Baxış zamanı cənab Qou istehsalatın necə təşkil olunduğunu təriflədi və
fabrikin öz rəqibləri qarşısındakı üstünlüklərini nədə gördüyü ilə bağlı
mülahizələrini söylədi. Bunların sırasında cənab Qou bəzi orijinal maşınları qeyd
etdi. Prezident cavab verdi ki, onları özü ixtira edib. O, həmin maşınların necə
işlədiklərini və hansı işi yerinə yetirdiklərini cənab Qouya izah etmək üçün xeyli
vaxt sərf elədi. O, cənab Qounun onun lençə dəvətini qəbul etməsində təkid etdi.
Bütün bunlar baş verən müddət ərzində, diqqət yetirin, cənab Qou gəlişinin əsl
məqsədi barədə bir söz belə deməmişdi.
Lençdən sonra prezident dedi: “İndi isə keçək iş məsələsinə. Mən, təbii ki,
sizin nə üçün gəldiyinizi bilirdim, lakin bizim görüşümüzün bu qədər xoş
keçəcəyini gözləmirdim. Siz Filadelfiyaya mənim bu vədimlə qayıda bilərsiniz ki,
hətta başqa sifarişləri ləngitmək lazım gəlsə belə, sizin sifarişiniz yerinə
yetiriləcək və çatdırılacaqdır”.
Cənab Qou istədiyinə heç bu haqda xahiş eləmədən nail oldu. Material
vaxtında çatdırıldı və tikinti işləri kontrakt müddəti bitən gün üçün başa
çatdırıldı.
Əgər cənab Qou “çəkic və dinamit metodundan” istifadə etmiş olsaydı, bu baş
verərdimi?
İnsana ona inciklik yetirmədən və onda hiddət doğurmadan təsir göstərmək
üçün qayda 1-i tətbiq edin:
Təriflə və insanın üstün cəhətlərini səmimi-qəlbdən etiraf etməklə başlayın.
İkinci fəsil
Necə tənqid etməli ki, bu vaxt həm də nifrət meydana çıxarmayasan
Çarlz Şvab bir dəfə günortaçağı öz poladtökmə zavodlarından birini
gəzərkən bir qrup fəhləni siqaret çəkən görür. Düz onların başları üzərində
“Siqaret çəkmək qadağandır” yazısı olan lövhə asılmışdı. Şvab elanı göstərə və
soruşa bilərdimi: “Nə? Siz oxuya bilmirsiniz?” Ah, yox, başqa kimi istəyirsinizsə
bunu edərdi, ancaq Şvab yox.
O, fəhlələrə yaxınlaşdı, hər birinə siqaret təqdim elədi və dedi: “Mən
istəyərdim ki, siz onları təmiz havada çəkəsiniz”. Fəhlələrə aydın idi ki, onların
qaydaları pozduqlarını Şvab bilir və onlar ona heyran qalmışdılar ki, o, bununla
bağlı heç bir söz demədi, xırda da olsa hədiyyə təqdim etdi və anlatdı ki, onların
maraqları ilə hesablaşır.
Bu cür adamı sevməmək olarmı? Siz bacarardınızmı?
Con Venameyker eynilə həmin fəndi tətbiq etmişdi. Venameyker Fila-
delfiyada çox iri şəxsi univermağını hər gün gəzirdi. Bir dəfə o, piştaxtanın
yanında satıcını gözləyən alıcı qadının dayandığını görür. Alıcıya heç kim cüzi də
olsa diqqət yetirmirdi. Satıcılar? Ah, onlar piştaxtanın uzaq qurtaracağında
toplaşmışdılar və gülüşür, laqqırtı vururdular. Venameyker heç bir söz demədi.
Sakitcə piştaxtanın arxasına keçdi, alıcı qadına özü qulluq etdi və alınmış malları
qablaşdırmaq üçün satıcıya ötürərək, gəzintisini sakitcə davam etdirdi.
Henri Uord Biçer 1887-ci il martın 8-də vəfat etdi və ya yaponların ifadə
etdikləri kimi, onu dünya qəbul elədi. Növbəti bazar günü sükuta qərq olmuş
kafedraya moizə oxumaq üçün Liman Ebot dəvət olunmuşdu. O çıxış etmək istəyi
ilə moizəni yazdı, təkrar düzəlişlər edib köçürdü və öz moizəsini bacardıqca
yaxşı cilaladı. Moizə yazdığı işlərin əksəriyyəti kimi miskin idi. Onun həyat
downloaded from KitabYurdu.org
yoldaşı deyə bilərdi: “Liman, bu, dəhşətlidir, bu, heç nəyə yaramır. Sən neçə
illərdir moizə ilə çıxış edirsən və bunu hamıdan yaxşı başa düşməlisən. Tanrı
naminə, niyə də sən adamların danışdığı kimi danışmayasan? Nə üçün də təbii
surətdə ifadə etməyəsən? Sən bu cəfəngiyatı oxumaqla özünü biabır edəcəksən”.
Hə, həyat yoldaşı bunu deyə bilərdi. Və siz özünüz belə deyilən yüz hal
bilirsiniz və o, bunu demiş olsaydı, nə baş verəcəyini də bilirsiniz. Özü də bilirdi.
Buna görə də o yalnız diqqətə çatdırdı ki, onun nitqi Şimali Amerikanın İcmalı
üçün əla məqalə ola bilərdi. Başqa sözlə, o, ərini təriflədi və eyni zamanda da
eyham etdi ki, nitq qismində yazdığı heç nəyə yaramır. Liman başa düşdü, cidd-
cəhdlə hazırladığı nitqini cırdı və moizə ilə heç qeydlərdən də istifadə eləmədən
çıxış etdi.
İnsanı incitmədən, onda hiddət doğurmadan ona təsir göstərmək
istəyirsinizsə, qayda 2-dən istifadə edin:
Adamların diqqətini öz səhvlərinə yönəldəndə bunu dolayısı formada edin.
Üçüncü fəsil
Əvvəl öz şəxsi səhvləriniz
barədə danışın
Mənim bacım qızı Jozefina bir neçə il əvvəl Kanzas Sitidəki doğma evini tərk
etdi və mənim katibəm qismində işləmək üçün Nyu-Yorka köçdü. Onun on
doqquz yaşı var idi, bundan üç il əvvəl o, məktəbi bitirmişdi və onun işgüzar
təcrübəsi, demək olar, sıfıra bərabər idi.
O, bu gün – Süveyş kanalından tutmuş qərbə kimi kamil katibələrdən biridir,
lakin həmin vaxt o, belə deyək, müəyyən təkmilləşdirmələrə möhtac idi.
Bir dəfə mən onu tənqid etməyə başlayanda özümə dedim: “Dayan, Deyl
Karnegi, bir dəqiqə dayan. Sən yaşda Jozefinadan iki dəfə böyüksən. Sənin
işgüzar təcrübən ondan on min dəfə çoxdur. Sən ondan şeylərə öz baxışını necə
tələb edə bilirsən axı? Nə qədər təvazökar olmasa da, bu qızcığazdan öz
mülahizələrini, öz təşəbbüslərini necə gözləyə bilərsən? Və bir dəqiqə də, Deyl,
sən on doqquz yaşında nə edirdin? Özün o vaxt necə bir eşşək idin, nə cür
səhvlərə yol verirdin? Yadına sal ki, sən filan şeyi... filanı necə edirdin?..”
Hər şeyi vicdanla və kompromissiz düşünüb-daşınandan sonra bu qənaətə
gəldim ki, Jozefina on doqquz yaşında özüm onun yaşda olandan heç də pis deyil
və mən onun xidmətlərini, bunu etiraf eləmək nə qədər kədərli olsa da, düzgün
qiymətləndirmirəm.
Bundan sonra mən Jozefinanın diqqətini onun səhvinə yönəltmək istəyəndə
bax belə başlayırdım: “Sən səhvə yol verdin, Jozefina. Lakin Tanrı bilir ki, bu səhv
mənim özümün etdiklərimdən heç də pis deyil. Sən düzgün mühakimə yürütmək
bacarığı ilə doğulmamısan, bu, təcrübə ilə gəlir. Və sən mən sən yaşda
olduğumdan daha yaxşısan. Özüm bu qədər axmaqcasına mənasız şeylər
edəndən sonra mənim səni və ya başqa bir kimsəni tənqid etmək istəyim yoxdur.
Bununla belə, düşünmürsənmi ki, bunu belə və ya elə etmək daha yaxşı olardı?”
Tənqid edən özünün günahı olduğunu səmimi etiraf edəndən sonra sənin
səhvlərinin sadalanmasını dinləmək qat-qat asandır.
1909-cu ildə bu cür hərəkət etmək zərurəti knyaz fon Byulovda meydana
çıxmışdı. Həmin vaxt o, Almaniyanın imper kansleri idi, taxt-tacda isə II Vilhelm,
təkəbbürlü Vilhelm, özündən müştəbeh Vilhelm, Vilhelm – sonuncu alman
downloaded from KitabYurdu.org