqlar qadının rolunu yalnız feminist hərəkatın cəmiyyətin diqqətini
qadının aşağı sosial statusuna gəlb etməsindən sonra öyrənməyə başlamışlar. Son bir
neçə ildə kişinin oynadığı rol da tədqiqatçıların diqqət mərkəzində qalmaqdadır.
Kişi rolu da qadın rolu kimi modelləri güclü şəkildə müşahidə etməklə və mədəni
kanallar vasitəsi ilə, məsələn, kütləvi informasiya vasitələri ilə mənimsənir. Rolun
daşıyıcıları müntəzəm normativ və informativ təzyiq altında olur. Kişilərin başı onlara
«kişiliyin» nə olduğu barədə bilik verən sosial informasiya okeanına qarışmışdır
(informasiya təzyiqi); cəmiyyət onları qenderə müvafiq davranışına görə
həvəsləndirməkdə və rol normaları çərçivəsinə yerləşməyən kiçicik bir hərəkətə görə isə
cəzalandırmaqdan yorulmur (normativ təzyiq). Kişinin davranışı onun mədəniyyətdən
qanına hopmuş kişilik bərədə təsəvvürünə əsaslanır. Kişinin necə olması və nə etməsi
ilə bağlı etiqad Plek və onun həmkarlarının (Pleck, 1993) «kişilik ideologiyası»
adlandırdığını təşkil edir. Bu ideologiya həm də kişi qender rolu adı altında tanınan
sosial normalar toplusundan başqa bir şey deyil.
Tompson və Plek (Pleck, 1993) kişi rolunu «kişilərin nə hiss etməli və nə etməli
olduğu barədə göstəriş və qadağalardan ibarət sosial normalar» kimi müəyyən etmişlər.
1986-cı ildə kişilər, kollecdə oxuyan tələbələr arasında tədqiqat aparan Tompson və
Plek görmüşlər ki, həmin rol normalarının strukturu 3 amildən yaranır:
•
Müvəffəqiyyət / statusu norması (The Succes/Status Norm) – kişinin sosial
dəyərinin onun qazancı və işdəki müvəffəqiyyəti ilə müəyyən olunduğunu təsdiq
edən qender sterelotipidir.
•
Bern
və Lever (Burn & Laver, 1994) böyükyaşlı kişi və qadınların kişinin karyeraya
can atması ilə əlaqədar təəccüb doğuracaq qədər həmfikir olduğunu aşkar etmişlər.
Onların əksəriyyəti həm də kişinin çoxlu pul qazanmalı olduğu fikrinə tərəfdar
çıxmışlar. Devis gündəlik qəetlərdə tanışlaqla bağlı dərc olunan elanların təhlilini
aparmışdı. O, müəyyən etmişdir ki, kişilərdən fərqli olaraq qadınlar gələcək
namizədin işi və maliyyə vəziyyəti ilə xüsusiylə maraqlanır (Davis, 1990). Romantik
görüşlər bizim kişiyə onun qadını pulla təmin etmək imkanına əsaslanaraq qiymət
verməyimizə gözəl nümunədir. Kişilər üçün bir çox məhdudiyyətlər də həmin norma
ilə bağlıdır. Birincisi, kişilərin əksəriyyəti 100 faiz buna müvafiq gəlmir və bu
səbəbdən də aşağı özünəqiymətə malikdirlər. Kilmartinin sözlərinə görə, «kişilər bir
qrup olaraq qadınlardan daha böyük iqtisadi hakimiyyətə malikdir və kişilərin
əksəriyyətinin iş yeri olacaq, amma karyera ilə məşğul olmayacaq» (Klimatrin, 1994,
p. 171).
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI
1. Майерс Д. Социальная психология. Санкт-Петербург, 2000
2. Шон Берн. Гендерная психология. Санкт-Петербург, 2001
3. Bem S.L., 1981. Gender schema theory: A cognitive account of sex typing.//
Psychological review, # 88
4. CannA. & Siegfried W.D., 2000. gender stereotypes and dimensions of effective
leader behaviour. //Sex Roles, # 23
5. Chessler P. & Gooedmann E.J., 1997. Women, money and power. N-Y: Morrow
6. Davis S.,1990. men as success objects and womne as sex objects:A study of
presonal advertisements.//Sex Roles, # 23
7. Eccles J.S., 1990 Gender-role socialization. Social psychology. Forth Worth, TX:Holt
Rinehart Winston
8. Fiske S.T. & Taylor S.E.,1994. Social cognition. N-Y: Random House
9. Frank E., 1998. Business students’s perceptions of women in management. //Sex
Roles # 19
10. Friedan B, 1963. The feminine mystique. N-Y: Norton
11. Click P., 1991. Trait-based and sex-based discrimination in occupational prestige,
occupational salary, and hiring.//Sex Roles, # 25
12. Gunter N.C., 1990. Domestic divion of labor among working couples.//Psychology of
Women Quarterly, # 14
13. Ishii-Kuntz M, 1993. Japanees fathers: Work demands and family roles. Newbury
Partk, CA: Sage
14. Kilmartin C.T., 1994. The masculine self. N-Y:Macmillan
15. O’Neil J.M., 1990. Assesing men’s gender role conflict. VA: American Assosiation for
Counceling and Development
16. U.S. Department of Labor,1991. Areport on the Glass Sieling Initiative. Washington,
DC:U.S. Depart,ment of Labor
17. Azerbaijan Human Development Report, 2000
18. UN Human Development Report, 1999
Document Outline
Dostları ilə paylaş: |