Plan: Azərbaycan dilinin mənşəyi, geneoloji və tipoloji təsnifi


Ümummilli lider H.Əliyev bir natiq kimi



Yüklə 73,37 Kb.
səhifə4/4
tarix22.03.2024
ölçüsü73,37 Kb.
#183984
1   2   3   4
Plan Az rbaycan dilinin m n yi, geneoloji v tipoloji t snifi

Ümummilli lider H.Əliyev bir natiq kimi
H.Əliyev Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəldilməsində ciddi addımlar atmışdır. Belə ki, dilimizlə bağlı hər bir məqamda Heydər Əliyevin nitqi yada düşür. H.Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olmuşdur. Ümummilli lider H.Əliyev müstəqillik illərində Azərbaycan dilinin qorunub saxlanması, onun zənginləşdirilməsi istiqamətində böyük işlər gördü. Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli şüurun inkişafı, demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi zərurətə çevirdi. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanın hazırlanması olmuşdur. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, əvvəlki on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda, Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır. Həmin Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı. Dilimizin tətbiqindəki problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmiş, qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır. Müstəqilliyimizin ilk ilində-1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbil olunsa da, bu qərar H.Əliyevin müvafiq Fərmanından sonra yerinə yetirilmiş, respublikada bütün yazılı sənədləşmə işləri latın qrafikası ilə aparılmışdır. Xalqımızın ana dili olan –Azərbaycan dilinin inkişafında, onun dünya dilləri içərisində öz layiqli yerini tutmasında dilimizin zənginliklərinə bələd olan H.Əliyevin misilsiz xidmətləri olmuşdur. Onun hakimiyyəti illərində dilimizin dövlət dili kimi inkişafı dil quruculuğu ilə əlaqədar mühüm siyasəti ilə bağlıdır. Ulu öndərin dil siyasətinin ən böyük uğuru 1 Avqust –Azərbaycan dili gününün təsis edilməsidir. H.Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bir çox dünya dillərinin müəyyən tarixi hadisələrlə bağlı xüsusi günləri vardır. Türk dili günü 1932-ci ildə Mustafa Kamal Atatürk tərəfindən yaradılan “Türk dil qurumu”nun yarandığı tarixdə 26 sentyabrda qeyd edilir. Rus dili günü A.S.Puşkinin doğum tarixi ilə əlaqədar olaraq 6 iyunda keçirilir. İngilis dili günü V.Şekspirin anadan olduğu gün -26 aprel tarixində qeyd edilir. Ərəb dili günü 18 dekabrda qeyd olunur. Çin dili günü 20 aprel tarixində qeyd olunmaqdadır. Bu tarixin seçilməsi Çin təqviminə görə Guyunun qeyd olunması ilə bağlıdır, Guyu-darı yağışı anlamındadır, miflərə görə, heroqliflərin yaradıcısı Canq Jie bu heroqlifləri tapanda Allahlar göydən darı yağdırmışlar. Dilin, əlifbanın əsas qida vasitəsi olan darı ilə qarşılaşdırılması yəqin ki, bunların həyat üçün vacibliyi ilə bağlıdır.
1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili Günü kimi ölkəmizdə qeyd edilir. Bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasında H.Əliyevin misilsiz xidmətləri olmuşdur. Ümummilli lider Azərbaycan dilinin saflaşmasında, inkişaf etməsində çox mühüm qərarlar vermişdir. Respublikamızda Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə cevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması mahir natiq H.Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Böyük siyasətçi, diplomat və dövlət xadimi üçün natiqlik olduqca vacibdir. Azərbaycanda siyasi natiqliyin və natiqlik sənətinin formalaşıb inkişaf etməsində H.Əliyevin rolu əvəzsizdir. Natiqlik qabiliyyəti H.Əliyevə məxsus fitri istedadlardan biridir. Bu onun dövlətçilik təfəkkürünə yol açan vasitə idi. H.Əliyevin keçdiyi böyük ictimai-siyasi təcrübə məktəbi onun bir natiq kimi bu sənətin zirvəsinə qalxmasına imkan vermişdir. H.Əliyev bütün çıxışlarında Azərbaycan dilinin əzəmət və vüqarını önə çəkir, bildirirdi:” Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir”. Ana dilini mükəmməl bilən H.Əliyev Azərbaycan natiqlik sənətinin görkəmli nümayəndəsidir. Natiqlik sənəti dil faktlarından düzgün istifadə bacarığıdır. H.Əliyev dil faktlarını bilir, onları düzgün qiymətləndirir və yerində istifadə edir. H.Əliyev siyasi natiq olaraq səs tonuna, intonasiyaya xüsusi məna verməyi bacarırdı, bu isə natiqlikdə əsas şərtlərdən biridir. H.Əliyev həmişə və hər yerdə Azərbaycan dövlətini üstün tutaraq, siyasi nitqlərində dövlət işlərindən, dövlət əhəmiyyətli məsələlərin həllindən danışırdı. H.Əliyevin nitqində xalqa bağlılıqla bərabər, dərin məzmun və yüksək ideyalılıq mövcud idi. H.Əliyevin nitq və çıxışlarının dili niq mədəniyyəti qarşısında qoyulan bütün tələblərə cavab verən, özünəməxsus deyim tərzi ilə seçilən, üslubi baxımından bənzərsiz olan və ilk dəfə olaraq nitqdə diplomatik üslubun yaradıcısı kimi qəbul edilmişdir.
N.Xudiyev bildirir, “Hansı mövzuda məruzə və ya çıxış edirsə, yaxud söhbət-fikir mübadiləsi aparırsa, fərqi yoxdur, H.Əliyev həmişə mövzuya dərindən, yüksək professional səviyyədə bələd olduğu üzə çıxır. Konstitusiya komissiyasınıniclasından tutmuş yazıçılar, sənət adamları ilə görüşlərə qədər ən müxtəlif yığıncaqlarda Azərbaycan rəhbəri özünü həmişə olduqca sərbəst, hazırlıqlı və peşəkarcasına aparır. H.Əliyev hər hansı mövzuda məruzə, çıxış, yaxud söhbətə daim hazır olur”. H.Əliyev diqqəti məsələyə cəlb etmək üçün vəziyyəti quru rəqəmlərlə, texniki hesabat xarkterli mülahizələrlə deyil, olduqca səmimi sözlərlə təsvir edir. Onun nitqində yazılı dilin yorucu təsiri yoxdur. N. Xudiyev göstərir ki, H.Əliyevin nitqində emosionl məqamların meydana çıxması bu şərtlərlə bağlıdır: 1) natiqin bir azərbaycanlı –şərqli olaraq xarakterindəki emosionallıq təzahürləri ilə, 2) H.Əliyevin şəxsi-fərdi psixologiyası ilə, 3) dövrün, zamanın mürəkkəbliyi, ictimai-siyasi hadisələrin əsəbləri gərgin saxlaması, gözlənilməz halların meydana çıxması.
H.Əliyev Azərbaycan dilini daha geniş arenaya çıxarmış, bir çox rəsmi görüşlərdə, beynəlxalq konfranslarda ana dili onun nitqində əzəmətlə səslənmişdir. Onun çıxışlarında məzmun, forma, səslənmə, intonasiya, vurğu, dinləyicinin psixoloji durumunu hiss etmək, sözünü demək üçün zəruri məqam gözləmək və müəyyənləşdirmək qabiliyyəti çox güclüdür. H.Əliyev bütün sahələrdə olduğu kimi, dil məsələlərində də çox həssas və tələbkardır. Onun əsas silahı - söz, səs, lazımi jestlərdən istifadə qabiliyəti, soyuqqanlılıq, hadisələlə vaxtında müdaxilə etmək, inandırmaq, psixoloji təsir, faktlara əsalanmaq, manevr etmək bacarığı, inandırmaq, auditoriyanı səfərbər etmək, güclü yaddaş, fikri canlandırmaq tərzi, əks tərəfi dinləmək qabiliyyəti, auditoriyanı lazımi istiqamaətə yönəltmək, nitqi situasiyaya uyğun qurmaq, qarşı tərəfin nitqindəki əsas məqamları tutmaq və reaksiya vermək, auditoriyanı inandırmaq və nitqini o istiqamətdə qurmaq, özünü auditoriyaya tam hazırlamaq, əks tərəfdən aldığı faktdan bacarıqla istifadə etmək, auditoriyanı hazırlamaq və digər amillərdir. H.Əliyevin nitqinin gözəlliyi, dəyəri, əhəmiyyəti ondadır ki, o, öz nitqində aşağıdakı məqamları ustalıqla birləşdirir: informasiya - məntiq - dil elementləri - emosiya - tələffüz ahəngi. H.Əliyev nitqində elə bir informasiya çevrəsi yaradıri ki, dinləyici özü də hiss etmədən bu çevrəyə düşür. H.Əliyev güclü müşahidə etmə qabiliyyətinə malikdir,”söz döyüşü”ndə ona qalib gəlmək mümkün deyil, o reallığı düzgün qiymətləndirir və vaxtında böyük ustalıqla çatdırır. H.ƏIiyevin nitqi aydın mərhələlərdən təşkil olunur: giriş - analitik təhlil - xatırlatma - mətləbə qayıtma - ümumişlək sözlərlə idiomatik ifadələrin bir-birini tamamlaması - canlı danışıq dili elementlərinə müraciət - uğurlu nəticə.
H.Əliyev nitqinin emotiv intonasiyası çox zəngindir, lakin həmin emotiv zənginliyi böyük ağıl, məntiq, idrak idarə edir. Böyük siyasi şəxsiyyətin nitqi haqqında belə deyirlər: “H.Əliyevin nitqində intellektual təməli olmayan emosiya, demək olar ki, yoxdur”. Hər bir natiq nitqində üç aktı nümayiş etdirir: a) informasiya, b) məntiq, c) emosiya.
H. Əliyevin nitqində də a) informasiya, b) məntiq, c) emosiyanı müşahidə etmək mümkündür. O, bir ideoloq, bir natiq kimi zəngin informasiyaya əsaslanır, yəni həmin informasiya ilə silahlanaraq mənsub olduğu xalqın, rəhbərlik etdiyi dövlətin mənafeyini müdafiə edir. Onda informasiya o qədər zəngin olur ki, bu və ya digər sahəyə rəhbərlik edən mütəxəssisin verdiyi məlumatlarda nəyin doğru, nəyin qeyri-dəqiq olduğunu müəyyən edə bilir. H.Əliyev düşünərək fikrini ifadə edir, sanki bütün varlığı, düşüncəsi, emosiyası və daxili inamı ilə danışır. Ulu öndərin fikirləri, işlətdiyi ifadələr bu gün aforizmə çevrilmişdir. SDU-nun müəllimi L.Həmzəyeva aforizmə çevrilən fikirləri toplamışdır: “Kim müxalifətdə durursa, dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın. Həqiqi mənəviyyatı milyonlarla, milyardlarla da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər”. “Tarix həmişə hər şeyi öz yerinə qoyur”. “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır, və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”. “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir”. “Vətənpərvərlik insanın daxilindəki duyğudur. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır”. “Bir hadisənin qarşısını almaq həmim hadisə baş verdikdən sonra onun nəticələriniaradan qaldırmaqdan daha asandır”.”Heç kim əbədi qalib ola bilməz”. “Kim ki biliyindən, bacarığından artıq iddia edir, o, həmişə məğlub olur”.”Öz ana dilini bilməyən adamlar şikəst adamlardır”. “Xalq gərək daim öz kökünü xatırlasın”. “Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə tədricən gedir”.
M.T.Siseron yazır: “Ancaq müdrik adam həqiqi natiq ola bilər. Filosof natiqdən aşağı səviyyədə durur. Çünki hər filosof natiq ola bilmir, natiq isə filosofların öyrətdiyi bütün bilikləri əxz etməyi bacarır”. Natiq düşünüb danışaraq ətrafdakı insanları da düşündürməyə çalışmalıdır. Natiqin nitqi yorucu olmamalıdır, əks halda bu dinləyicini yora bilər. H.Əliyev bunu nitqində nəzərə alırdı, o öz fikrini, ideyasını yüksək inamla insanlara aşılayırdı. H.Əliyevin mimikası, jestləri, intonasiyası nitqinin təsir gücünü artırırdı. Ümummilli liderin nitqinin ən təqdirəlayiq xüsusiyyəti Azərbaycan dilini dərindən bilməsi, bununla yanaşı, mövcud mühit və şəraiti nəzərə alaraq, müvafiq dil vahidlərindən, üslublarından məharətlə istifadə etməklə auditoriyanın diqqətini cəlb etməsi idi.
H.Əliyevin diqqəti və qayğısı sayəsində XX əsrin 60-80-ci illərində nitq mədəniyyəti məsələlərinin həm nəzəri, həm də praktik şəkildə öyrənilməsi, təbliği sahəsində bir çox səmərəli işlər görülmüşdür. AMEA Nəsimi adına Dilçilik İnstitutunda 1962-ci ildən dil mədəniyyəti şöbəsi fəaliyyət göstərmişdir. Şöbə nitq mədəniyyəti ilə bağlı tədqiqatlar aparmaqla yanaşı, mətbuatda, radio və televiziyada, ədəbi və elmi əsərlərdə, dərsliklərdə olan qüsurları, dil və üslub çatışmazlıqlarını aradan qaldırmaq üçün təkliflər vermişdir. Həmin dövrdə mətbuat səhifələrində “Nitq mədəniyəti”, “Ana dilimizin saflığı uğrunda”, “Dilimiz, qeyrətimiz” və s. dimi rubrikalar altında yazılar dərc edilirdi, bunlar dilimizə qayğı, hörmət, diqqətin artırılması, onun bir ünsiyyət vasitəsi kimi qorunub saxlanılması baxımından çox əhəmiyyətli idi. 1969-cu ildə Ə.Dəmirçizadənin “Azərbaycan dili orfoepiyasının əsasları” , 1970-ci ildə isə M.Şirəliyevin “Azərbaycan dili orfoepiyasının əsasları” adlı kitabları nəşr edilmişdir. A.Abdullayevin “Müəllimin nitq mədəniyyəti haqqında” (1966), “Nitq mədəniyyəti və natiqlik məharəti haqqında” (1968) dərslik və monoqrafiyası nitq mədəniyyəti məsələlərinin tədqiqi və təbliğində xüsusi rol oynamışdır. Ə.Əfəndizadənin tərtib etdiyi “Orfoqrafiya-orfoepiya-qrammatika lüğəti”ndən (1983) yazı, tələffüz, qrammatika təlimində faydalı vəsait kimi istifadə edilir. “Nitq mədəniyyəti” (1985) adlı məcmuədə nitq mədəniyyətinin ayrı-ayrı sahələri üzrə tədqiqat çıların məqalələri verilmişdir. N.Abdullayev və Z.Məmmədovun həmmüəllif olduqları “Nitq mədəniyyəti” (1998), “Müəllimin nitq mədəniyyəti” (2003), “Orfoqrafiya və orfoepiya lüğəti” (2003), “Nitq mədəniyyətinin əsasları” (2005), N.Abdullayevin “Azərbaycan dilinin müxtəsər orfoepiya lüğəti” (2013) kimi kitablar nitq mədəniyyəti fənninin tədrisində yararlı vəsait kimi istifadə olunmaqdadır.
ƏDƏBİYYAT
1.Abdullayev A.S. Nitq mədəniyyəti və natiqlik sənəti. B.1981
2.B.Eminli, G.Paşayeva. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya.
3. Şiriyev Fikrət. Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika.B.2014
4.Azərbaycan nitq mədəniyyəti problemləri. B.1988
5. Əliyev K. Natiqlik sənəti. B.1994
6.Abdullayev N. Nitq mədəniyyətinin əsasları. B.2013
7.Tofiq Əbdülhəsənli. S.Zülfüqarlı, A.Rzai.Azərbaycan dili və nitq mədəniyyəti. B.2014
8. Tofiq Əbdülhəsənli, Aybəniz Hüseynova, Mətanət Əmrahova. İşgüzar yazışmalar. B.2011
Yüklə 73,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə