120
mənafeyini müdafiə edən qanunlara yenidən baxılmasını, Azərbaycanın qanuni
hüquqlarının «müdafiə edilməsini» və s. tələb edirdi. «Cəmiyyət»in
proqramının iqtisadi tələbləri sırasında Azərbaycanda yeni sənaye obyektləri
tikilməsi, işsizliyin aradan qaldırılması, Azərbaycanın sərvətinin həmin və digər
məqsədlə vilayətdə sərf olunması kimi tələblər qeyd olunur. Azərbaycan
azərbaycanlılar üçündür şüarı ilə çıxış edən «Cəmiyyət» mədəni sahədə «mütləq
azadlığa», yəni dil, adət… azadlığına tamamilə riayət olunmasını, ana dilində
bütün səviyyələrdə tədris və kitab nəşr edilməsini və s. tələb edirdi (41, 109).
«Cəmiyyət» azərbaycanlılarda öz dili haqqında obyektiv təsəvvür
yaratmağa səy göstərirdi. «Azərbaycan» qəzeti azərbaycanlıların özünəməxsus
qədim və zəngin dili olduğunu xüsusi qeyd edib yazırdı: «Azərbaycan xalqı
təkcə bu dildə danışmamış, həm də həmin dildə zəngin mədəniyyət abidələri,
ədəbiyyat yaratmış və yaratmaqdadır. Bunu nümayiş etdirmək üçün qəzetdə
Azərbaycan ədəbiyyatı haqqında yazılar, Azərbaycan nağıllarından, atalar
sözlərindən nümunələr, kiçik hekayələr və nəhayət hər nömrədə bir və ya iki
müasir şeir parçası və s. dərc edilirdi. Azərbaycan tarixinin bəzi səhifələri
haqqında verilən yazılar da tarixi milli şüuru möhkəmləndirməyə xidmət edirdi
(41, 109).
Qəzet ətrafında milli əqidəli yaradıcı ziyalıları toplayırdı. Güney
Azərbaycan ədəbiyyatının tədqiqatçısı Sabir Əmirov qəzetin səhifələrində çıxış
edən M.Biriya, Ə.Fitrət, Süleyman Əmini, Sədi Yüzbəndi, Ələkbər Həddad,
Məhəmmədhüseyn Təvəkkülü kimi fəal müəlliflərin əvvəllər Bacadanbaxan,
Qələndər, Huşsuz, Quldur, Uzaqdanbaxan, Bülbül, Mirzə Qəmiş, Çuvalduz kimi
gizli imzalardan istifadə etdiyini, sonralar isə özlərinin açıq imzaları ilə
yazmağa başladıqlarını qeyd edib yazır ki, müəlliflər öz sələfləri olan «Molla
Nəsrəddin» və satirik «Azərbaycan» (1906-1907) jurnalının həmişəyaşar
ənənələrindən ustalıqla istifadə edir, Sabir və Möcüz irsinə sonsuz məhəbbətlə
yanaşır, zamanla səsləşən karikaturalara geniş yer verirdilər (16, 14).
Qəzetin səhifələrində həmçinin xalq yaradıcılığına geniş yer ayrılırdı.
121
Qeyd etmək lazımdır ki, «Azərbaycan» qəzeti cəmi 6 ay fəaliyyət göstərdi.
Xalqı «xabi-qəflət»dən oyadan qəzetin nüfuzu hakim dairələri təşvişə salırdı.
Ona görə də 1942-ci ilin aprelində «Azərbaycan» cəmiyyətinin fəaliyyəti
dayandırıldı. Onun orqanı olan «Azərbaycan» qəzeti isə bağlandı.
1945-ci ildə «Azərbaycan» qəzeti ikinci fəaliyyət dövrünə başlayıb öz
nəşrini davam etdirdi.
Güney Azərbaycan mətbuatının tədqiqatçısı Solmaz Rüstəmova (Tohidi)
ümumiyyətlə, «Azərbaycan» qəzetinin nəşri tarixini dörd dövrə ayırır: birinci
dövr 1941-1942, ikinci dövr 1945-1946, üçüncü dövr 1947-1974, dördüncü dövr
1975-ci ildən bu günə qədər (4, 12).
1945-ci il sentyabrın 5-də «Azərbaycan» qəzetinin nəşri bərpa olundu.
Qəzet həmin ildən etibarən materiallarını Azərbaycan tükcəsində çap edirdi
(1941-42-ci illərdəki saylarının əksəriyyəti farsca idi – P.M.). Onun
səhifələrində farsca materiallara isə çox cüzi hallarda rast gəlinirdi. Qəzetdə çap
olunan məqalələrdə azərbaycançılıq ideyası əsas yerlərdən birini tuturdu.
Azərbaycan Demokratik Partiyasını təmsil edən qəzet öz fəaliyyət proqramını
bəyan edib yazırdı: «Biz bütün İranda həqiqi demokratik ümumun bərpasını,
Azərbaycan xalqına daxili azadlıq və muxtariyyət verilməsini, bütün millətin
adilanə qanunlarını gözləməklə bərabər, Azərbaycanın öz müqəddəratını təyin
etməsini istəyirik» (72, 1945, №7).
1941-ci ildən nəşr olunan «Azərbaycan» qəzeti 1945-ci ildə Milli
hökumətin rəsmi orqanı kimi fəaliyyət göstərirdi. Həftədə 2 dəfə nəşr olunan
qəzetin 371 sayı işıq üzü görüb. Qəzetə müxtəlif dövrlərdə Hacı Əli Şəbüstəri
(№1-dən 30-a qədər), Əhməd Musəvi (№ 88-dən 151-ə qədər) Fəthi Xoşginabi
(№152-dən № 242-yədək və №289-dan № 370-ədək) İsmayıl Şəms (№213-dən
№ 288-ə qədər) redaktorluq etmişdir. Qəzet 30-cu saydan 90-cı saya qədər isə
redaksiya heyətinin məsuliyyəti altında çap olunurdu. Qəzet orqanı olduğu
Azərbaycan Demokrat partiyasının məqsəd və məramını sadə Azərbaycan
dilində xalqa çatdırırdı. Ölkədə baş verən gündəlik hadisələri, siyasi-ictimai
məsələləri işıqlandırırdı. Milli hökumətin götürdüyü xətti dəstəkləyən qəzet
122
yazırdı: Biz bütün İranda həqiqi demokratik üsulun bərpasını, Azərbaycan
xalqına daxili azadlıq və muxtariyyət verilməsini, bütün məmləkətin adilanə
qanunlarını gözləməklə bərabər Azərbaycanın müqəddəratını özü təyin etməsini
istəyirik (72, 1945, №5).
Qəzet ilk dövrdə həftədə 2 dəfə çıxırdısa, 1945-ci ildən gündəlik nəşr
olunurdu. Onun səhifələrində Güney Azərbaycanın tanınmış şairləri Əli Fitrət,
Mehdi Etimad, M.C.Çavuşi ilə yanaşı, Hüseyn Səhhaf, Yəhya Şeyda, Fəxrəddin
Məhzun, Hüseyn Cavan kimi şairlərin poetik nümunələri tez-tez dərc olunurdu.
Qəzetin II dövrünün ilk aylarından M.Tahirin Azərbaycan ədəbiyyat tarixində
Möcüz, M.Naçivaninin Mirzə Məhəmmədəli Tərbiyət, Novruzun Şeyx
Məhəmməd Xiyabani (silsilə) və s. yazılarında ədəbi və tarixi simalar hörmətlə
anılır, onların vətən və xalq qarşısında xidmətləri dəyərləndirilirdi.
O illərdə «Vətən yolunda» və «Azərbaycan» qəzetlərində folklorun
toplanıb öyrənilməsi, yayılması işi geniş yayılmışdı. Uzun illər ana dilində
təhsildən, mətbuatdan, kitab oxumaqdan məhrum olan azərbaycanlılar bəlkə də
yalnız folklorun hesabına öz milli varlıqlarını qoruya bilmişdilər. Doğma dildə
yazıb-oxuya bilməyən Güneylilərin el nəğmələri, atalar sözləri, bayatıları,
nağılları, dastanları dildən-dilə, eldən-elə dolaşırdı.
Mətbuat səhifələrində xalqın ruhuna yaxın olan folklor nümunələrinə geniş
yer ayrılırdı. Qəzet xalqa müraciət edərək oxucuları folklor nümunələri
toplamağa cəlb edir, onları araşdıraraq öz səhifələrində dərc edirdi. Dil
xüsusiyyətləri saxlanılmaqla çap olunan bu toplular xalq arasında maraqla
qarşılanır, onları ruhən öz soykökünə səsləyirdi.
«Azərbaycan» qəzetində Məhəmmədəli Fərzanənin (O, qəzetdə M.Ə.Qövsi
təxəllüsü ilə çıxış edirdi – P.M.) «Azərbaycanın milli dastanları» silsilə yazıları
dərc olunurdu. Qeyd edək ki, bu qəzetdə bayatıların ilk nümunələri və «Dədə
Qorqud» dastanları M.Fərzanənin təşəbbüsü və iştirakı ilə toplanıb nəşr
olunurdu.
«Azərbaycan» qəzetində müntəzəm olaraq xalqın tarixi qəhrəmanlıq
səhifələrindən, klassik ədəbi nümunələrdən çağdaş şairlərin əsərlərindən
Dostları ilə paylaş: |