49
Müdriklik (bilgəlik) problemi ilə məşğul olan başqa bir fəlsəfi məktəbə «Stoyalılar» («Stoiklər») deyirlər.
Bu ad Afina məbədinin ön sütunları anlamını verən «Stoya» sözündən götürülmüşdü. Məktəbin yaradıcısı
Kitionlu Zenon (miladdan öncə İV yüzil) fəlsəfəsini burada öyrətməyə başlamışdı.
Stoyalı bilgə soyuqqanlıq, taledən gələn bütün zərbələrə dözüm tələb edib bunu öyrədirdi. İnsanda
soyuqqanlılıq o dərəcədə olmalıydı ki, kiməsə yazığı gəlməyi də yaxına buraxmamalıydı. Stoyalı filosof
insan zəifliklərini, xırdaçılıqlarını bilməməliydi. Onun özü üçün qəbul etdiyi insan əzəməti, ərənliyi idi. Və
stoyalının belə möhkəm olmasının əsasında möhkəm bilik durmalıydı.
Birinci dəfə Zenon «İnsan təbiəti haqqında traktat»ında yazmışdı ki, adamın həyatının ən başlıca və ən
son amacı (məqsədi) təbiətəuyğun yaşamaqdır. Stoyalılar biliklə yaşamağı ona görə sevirdilər ki, bilik nəyin
təbiətə uyğun olduğunu anladır.
Yaxşı adamın xoşbəxt ömrünün axarı odur ki, onda hər şey Tanrıların buyuruğuna uyğun baş verir və
hər kəsin qismətini verənin (Tanrının) istəyinə, istəminə xidmət edir. Deməli, bilgə qismətindən qaçmır,
qismətindən üzülmür, incimir, biliyi ilə bunun özündə varlığın qanununu görür və sakitcə payına düşəni
pis oldu, yaxşı oldu qəbul edir.
Yadınıza düşürmü? Teodiseya ilə bağlı demişdik ki, Xristianlığa, İslama görə, dünyada pis görünəni
Tanrı sonsuzluğunda hansı uca məqsədlər üçün edildiyini bilmək olmaz. «Allah bilir, nə üçün belə oldu» -
mömin bunu düşünüb, hər olanla barışmalıdır, pislikləri görüb küfr etməməlidir, inanmalıdır ki, dünya
«teatrında» bu pislik də öz yerindədir. Stoiklərin müdrikləri, əxlaqi baxışları Xristianlıqda, İslamda
göstərdiyimiz inamla qohumluğa girir və bəlkə də onun əcdadı olur.
Stoyalı Arxedem söyləyərmiş ki, insanın son məqsədi olmalı olanı, edilməli olanı edərək yaşamaqdır.
Deməli, özünü öldürmək gərəkdirsə, sakitcə özünü öldürməlisən, sevdiyin adamdan ayrılmalısansa, onun
can verməsinə baxmalısansa, sakitcə bütün bunların hamısını etməlisən. Ünlü İslam kəlamını «olacağa çarə
yoxdur» deyimini əgər bilsəydilər, stoyalılar böyük həvəslə işlədərdilər. Özü də bunu deyəndə stoyalılar
həm də taleni, qəzanı, qisməti sevdiklərini bildirərdilər. Biri var, sən bilirsən olacağa çarə yoxdur, alnına nə
yazılıb o da olmalıdır və bundan üzülürsən, çünki gözünün qabağına alırsan ki, sabah tale sənin başına min
oyun gətirəcək. Biri də var, sən taleni, dünyanı varlığı düzümə, qaydaya salma Prinsipi kimi o qədər
bəyənirsən ki, qəzanın hər etdiyini kinsiz qarşılayırsan.
Beləliklə, gördük ki, əski Yunanıstanın Kiniklər, Kirenaiklər, Stoyalılar, Epikürçülər məktəbi hərəsi
insana dünya əzablarından qurtulmaq üçün, ruhunu rahatlandırmaq üçün bir yol verirdi. «İnsan necə
yaşamalıdır?» sualı onların hərəsindən bir cavab alırdı.
Buddizm insan haqqında
Doğu fəlsəfəsində o suala başqa bir cavabı Buddizm vermişdi. Onun yaradıcısının ayaması (ləqəbi)
Budda idi («nurlanmış» deməkdir). Rəvayətə görə, əsl adı Siddhartha idi. Hərçənd sonralar ona daha çox
Qautama deyirdilər. Bir ayaması da Şakyamuni idi, yəni Şakya soyundan olan zahid.
Belə deyirlər ki, onun atası hökmüdar Suddodhana uşaqlıqdan oğlu Siddharthanı gözəlliklər, rahatlıqlar
içində gerçək dünyadan gizlədərək böyüdürdü ki, pislikləri, acıları görməsin. Gənc şahzadə xəstəlik nədir,
dilənçilik nədir, işgəncə nədir, ölüm nədir bilmədən böyüyürmüş. Ərsəyə çatanda sevdiyi qızla evlənir və
bir oğlu olur.
Ancaq yaşa dolduqca bir dəfə üzülmüş qocanı, bir dəfə qorxunc acılar çəkən xəstəni, bir dəfə də cənazəni
görür, bundan bərk sarsılır. Bilir ki, qocalıq, xəstəlik, ölüm hamının qismətidir. Elə bu andan qurtuluş
haqqında düşünməyə başlayır və bir dəfə dünya nemətlərindən üz çevirmiş, beləcə, ruh dincliyi qazanmış
zahidləri (rişiləri) görüb onlara qoşulur.
Xəlvətcə evdən, ailəsindən çıxıb gedir. Yeddi il meşədə cisminə əzablar verir ki, ruhunu qurtarsın. Yeddi
il meşədə zahidlik edir. Ancaq gənc zahidə heç bir pəhriz, heç bir aclıq, heç bir bədənə, gövdəyə nifrət
qurtuluş vermir və axırda o anlayır ki, bu, düz yol deyil.
50
Qautama zahidliyi atıb, dərin düşüncələrlə gerçəyin, həqiqətin nə olmasını axtarır və bir dəfə axşam
bodh ağacının altında oturduğu vaxt şüuru gerçəklə, həqiqətlə nurlanır. Bu vaxtdan o, «Bodhisvata», yəni
bodh ağacının altında nurlanmış adını alır.
Görək, Buddanın tapdığı nə idi. Hər halda indidən deyə bilərik ki, tapdıqları «insanda nələr var?»,
«insan nə etməlidir?», «nə üçün etməlidir?» sorularına cavab idi. Ancaq Tatahata-nın (Buddanın başqa
ayamasıdır, «ucalmış» deməkdir) cavablarını anlamaq üçün onun çağındakı hindu dininin «insan necədir?»
məsələsini nə cür açıqladığını bilmək gərəkdir.
Miladdan öncə də, miladdan sonra da hind toplumu varnalara, yəni qapalı təbəqələrə bölünürdü.
Brahmanlar varnası toplumsal pilləkənin ən yuxarısında dururdu. O, kahinlərin varnası idi. Sonra
döyüşçülər, şahlar (racalar) varnası, - kşatrilər gəlirdi. Vayşlar varnasını azad əkinçilər, maldarlar, tacirlər
yaradırdı. Ən aşağı varna şudralar idi: pis, murdar sənətlərlə, qulluq işləri ilə onlar məşğul olurdular.
«Varna» sözünün ilkin anlamı boya, rəng deməkdir (əski hindlilər üçün hər təbəqənin öz simvolik rəngi
vardı, məsələn, şudraların simvolu sarı idi), ona görə də varna təbəqə mənasını verməyə başlamışdı.
Hindistanın əxlaq öyrətilərində «dharma» sözü böyük yer tuutr və hətta buddistlərdə az qala «fəlsəfə»
anlamını verir. Dharma qayda-qanun mənasında da işlənir və hind dini, Hinduizm göstərir ki, hər varnanın
öz dharması (əxlaq qanunu) var. Varnanın ərdəmli (ləyaqətli) adamı öz varnasının dharmalarına tam uyğun
yaşayır.
Hindu dinidə çarx (təkər) simvolu da çox işləkdir. Məsələn, bu dinin buyuruğuna görə, insanların qutu
dünyada çarxa bağlıymış kimi fırlanır, bir gövdədən çıxıb o birisinə düşür.
Fəlsəfədə qutun ölmüş gövdədən (bədəndən) yeni doğulmuş gövdəyə keçməsinə metempsixoz (yunanca
«yenidən canlandırmaq» anlamını verir) deyirlər. Metempsixoz təliminə görə, ruh ölmür. Sonralar Kant
bunun fəlsəfi tutarqalını (sübutunu) belə anlatmışdı: ruh maddi (nəsnəl) deyilsə, məkansızdırsa, ensiz-
uzunsuzdursa, qalınsızdırsa kəsimlərə bölünməz. Hissəsi az olan daha sadədir. Qutunsa heç bir hissəsi
yoxdur, deməli, o, ən sadə, ilkin varlıqdır. Bəs yox olma nədir? Olanın bütünlüyünü əmələ gətirən hissələrin
sökülüb dağılması. Ruhun isə hissələri olmadığı üçün o dağıla bilməz, ona görə də o ölməzdir!
Hindu dini metempsixozun üstündə çoxlu dini, fəlsəfi, əxlaqi düşüncələr qururdu. Məsələn, əxlaqın
dürlü buyuruqları var. Onların arasında cəzayla hədələyən, qorxudan buyuruqlar böyük yer tutur. Qorxu
ilə doğru yola yönəltmək! – dinlərin çoxunda mənəvi «tikintinin» özülü bundan başlayır. Hindistanda
qutun ölməzliyi, ölüdən diriyə keçməsi ən öncə qorxuducu, çəkindirici buyuruqlara əsas verirdi.
Hinduizmə görə, samsara (və ya sansara), yəni qutun bu dünyada çarxdaymış kimi fırlanması başdan
ayağa işgəncədir. Ancaq əziyyətlərin də mərtəbəsi var: Şudra varnasında yaşayanların canı (ruhu) daha çox
əziyyət çəkir, nəinki vayşların qutu. Qurbağa, ilan kimi saysız canlıların və saysız bitkilərin cisminə düşmüş
ruhun vəziyyəti isə şudralarınkından da pisdir.
Hər kəs öz varnasının mərifət qanunları, dharmaları əsasında yaşayanda, ölümündən sonra onun qutu
bir mərtəbə yuxarı qalxır və yuxarı varnada yenicə doğulmuş uşağın bədəninə keçir.
Görürsünüzmü, hinduizm varnalar arasında qız alıb-verməyi yasaqlayırdı, hətta şudralarla bir süfrədə
çörək kəsməyi şudraya toxunmağı belə murdarlanma sayırdı. Cisim öləndən sonra ruhların varnadan-
varnaya «səyahətini» isə qəbul edirdi. Özü də Hinduizmə görə, bu səyahət təkcə yuxarya doğru olmur. Ruh
pilə-pillə aşağı da düşə bilər. Brahmanlar, məsələn, suçlara görə cəzaları belə bölürdülər: fikrində günaha
batanın qutu aşağı varnada anadan olmuş uşağın bədəninə keçir. Dili ilə günaha batanın qutu heyvanlara
keçir, etdikləri ilə günaha batanların ruhu cansız nəsnələrə keçir.
Ruhun beləcə mükafatlanması, cəzalanması Hinduizmdə karma anlayışı ilə bildirilir. Karma təxminən
səbəbiyyət, qismət anlamını verir. Karmanın qanunu odur ki, əgər bir kəs bilərəkdən, məqsədli nəsə edirsə,
etdikləri onun yaşayışında özlərinə uyğun sonuclar törədir. Yəni bilmədən kiməsə yaxşılıq etməyin sənin
ruhunun gələcəyinə heç nə vermir, buna görə qutun mükafat almır, ancaq bilərəkdən yaxşılıq etsən, onda
ruhunun da qisməti mükafat olur.
Göründüyü kimi, Hinduizmdə samsara (ruhun bədəndən bədənə keçməsi) karma qanunu ilə sıx
bağlıdır. Karma ruhun hansı gövdəyə düşməsini qismət edir.
Dostları ilə paylaş: |