25
sahələrində yaşayan gəlmələr idi. Lakin istər yerli, xüsusilə də Rusiya və İranın müxtəlif vilayətlərindən gəlmiş
fəhlələrin mənzil-məişət şəraiti çox acınacaqlı idi.
Bakı qubernatoru canişin İ.İ.Vorontsov-Daşkova yazdığı 11 mart 1905-ci il tarixli 23 saylı məktubunda
bunu etiraf etməyə məcbur olmuşdu: "Fəhlə və qulluqçuların böyük əksəriyyəti — özü də bunların demək olar
ki, yarısı ailəli adamlardır — mədən ərazisində, qurğular olmayan sahələrdə darısqal tikililərdə yerləşməyə
məcburdur. İşçilərin bir hissəsi kazarmalarda yaşayır. Bəzən kiçik bir otaqda hər iki cinsdən olan 10 nəfərə
yaxın böyük və uşaq qalır".
Rus yazıçısı A.M.Qorki Bakıda 2 dəfə — 1892 və 1897-ci illərdə olmuş və Sabunçudakı fəhlə kazarmala-
rına baş çəkdikdən sonra yazmışdı: "... Qarmaqarışıq buruq meşəsi içərisində yerə yapışan, sarımtıl və bom-boz
yonulmamış daşdan tələm-tələsik tikilmiş alçaq fəhlə qəsəbələri yerləşirdi. Bunlar qədim insan məskəninə çox
bənzəyirdi. Mən heç vaxt insan yaşayan yerin ətrafında bu qədər müxtəlif çirkab və tullantı, sınıq pəncərə
şüşələri və mağaraya bənzəyən otaqlarda belə miskin yoxsulluq görməmişəm".
Təkcə 1907-ci il ərzində Bakıda neft hasilatından 49,9 mln. rubl xalis gəlir əldə etmiş Rusiya hökuməti
1902-1907-ci illər ərzində 40 min fəhlə üçün bircə yaşayış binası və ya yataqxana, xəstəxana, məktəb, ictimai-
mədəni tikili inşa etməmişdi.
Peterburqda çıxan "Novaya raboçaya qazeta" mədənlərdə fəhlələrin ağır iş şəraitini göstərərək yazırdı:
"Azərbaycan kəndləri Sabunçu, Balaxanı, Ramana və Zabrat vaxtilə bir-birindən tarlalar, üzüm bağları ilə ayrı-
lırdı. İndi bu sahə minlərlə quyu ilə qazıq-qazıq edilmiş, bütün mədənlərdən və yaşayış evlərindən axıdılan
çirkab sularının əmələ gətirdiyi açıq arxlarla, iylənmiş su və neft çalaları ilə dolmuşdur... Gündüzlər günəş
yandırır, səs-küy, gurultu eşidilir, gecələr isə üfunətdən nəfəs almaq olmur. İşini qurtarmısansa, evdə də eyni
mənzərə ilə qarşılaşacaqsan."
Bakı neft sənayeçilərinin XXXIV qurultayında fəhlə rayonlarının nümayəndələri tələb edirdilər: "... e)
Mədən sahələrində həqiqi sanitar nəzarəti təsis etmək zəruridir.... Biz hamamsız, içməli susuz, mənzilsiz, yaxşı
çörək və ətsiz zülm çəkir, küçə və həyətlərdəki çirkab və tullantı içində boğuluruq; j) Neçə aydan bəridir ki,
Balaxanı rayonu fəhlələrinin səyyar həkimi yoxdur və bu da ona görədir ki, şura çox az haqq verir; d) Qara şə-
hər rayonunda doğum məntəqəsi açmaq lazımdır, çünki zövcələrimizin hamiləlikdən azad olmaları üçün Qara
və Ağ şəhərlərdə xüsusi yer yoxdur".
Nəhəng gəlir əldə edən hökumət və neft sənayeçiləri neftçi fəhlələrin balalarının təhsil alması üçün mək-
təblər açmaq qayğısına qalmırdılar. XIX yüzilliyin sonunadək Bakıda neft sənayeçiləri və dövlət hesabına sax-
lanılan bircə məktəb belə yox idi. Varlı azərbaycanlıların barmaqla sayıla biləcək sayda uşaqları dini və ya pullu
məktəblərdə oxuyurdu. Balaxanıda ilk pullu ibtidai məktəb yalnız 1882-ci ildə açılmışdır. Qeyd edək ki, orada
şərq dillərini körkəmli Azərbaycan şairi M.Ə.Sabir Tahirzadə tədris edirdi. Bakıda ilk qız gimnaziyası (1895) və
Mərdəkanda sənət məktəbi (1892) öz xərcini ödəmə prinsipi bazasında H.Z.Tağıyevin təşəbbüsü ilə açılmışdı.
Hakimiyyət dairələri və neft sənayeçiləri fəhlələrin iş şəraitini yaxşılaşdırmaq, əmək haqqını artırmaq,
yaşayış evləri, xəstəxana və ambulatoriyalar, məktəblər, mədəni-maarif məntəqələri, qadın məsləhətxanaları və
doğum evləri tikmək əvəzinə, fəhlə sinfinin öz siyasi və iqtisadi hüquqları uğrunda arası kəsilməyən çıxışlarını
qarşısını almaq üçün Bakının neft rayonlarında polis xidmətini gücləndirirdilər. Bakı neft sənayeçiləri qurultayı
şurasının 1915-çi il üçün hesabatında aşağıdakı xərclər nəzərdə tutulurdu:
1.
Fəhlə qəsəbələri üçün torpağın icarəyə götürülmə- si 1000 rubl;
2.
Neft mədənləri ərazilərinin qurudulması — 30284 rubl;
3.
Polis xərcləri — 593440 rubl;
4.
Kitabxanalar — 220 rubl.
Qafqaz canişininin təsdiq etdiyi bu smetadan görünür ki, neft rayonlarında polis xidmətinin saxlanılması
üçün xərclər şuranın ümumi məsrəflərinin 94%-ni təşkil edirmiş. Bundan əlavə hər il şəhər Duması büdcəsinin
40%-i (2,4 milyondan 0,94 milyon rubl) 1906-cı il oktyabrın 28-də çar fərmanı ilə təsis edilmiş Bakı şəhər
bələdiyyəsinin saxlanılmasına sərf olunurdu. Şəhərdə Salyan alayından və 2 plastun batalyonundan (2400
sünkü) və 480 sünkü çıxara bilən 3 kazak polkundan ibarət qarnizon da vardı.
Kapitalizm dövründə Azərbaycan neft sənayesinin tarixini 3 əsas dövrə bölmək olar.
Birinci dövr — 1873-1898-ci illər. Bu vaxt yaranmaqda olan kapitalist istehsal münasibətləri Azərbaycan
neft sənayesinin inkişafını sürətləndirdi və o, Amerika neft sənayesinə çatdı.
İkinci dövr — 1899-1901-ci illər. Azərbaycan neft sənayesi və neft emalı sahəsində birinci yeri tutaraq
dünyada neft hasilatının yarıdan çoxunu təmin edirdi. Bu dövr neftin çıxarılma və emalı prosesinin iri neft
maqnatlarının əlində cəmləşməsi və xarici kapitalın Azərbaycan neft sənayesinə daha sürətlə nüfuz etməsi ilə
səciyyələnir.
Üçüncü dövr — 1902-1920-ci illər. Bu vaxt əcnəbilərin neft mədənlərinin vəhşicəsinə istismarı
nəticəsində Azərbaycan neft sənayesi Amerika neft sənayesindən geridə qalmağa başladı, ancaq bununla belə
dünya bazarında əsas neft təchizatçılarından biri olaraq qaldı. Rus və yerli sahibkarlar tədricən Azərbaycanın
neft və digər sahələrindən sıxışdırılırdı.