Konstitusiyanın "zərərin ödənilməsini tələb etmək hüququ" adlanan 68-ci
maddəsinin ikinci
bəndində deyilir: "Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd
hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ
vardır". CPM-in 36, 56-cı maddələrində bu norma, inkişaf etdirilmişdir.
2.4.2. Ədalətli məhkəmə hüququ
Konvensiyanın 6-cı maddəsində təsbit edilən ədalətli məhkəmə təminatına hüquq pozulmuş
hüquqların bərpa olunması üçün ən səmərəli vasitələrdən biridir. Həmin maddə hər
bir şəxsə onun
mülki hüquq və vəzifələri müəyyən edilərkən, yaxud ona qarşı irəli sürülən hər hansı bir cinayət
ittihamına baxılarkən ədalətli məhkəmə hüququna təminat verir. 6-cı maddə üç hissədən ibarətdir.
Birinci hissə həm mülki, həm də cinayət işlərinə aid olduğu halda, ikinci və üçüncü hissələr
müstəsna olaraq yalnız cinayət işlərinə aiddir.
Komissiya və Məhkəmə təcrübəsində məhkəmə təhqiqatının ədalətli keçirilməsinin demokratik
cəmiyyətdə çox mühüm əhəmiyyət kəsb etməsi nəzərə alınaraq 6-cı maddəyə genişləndirici təfsir
verilmişdir. Qolder Böyük Britaniyaya qarşı (1975-ci il) işdə göstərilir ki, dövlət müəyyən
sahələrdə məhkəmə nəzarətini məhdudlaşdıra və ya ləğv edə bilməz. Məhkəməyə müraciət etmək
imkanı qanunlarda nəzərdə tutulmaqla bərabər (yəni formal), həm də real olmalıdır.
Konvensiyanın 6-cı maddəsinin tələblərini düzgün anlamaq üçün orada işlədilən bir sıra
anlayışların Məhkəmə təcrübəsində verilən izahatlarına xüsusi diqqət yetirmək lazımdır;
a) "Mülki hüquq və vəzifələr" anlayışı
Hər şeydən əvvəl, qeyd edilməlidir ki, "mülki hüquq və vəzifələr" anlayışı dövlətdaxili
qanunvericilikdə yalnız mülki hüquq sahəsi ilə əhatə olunmur. "Konvensiya baxımından hüququn
mülki xarakter daşıması onun dövlətdaxili qanunvericilikdə hüquqi tövsifindən deyil, bu
qanunvericiliklə ona hansı maddi məzmun verilməsindən və onunla hansı nəticənin
əlaqələndirilməsindən asılıdır"22. Məhkəmə təcrübəsində müflisləşmə haqqında qərarın
çıxarılması, böhtan haqqında işin qaldırılması, mülki dövriyyədə sığorta sahibkarlıq fəaliyyətilə
məşğul olma, hakimlik fəaliyyəti, vəkillik işi, tibbi sığorta çərçivəsində təqaüd alma, ətraf mühitin
çirklənməsilə bağlı kompensasiya tələb etmə, aksionerlərin milliləşdirilən obyektlərə görə
kompensasiya alma kimi məsələlər "mülki hüquq" çərçivəsində tövsif edilmiş və həmin hallara
münasibətdə Konvensiyanın 6-cı maddəsinin tətbiqi hesab edilmişdir23.
Bununla yanaşı, Məhkəmə və Komissiya belə qənaətə gəlmişdir ki, aşağıdakı işlər "mülki hüquq və
vəzifələrlə" əhatə olunmur;
1. vətəndaşlıq məsələlərilə bağlı mübahisələr;
2. ölkəyə gəlmək hüququ;
3. məhkəməyə qədər müvəqqəti azad olunma haqqında həbs edilmiş şəxsin vəsatəti;
39
4. həbsxanada işləmək və belə işə görə haqq almaq hüqüqu;
5. bağışlanma və cəzanın yüngülləşdirilməsinə hüququn müəyyən edilməsi;
6. vergi tariflərinin müəyyən edilməsi və vergi imtiyazlarına hüquq;
7. ruhanilərin işləri üzrə intizam icraatı;
8. təqaüd və sığorta fondlarına üzvlük haqqı verməyənlərin onlardan istifadə hüququ;
9. təhsil müəssisəsinin xarici tələbələrə təhsil verməklə bağlı hökumətdən "icazə" alması;
10. sığınacaq hüququ və qaçqın statusunu almaq hüququ;
11. dövlət qulluqçularının işləri üzrə intizam icraatı...
b) "Cinayət ittihamı" anlayışı
Konvensiyanın 6-cı maddəsinin birinci hissəsinin tətbiq edildiyi ikinci sahə "hər hansı bir cinayət
ittihamı" ilə bağlıdır. 6-cı maddənin ikinci və üçüncü hissələri isə "cinayətdə ittiham edilən" hər bir
şəxsə tətbiq edilir. Göstərilən ifadələr eyni cür təfsir edilir və "cinayət ittihamının" mövcudluğu 6-
cı maddənin bütövlükdə tətbiqinə gətirib çıxarır.
Konvensiyanın konteksti baxımından "Cinayət ittihamı" avtonom əhəmiyyətə malikdir və bundan
irəli gələcək ittihamın cinayət xarakteri daşıyıb-daşımaması ilə bağlı dövlətdaxili qanunvericiliyin
mövqeyi müəyyənedici deyildir24.
Məhkəmə ittihamın verilməsini müəyyən etmək üçün işin formal deyil, maddi tərəfinə diqqəti
çəkməyə üstünlük verir. Foti və başqaları İtaliyaya qarşı (1982-ci il) işdə Məhkəmə göstərmişdir ki,
cinayət ittihamı cinayət törətməkdə şübhəli bilinən şəxsin vəziyyətinə əhəmiyyətli təsir göstərən
hər hansı növ tədbirləri özündə ehtiva edir. Belə tədbirlərə həbs, yaşayış sahəsinin axtarışı, şəxsi
axtarış aid edilir. Dövlət Konvensiyanın 6-cı maddəsinin tələblərindən yayınmaq üçün cinayət işinə
inzibati rəng verməkdə haqlı deyildir. İşin "cinayət işi" olub-olmaması müəyyən edilərkən
pozulmuş hüquq normasının əhəmiyyəti və mümkün olan cəzanın mahiyyəti və ciddiliyi əsas
götürülür.
c)
Müstəqil və qərəzsiz məhkəmə
Pullar Birləşmiş Krallığa qarşı (1996-cı il) işdə Məhkəmə göstərmişdir ki, məhkəmənin "müstəqil"
hesab edilməsi üçün aşağıdakı məsələlərə fikir vermək lazımdır;
a) onun üzvləri (hakimlər) hansı üsulla təyin edilmişdir;
b) onların vəzifədə qalma müddəti nə qədərdir;
c) xarici təsirlərdən təminatlar varmı;
ç) məhkəmədə müstəqilliyin zahiri əlamətləri mövcuddurmu ("inter alia").
40