31.07.2010
Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası
Qaydalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası
Qaydaları təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 15 oktyabr 1999-cu il
№ 166
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası
QAYDALARI
«Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası
Qaydaları» «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının
Qanununa uyğun işlənib hazırlanmışdır.
QISALDILAN İFADƏLƏR
Qanun - «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının
Qanunu;
SMPDK - Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi
İddia sənədi - əmtəə nişanını qeydə almaq üçün tərtib olunan sənədlər toplusu;
Reyestr - əmtəə nişanlarının Dövlət reyestri.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
1. Əmtəə nişanı Qanunun 1-ci maddəsinə uyğun olaraq əmtəə nişanı sahibinin əmtəələrinin və
göstərdiyi xidmətlərin digər sahibkarların əmtəələrindən və göstərdiyi xidmətlərdən
fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı uzlaşmasıdır
(kombinasiyasıdır).
2. Əmtəə nişanı kimi qeydə alınan nişanlar
Qanunun 4-cü maddəsinə uyğun olaraq, əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına
bilər:
sözlər, şəxsi adlar, hərflər,
rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və onların
qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması (kombinasiyası).
Sözlər, şəxsi adlar, onların kombinasiyaları - sözdən ibarət nişanlara aiddir.
Sözdən ibarət əmtəə nişanına şərti olaraq müəssisənin adı, soyadlar, adlar, digər söz və ya
sözlər dəsti, reklam yazıları aiddir. Standart şriftlərlə işlənmiş sözlərdən ibarət nişanlar
istənilən qrafik yazılışda istifadə oluna bilər. İddia olunan işarə ölkədə işlədilməyən və ya
məlum olmayan qeyri-adi şriftlə verildiyi halda, onun dövlət dilinə transliterasiyası və
tərcüməsi (mənaca təsviri) və ya etimoloji izahı tələb olunur.
Hərflər və rəqəmlər (şərti olaraq sözlərdən ibarət əmtəə nişanına aid) fərdi şəkildə bədii
transformasiyada təsvir olunan şrift
vahidi və rəqəmlərə, həmçinin göstərilən elementlərin
müxtəlif kombinasiyalarına aid edilir (standart şrift vahidi və rəqəmlər əmtəə nişanı kimi
qorunmur).
Təsviri elementlər kimi canlı vücud, cansız əşyalar, təbiət obyektləri və başqa obyektlər,
şəkillər və rəmzlər, həmçinin istənilən formalı fiqurlar, xətlərin və ləkələrin kombinasiyası,
müstəvi fiqurlar işarə edilə bilər.
Əmtəələrin forması və ya onların qablaşdırma formaları (həcmi işarələr) təsviri elementlərə
aid edilir və özündə üçölçülü obyektləri, fiqurları, fiqurların kombinasiyasını (xətləri) əks
etdirir. Onlar, xüsusən, əmtəənin forması və ya əmtəələr üçün konteynerlərin istənilən formalı
tərtibi, onların qablaşdırılması (bükülməsi), reklamların predmeti, həmçinin binanın interyer
dizaynı, orijinal və qeyri-adi formada ola bilər.
Rənglərin kombinasiyası rəngli yazılı işarələri, təsviri işarələri, əmtəələrin formasını,
qablaşdırılmasını, onların rəngli tərtibatda istənilən kombinasiyasını, həmçinin rənglərin
uzlaşmasını (kombinasiyasını) özündə əks etdirir.
Kombinasiyalı nişanlar sözlərin, təsviri elementlərin üçölçülü forması və rəngli işarələrin
kombinasiyasını özündə əks etdirir.
Əmtəə nişanı istənilən rəngdə və ya rənglərin uzlaşmasında, ağ-qara tərtibat da daxil olmaqla
qeydə alına bilər.
3. Mühafizə qabiliyyətinin meyarları
Əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya
göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən
fərqləndirməkdən ibarətdir. Belə ki, əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmaqla
yanaşı, əmtəənin mənşəyini istehlakçıya bildirməli, müxtəlif istehsalçılar tərəfindən istehsal
olunan əmtəələri bir-birindən fərqləndirməlidir.
Nişanın fərqlənmə qabiliyyəti şərtsiz qəbul olunan və dəyişməyən faktor deyil.
Əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmadıqda, onun əmtəə nişanı kimi qeydə
alınması, yalnız istifadə prosesində fərqli xüsusiyyətlərə malik olmasından asılı ola bilər.
4. Əmtəə nişanını qeydə almaqdan imtinanın mütləq əsasları
Qanunun 5-ci maddəsinə uyğun olaraq, aşağıda göstərilən nişanların qeydə alınmasına yol
verilmir:
a) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən
nişanlar (işarələr). Onlara xüsusən aşağıdakılar aid edilir:
qrafik xarakterli ifa olmayan, ayrıca şəkildə özündə hərfləri, rəqəmləri əks etdirən nişanlar
(işarələr), xətlər, sadə həndəsi fiqurlar, həmçinin tərkibinə daxil olan elementlərin ayrı
ayrılıqda yaratdığı təsəvvürlərdən fərqli olan və kəmiyyətcə başqa təsəvvür yaradan, onların
kompozisiya yaratmayan uzlaşmaları, əmtəələrin sadə təsvirləri;
b) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə
onların istehsal olunduğu yeri, tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar (işarələr).
Onlara xüsusən aşağıdakılar aiddir:
əmtəələrin sadə adı, kateqoriya işarələri, əmtəələrin xassəsinə göstərişlər (o cümlədən
təriflər), materialın və ya xammalın tərkibinə göstəriş, əmtəənin qiymətinə, həcminə, çəkisinə
göstəriş, əmtəənin istehsal tarixi, istehsalatın yaranma tarixinə dair məlumatlar, müəssisənin
istehsal yönümü, istehsalçının və vasitəçi firmanın (yalnız yazı işarəsindən ibarət) ünvanı;
c) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə
tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları. Bu cür nişanlara aid edilir:
şərabların və spirtli içkilərin adlarında coğrafi göstəriciləri özündə eyniləşdirən (əks eləyən),
lakin onlarla heç bir əlaqəsi olmayan nişanlar (belə ki, şərabların və spirtli içkilərin adında
coğrafi göstəricini təsvir edən nişan (işarə) saxta olur, yəni onların təsvir edilən ölkə, regionla
əlaqəsi olmur);
ç) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri