101
keçmişdəki inqilabi təcrübəsi də öz növbəsində az rol oynamadı, hadisələrin
gedişi vətənpərvər qüvvələrin vahid bir milli siyasi mərkəzdə birləşməsini və
Azərbaycanın müqəddəratının həll olunmasını tələb edirdi. ADF-nın
(Azərbaycan Demokratik Firqəsi) yaranması da bu tarixi ehtiyacdan irəli
gəlirdi.
40-cı illərin əvvəlində başlamış demokratik hərəkatın 1941-1945-ci illəri
əhatə edən birinci mərhələsində Güney Azərbaycanda yeni ictimai-siyasi
fəallıq şəraiti yaranmışdı. Bu mərhələdə hərəkatın əsas xüsusiyyəti
dərketmənin, milli şüurun, misilsiz dərəcədə inkişafı oldu. Diktatura
rejimindən xilas olub istiqlal uğrunda mücadilə yoluna keçən xalq onun əsas
təzahürlərindən biri kimi ana dilində danışmağa, yazıb-oxumağa başladı.
1941-44-cü illərdə ana dilində bir çox nüfuzlu qəzetlər nəşr olunurdu.
«VƏTƏN YOLUNDA» QƏZETİ
(1941-1946)
II Dünya müharibəsindən sonra almanlar İranda fəallaşmışdı. Hakim
rejimdən dəstək alan almanlar ölkənin ərazisindən SSRİ-yə qarşı təxribat və
casusluq üçün istifadə edirdilər. SSRİ belə halların qarşısını almaq üçün (1921 -
ci ildə bağlanmış, Sovet-İran müqaviləsini əsas tutaraq) bir neçə dəfə nota
göndərdi. Lakin qarşı tərəfdən cavab almadı.
İrandakı da öz növbəsində sovet kəşfiyyatı oradakı vəziyyət haqqında
xüsusi məlumat toplayıb göndərirdi. Stalin Güneydə tapladanan hüquqları
uğrunda mübarizəyə qalxmağa hazır olan sosial-siyasi qüvvələrin
mövcudluğunu bilirdi.
Digər bir tərəfdən isə sovet qoşunlarının həmin əraziyə daxil olması üçün
şərait yetişmiş oldu. Qırmızı ordu 1941-ci il avqustun 25-də sərhədi keçib,
Güney Azərbaycana daxil oldu. Az sonra Britaniya və ABŞ-da İrana qoşun
yeritdilər. Rza şah ölkənin şimal və cənubunda yerləşən qoşunlara müqavimət
göstərə bilmədi, ölkəni tərk etmək məcburiyyətində qaldı. Bu barədə
102
M.C.Pişəvəri yazırdı: «1320-ci ilin şəhrivər ayında baş vermiş hadisə bizi
qafilgir etdi. Xalq bu hadisədən köklü, istədiyi kimi, layiqincə istifadə edə
bilmədi. Şəhrivərdən sonra diktator qaçdı. Diktatorun istifadə etdiyi dövlət
maşını olduğu kimi yerində qaldı» (43, 269). Beləliklə, hakimiyyətə şahın oğlu
Məmmədrza Pəhləvi gəldi. Lakin o da İranın Cənubi Azərbaycana qarşı
siyasətində heç bir dəyişiklik etmədi.
Quzeyli qardaşları ilə yaxınlığa güclü meyl olması Stalinin cənub haqqında
düşünülmüş gizli planlarına tam cavab verirdi. Qırmızı ordu ilə birlikdə bir
qrup Azərbaycan ziyalıları da Təbrizə gəldilər. Başda Bağırov olmaqla onun
rəhbər partiya və dövlət işçiləri, ziyalıları, hərbi qulluqçuları və s. üzərinə
fövqəladə və səlahiyyətli bir vəzifə Güney Azərbaycanda milli-mədəni və siyasi
dirçəlişə yardım vəzifəsi qoyulmuşdu.
«Vətən yolunda» qəzeti sovet ordusu tərkibində Güney Azərbaycana
gəlmiş yaradıcı ziyalıların iştirakı ilə hazırlanırdı. Qəzetinin ilk sayı 1941-ci
ilin oktyabr ayının 11-də çapdan çıxmışdır. Qəzet Azərbaycan dilində günaşırı
nəşr olunurdu. Qeyd etmək lazımdır ki, «Vətən yolunda» qəzeti 1920-ci ildə
Xiyabani hərəkatı yatırıldıqdan sonra Azərbaycan dilində çıxan ilk qəzetlərdən
olmuşdur (İki dildə çıxan qəzetlər mövcud olsa da, Azərbaycan dilində
materiallara çox az yer ayrılırdı – P.M.). Qəzetin nəşr olunduğu müəyyən
dövrlərdə (1941-1946) baş redaktorları Mirzə İbrahimov Həsən Şahgəldiyev və
Rza Quliyev olmuşlar. Qəzetin redaksiyasında şairlərdən Süleyman Rüstəm,
Osman Sarıvəlli, Məmməd Rahim, yazıçılardan Süleyman Rəhimov, Əvəz
Sadıq, Qılman Musayev (İlkin), Seyfəddin Dağlı, Cabbar Məcnunbəyov,
jurnalist, elm və incəsənət xadimlərindən İsrafil Nəzərov (məsul katib), Əsgər
Ağayev, Qulam Məmmədli, Ələkbər Abbasov, Nüsrət Bağırov, Həmid
Yolçiyev, Cavanşir Şirinov, Cəfər Xəndan (baş redaktor müavini), Mehdixan
Vəkilov, Mirzağa Quluzadə, Rəhim və Məmmədağa Sultanov qardaşları,
rəssamlardan İsmayıl Axundov, Kazım Kazımzadə, Salam Salamzadə və bir çox
başqaları işləmişlər (54, 79). Şimaldan gələn bu yaradıcı ziyalılar tərəfindən
qoyulan bünövrəni cənublu həmkarları davamlı inkişaf etdirmişlər.
103
Qeyd etmək lazımdır ki, M.C.Bağırovun təşəbbüsü ilə yerli əhali arasında
siyasi, ideoloji, mənəvi, mədəni iş aparmaq və həm də onlara qayğı göstərmək
məqsədi ilə Azərbaycan K(b)P MK-nın katibi Əziz Əliyevin rəhbərliyi altında
xüsusi qrup yaradılmışdı. Bu qrupda təbliğat məsələləri Süleyman Rəhimova,
inzibati-təsərrüfat
işləri Meybalı Əmiraslanova, xüsusi əməliyyatların
aparılması Ağasəlim Atakişiyevə, tibb-sanitar xidməti Mustafa Quliyevə,
Azərbaycan dilində çıxacaq ordu qəzetinin redaktorluğu Mirzə İbrahimova
tapşırılmışdı (23, 44). Sentyabrın 21-dən Cənubi Azərbaycanda fəaliyyətə
başlamış missiya tez bir zamanda əhalinin rəğbətini qazana bilmişdi. (Qrupun
tədbirləri nəticəsində Cənubi Azərbaycanda yeyinti və sənaye malları qıtlığı
aradan götürülmüş, əhaliyə pulsuz tibbi yardımlar göstərilmişdi). Ən başlıcası
isə bütün bu xidmətləri göstərənlər yerli əhali ilə doğma dildə danışırdı.
Nəzərə almaq lazımdır ki, Sovet Azərbaycanından getmiş qrupun maddi,
mənəvi qayğısı nəticəsində Cənubi Azərbaycan əhalisində sovetlərə qarşı
hörmət hissi yaranırdı. Əgər belə bir qrup orada fəaliyyət göstərməsəydi və
yerli əhali ilə səmimi münasibətdə olmasaydı, yalnız sovet hərbi hissələrinin
ölkə ərazisinə daxil olması Azərbaycan xalqı tərəfindən bir o qədər də maraqla
qarşılanmazdı (2, 14).
«Vətən yolunda» ilə yanaşı digər şəhərlərdə Urmiyada Zülfəli İbrahimovun
redaktorluğu ilə Azərbaycan dilində «Qızıl əsgər» (redaksiya heyətində Nüsrət
Bağırov, A.İsayev, Şəmsi Bədəlbəyli də çalışırdılar), Rəştdə isə Xasay
Vəzirovun redaktorluğu ilə fars dilində «Sərbaze sorx» (Qızıl əsgər) qəzetləri
çıxırdı.
Qəzetin fəaliyyətini şərti olaraq iki yerə ayırmaq olar. 1941-1942-ci illəri
əhatə edən ilk dövrdə bu mətbu orqanının 89 sayı nəşr olunub. 1944-cü ilin
aprel ayından qəzet özünün ikinci dövr fəaliyyətinə başlayıb. 1946-cı ilin may
ayına qədər davam edən qəzetin ümumilikdə 406 sayı çapdan çıxmışdır.
Görkəmli tədqiqatçı Cəfər Xəndan bu qəzetdə çalışmaqla bərabər, onun
fəaliyyətini geniş şəkildə işıqlandırmışdır. O yazırdı ki, qəzetin Cənubi
Azərbaycanın bütün şəhər və kəndlərində, Tehranda, Qəzvində və s. yerlərdəki
Dostları ilə paylaş: |