Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə36/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   32   33   34   35   36   37   38   39   ...   130

dəfn  edir.  Xalq  bu  kədəri  ürəkağrısı  ilə  qarşılayır  və  buradan  keçən 
peyğəmbərdən aşiqləri diriltməyi Allahdan iltimas etməyi xahiş edir-
lər. Onlar dirilib həyata qayıdırlar və xoşbəxt yaşayırlar (5, 91-92). 
«Dastani-Əhməd Hərami»də olduğu kimi «Vərqa və Gülşah»da 
da  hadisələr  altı  məclisdə  cərəyan  edir.  Hər  iki  əsərdə  hadisələr 
şəhvət-ehtiras, mal-dövlət aludəçiliyi, məkr-hiylə ilə müşayiət olunur. 
İsanın əsərində olduğu kimi  «Vərqa və Gülşah»da da qadın şah tərə-
findən  oğurlanır.  Onların  həyat  macəraları  da  bundan  sonra  başlanır. 
Hadisələrin gedişində baş verən müharibə məsələni həll etmir. Müha-
ribə  motivi  «Leyli  və  Məcnun»da  da  təsirsiz  ötür.  Burada  Leyli  İbn 
Salam  adlı  bir  varlıya  ərə  verilir.  O  da  Şam  hakiminə  ərə  verilən 
Gülşah  kimi  xoşbəxt  ola  bilmir.  Yuxarıda  adları  keçən  «Leyli  və 
Məcnun»,  «Dastani-Əhməd  Hərami»,  «Bəxtiyarnamə»,  «Vərqa  və 
Gülşah»  və  «Mehri  və  Vəfa»  əsərlərində  xoşbəxtliyi  qarşılıqlı  təbii 
eşq-məhəbbət  deyil, mal-dövlət  mənsəbliyi  hesab olunur. Leyli, Gül-
şah,  Güləndam  istəmədikləri  varlıya  ərə  verilir,  öz  sevgililərindən 
məhrum  olan  bu  mətin  eşq  bahadırları  mənəvi-hissi  azadlıqlarından 
məhrum olduqlarına görə xoşbəxt ola bilməmələri bir yana, zorakılığa, 
təhqirə məruz qalırlar. Gülşah, Mehri şah və hakimlər tərəfindən oğur-
lanıb aparılır, öz sevgililərindən məhrum olunurlar. «Bəxtiyarnamə»də 
Gülcamal sarvanların müşayiətilə atasının  yanına gedərkən yolda şah 
tərəfindən  qaçırılır  və  zorakı  ailə  qurulur.  Gülcamalın  atası  bu  işdən 
xəbər tutub şahın üzərinə ordu çəkir. Şah hamilə arvadını götürüb Kir-
mana qaçır. Gülcamal yolda doğur və körpəsini yol kənarında qoyub 
birlikdə qaçırlar. Körpə  oğru əlinə keçir. Uşağın  sonrakı  həyat  macə-
raları getdikcə uzanır, az qala ölümlə nəticələnəcəkdi. 
Əslinə baxılsa, bu əsərlərdəki insan macəraları arasında ictimai 
qanunsuzluq, özbaşınalıq, mənəvi hərc-mərclik, şəxsiyyət hüququnun 
olmamasıdır.  Əsas  məsələ  də  budur  ki,  bütün  faciələrin  səbəb  və 
doğuş yeri şah saraylarıdır. Zorakı evlənmələr, qadınların qaçırılması, 
qadınlara qarşı şəhvət-ehtirasın güclü olması, mənsəb sahibliyi insan-
ların mənəvi və cismani həyat faciəsi və macəralarının əsas səbəbləri 
idi. Bütün bu məsələlər Nizaminin «Yeddi gözəl» nağıllarının leytmo-
tivini,  mündəricəsini  təşkil  etməkdədir.  Nizami  Səqlab  şahzadəsinin 
nağılı  və  sonuncu  Durustinin  (bəziləri  bunu  Dürsəti  kimi  yazırlar  – 
doğru deyil) nağılında kamil, ağıllı və sağlam ailə qurmağın elmi-əx-
laqi  prinsiplərini  izah  etmişdir.  Budur  ki,  Bəhram  Xəvərnəqi,  atəşkə-
dəni dağıdır, vəzir Rast-Rövşəni edam edir və özü də oradan uzaqlaşır.  
Bu hökmü, təlimi Nizami vermişdi, Bəhram icra etdi. Nağıllar-
dakı hikmət dərsləri göstərdi ki, şəhvət-ehtiras dalınca gedənlər sonra 


matəmə  düşüb  qara  geyinirlər.  Xoşbəxt  ailə  həyatının  iksiri  həqiqi 
eşqdir, o eşq ki, dünyanın mehrabıdır.  
İsa  öz  əsərində  istifadə  etdiyi  bəzi  ədəbi  nümunələrin  obrazla-
rından  ad  çəksə  də,  ad  çəkmədiyi  bəzi  folklor  materiallarından  da 
münasib  bədii  süjetlər  almışdır.  Bu  folklor  və  yazılı  ədəbiyyatımızın 
XI əsr nümunəsi «Kitabi–Dədə Qorqud» qədim xalq həyatı və məişə-
tindən  alınma  toy-mərasim  adət-ənənələri  ilə  bağlı  böyük  toy  ərəfə-
sində nişanlı və  ya ərli qız-qadının başqası tərəfindən oğurlanması və 
özgəsilə  toy  ərəfəsində  aşiqin  gəlib  öz  sevgilisini  xilas  etməsi  süje-
tidir. Səyyar mövzu kimi  bu süjetin  də  tarixi  qədimdir.  «Kitabi-Dədə 
Qorqud»un «Bayburanın oğlu Bamsı Beyrək» boyunda Beyrək Banı-
çiçəklə  evlənərkən  toy  gecəsi  qırx  yoldaşı  ilə  yeyib-içdiyi  yerdə 
gecəikən oğurlanıb əsir aparılır. Bu hadisədən on altı il keçir. Beyrəki 
ölmüş  bilib  Banıçiçəyi  Yalıncıq  adlı  birisinə  ərə  verirlər.  Toy  gecəsi 
Beyrək gəlib çıxır və sevgilisinə qovuşur. 
«Mehri və Vəfa» məsnəvisində də Məğrib şahı Mehrinin gözəl-
liyini  eşidib bir cadugər  vasitəsilə Vəfanı  ölümcül  yaraladıb  Mehrini 
oğurlayıb şaha təslim edir və bildirir ki, o, Vəfanı öldürmüşdür. Mehri 
şah ilə evlənmək üçün bir il yas saxlayacağını bildirir. Vəfanın  yara-
sını Xızır sağaldır və Mehrinin sorağı  ilə on bir  aydan sonra Məğrib 
ölkəsinə  gəlir  və  şah  sarayının  bağbanı  onu  oğulluğa  qəbul  edir.  O, 
bağbandan  ayın  sonunda  şahla  Mehrinin  toyu  xəbərini  eşidir.  Mehri 
bağ gəzintisi zamanı Vəfa ilə gizlincə görüşür və toy gecəsi qaçıb ara-
dan  çıxmaq  yollarını  götür-qoy  edirlər.  Toy  gecəsi  hamı  içib  sərxoş 
olduqları vaxtda onlar ata minib aradan çıxırlar.  
Toy gecəsi məşuqun oğurlanması süjeti Yusif Məddahın «Vərqa 
və  Gülşah»  əsərində  də  işlənmişdir.  Ancaq  Vərqa  Gülşahı  azad  edə 
bilmir. Gülşah başqasına ərə verilsə də onların hər ikisi iztirablar için-
də ölürlər. Ancaq insanların duası ilə onlar dirilib birgə həyat sürürlər.  
XII-XIII əsrlərdən qadın macəralarına qarşı intibah poeziyasının 
qəzəl  janrı  ədəbi  hərəkatın  aparıcı  növünə  çevrilir.  İstər  məsnəvidə, 
istərsə də qəzəldə Nizami bu mövzunun bayraqdarı olmuşdur. Nizami 
«Xəmsə»sində xaqanlıqda kişi şahlara ibrət  dərsi verən Nüşabə, Mə-
hinbanu, Şirin kimi ağıllı, müdrik qadın hökmdar obrazlarını tarixdən 
poeziyaya gətirmiş, sarayı mənəvi mədəniyyət ocağına çevirmişdir. 
XII  əsrdən  epik  məsnəvi  janrı  ilə  yanaşı,  qəzəl-qəsidə  lirik 
poeziya  növləri  də  geniş  intişar  tapmağa  başlayır.  Qəsidə  şahların, 
saray əmirləri və vəzirlərinin şişirdilmiş tərifinə həsr edilirdisə, qəzəl-
də isə təbiət və qadın gözəlliklərinin, başlıca olaraq onun incə dil, da-
nışıq, nəzakət, rəftar və ünsiyyətinin canlı təsvirinə geniş yer verilirdi. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə