Mövzu Əfqanıstan 918-1945-ci illərdə saat



Yüklə 42,43 Kb.
tarix28.11.2023
ölçüsü42,43 Kb.
#133808
əfqanıstan


Mövzu 1. Əfqanıstan 1918-1945-ci illərdə - 2 saat

Cənubi-Qərbi Asiyanın Orta Şərq adlanan bölgəsində yerləşmiş Əfqanıstan şimaldan Türkmənistan, Özbəkistan və Tacikistan, şimali-qərbdən Çin və Hindistan, şərqdən və cənubdan Pakistan, qərbdən və cənub-qərbdən İranla həmsərhəddir. Əfqanıstan dənizlərdən çox uzaq yerləşmiş Asiya ölkələrindəndir. Ona yaxın olan İran körfəzi ölkənin cənub-qərb sərhədlərindən 500 km aralıdır. Sahəsi 652 min kv. Km-dir. Bu göstəriciyə görə dünyanın 40-cı dövlətidir. Ölkənin Pakistan ilə sərhədi mübahisəli bir yerdir. Bu sərhəd Əfqanıstan tərəfindən rəsmi şəkildə tanınmayıb. Siyasi ədəbiyyatda bu sərhədi Dürand xətti də adlandırırlar. Böyük Britaniyanın xarici işlər nazirliyinin katibi olmuş Dürand 1893-cü ildə Əfqanıstanla Pakistan sərhədini (daha doğrusu, o vaxt İngiltərə müstəmləkəsi olmuş Hindistan) zorla Əfqanıstan hökumətinə qəbul etdirmişdir.


Əfqanıstan zəngin tarixi keçmişə malik ölkələrdən biridir. Arxeoloji tədqiqatlar nəticəsində aşkar edilmişdir ki, onun şimalı Daş, cənubi isə Tunc dövründən etibarən məskunlaşmışdır. Əfqanıstan ərazisində yaşayan xalqların tarixi qonşu İran, Orta Asiya, Pakistan xalqlarının tarixi ilə sıx bağlıdır. Müxtəlif dövrlərdə, eramızdan əvvəl VI minillikdən eramızın XVII əsrinə qədər müasir Əfqanıstanın ərazisi yerləşdiyi regionun va dünyanın daha güclü dövlətlərinin, məsələn, Əhəmənilər, Makedoniyalı İskəndər, Yunan, Bəlx, Kuşan, Sasani, Əmir Teymur, Böyük Moğol, Səfəvi, Nadir şah Əfşarın hakimiyyəti altında olmuşdur.
1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra, Əfqanıstanın şərq hissəsində Dürrani adlanan müstəqil dövlət yaranır. Bu dövləti özlərini puştu (əslində pasto) adlandıran əfqanların Dürravni qəbiləsinin başçısı Əhməd şah yaradır. Onun qonşu dövlətlərlə apardığı müharibələr nəticəsində Dürranilər dövlətinin sərhədi xeyli genişlənir. Lakin bir tərəfdən iri feodalların didişməsi, digər tərəfdən Yaxın və Orta Şərqdə hərbi-siyasi və iqtisadi mövqeyini möhkəmlətməyə çalışan İngiltərə vahid Əfqanıstan dövlətinin yaradılmasına hər vasitə ilə mane olurdu. 1838-ci ilin oktyabrında Əfqanıstanı zəbt etmək niyyətilə İngiltərə (ingilislər Hindistana qısa yol əldə etməyə can atırdılar) onunla müharibəyə başlayır və ölkənin bəzi əyalətlərini zəbt edir. 1842-ci ildə ölkənin hər yerində güclənmiş xalq hərəkatı London rəsmilərini məcbur edir ki, qoşunlarını Əfqanıstandan çıxarsın. 1878-ci ildə İngiltərə ikinci dəfə Əfqanıstana qarşı işğalçılıq müharibəsinə başlayır. Əfqanıstanda yaşayan xalqların inadlı müqaviməti İngiltərəni Əfqanıstanı müstəmləkəyə çevirmək arzusundan əl çəkməyə məcbur edir.
XX əsrin əvvəllərinə doğru Əfqanıstan hələ də tam müstəqilliyini əldə etməmiş vəziyyətdə qalırdı. 1893-cü il Əfqanistan-Britaniya müqaviləsinə görə onun xarici siyasətini Böyük Britaniya müəyyən edirdi. 1907-ci il Rusiya-Britaniya razılaşmasına görə isə, Rusiya imperiyası Əfqanıstanın Britaniyanın nüfuz dairəsində qalmasını qəbul etmişdi.
Bu dövrdə Əfqanıstanın əhalisinin milli tərkibi çox mürəkkəb idi: ölkədə siyasi olaraq puştular üstün idi, azlıqların içərisində isə taciklər, özbəklər, türkmənlər və ərəblər var idi. Əfqanıstanın hakim sülaləsi də puştu mənşəli idi. Əmir Hǝbubulla Britaniya yönlü siyasət yürüdürdü, amma əfqan siyasi elitası içərisində güclü dəstəyi yox idi. Əfqanstanın bu dövrdə siyasi elitası üç əsas qrupa ayrılmışdı: Britaniya yönlülər, mühafizəkarlar və başda şahzadə Əmənulla xan olmaqla islahat tərəfdarı gənc əfqanlar.
Birinci dünya müharibəsi illərində Almaniyanın və Osmanlı dövlətinin Əfqanıstanı Üçlər İttifaqına qatmaq cəhdləri gənc əfqanlar, həmçinin puştu tayfalarının liderləri tərəfindən dəstəklənsə də, əmir risk etmək istəməyib Əfqanıstanın neytrallığını saxlamaq qərarı almışdı. Rusiyada baş verən bolşevik inqilabı Əfqanıstana da güclü təsir etmiş oldu. Əmir hökuməti inqilaba ehtiyatla yanaşsa da, Britaniya əleyhdarları olan gənc əfqanlar imperialistlərə qarşı mübarizəni şüar seçən bolşeviklərə simpatiya duyurdular. Əmir Həbubulla xarici siyasətdə fəallıqdan qaçaraq Londonla qarşıdurma yaratmamağa çalışırdı. Məsələn, o, Moskvanın ikitərəfli müqavilə imzalamaq təklifinə çox soyuq yanaşmışdı. Əmirin bu iradəsizliyi sarayda gənc Əfqanların narazılığın artırdı və 20 fevral 1919-cu ildə əmir Həbibulla öldürüldü.Hakimiyyətə milli müstəqilliyin və islahatların ardıcıl tərəfdarı olan və gənc əfqanların lideri kimi tanınan Əmənulla xan gəldi. O, Əfqanıstanın tam müstəqilliyinin bərpa edildiyini elan etdi. 1919-cu ilin aprelində Əfqanıstanın yeni rəhbərliyi qarşılıqlı münasibətlər müqabilində Sovet Rusiyasını rəsmi olaraq tanıdı.
1919-cu ilin avqustunda Türküstanın siyasi lideri L.Bravin Kabilə gəldi. O sovet hökumətinin səlahiyyətli nümayəndəsi kimi əfqan tərəfi ilə danışıqlar apararaq iki dövlət arasında diplomatik münasibətlərin qurulmasını təmin etməli idi. 1919-cu ilin dekabrında isə İ.Bravini Rusiyanın Kabildəki rəsmi nümayəndəsi kimi Y.Surits əvəz etdi. Həmin ilin oktyabrında Əfqanıstanın diplomatik missiyası Moskvaya gəldi. Daha sonra əfqan nümayəndələri Qərbi Avropa ölkələrini gəzərək Fransanın, İtaliyanın və Almaniyanın Əfqanıstanı tanıması üçün fəaliyyətə keçdi. 1919-cu ilin mayında Böyük Britaniyanın Əfqanıstanın tam müstəqilliyini tanımaqdan imtina etməsi isə müharibəyə gətirib çıxardı. Britaniya ordusunun sayca və texniki baxımdan üstün olmasına baxmayaraq əfqanlar ona ciddi müqavimət göstərə bildilər.
Bölgədəki strateji durum Böyük Britaniya üçün çox əlverişsiz idi. 1919-cu ilin birinci yarısı ərzində Britaniyanın Xəzər dənizi bölgəsində ekspedisiya korpusu bolşevik ordusu tərəfindən bir neçə dəfə məğlubiyyətə uğradılmışdı. Hindistanda isə ingilislərə qarşı antimüstəmləkə hərəkatı baş qaldırmışdı. Bu səbəbdən, Britaniya hökuməti Əfqanıstanla barışığa getməli oldu. Hər hansı bir sənədlə təsdiqlənməsə də, əslində Britaniya faktiki olaraq Əfqanıstanın müstəqilliyini tanıdı.
Bu nailiyyətləri davam etdirmək məqsədilə əfqan hökuməti 1920-ci ilin iyununda Moskvada diplomatik nümayəndəliyini açdı, 1921-ci ilin fevralında isə sovet Rusiyası ilə dostluq haqqında müqavilə imzaladı. Bu müqavilə ilə hər iki tərəf qarşılıqlı şəkildə müstəqilliklərini tanıdı. Rusiya Əfqanıstana ərazisindən gəlib keçməklə gömrüksüz yükdaşıma icazəsi verdi, ona maliyyə və maddi yardım göstərməyi öhdəsinə götürdü. Bundan əlavə, Rusiya tərəfi çar idarəçiliyi dövründə işğal edilmiş sərhədyanı bölgələri geri verməyi də söz verdi, amma müqavilənin bu bəndini heç bir zaman yerinə yetirmədi. Əslində Əfqanıstanla imzalanan bu müqavilə bolşevik hökuməti üçün daha vacib idi, çünki Böyük Britaniya üzərində təzyiq vasitəsi kimi istifadə oluna biləcəkdi. Bundan əlavə, müqaviləni imzalamaqla, bolşeviklər Türkistandakı basmaçı hərəkatına əfqan ərazisindən edilən yardımların kəsilməsinə nail olmuşdu.
Sovet Rusiyası ilə müqavilənin imzalanmasının ardınca Əmənulla xan hökuməti qonşu İranla da münasibətlərini tənzimləmək qərarına gəldi. İran da öz növbəsində beynəlxalq aləmdə tanınmaq məqsədilə böyük fəaliyyətə keçdiyi üçün onun da ikitərəfli münasibətləri genişləndirməyə ehtiyacı var idi. Bu ölkə Əfqanıstandan fərqli olaraq hər hansi bir protektoratlıq altında olmasa da, əslində tam müstəqil dövlət deyildi.
İranla Əfqanıstan arasında rəsmi diplomatik münasibətlər hələ 1920-ci ildə qurulmuşdu, həmin il Tehranda və Kabildə hər iki ölkənin səfirlikləri açılmışdı. Əfqan tərəfinin yeni təkliflərinə cavab olaraq İran hökuməti Əfqanıstanla dostluq haqqında müqavilə imzalamağa razılıq verdi. 1921-ci ilin iyununda müqavilə imzalandı. Tərəflər bir-birilərinin müstəqilliklərini təsdiq edərək Məşhəddə əfqan konsulluğunun açılmasına və qarşılıqlı ticarətin genişləndirilməsinə, həmçinin cinayətkarların həbs edilib təhvil verilməsinə qərar verdilər. Bununla yanaşı, dostluq müqaviləsi iki tərəf arasındakı bütün problemləri həll etmək iqtidarında deyildi, çünki tərəflər arasında ərazi mübahisələri vardı. İran-Əfqanıstan münasibətlərinin sabit inkişafına Böyük Britaniya da mane olurdu. Qeyd edək ki, Əfqanıstanın şimalında antibolşevik qüvvələrlə mübarizənin aktiv mərhələsi başa çatdıqdan sonra sovet hökuməti də Kabillə münasibətlərə soyuq yanaşmağa başladı. Bu da öz növbəsində Böyük Britaniyanın bölgədə fəallaşmasına səbəb oldu, Britaniya tərəfi Əfqanıstana Rusiya ilə müqaviləni pozmağa çağıraraq, bunun müqabilində Kabilə ciddi maliyyə və hərbi yardım göstərməyi vəd etdi. Lakin bu variant Əfqanıstan tərəfindən rədd edildi. 1921-ci ilin noyabrında Əfqanıstanla Britaniya arasında müqavilə nəhayət imzalandı.
Bu dəfə Böyük Britaniya açıq bir şəkildə və birmənalı olaraq Əfaqnıstanın müstəqilliyini tanıdı. Hər iki tərəf diplomatik münasibətlərin qurulmasına və səfirliklərin və konsulluqların açılmasına qərar verdi. Müqavilənin xüsusi bəndi ilə Əfqanıstan Hindsitanda imtiyazlı tranzit ticarət hüququ da əldə etdi. Bundan əlavə, Britaniya Əfqanıstana yolların, teleqrafın və sənaye müəssisələrinin inşasında yardım edəcəyinə söz verdi.
Əslində Əfqanıstana bəzi güzəştlərə getməklə Britaniya hökuməti siyasi dividendlər əldə etmiş oldu: Kabil hökuməti Əfqanıstanla Britaniya Hindistanı arasında sərhəddin (Dürand xətti) saxlanılmasına razılıq verdi. Bu isə o demək idi ki, Britaniyanın Hindistandakı müstəmləkəçi hökuməti 1893-cü ildə Əfqanıstanla müharibə zamanı işğal edilmiş puştu vǝ beluc torpaqları üzərində nəzarəti saxlayacaqdı. Məhz bu dövrdən başlayaraq bu günədək Britaniya Hindistanında, indi isə Pakistanda yaşayan puştuların müstəqillik hərəkatı davam etməkdədir.
Tam müstəqilliyini əldə edən, sovet Rusiyası və Böyük Britaniya ilə müvafiq müqavilələr imzalayan, həmçinin Türkiyə, İran və daha bir neçə dövlətlə diplomatik münasibətlər quran Əmənulla xan hökuməti daha sonra ölkədə islahatlar və modernləşmə hərəkatına başladı. Bu hərəkatın ən başlıca elementi torpaq üzərində xüsusi mülkiyyəti möhkəmləndirəcək iqtisadi islahat idi. Siyasi islahatlar isə, əsasən birinci konstitusiyanın qəbul edilməsi, feodal institutların və köləliyin ləğvi idi.
Ölkənin Əsas Qanunu Əfqanıstanın müstəqil statusunu və xarici siyasətdə neytrallığını möhkəmləndirdi, bütün vətəndaşlarının qanun qarşısında bərabərliyini və hüquqularını elan etdi. Dövlət idarəçiliyinin islahatı həyata keçirildi və əmirin yanında məşvərətçi orqan kimi dövlət şurası – Loya Cirqa yaradıldı və hökumət təşkil edildi. Qeyd edək ki, bu islahatlar mühafizəkar müsəlman ruhanilərinin, tayfa başçılarının və iri feodalların hüquqlarını xeyli məhdudlaşdırdı.
1920-ci ildə natural vergiləri pul vergisi ilə əvəz edən torpaq haqqında Qanun qəbul edildi. Bu da öz növbəsində ölkədə əmtəə-pul münasibətlərininin inkişafını sürətləndirdi. 1923-cü ildə bütün maldarların vergilərini ümumiləşdirən qanun qəbul edildi. Bu illərdə həyata keçirilən ən böyük yenilik isə kənddə sosial münasibətləri və mülkiyyət formalarını dəyişdirən qanun oldu; belə ki, 1924-cü ildə qəbul edilən Əsasnaməyə görə, Əfqanıstanda dövlət torpaqlarının satışına icazə verildi. Nəticədə Əfqanıstanda xüsusi mülkiyyət hüquqi olaraq möhkəmləndirildi və mülkǝdar torpaqlarının artımı baş verdi.
Ümumiyyətlə gənc əfqanların islahatları ölkədəki feodal quruluşun dağıdılmasına və yeni sosial-iqtisadi münasibətlərin qurulmasına yönəldilmişdi. Ona görə də bu islahatlar cəmiyyətin mühafizəkar təbəqələrinin ruhanilərin, tayfa başçılarının və iri feodalların mövqelərinə böyük zərbə idi.
Bu illərdə Əfqanıstanın xarici siyasətinə gəlincə, ölkədə ən qeyri-sabit mövqeyə malik qüvvə SSRİ idi. Əfqan tərəfi sövetlərdən kiçik maddi yardım alsa da, Buxaraya simpatiyasını gözləmirdi və onun müstəqil olmasına ümid edirdi. Bu da öz növbəsində Əfqanıstan-SSRİ münasibətlərinin gərginləşməsinə səbəb olurdu. Lakin zamanla Buxara məsələsi öz aktuallığını itirdi və Əmənulla xan SSRİ ilə hər hansı bir sərhəd münaqişəsinin olmaması üçün ciddi tədbirlər gördü. Bununla yanaşı, minlərlə özbək, tacik, türkmən Əfqanıstan ərazisinə qaçaraq burda özünə sığınacaq tapdı. 1926-cı ildə SSRİ və Əfqanıstan neytrallıq haqqında müqavilə imzaladılar. Neytrallıq sonrakı dövrdə Əfqanıstanın xarici siyasətinin ənənəsinə çevrildi. 1929- cu ildə Əmənulla xanın hökumətinin süqutuna qədər SSRİ onun islahatlarını və antibritaniya siyasətini dəstəklədi.
Kabil ilə London arasındakı münasibətlərə gəlincə, 1920-ci illərdə bu münasibətlər gərgin olaraq qalırdı. Britaniya tərəfi faktiki olaraq Kabilin daxili və xarici siyasətinə müdaxilə etmək imkanını itirmişdi. Əmir Əmənulla xan Hindistanda antimüstəmləkə hərəkatını aktiv bir şəkildə dəstəkləyirdi və bu bölgədə yaşayan puştuların aarsında antibritaniya təbliğatı aparırdı.
1927-1928-ci illərdə əfqan əmiri böyük bir səfərə çıxaraq, Hindistanda, Misirdə, İtaliyada, Almaniyada, Fransada, SSRİ və İranda oldu. Səfərin başlıca məqsədi müstəqil Əfqanıstanın təbliği və yeni dövlətlərarası münasibətlərin qurulması idi. Hindistanda Əmənulla xan Britaniyaya qarşı mübarizə aparmaq üçün hindlilərin və müsəlmanların həmrəy olması fikrini irəli sürdü. Bu səbəbdən, Londonda Əmənulla xanı hörmətlə qarşılasalar da, hər hansı bir ciddi iqtisadi və hərbi yardım göstərilməsindən imtina etdilər. Britaniya hökuməti Kabildə hakimiyyətin dəyişməsinə böyük ümidlər bəsləyirdi.
Vətənə qayıdan Əmənulla xan yeni islahatların hazırlanmasına başladı. 1928- ci ilin avqustun sonunda o, Loya Cirqada yeni islahatlar layihəsini irəli sürdü, bu layihəyə görə iri feodallar və tayfa başçıları müxtəlif imtiyazlardan məhrum edilirdi. Əmənulla xanın yeni islahatlarına görə məktəblərdə qızların va oğlanların birgə oxuması, əfqan gənclərinin xaricdə təhsili, poliqamiyanın qadağan edilməsi. Çadranın atılması və digər sosial dəyişikliklər də nəzərdə tutulmuşdu. Lakin bu yeniliklərin həyata keçirilməsi Əmənulla xana qarşı güclənməyə başlamış müxalifətin müqaviməti nəticəsində mümkün olmadı. Əksinə Əmənulla xanın islahatlarının radikallığı ona qarşı çıxan qüvvələrin daha da güclənməsinə səbəb oldu. Hakim dairələrdə müxalifətin ortaya çıxmasından ehtiyat edən Əmənulla xan dövlət aparatında bəzi təmizləmələr apardı və nəticədə gənc əfqan hərəkatının bir çox nümayəndəsi vəzifədən kənarlaşdırıldı. Bu da öz növbəsində Əmənulla xanın sosial dəstəyini zəiflətmiş oldu. Hakimiyyətə gələn yeni güclərin isə əksəriyyəti islahat əleyhdarları idi.
1928-ci ilin payızına doğru ölkədə sosial-siyasi böhranın ilk əlamətləri özünü göstərdi. Kabilin şimalında zənginləri qarət edən quldur dəstələr peyda olmağa başladı və onların da başında ordudan təlxis olunmuş zabit Həbibulla dururdu. Xalq arasında o, daha çox Baçai Sakao kimi tanınırdı.
Yenə həmin dövrdə şərq əyalətlərində puştu qəbilələrinin üsyanı baş verdi. Noyabrın sonunda isə üsyançılarla ordu arasında güclü toqquşmalar baş verdi. Üsyanın liderləri Məhəmməd Ələm və Məhəmməd Əfzal üsyanın məqsədini bəyan edən manifest nəşr etdirdilər. Sənədin müəllfilərinə görə, üsyanın başlıca səbəbi Əmənulla xanın bidətçi islahatları olmuşdur və kralın devrilməsi şərtdir.
1928-ci il dekabrın 9-da üsyançılarla hökumət nümayəndələri arasında razılaşma imzalandı. Lakin bir neçə gün sonra üsyan yenidən qızışdı və üsyançılar Cəlilabad əyalətinin mərkəzini mühasirəyə aldılar. Baçai Sakaonun hökumət əleyhinə fəaliyyəti də güclənməyə başladı. Xüsusilə onun şimal əyalətlərində populyarlığının artması müxalif qüvvələrin diqqətini çəkdi və mühafizəkar ruhanilər Baçai Sakaonu Əmənulla xan rejiminə qarşı istifadə etmək qərarına gəldilər. Dekabrın 12-da Kalakan kəndində xanların müşavirəsində Baçai Sakao Habibulla Qazi adı ilə Əfqanıstanın yeni əmiri elan edildi.
Kral və onun tərəfdarları çıxılmaz vəziyyətə düşdülər. Hakim təbəqənini arasında qarşıdurma va qorxu artmağa başladı. Bəzi dövlət xadimləri gizli şəkildə Baçai Sakao ilə əlaqələr qurdular. Üsyan dalğası Əfqanıstanın digər əyalətlərinə də yayıldı. Dekabrın 13-də üsyançıların dəstələri Kabilə hücum etdilər və hökumət qoşunları çox böyük çətinliklə bu hücumu dəf edə bildi.
Sosial dəstəyini itirmiş Əmənulla xan yardım üçün öz tayfası olan dürrani tayfasına müraciət etdi, lakin tayfanın liderləri ona yardım göstərmək dən imtina edərək şəriət qanunlarına qayıtmağı təklif etdilər.
1929-cu ilin yanvarında Əmənulla xan barışığa nail oldu. Yanvarın 5-də yerli tayfaların məclisi çağrıldı və şəriətin qeyd-şərtsiz bərpa edilməsi, vergilərin azaldılması, dövlət apartında ruhanilərin təmsil edilməsi kimi təkliflər irəli sürüldü. Təcrid vəziyyətində olan gənc əfqan rejimi təslimçilik yolunu seçməli oldu. 1929- cu il yanvarın 9-da başlıca islahatların ləğv edilməsi haqqında fərman verildi. Sosial islahatlar və ümumi hərbi mükəlləfiyyət ləğv edildi, molların idarəçiliyə cəlb edilməsi təmin olundu. Yanvarın 14-də Əmənulla xan böyük qardaşı İnayətulla xanın xeyrinə hakimiyyətdən imtina etdi və paytaxtı tərk edərək Qəndəhara getdi. Lakin Baçai Sakao yeni əmiri qəbul etmməyərək Kabili ələ keçirdi və yanvarın 19- da özünü Əfqanıstanın əmiri elan etdi.
Gənc əfqan hökumətinin bütün islahatlarının ləğv edilməsi Əfqanıstanı geri atdı, ölkədəki məktəblər bağlandı, təhsil mollaların nəzarəti altına keçdi. Təhsil və ədliyyə nazirlikləri ləğv olundu, məhkəmələr isə şəriətə uyğun quruldu.
Xarici siyasət sahəsində də Baçai Sakao rejimi hər hansı bir uğur əldə edə bilmədi. Belə ki, onun hakimiyyəti heç bir dövlət tərəfindən rəsmən tanınmadı. Xarici nümayəndəliklərin bir çoxu Kabili tərk etdi. Paytaxtda sadəcə Türkiyə, Almaniya və SSRİ səfirlikləri qaldı. Baçai Sakaonun hakimiyyəti dövründə Əfqanıstanda hakimiyyət uğrunda mübarizə davam etdi. Cəlilabadda olan Kabilin keçmiş qubernatoru Əli Əhməd xan vəziyyətdən istifadə edərək yanvarın 20-də özünü şərq əyalətlərinin əmiri elan etdi. O, Əmənulla xanın bütün islahatlarını ləğv etdi və yardım üçün ingilislərə müraciət etdi. Lakin hər hansı bir yardımdan məhrum qalan Əli Əhməd xan Peşǝvara qaçmaq məcburiyyətində qaldı.
Əmənulla xan isə qardaşı İnayətulla xanın qaçmasını eşidib Kabilə geri qayıtmaq qərarı verdi. Kiçik bir ordu toplamağı bacaran Əmənulla xan martın 26-da Qəndəhardan çıxıb Qəznəyə doğru irəlilədi. Aprelin ortalarında Əmənulla xanın dəstələri ilə Baçai Sakaounun ordusu arasında toqquşma oldu və Əmənulla xanın dəstələri məğlub olaraq geri çəkildi. Mayın 23-də Əmənulla xan mübarizədən geri çəkildiyini elan edərək ailəsi ilə birlikdə ölkəni tərk etdi.
1929-cu ilin aprelində Əfqanıstanın Moskvadakı keçmiş səfiri Qulam Nəbi xan özbəklərdən ibarət böyük bir dəstə toplayaraq Məzari-Şərifi ələ keçirdi. O, Əmənulla xannı tərəfdarı kimi çıxış edərək hakimiyyətini tezliklə ölkənin bütün şərqində yaymağa müyəssər oldu. Lakin Əmənulla xanın məğlubiyyətindən sonra Qulam Nəbi xanın mövqeyi zəiflədi və o da, mübarizədən əl çəkərək ölkəni tərk etdi.
1929-cu ilin yazında hakimiyyət uğrunda mübarizəyə keçmiş hərbi nazir general Məhəmməd Nadir xan da qoşuldu. 1929-cu ilin martında Nadir xan öz tayfasından qoçun hissələri toplamağa başladı. Sentyabrın sonuna doğru isə onun dəstələri qətiyyətli hücuma keçdi. Oktyabrın 8-də Nadir xanın ordusu Kabili ələ keçirdi. Baçai Sakao paytaxtdan qaçsa da, tezliklə ələ keçirilərək noyabrın 2-də edam edildi. Nadir xan tərəfdarları tərəfindən Əfqanıstanın yeni şahı elan edildi.
Məlum olduğu kimi, 1930-cu illərə doğru dünyada mürəkkəb bir vəziyyət yaranmışdı. Əfqanıstan isə coğrafi baxımdan SSRİ-nin qonşusu olduğu üçün, Almaniya və müttəfiqləri tərəfindən ciddi nəzarətə götürülmüşdü. Lakin bütün cəhdlərə baxmayaraq, Əfqanıstanın yeni hökuməti 1939-cu ilin sentyabrında öz neytrallığını elan etdi. 1940-cı ildə Hitler Almaniyası əfqan hökumətinə Hindistanda ingilislərə qarşı başlamış mübarizəni dəstəkləmək təklifi etsə də, yeni hökumət bu təklifi rədd etdi.
Qeyd edək ki, İkinci dünya müharibəsi Əfqanıstanın iqtisadiyyatına ağır zərbə vurdu. Dünyanın təsərrüfat əlaqələrinin dağılması qiymətlərin yüksəlməsinə və milli valyutaların inflyasiyasına səbəb oldu. Əfqanıstanın xarici ticarət həcmi də kəskin şəkildə ixtisar oldu. 1945-ci ilə doğru ölkədə siyasi və sosial vəziyyət də gərgin olaraq qalırdı. Hitler Almaniyasınnı darmadağın eidlməsi və Avropada demokratik hərəkatın genişlənməsi Əfqanıstandakı ictimai vəziyyətə də təsir etdi və ölkədəki siyasi fəallığı gücləndirdi.
Yüklə 42,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə