Plan: Azərbaycan dilinin mənşəyi, geneoloji və tipoloji təsnifi


Azərbaycan əlifbasının tarixi



Yüklə 73,37 Kb.
səhifə3/4
tarix22.03.2024
ölçüsü73,37 Kb.
#183984
1   2   3   4
Plan Az rbaycan dilinin m n yi, geneoloji v tipoloji t snifi

Azərbaycan əlifbasının tarixi: Müasir Azərbaycan əlifbası ilə dilimizdəki əsas səslər-fonemlər əks edilmişdir, bu əlifbaya birdən-birə nail olunmamışdır. Azərbaycan xalqı tarixən müxtəlif ictimai, siyasi və digər səbəblərlə bağlı bir sıra əlifba sistemindən istifadə etmişdir. Azərbaycanlılar müxtəlif dövrlərdə aşağıdakı müxtəlif quruluşlu əlifbalardan istifadə etmişlər: 1.Qədim milli türk əlifbalarından (qədimdən VII əsrin II yarısına qədər); 2. Ərəb qrafikalı əlifbadan (VII əsrin II yarısından 1929-cu ilə qədər); 3. Latın qrafikalı əlifbadan (1929-1940-cı illər); 4. Kiril qrafikalı əlifbadan (1940-1992-ci illər); 5. Yenidən latın qrafikalı əlifbadan (1992-ci ildən). Qədim azərbaycanlılar tarixin uzaq keçmişində, milli-mənəvi mədəniyyətlərini yaradıb inkişaf etdirərkən başlıca mənəvi mədəniyyət vasitəsi olan əlifbadan istifadə etmişlər. Keçmişdə xalqımızın müraciət etdiyi əlifba qədim türk-uyğur, və orxon-göytürk əlifbaları olmuşdur. Azərbaycn xalqının ərəb əlifbasından istifadə etməsi ərəblərin istilası ilə bağlıdır. VII əsrin ortalarında ərəblər Azərbaycanı işğal etdikdən sonra azərbaycanlıların işlətdiyi yazı sistemi sıradan çıxarılmışdır. Bundan sonra Azərbaycan yazısında uzun zaman ərəb əlifbası işlədilmişdir. Ərəb əlifbası aşağıdakı xüsusiyyətlərə malikdir: 1) Ərəb əlifbası sami dillərin fonetik sisteminə əsasən yaradılmışdır. Sami dillər fonetik tərkibinə görə türk dillərindən tamamilə fərqlənir. 2) Bu əlifbada ərəb dilinin səslərini əks etdirən 28 qrafik işarə var, bunlardan 3-ü uzun saitlərə, 25-i isə samitlərə aiddir. Qısa saitlər (3 sait) yazılmır. 3) Əlifbadakı işarələr sağdan sola doğru yazılır. 4) Hərflərin çoxu sözün əvvəlində, ortasında və sonunda yazılarkən şəklini dəyişir, başqa qrafik formaya düşür. 5) Bəzi hərflər şəkli cəhətdən bir-birinə oxşayır, bunlar ancaq nöqtələrlə fərqləndirilir. 6) Bəzən sözün oxunmasını asanlaşdırmaq üçün sətiraltı, sətirüstü işarələrdən istifadə olunur. Azərbaycanlılardan əvvəl ərəb əlifbasını farslar qəbul etmiş və onlar əlifbaya yeni dörd hərf (ç, j, p, g) artırmışlar. Azərbaycanlılar isə ərəb əlifbasını farsların əlavəsi ilə birlikdə götürmüşlər. Bu əlifba dilimizin səs sistemini mükəmməl şəkildə əks etdirməmiş, səkkiz əlavə hərf yer almışdır. Dilimizin bütün sait sistemi bu əlifbada verilməmişdir. Bir işarə ilə dilimizin bir samiti və bir neçə saiti bildirilirdi. Vav و) ) hərfi ilə həm [v] samiti, həm də [o], [ö], [u], [ü] saitləri göstərilirdi. Bu zaman [o], [ö], [u], [ü] saitləri söz əvvəlində gələndə vav و) ) hərfinin əvvəlinə əlif (و ٳ) artırılırdı. Bəzi saitlər yazılmadığı üçün sözlər müxtəlif şəkildə oxunurdu. Nöqtələr yazı işini çətinləşdirirdi, nöqtələrin miqdarı, yeri sözün mənasını dəyişdirirdi. Ərəb əlifbası təlim işini də ağırlaşdırırdı, sözlərin yazılış və oxunuşunda ciddi çətinlik törədirdi.
İlk dəfə olaraq Azərbaycan yazısını asanlşdırmaq üçün əlifbada dəyişiklik etmək ideyası XIX əsrdə M.F.Axundov tərəfindən irəli sürülmüşdür. M.F.Axundov ərəblərin işğalı ilə minillik mədəniyyət və səltənətimizin məhv edildiyini göstərmiş, bu əlifba ilə adi savad almaq üçün hansı çətinliklərin olduğunu bildirmişdir. M.F. Axundov ərəb əlifbasında bütün sait səslərə aid hərflərin olmamasını, bəzi hərflərin eyni şəkilli olmasını, yəni bir-birinə oxşamasını, nöqtələrin çoxluğunu, hərflərin bitişən zaman müxtəlif formaya düşməsini nöqsan hesab etmişdir. M.F.Axundov ərəb əlifbasındakı belə çətinlikləri aradan qaldırmaq və tədris üçün yararlı əlifba yaratmaq üçün yeni əlifba layihəsi hazırlamışdır. Bununla o, ərəb əlifbasından istifadə edən xalqların yazısını asanlaşdırmağı nəzərdə tuturdu.1850-ci illərdən əlifbanı dəyişdirməyə çalışan mütəfəkkir əlifba üçün asan yazmağı, asan oxumağı və asan çap edilməyi əsas götürmüşdür. Əlifbanı asanlaşdırmaq uğrunda 20 ildən artıq çalışan Axundovun bu sahədəki fəaliyyətini iki mərhələyə bölmək olar: 1) İlk mərhələdə M.F.Axundov ərəb əlifbasında islahat aparmaq məqsədini qarşıya qoymuşdur. 2) Sonrakı mərhələdə isə ərəb əlifbasından tamamilə əl çəkmək tələbini əsas tutmuşdur. Birinci mərhələdə M.F.Axundov ərəb əlifbasını dəyişdirmək, sait səsləri əlavə etmək, nöqtələri atmaq yolu ilə yeni əlifba tərtib etmiş, bu layihəni Avropanın beş dövlətinə və İrana göndərmiş, 1863-cü ildə isə özü Türkiyəyə aparmış, müzakirələrə baxmayaraq qəbul edilməmişdir. Sonra ərəb əlifbası üzərində yenidən işləmiş, əvvəlki layihədə olan saitlərin artırılması, nöqtələrin çıxarılması, hər hərfə xüsusi şəkil düzəltməklə kifayətlənmişdirsə, növbəti layihədə hərfin sözdə bitişik yazılmamasını, hərfin qrafik işarəsinin dəyişilərək bitişik yazılmasının əleyhinə olmuşdur. İkinci mərhələdə M.F.Axundov mövcud əlifbanı soldan sağa yazılan əlifba ilə dəyişdirmək fikrinə düşür, yazının sağdan sola istiqamətlənməsini yazını çətinləşdirdiyini bildirir. Axundov latın hərflərini qəbul edərək yeni əlifba layihəsi hazırlamışdır, bu əlifbada 42 işarə olmuşdur, bunlardan 32-si samit, 10-u isə sait səsləri ifadə etmişdir. XIX əsrin sonu XX əsrin əvvəllərində əlifbanın dəyişdirilməsi ilə bağlı mübarizə daha da ciddiləşir, “Əkinçi” qəzeti Axundovun fikirlərini müdafiə edir. XX əsrin 20-ci illərində ziyalılar iki qrupa bölünür, bir qrup islahat aparmaqla ərəb əlifbasının saxlanılmasını, digər qrup isə ərəb əlifbasından tamamilə imtina edilməsini tələb edirdi. Latın əlifbası əsasında yeni Azərbaycan əlifbası 1922-ci ildə qəbul edildi, bu əlifbada 32 hərf və apostrof işarəsi verilmişdir. Latın əlifbasının hərfləri, demək olar ki, eyni ilə götürülmüş, latın əlifbasındakı bəzi hərflərin şəkli dəyişdirilərək (o hərfinin ortasından xətt çəkməklə ö hərfi, e hərfinin istiqamətini dəyişdirməklə ə hərfi) dilimizə xas olan səslər işarə edilmişdir. 1925-ci il 25 mayda Azərbaycan müəllimlərinin I qurultayında məktəblərdə yeni əlifbaya keçmək haqqında məsələ müzakirə olunmuş və 1925-1926-cı tədris ilində ibtidai məktəblərdə dərslər latın əlifbası əsasında keçilməyə başlanmışdı. Latın əlifbası əsasında düzəldilmiş Azərbaycan əlifbası 1922-ci ildən 1940-cı ilə kimi istifadə olunmuşdur. Azərbaycanda rus qrafikası əsasında yeni əlifba yaradılması məsələsi 1939-cu ilin əvvəllərindən irəli sürülmüşdür. Yeni əlifba komitəsi rus qrafiki əsasında yaradılmış Azərbaycan əlifbasını müzakirəyə çıxarmış, 32 hərfə 4 hərf də (я,ю,э,ц) əlavə edilərək, 36 hərf və apostrof işarəsindən ibarət yeni əlifba 1940-cı il yanvarın 1-dən latın əlifbasını əvəz etmişdir. 1947-ci ildə й hərfi, 1958-ci ildə isə я,ю,э,ц hərfləri əlifbamızdan çıxarılmışdır.
XX əsrin 90-cı illərində yenidən latın əlifbasına keçmək məsələsi ictimaiyyət tərəfindən ciddi şəkildə qaldırılmışdır. Sovet imperiyası dağılmış, türkdilli xalqlar arasında əlaqələrin möhkəmlənməsi zəruri məsələyə çevrilmişdir. Latın əlifbası dünyanın ən geniş yayılmış və sadə əlifbalarındandır. 1992-ci ildən latın qrafikalı əlifba işlənməyə başladı, 2001-ci il avqustun 1-dən tam şəkildə latın qrafikalı əlifbaya keçildi. Müasir dövrdə bu əlifba 32 hərfdən ibarətdir.

Yüklə 73,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə