Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə22/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   18   19   20   21   22   23   24   25   ...   77

Nəhayət, vikontessa dilləndi: 
– Kübar cəmiyyət kinli və rəzildir, – dedi. – Başınıza bir müsibət gələrsə, dərhal dostlarınızdan biri bu 
xəbəri hər tərəfə yaymağa, qəlbinizi xəncərlə ovmağa hazırdır, siz də bu xəncərin gözəl dəstəyini seyr 
etməyə məcbursunuz. Acı sözlər, istehzalar, kinayələr! Yox, mən özümü müdafiə edəcəyəm! 
O, kübar xanım vüqarı ilə başını qaldırdı, onun məğrur baxışından ildırım çaxdı. 
Ejeni görərək: 
– Ah, siz buradasınız! – dedi. 
Ejen zavallı səslə: 
– Bəli, hələ buradayam! – deyə cavab verdi. 
– İndi mənim sözümə qulaq asın, cənab de Rastinyak. Siz bu cəmiyyətlə istədiyiniz kimi rəftar edə 
bilərsiniz. Siz müvəffəqiyyət qazanmaq niyyətindəsiniz, mən sizə kömək edərəm. Qadın rəzalətinin bütün 
dərinliyini öyrənin, kişilərin rəzil şöhrətpərəstliyinin nə qədər geniş olduğunu dərk edin. Mən şəxsən 
kübar cəmiyyət kitabını diqqətlə mütaliə etmişəm, bununla belə, bəzi səhifələrindən bixəbər olduğum 
anlaşılır. Artıq mən hər şeyi bilirəm: siz nə qədər soyuqqanlı hərəkət etsəniz, bir o qədər qabağa 
gedərsiniz. Zərbələrinizi amansızcasına vurun, o zaman hamı sizin qarşınızda titrəyəcəkdir. Kişilərə və 
qadınlara poçt atı nəzəri ilə baxın, rəhm etmədən bu atları qovun, qan-tər içində ölənlərə əhəmiyyət 
verməyin, – o zaman siz bütün arzularınıza nail olarsınız. Unutmayın ki, sizin taleyinizdə iştirak edən bir 
qadın olmazsa, siz cəmiyyətdə heç nəyə müvəffəq ola bilməyəcəksiniz. Siz elə bir qadın tapmalısınız ki, o 
həm gözəl, həm gənc, həm də zəngin olsun. Sizdə səmimi məhəbbət hissi oyanarsa, onu bir zinət kimi elə 
gizlədiniz ki, heç kəsin fikrinə belə gəlməsin, yoxsa məhv olarsınız. Əgər siz cəllad ola bilməsəniz, 
qurbanlığa çevrilərsiniz. Əgər qəlbinizdə bir məhəbbət doğarsa, bu sirri ən müqəddəs şey kimi qoruyun! 
Qəlbinizi açmaq istədiyiniz adamı bütün varlığı ilə tanımadan bu sirri ona açmayın. Sizdə hələ belə bir 
məhəbbət oyanmamışdr, lakin qabaqcadan onu qorumaq lazımdır, cəmiyyətə inanmamaq sizin üçün 
dərs olsun. Yaxşı qulaq asın, Miquel (o, səmimi olaraq Ejenin adını yanlış söylədiyini sezmədi), iki qızın öz 
atalarını atmaqdan, bəlkə də, ölümünü arzu etməkdən daha dəhşətli bir şey var ki, o da iki bacının 
rəqabətidir. Resto kübar ailədəndir, onun arvadını yüksək cəmiyyətdə qəbul edirlər, onu saraya belə 
təqdim etmişlər. Bax buna görə də onun bacısı – gözəl və zəngin Delfina, maliyyə canbazı de Nusingenin 
arvadı Delfina hirsindən özünü yırtır:  axıllıq onu rahat yatmağa qoymur. Qrafinya de Resto bacısından on 
qat yuxarı qalxmışdır. Artıq onlar bacı deyillər, atalarını rədd etdikləri kimi, bir-birini də rədd etmişlər. 
Buna görədir ki, madam de Nusingen mənim evimə daxil olmaq üçün Sen-Lazar küçəsindən    Qrenel 
küçəsinə qədər bütün palçığı yalamağa hazırdır. O, ümidini de Marseyə bağlamışdı: onun vasitəsilə 
məqsədinə nail olmaq fikrində idi; o, de Marseyə qul oldu, onu rahat qoymadı. De Marse isə onunla 
maraqlanmır. Əgər siz Delfinanı mənə təqdim etsəniz, onun məbudu siz olacaqsınız, o, sizə ibadət 
edəcəkdir. Sonra mümkün olarsa, onu sevə bilərsiniz, sevməsəniz də, məqsədiniz üçün Delfinadan 
istifadə edin. Mən onu bir-iki dəfə böyük müsamirədə qonaqlarla birlikdə qəbul edə bilərəm, lakin 
gündüz qəbul etmək mümkün deyil. Mənim onunla salamlaşmağım kifayətdir. Qrafinyanın qapısını isə siz 
Qorio atanın adını çəkməklə, öz əlinizlə qapamışsınız. Bəli, mənim əzizim, siz qrafinya de Restonun 


yanına iyirmi dəfə gedə bilərsiniz, lakin iyirmi dəfə onun evdə olmadığını sizə söyləyəcəklər. Sizi qəbul 
etməmək üçün əmr verilmişdir. Qoy Qorio ata sizi Delfina de Nusingenlə tanış eləsin. Gözəl Delfina sizin 
üçün bir pərdə olar. Qoy o, sevmək üçün sizi intixab etsin, bütün qadınlar sizi çılğıncasına sevəcəklər. 
Onun rəqibləri də, ən yaxın rəfiqələri də sizi onun əlindən almaq üçün can atacaqlar. Şlyapalarımızın 
fasonlarını mənimsəməklə bizim ədalarımızı qəbul edəcəklərini zənn edən meşşan qadınlar kimi, onlar 
da başqalarının sevgililərini üstün tuturlar. Siz müvəffəqiyyət qazanacaqsınız. Parisdə isə müvəffəqiyyət 
hər şeydir, müvəffəqiyyət hakimiyyətin açarıdır. Qadınlar sizin ağıl və istedadınıza qiymət qoyduqdan 
sonra kişilərdə, məyus    doğurmasanız, buna mütləq inanacaqlar. O zaman siz hər şeyə müvəffəq 
olacaqsınız: bütün qaplıar üzünüzə açılacaqdır. O zaman siz özünüz anlayacaqsınız ki, bu kübar 
cəmiyyətdə yaşayanlar ancaq yalançılar və axmaqlardır. Nə axmaqlara, nə də yalançılara meyil etməyin. 
Bu tilsimli dünyaya daxil olmaq üçün Ariadnanın sapı* əvəzində mən öz adımı sizə verirəm. – Sonra 
başını qaldırıb şahanə bir nəzərlə Rastinyaka baxaraq: – Bu adı ləkələməyin, – dedi, – onu ləkəsiz 
qaytararsınız. Artıq gedin, məni yalqız buraxın! Biz qadınlar da bəzən döyüş meydanında vuruşuruq. 
Ejen onun sözlərini kəsərək: 
– Əgər sizin üçün sizin xatirinizə barıt anbarını partladacaq bir şəxsə ehtiyac olarsa... 
Vikontessa soruşdu: 
– O zaman nə ola bilər? 
Ejen əlini döşünə qoydu. Kuzinasının təbəssümünə təbəssümlə cavab verərək otaqdan çıxdı. Saat beş 
olardı. Ejen acmışdı, nahara gecikəcəyindən təlaşa düşdü. Bu təlaşın təsiri altında Paris küçələrindən quş 
kimi uçmaq ona ləzzət verirdi. Lakin bu cismani ləzzət qətiyyən onun fikirlərə dalmasına mane olmurdu. 
O yaşda olan gənclər nifrətlə təhqir edildiyi zaman qızışmağa, hiddətlənməyə, bütün cəmiyyətə yumruq 
qaldırıb “intiqam” deyə bağırmağa başlasalar da, özlərinə inanmazlar, şübhə edərlər. Bu saat Ejenin 
qəlbini qrafinyanın bu sözləri əzir, çeynəyirdi: “Siz qrafinyanın qapısını öz əlinizlə bağladınız”. Ejen öz-
özünə: “Mən onun yanına gedəcəyəm, – dedi. – Madam de Bosean haqlı çıxarsa, məni qəbul etməmək 
üçün doğrudan da əmr verilmişsə... o zaman... o zaman qrafinya de Resto hər yerdə, bütün salonlarda 
mənə rast gələcəkdir. Mən şpaqa ilə döyüşməyi, güllə atmağı öyrənəcəyəm, onun Maksimini 
öldürəcəyəm!..” Şüuru isə hayqırırdı: “Bəs sənin pulun varmı? Sən haradan pul tapacaqsan?” Birdən 
qrafinya de Restonun göz qapağında səpələnmiş sərvəti onun nəzərləri qarşısında bərq vurdu. O, 
Qorionun qızının, şübhəsiz, sevdiyi zinəti, hər yerdə parlayan qızılı, gözləri qamaşdıran qiymətli şeylərini, 
bir sözlə, ağıldankəm bir şəxsin zinətini, zəngin bir məşuqənin bədxərcliyini görürdü. Bu gözqamaşdıran 
xəyal de Boseanın əzəmətli mülkü qarşısında sönüb gedirdi. Ejenin Paris cəmiyyətinin yüksək dairələrinə 
uçan xəyalı onun ağıl və vicdanını buxovlardan qurtararaq, ona çirkin fikirlər təlqin edirdi. Artıq dünya 
onun gözləri qarşısında olduğu kimi görünürdü. Əxlaq və qanunun sərvət qarşısında aciz olduğunu, yəni   
tima ratio mundi1 yalnız pulun qüdrətində olduğunu görürdü. Votren haqlı idi. Öz-özünə: “Sərvət 
fəzilətdir!” – dedi. 
Ejen Nev-Sent-Jenevyev küçəsinə çatdıqdan sonra tez yuxarı mərtəbəyə qalxdı, arabaçıya on frank 
vermək üçün yenə geri döndü, ürəkbulandıran yemək otağına daxil oldu, tövlədə otyeyən heyvanlar kimi 
xörəklərini yeyən kirayənişinləri gördü. Bu səfalət, yemək otağının bu mənzərəsi onda ikrah hissi oyatdı. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə