—
normal təhsil görməmiş, mədəniyyətdən uzaq bir sıra "dövlət xadimləri"nin, "siyasi
xadimləri"n müxtəlif çıxışları, məntiqsiz mülahizələri Azərbaycan ədəbi dilinin tarixən müəyyənləşmiş
normalarına, funksional üslublarına (ümumən ana dilinin əxlaqına!) sayğısız, məsuliyyətsiz münasibət
yaratmağa başladı və s.
Xalqın təkidi, tarixin hökmü ilə Azərbaycanda yenidən hakimiyyətə qayıtmış Heydər Əliyev qısa
bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail
oldu. Və bu illərdə onun xüsusi diqqət yetirdiyi məsələlərdən biri də dil məsələsi idi... Məsələnin cid-
diliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin
müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu.
Həmin müzakirələr göstərdi ki, yalnız milli ictimai təfəkkür deyil, bilavasitə mütəxəssislər
də ana
dilinin qeydsiz-şərtsiz "türk dili" adlandırılmasının əleyhinədir. Hər şeydən əvvəl, ona görə ki:
a) iki müstəqil türk mənşəli dilin hər ikisinin eyni bir adla adlandırılması özünü doğrultmur və
təcrübədə onları istər-istəməz ayrı-ayrı adlarla (Azərbaycan türkcəsi — Türkiyə türkcəsi) adlandırmaq
lazım gəlir;
b)
Azərbaycan ərazisində yaşayan qeyri-türk mənşəli müxtəlif xalqlar, etnoslar (talışlar, tatlar,
kürdlər, ləzgilər və s.) "Azərbaycan dili"nin "türk dili" adlandırılmasından hər hansı halda narahat olurlar,
bir sıra qüvvələr isə bundan istifadə edərək, "xırda millətçilik" hisslərini qızışdırırlar;
c)
"Azərbaycan dili" adı artıq neçə on illərdir ki, uğurla işlənir, kifayət qədər böyük işlənmə
təcrübəsinə malikdir.
Və bütün bunlar nəzərə alınaraq (eyni zamanda referendumun nəticələrinə əsaslanaraq) müstəqil
Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin adı
"Azərbaycan dili" kimi qeyd edildi.
Müşahidələr
göstərir ki, Azərbaycan dövlətinin rəhbəri bu gün Azərbaycan dilinin yüksəlişi üçün
aşağıdakı çox mühüm işləri görür:
Birincisi,
Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili olaraq aparıcı mövqeyi
tamamilə təmin edilmiş, rəsmi məclislərin yalnız ana dilində aparılması zərurətə çevrilmişdir (yeri
gəlmişkən deyək ki, Azərbaycan Prezidentinin özü şəxsən dəfələrlə müxtəlif vəzifəli şəxsləri ana dilində
danışa bilmədikləri üçün tənqid etmiş, qınamışdır).
İkincisi, Azərbaycanda təhsilin, elmin, ədəbiyyatın, ümumən mədəniyyətin inkişafı üçün dövlət
maksimum şərait yaratmış (və həmin şəraiti günbəgün yaxşılaşdırmaqdadır) — bu isə həm milli
təfəkkürün, həm də onun ifadəsi olan milli ədəbi dilin daha da tərəqqi edib yüksəlməsinə təkan verir.
Üçüncüsü,
Azərbaycan Prezidenti Azərbaycanın yeni tarixində ilk dəfə olaraq Azərbaycan dilinin
dünyanın ən mötəbər rəsmi məclislərində, beynəlxalq diplomatik danışıqlarda
səslənməsinə nail olmuşdur
(və məhz onun xidmətidir ki, bu gün Azərbaycan Respublikasının beynəlxalq nüfuzunu məhz Azər-
baycan dili, yəni Azərbaycanın bilavasitə dövlət dili qoruyur) və s.
Azərbaycan Prezidentinin dünya miqyaslı bir ictimai-siyasi xadim, dövlət xadimi kimi fəaliyyəti
ona türk dünyasında böyük hörmət qazandırmışdır. Və həmin hörmətin təsiri altında türk xalqları arasında
Azərbaycan xalqının, türk dilləri içərisində Azərbaycan türkcəsinin (Azərbaycan dilinin) nüfuzu sürətlə
yüksəlir.
Heydər Əliyev Azərbaycan dilini (ana dilini), Azərbaycan xalqının dilini (mənsub olduğu xalqın
dilini), Azərbaycan dövlətinin dilini (rəhbərlik etdiyi dövlətin dilini) ürəkdən sevib, onun yüksəlişinə
çalışmaqla kifayətlənmir, mütəxəssislərin dönə-dönə qeyd etdikləri kimi, Azərbaycan dilində gözəl danı-
şır, ona yeni ifadə xüsusiyyətləri, üslub çalarları qazandırır... Və yuxarıda
deyildiyi kimi, H. Əliyevin dili
geniş miqyaslı araşdırmalar üçün ayrıca bir mövzuya çevrilmişdir. Mütəxəssislər göstərirlər ki, Allah
Heydər Əliyevə nümunəvi bir natiq üçün tələb olunan hər şeyi səxavətlə vermişdir: boy-buxun, qədd-
qamət, təsirli səs, möhkəm məntiq, məclisi, auditoriyanı ələ almaq qabiliyyəti və s.
Heydər Əliyev natiqliyi Azərbaycan xalqının milli sərvəti, Azərbaycan dilinin böyük uğurudur —
böyük şəxsiyyətin nitqlərində onlarca, yüzlərcə nümunələr götürmək mümkündür ki, ana dilinin müasir
dövrdə hansı inkişaf səviyyəsinə gəlib çıxdığını, hansı mükəmməl, təsirli ifadə imkanlarına yiyələndiyini
parlaq bir şəkildə əks etdirsin.
Azərbaycan Prezidentinin "Müraciət"ində qeyd edilir ki, "hər bir xalqın özünəməxsusluğunu
müəyyən edən başlıca ünsürlərdən biri onun dilidir. XX əsrdə xalqımızın bu sahədə əldə etdiyi uğurları
yüksək təqdirə layiqdir.
Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azər-
baycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş,
qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur." Heç şübhəsiz,
Azərbaycan mədəniyyəti inkişaf etdikcə, Azərbaycan dövləti təkmilləşib möhkəmləndikcə Azərbaycan
dili daha da zənginləşəcək, daha müasir, daha qlobal, daha analitik düşüncənin dilinə çevriləcəkdir. Çünki
Azərbaycan dili, Azərbaycan Prezidentinin dəfələrlə dediyi kimi, istedadlı, böyük potensiala malik bir
xalqın dilidir.
Azərbaycan Prezidenti Heydər Əliyevin — yeni ilin, yeni əsrin və yeni minilliyin astanasında
"Azərbaycan xalqına müraciət"i Azərbaycan dilinin, ədəbiyyatının və mədəniyyətinin perspektivlərini
müəyyənləşdirmək, böyük tarixi təcrübəyə dayanaraq inkişaf yollarını müəyyən etmək baxımından ol-
duqca qiymətli bir sənəddir.
Bizim fikrimizcə, həmin sənədin əsas ideyası ondan ibarətdir ki, "biz nadir
bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi
keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də
gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır".
* *
*
Azərbaycan dili (türkcəsi) XVII—XVIII əsrlərdən Azərbaycanda ictimai ünsiyyətin ən müxtəlif
sahələrində ardıcıl olaraq daha geniş yer tutmağa, ərəb, fars dillərini sıxışdırmağa başlayır. Xalqın əsas
ünsiyyət vasitəsində XIX əsrin ortalarından sonra səhnə əsərlərinin yazılması, qəzet nəşri, kitab çapı və s.
onun normalarının stabilləşməsinə, funksional üslublarının diferensiasiyasına — inkişafına əhəmiyyətli
təsir göstərir. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan dili, əsasən, aşağıdakı formalarda
təzahür edir:
I.Ərəb, fars elementləri ilə "zənginləşdirilmiş" dil təzahürü;
II.Osmanlı (İstanbul) şivəsi (Türkiyə türkcəsi) ilə "zənginləşmiş" dil təzahürü;
III.Milli (demokratik) dil təzahürü.
Müşahidələr göstərir ki, Azərbaycan dilinin bu cür eklektik mürəkkəbliyi XX əsrin 30-cu illərinə
qədər davam etmişdir. Və məhz 30-cu illərdə müasir Azərbaycan ədəbi dilinin normaları qərarlaşdığı
kimi, funksional üslub mənzərəsi də müəyyənləşir. Qeyd etmək lazımdır ki, müasir Azərbaycan ədəbi
dilinin (əslində, ümumiyyətlə, Azərbaycan ədəbi dilinin!) normalarının, xüsusilə fonetik normasının
stabilləşməsində latın, bunun ardınca isə kiril əlifbasının qəbulu mühüm rol oynamışdır.
XX
əsrin ortalarına doğru artıq Azərbaycan ədəbi dilinin bədii üslubu ilə yanaşı, kifayət qədər
mükəmməl elmi, publisistik və rəsmi-işgüzar üslubları formalaşır. Azərbaycanda milli dildə orta, eləcə də
ali məktəblərin açılması, mətbuatın nəşri, dövlət idarələrində Azərbaycan dilinin az və ya çox dərəcədə iş-
lənməsi, ziyalı kontingentinin genişlənməsi və s. bu cür funksional üslub diferensiasiyası üçün şərt olur.
Dogrudur, sovet dövləti möhkəmləndikcə ümumən "sovet xalqlar"ının hamısının dili rus dilinin dağıdıcı
təzyiqinə məruz qalmağa, "yerlər"də rusdilli "ziyalılar" yetişdirilməyə başlayır. Lakin xalqın içərisindən
çıxmış milli ziyalılar həmin ruslaşdırma diplomatiyasına qarşı ciddi mübarizə aparırlar.
Azərbaycanda bu
cür ziyalılar çox olmuşdur ki, onlardan ən məşhuru Bəxtiyar Vahabzadə idi. Böyük şair, mütəfəkkir,
ictimai-siyasi xadim B. Vahabzadə ana dilinin təbii-tarixi hüquqlarının məhdudlaşdırılmasına qarşı on
illər boyu cəsarətlə mübarizə aparmışdır. O, "doğma dilində danışmağı ar bilən fasonlu ədəbazlar"ın
artdığı illərdə ana dilinə müraciətən yazırdı:
Bizim uca dağların sonsuz əzəmətindən,
Yatağına sığmayan çayların hiddətindən,
Bu torpaqdan, bu yerdən,
Elin bağrından qopan yanıqlı nəğmələrdən,
Güllərin rənglərindən, çiçəklərin iyindən,
Mil düzünün, Muğanın sonsuz genişliyindən,
Ağsaçlı babaların əqlindən, kamalından,
Düşmən üstünə cuman o Qıratın nalından
Qopan səsdən yarandın.
Sən xalqının aldığı ilk nəfəsdən yarandın...
XX
əsrin 50-ci, 60-cı illərindən fərqli olaraq 70-ci illərində ana dilinə qayğı, onun hüquqlarının
müdafiə edilməsi özünü daha ardıcıl, daha məqsədyönlü şəkildə göstərir — Azərbaycan KP MK-nın
birinci katibi seçilən Heydər Əliyevin gördüyü tədbirlər nəticəsində Azərbaycan
dili həqiqətən dövlət dili
səviyyəsinə qaldırılır. Görkəmli dövlət xadimi Moskvaya dəvət edildikdən sonra isə Azərbaycan dilinin
üzərinə yenidən "səlib yürüşü" başladı. Hər şeydən əvvəl, dövlət idarələrində elə bir "şərait" yaradıldı ki,
xalq rus dilini bilməyin vacibliyini, bunsuz normal fəaliyyət göstərməyin mümkünsüzlüyünü anlasın, ana
dilinə yalnız məişət dili kimi baxsın. Odur ki, rus dilini əməlli-başlı bilməyən valideynlər belə yenicə dil
açmış körpələrini rus bağçasına, rus dayələrinə, rus məktəblərinə verməyə başladılar. Və belə bir təsəvvür
geniş yayıldı ki, Azərbaycan məktəblərində təhsil səviyyəsi aşağı, rus məktəblərində isə yüksəkdir. Orta
təhsilini rus dilində alan bəzi azərbaycanlı gənclər Azərbaycanda xüsusi "elita" yaratmaq iddiasına