104
azərbaycanlılar arasında oxucuları var idi. İran şəraitində əksər qəzetlərin 300 -
dən 3000-ə qədər oxucusu olduğu halda, «Vətən yolunda»nın oxucuları 15000-
dən artıq idi. Oxucular günaşırı çıxan bu qəzetin hər nömrəsini səbirsizliklə
gözləyir və yığıb saxlayırdılar. «Əgər ilk fəaliyyət dövründə qəzet əsasən sovet
mühərrir və yazıçılarının qüvvəsilə çıxmış və siyasi-ictimai materiallar
vermişsə, ikinci dövrdə çoxlu yerli şair və mühərrir toplaya bilmişdir» (46,
153). Yerli şair və mühərrirlərə gəldikdə onların sırasına: Mirmehdi Etimad, Əli
Fitrət Balaş Azəroğlu, Çavuşi, Əli Tudə, Mədinə Gülgün, Mirrəhim Vilayi,
Məhəmmədlu Əbbasi, Hilal Nasiri, Məhəmməd Buriya daxil idi.
Qəzetin xalq arasındakı nüfuzunu göstərmək üçün yerli müəllif
M.Biriyanin qəzetin ilk çapından təxminən 1 ay sonra yazdığı məqaləyə nəzər
salmaq kifayətdir. «Təbriz məktubları» rubrikası altında çap olunmuş məqalədə
yazılırdı: Mehrin (oktyabr ayı nəzərdə tutulur – P.M.) 22-də saat 10 radələrində
Tərbiyət xiyabanı qarşısından keçərkən əhalinin bir nəfər kiçik oğlanın
dövrəsinə yığışaraq qəzet almalarını gördüm. Saqqalı ağarmış bir qoca kişi
əlində pul tutaraq camaatı itələyə-itələyə ruznamə almaq istəyirdi. Müsaidə
edərək ruznamənin birini alıb ona verdim. O sevincək ruznaməni alaraq dedi:
Ağa, əgər mümkün olarsa bir az oxu görək nə yazırlar. Onun xahişini yerə
salmadım, oxudum. qoca dərindən bir ah çəkdi. Mən heyrətlə səbəbini sual
etdim. O üzünü mənə tutub: - Çox şükür ki, belə sadə dildə yazırsınız dedi və
ruznaməni əlimdən alıb mənimlə xudahafizləşdi. Və ömrünün son illərində
Azərbaycan dilində yazılmış ruznaməni əlləri titrəyə-titrəyə başqalarına
göstərmək üçün sürətlə getdi» (110, 1941, №6).
Yaradıcı qrupa daxil olan yazıçı Qılman İlkin o günləri xatırlayıb yazırdı:
«Biz orada azərbaycanlı əsgərlər üçün qəzet nəşr etməli idik. Qəzetin yerli əhali
tərəfindən oxuna bilməsi üçün onun ərəb əlifbası ilə çap edilməsi qərara
alınmışdı. Çünki İran qəzetləri müharibə əməliyyatları və cəbhələrdəki
hadisələr barədə səhv məlumat verir, hadisələr almanların xeyrinə olaraq, təhrif
olunurdu. Sovet qoşunlarının cəbhədəki vuruşmalarını biz olduğu kimi yerli
əhaliyə çatdırmalı idik» (89, 1999, №3, 40).
105
Qəzetin birinci mərhələdə cəmi 6 ay fəaliyyət göstərib qapadılması Güney
Azərbaycanda olan siyasi işçilərin Bakıya geri çağırılması ilə əlaqədar idi. Onu
da qeyd etmək lazımdır ki, Təbrizdə fəaliyyət göstərən işçi qrupu ilə Sovet
Hərbi diplomatik nümayəndələri arasında münasibətlər ziddiyyətli idi. O
dövrdə baş verən hadisələri araşdırmaya cəlb edən C.Həsənli yazır: «Güney
Azərbaycandakı proseslərin getdikcə milli müstəviyə keçməsi sovetləri o qədər
də təmin etmirdi... Hətta A.Smirnov ilk olaraq türk dilində çıxan və Güney
Azərbaycanda əl-əl gəzən «Vətən yolunda» qəzetinin bağlanması haqqında
SSRİ Xarici İşlər Komissarlığına müraciət də etmiş, lakin M.C.Bağırov da öz
növbəsində «Vətən yolunda» qəzetinin bağlanmasına etirazını bildirmişdi» (23,
s.64-65).
Bundan əlavə 1941-ci ilin noyabrında sovetlərin qərbdə olduğu kimi,
cənubda da öz sərhədlərini genişləndirmək» prosesinin başa çatması
gözlənilirdi. Lakin sovet-alman cəbhəsində vəziyyətin gərgin xarakter alması
SSRİ-ni öz planlarından yayındırırdı. 1942-ci il yanvar ayının 29-da İranın ərazi
bütövlüyü haqqında üçtərəfli bəyannamənin imzalanması Azərbaycan
məsələsini xeyli çətinləşdirdi. Sovetlər Birliyi bir də bu məsələyə böyük
müharibədə əsaslı döyüş başa çatdıqdan sonra qayıtdı (24, 4).
1944-cü ildə Güney Azərbaycana yenidən işçi qrupu göndərilmişdi.
Bununla da 2 ildən sonra 1944-cü ilin aprelindən Təbrizdə «Vətən yolunda»
qəzetinin nəşri bərpa edilmişdi. Qəzetin II fəaliyyət dövründə redaktoru
H.Şahgəldiyev idi. Qəzet tək Təbrizdə deyil, bütün Güney Azərbaycanın
şəhərləri, hətta Tehranda belə yayılıb, böyük maraqla oxunurdu. Qəzetin işi ilə
bağlı Cəfər Xəndan və Qulam Məmmədli digər şəhərlərə ezam olunurdular.
Ənvər Məmmədxanlı xatirələrində yazırdı: «Təbriz ziyalılarınınn
redaksiyamız ətrafında toplaşması qarşılıqlı olaraq, hər iki tərəfə çox xeyir
verdi. Biz Cənubi Azərbaycanı onların vasitəsilə daha dərindən öyrəndik. Onlar
da «Vətən yolunda» qəzetinin Azərbaycanda yerinə yetirdiyi bir çox xidmətləri
sırasında müasir Azərbaycan dilinin inkişafı səviyyəsini mənimsəyir, dilin yad
tərkibdən təmizlənməsi proseslərinin nə qədər uğurlu və vacib olduğunu
106
görürdülər. «Vətən yolunda» qəzeti yerli ədəbi qüvvələrin yetişməsində böyük
rol oynadı. Qəzet tez-tez öz səhifələrini gənc şairlərin ixtiyarına verirdi (78, 11
may 1990). Beləliklə, «Vətən yolunda» qəzeti Güney Azərbaycanda ana dilində
ədəbiyyatın inkişafı üçün geniş imkanlar yaradırdı.
Qəzetdəki ədəbi-bədii əsərlər əsasən Güney Azərbaycandakı ictimai-siyasi
proseslər, ölkədə yaranan demokratik əhval-ruhiyyə, yeni qurulmuş Milli
Hökumət ətrafında birləşirdi.
Qəzetdə çap olunan mövzulara gəldikdə isə onlar iki istiqamətdə idi. I.
sovet sosialist ideologiyasının təbliği, II. yerli əhalinin maarifləndirilməsi.
Birinci sıraya daxil olan yazılarda sovet döyüşçülərinin cəbhədəki
qəhrəmanlıqları, antifaşist təbliğatı, sovet cəmiyyətinin və sovet həyat tərzinin
gözəl boyalarla təsviri, sosializmin kapitalizmdən üstün olduğunu «ciddi
cəhdlə» göstərməklə sovet cəmiyyətinin gələcəkdəki xoşbəxt proqnozu
verilirdi. «Böyük Vətən müharibəsi cəbhələrində», «Böyük Vətən müharibəsi
qəhrəmanları», «Xarici ölkələrdə», «Beynəlxalq mövzuda», «Sovet İttifaqında»
və s. rübrikalar altında gedən bu yazılar o illərdə sovet mətbuatında dərc edilən
materialların bir növ eyni idi. Ona görə də bu sıraya daxil olan materialların
təhlilinə toxunmayıb ondan yan keçəcəyik. İkinci sıraya isə Azərbaycan
mədəniyyətini, Azərbaycan klassik və çağdaş dövründəki ədəbi simaları, dil və
ədəbiyyat tarixi, dünya ədəbiyyatı nümunələrini, məktəb və maarif sahələrini
özündə əks etdirən yazılar daxil idi.
Bundan başqa Cənubi Azərbaycandakı ictimai-siyasi proseslər, ölkədə
yaranan demokratik əhval-ruhiyyə, xalqın milli azadlıq hərəkatının əhalinin
bütün təbəqələrini əhatə etməsi və yüksələn xətt üzrə inkişaf edərək Milli
Hökumətin qurulması ilə nəticələnməsi həm şimal, həm də cənublu müəlliflərin
bəhrələndiyi əsas mənbələrdən idi (2, 115).
Tədqiqatçı G.Ağayeva haqlı olaraq yazır ki, qəzetdə çap olunmuş bədii
əsərlərə diqqət yetirdikdə təkcə cənub şairlərinin deyil, şimaldan getmiş
müəlliflərin də yaradıcılığında maraqlı bir mərhələnin yarandığının şahidi
oluruq. Belə ki, bir tərəfdən 1937-ci ilin repressiya tufanından, digər tərəfdən
Dostları ilə paylaş: |