______________________________________________________ Poetika.izm
86
sorğu-sual edir. L.Feyxtvangerin “Yalançı Neron” əsərində isə imperator
öz oxşarına insan
kimi yox, meymun kimi baxır, əylənir.
Xızırın keçmişi haqqında bizə aşağıdakı məlumat verilir: “Xızırın
əsli paytaxtdan uzaqdakı bir dağ kəndindən idi. Atası sağ idi, bir də bacı-
ları qalmışdı. Anası ölmüşdü, dağ seli aparmışdı anasını. Evin bütün işini
böyük bacısı Pərnisə vardı, o görərdi. Atası da artıq yavaş-yavaş qocal-
mışdı. Şah qulluğuna getməmişdi. Bir dəfə yüzbaşılar kəndbəkənd adam
yığanda Şahın Dağıstan səfəri zamanı qızılbaşlara qoşulmuşdu, amma ki,
sonra geri döndüyündə nə üçünsə onlardan aralanmışdı. Əkər, biçər, məh-
sulunu yığar, Ərdəbilə, yaxud Təbrizə gələr, malını satar, geri dönər, ailə-
sini yarıac, yarıtox birtəhər dolandırardı. O biri bacısı Pərnisə kiçik idi”
[6, s. 107]. Xızırın ailəsinə onun saraydakı fəaliyyətinin mahiyyəti barədə
heç bir
məlumat verilməsə də, xüsusi qayğı və maddi yardım göstərilir.
Terensinin də keçmişi haqqında geniş məlumat verilir: “Onun atası
Varronun ailəsində qul olmuşdu. Qoca Varron bu ustanı azadlığa burax-
mış və ona dulusçu dükanı açmışdı. Ancaq onun oğlu Terensi dulusçuluğa
maraq göstərmirdi, onu daha çox teatr və siyasət maraqlandırırdı. O,
dövlət işləri və yaxud incəsənət haqqında danışanda dostları onun ağlını
və hadisələrə dərin nöqteyi-nəzərini yüksək qiymətləndirir, hesab edirdi-
lər ki, o sadə dulusçu olmaq üçün çox ağıllıdır. Beləliklə, atasının sağlı-
ğında dükanın işləri ilə az maraqlanan Terensi onun ölümündən sonra
dükanı ümumiyyətlə atdı” [10, s. 9].
Neronun əyləncəsinə çevrilən Terensinin qazancı kiçik emalatxana-
sının sarayın sifarişlərini yerinə yetirmək şərəfinə nail olması olur.
Hər iki əsərdə bu oxşarlıq dövlət sirri kimi gizli saxlanılır. Lakin
L.Feyxtvangerin “Yalançı Neron” əsərində Terensinin arvadı onun saray-
da nə işlə məşğul olduğunu bilir və bunu əri üçün təhqir hesab edir.
Maraqlıdır ki, xaricən heç nə ilə bir-birindən seçilməyən və eyni
funksiyanı icra edən oxşarların xasiyyətində kəskin fərqlər də özünü gös-
tərir. K.Abdullanın “Yarımçıq əlyazma” əsərində iki oxşarın xasiyyət
fərqi bu cür göstərilir: “Şah nə qədər kəskin, cəsarətli, heç kimin güna-
hından keçməyən, hamı ətrafına öz şahlıq və mürşidlik mərtəbəsindən
baxan bir sahibəzzəman, bir şəxsi-müqəddəs idisə və özü də buna sonsuz
inanırdısa, Xətai bir o qədər həlim, xoşxasiyyət, sülhməramlı insan idi”
[6, s. 141].
L.Feyxtvangerin “Yalançı Neron” əsərində Terensi də imperator
Neron kimi incəsənətə maraq göstərir. Lakin Nerondan fərqli olaraq, o
həm qorxaqdır, həm də yalançı şöhrət xətrinə öz mənliyinin alçalmasına
razı olur. Onun hərəkətləri və xarici görünüşü imperatora su damlası kimi
oxşasa da, ləyaqətsizliyi dərhal hiss olunur: “Varron bilirdi ki, əsl Neron
bu cür şəraitdə belə hərəkət etməzdi. O, hansısa bir yunan dilində sitatı
dilə gətirər və bu kəlmələri həmsöhbətinin sözlərini rədd edən bir jestlə