qopmasından da qaça bildilər – çünki Steyketsin özünü alçalmış hiss etməsinə
imkan vermədilər.
Alçaltmamaq – bu nə qədər də düzgündür! Bu nə qədər də həyati dərəcədə
vacibdir! Və bu haqda nə qədər danışmasalar da, bizlərdən çox azımız bu barədə
düşünüb-daşınırıq, biz başqalarının hisslərini kobudcasına tapdayırıq, səhvlər
tuta-tuta, hədələyə-hədələyə, tabeçilikdə olan adamı və ya uşağımızı yad adamın
yanında tənqid edə-edə öz istədiyimizə nail oluruq. Bu vaxt isə bircə dəqiqəlik
fikrə dalmaq, düşünüb-daşınmış söz və ya bir neçə söz, başqasının halının
səmimi-qəlbdən başa düşülməsi kəskin ağrının yumşaldılması üçün nə qədər çox
kömək edə bilərdi.
İşçini və ya evdə çalışan xadiməni işdən çıxarmaq kimi kədərli zərurətlə
üzləşməli olacağımız vaxt bunu yadda saxlayaq... “İşçiləri işdən çıxarmaq – elə də
böyük həzz deyil. İşdən çıxarılmaq isə bundan da az”. (Bu, vergi ödənişləri üzrə
diplomlu mühasib A.Qreyncer tərəfindən mənə göndərilmiş məktubdur).
“Biz əsas etibarilə mövsümi işlə məşğuluq, – yazır o. – Buna görə də may
ayında işçilərin çoxunu işdən çıxartmalı oluruq. Bizdə belə bir məsəl dəbdədir:
“Cəllad baltasını heç kim qaldırmaq istəmir”. Elə bu səbəbdən də xoşagəlməz
proseduranı bacardıqca tez həyata keçirmək vərdişi əmələ gəlmişdi və bu,
adətən, aşağıda göstərilən şəkildə baş verirdi:
“Əyləşin, cənab Smit. Mövsüm başa çatdı və biz sizə başqa nə iş verə
biləcəyimizi görmürük. Siz, əlbəttə, yalnız mövsümi işə qəbul edilmişdiniz və sair
və ilaxir”.
Nəticədə adamlar pərt olur və özlərini alçaldılmış kimi hiss edirlər.
Onların əksəriyyəti bütün ömürləri boyu hesabat işləriylə məşğul olmuşdu
və həmin adamlarda onlardan bu qədər saymazyanalıqla yaxa qurtaran firmaya
münasibətdə elə də böyük sevgi hissi qalmırdı.
Bu yaxınlarda mən öz işçilərimi daha ədəb-ərkanla işdən çıxarmağı qərara
aldım. Belə ki, hər bir işçini yanıma yalnız onun qış ərzində necə işlədiyi ilə bağlı
şəxsi işini diqqətlə öyrənəndən sonra dəvət edirdim. Hər birinə nə isə belə bir
şey deyirdim: “Cənab Smit, siz əla işləmisiniz. Biz sizi Nyu-Arka göndərəndə
qarşınıza kifayət qədər çətin iş qoyulmuşdu. Siz zirvədə idiniz, “dalğalanan
bayraqlarla” qayıtmışdınız və biz istəyirik biləsiniz ki, firma sizinlə fəxr edir. Siz
öz işinizi bilirsiniz. Siz harada işləyəcəyinizdən asılı olmayaraq, çox şeyə nail
olacaqsınız. Bizim firma sizə inanır və istəyir ki, siz onu unutmayasınız”.
Effekt? Adamlar gedirlər, lakin işdən çıxarılmaları ilə bağlı üzüntünü xeyli
asan keçirirlər. Onlar özlərini alçaldılmış hesab etmirlər. Onlar bilirlər ki, əgər
bizdə iş olsaydı, onda biz onunla ayrılmazdıq. Və həmin adamlar bizə yenə də
gərək olanda onlar daha möhkəm şəxsi bağlılıq hissi ilə gəlirlər.
Mərhum Duart M.Rou düşmənçilik edən, bir-birinin xirtdəyindən yapışmağa
hazır olanları barışdırmaqla bağlı qeyri-adi bacarığın yiyəsi idi. O, hər bir tərəfdə
nəyin düzgün, nəyin ədalətli olduğunu diqqətlə öyrənir, hamının qarşısında bunu
açıb ortaya qoyurdu – və iş nə yerdə olsa da, o, tərəflərdən heç birini günahkar
olan vəziyyətə qoymurdu. Hər bir hakimə məlum olan həqiqət – bu, adama öz
simasını xilas etmək imkanı verməkdir.
downloaded from KitabYurdu.org
Öz yerlərində və xalqı arasında, həqiqətən də, böyük olan adamlar
– onlar həddən artıq böyükdürlər ki, özlərinin şəxsi triumflarından həzz almağa
vaxt itirmiş olsunlar.
1912-ci ildə türklər yüz il ərzindəki antaqonizmdən sonra yunanları
türklərin ərazisindən həmişəlik qovmaq qərarına gəldilər.
Mustafa Kamal öz əsgərləri qarşısında Napoleon stilində hissiyyatlı nitqlə
çıxış edərək bildirdi: “Bizim məqsədimiz – Aralıq dənizidir!” və müasir tarixdə ən
qəddar müharibələrdən biri başlandı. Türklər qələbə çaldılar və iki yunan
generalı: Trikupis və Dionis kapitulyasiya aktını imzalamaq üçün Kamalın
mənzil-qərargahına gələndə Türkiyə xalqı məğlub edilmiş düşmənin başına
göylərin lənətini yağdırırdı. Lakin Kamalın davranışında onun zəfər çaldığının
heç bir əlaməti gözə dəymirdi.
“Əyləşin, cənablar, – deyə o, onların əllərini sıxa-sıxa bildirdi. – Siz, yəqin ki,
yorğunsunuz”. Ardınca hərbi kampaniyanın işlərini kədərli-kədərli müzakirə
etdikdən sonra o, onların məğlubiyyətlərinin qüssəsini bəzəmək üçün əsgər
əsgərə olduğu kimi dedi: “Müharibə – bu daha yaxşının bəzən daha pis vəziyyətə
düşdüyü bir oyundur”.
Hətta qələbədən həzz aldığı məqamda da Kamal mühüm qaydanı
unutmamışdı. Qayda 5:
Adama öz simasını xilas etməyə imkan verin.
Altıncı fəsil
İnsanları uğura necə sövq etməli
Mən Piter Barlou ilə tanış idim. Pit itlər və atlarla sirk nömrələri ifa edirdi,
ömrünü sirklərlə və vodevil qrupları ilə səyahətlərdə keçirirdi. Pitin öz itlərini
tamaşalar üçün necə hazırladığına baxmaq mənim xoşuma gəlirdi. Bir dəfə mən
gördüm ki, it nəyisə etməyə müvəffəq olan kimi Pit nəvazişlə onu sığallayır,
tərifləyir və bir tikə ət verərək bütün görkəmi ilə ondan razı olduğunu göstərir.
Bunda yeni heç nə yoxdur. Əhliləşdiricilər bu fənddən yüz ildən çoxdur istifadə
edirlər. Bilmək istəyərdim ki, nəyə görə adamlara təsir göstərməyə çalışanda biz
itlərə təsir göstərmək istəyəndə istifadə etdiyimiz həmin sağlam təfəkkürü işə
salmırıq? Söymək əvəzinə, nə üçün tərifləmirik? Gəlin cüzi nailiyyətə görə də
tərifləyək. Bu, inkişafın davam etdirilməsini şirnikləndirir.
Psixoloq Cessi Leyr özünün “Mən göydəki ulduzları qapmıram, balaca, lakin
məndə nə varsa, mən onların hamısıyam” kitabında qısa şərh verir: “Tərifin
insanın ruhuna təsirini günəş işığının bitkiyə təsiri ilə müqayisə etmək olar ki,
bunsuz bitki çiçəklənə və inkişaf edə bilməz. Eləcə də adamlar. Lakin bizim
əksəriyyətimiz tənqidin soyuq küləyini başqalarının üstünə ağlasığmaz hazırlıqla
göndərdiyimiz halda, tərifin günəş istisini insanlara çox həvəssiz bəxş edirik”.
Həbsxananın rəisi Lyuis İ.Los belə başa düşür ki, işin qatı cinayətkarlarla
bağlı olanda belə ən adi nailiyyətə görə edilən tərif hətta Sinq-Sinqdə də öz
bəhrəsini verir. “Mən belə görürəm ki, – deyə Los mən bu fəslin üzərində
işlədiyim vaxt ondan aldığım məktubda yazırdı, – məhbusların yenidən tərbiyə
olunması işində müsbət nəticələrə nail olmaq üçün onların göstərdikləri səyləri
kifayət edəcək qədər qiymətləndirmək onları kəskin tənqid etməkdən və
törətdikləri qayda pozuntularına görə onları mühakimə etməkdən qat-qat
faydalıdır”.
downloaded from KitabYurdu.org