tut, apar. Ümidim üzüləndə sakit balero dünyasına çəkildim.
Ancaq bu, zəhərli su kimi təsir edirdi:
oradakı hər söz onu xatırladırdı. Əvvəllər yazmaq üçün mənə
sakitlik lazım idi, çünki ağlım həmişə
əlyazmadan çox, musiqiyə can atırdı. İndi isə hər şey əksinə
olmuşdu: mən yalnız balero sədaları
altında işləyə bilirdim. Mən onunla nəfəs alırdım. Həmin iki
həftədə qələmimdən çıxan məqalələrin
hamısı əsl məhəbbət məktubları idi. Axın-axın gələn məktublardan
əsəbiləşən redaksiya müdiri eşqə
düşmüş oxucuları necə ovundurmağı düşünüb tapana qədər
məhəbbət alovunu bir qədər azaltmağımı
xahiş etdi.
Dinclik tapa bilmirdim, ona görə günüm baş-ayaq gedirdi. Saat
beşdə oyanıb, qaranlıqda uzanaraq,
Delqadinanı öz qeyri-real həyatında təsəvvürümə gətirirdim:
qardaşlarını necə oyadır, onları məktəbə
yola salmaq üçün necə geyindirir, evdə bir şey varsa, necə
yedizdirir, şəhərin bir başından o biri başına
cəzasını çəkməyə – düymə tikməyə velosipedlə necə gedir. Və
təəccüblə özümdən soruşurdum:
«Düymə tikəndə qadın nə barədə fikirləşir? O, mənim haqqımda
düşünürmü? Məndən xəbər tutmaq
üçün o da mənim kimi Rosa Kabarkası arayırmı?» Tam bir həftə
ev xələtimi gecə-gündüz əynimdən
çıxarmadım, yuyunmadım, üzümü qırxmadım, dişimi
təmizləmədim, çünki məhəbbət məni çox gec
öyrətmişdi ki, insan kimdən ötrüsə özünü səliqəyə salır, ətirlənir,
mənim isə heç kimim olmamışdı.
Damiana səhər saat onda məni tor yelləncəkdə çılpaq görüb,
xəstələndiyimi fikirləşdi. Mən şəhvətdən
dumanlanmış baxışlarla onu süzüb, bir yerdə çılpaq yellənməyi
təklif etdim. O, saymazyana cavab
verdi:
– Əgər razılaşsam, nə edəcəyinizi düşünmüsünüz?
Əzabın məni necə taqətdən saldığını onda anladım. Bu
yeniyetmə həyəcanlarına görə özümü tanıya
bilmirdim. Telefondan aralanmaqdan qorxduğum üçün evdən
çıxmırdım.
Yazırdım, heç kimə zəng etmirdim və elə ilk zəngdə bunun Rosa
Kabarkas ola biləcəyini düşünüb,
telefona tərəf atılırdım. Gün ərzində tez-tez işimdən aralanıb, bu
telefonda insaf olmadığını başa düşənə
qədər günlərlə zəng vurdum.
Yağışlı bir axşam evə qayıdanda qapının ağzındakı pilləkəndə
pişiyin yumaq kimi büküldüyünü
gördüm. O, çirkli və tükləri didilmiş vəziyyətdə idi, adamın ona
yazığı gəlirdi. Təlimatdan başa
düşdüm ki, pişik xəstələnib və onu həyata qaytarmaq üçün bütün
tapşırıqlara əməl etdim. Gündüz,
siestadan sonra oyananda isə pişiyin məni Delqadinanın evinə
aparıb çıxara biləcəyi qəfildən ağlıma
gəldi. Onu bazar zənbilində Rosa Kabarkasın hələ də möhürlü
qalmış və heç bir həyat işartısı
duyulmayan evinə gətirdim, ancaq pişik zənbildə çırpınmağa
başladı, nəhayət, tullanıb çəpərdən bağa
aşaraq, ağacların arasında yoxa çıxdı. Mən qapını yumruqladım;
içəridən kimsə əsgəri qaydada
soruşdu: «Gələn kimdir?».«Özümüzünkülərdir, – mən də eyni
tərzdə cavab verdim. – Ev yiyəsini
axtarıram». «Ev yiyəsi yoxdur», – içəridəki dedi. «Açın, heç
olmasa, pişiyi götürüm». – «Pişik
yoxdur», – içəridən eşidildi. Mən soruşdum: «Siz kimsiniz?»
– Heç kim, – içəridən cavab gəldi.
Həmişə elə hesab etmişəm ki, «məhəbbətdən ölmək» ifadəsi
şairlərin uydurmasıdır. Ancaq həmin
axşam onsuz və pişiksiz evə qayıdanda əmin oldum ki, belə deyil,
mən özüm, qoca və tənha adam
məhəbbətdən ölürəm. Bir şeyin də həqiqət olduğunu anladım:
dünyanın heç bir ləzzətini öz əzablarıma
dəyişməzdim. Leopardinin «Mahnılar»ını tərcümə etmək üçün on
beş ilimi itirmişdim və yalnız həmin
axşam onları əsl mənada hiss etdim: «Nə bədbəxtəm, əgər
məhəbbət budursa, bəs əzab nədir».
Ev paltarında və üzü tüklü vəziyyətdə redaksiyaya gəlişim ağlım
barədə bəzi şübhələr doğurdu. Şüşə
arakəsmələrlə ayrı-ayrı kiçik otaqlara bölünərək, yenidən qurulan
redaksiya tavandan düşən işıqda
doğum evinə oxşayırdı. Süni surətdə yaradılan sakitlik və rahatlıq
şəraiti adamı pıçıltı ilə danışmağa,
barmaqlarının ucunda yeriməyə vadar edirdi. Vestibüldə keçmiş
krallar kimi üç ömürlük prezidentin yağlı boya ilə çəkilmiş portreti
və redaksiyaya görüşə gələn məşhur adamların fotoşəkilləri
nəzərə
çarpırdı. Öndəki böyük zalın layiqli bir yerindən redaksiyanın indiki
tərkibinin mənim ad günümdə
çəkilən iri fotoşəkli asılmışdı. Özümü saxlaya bilməyib, fikrimdə
onu otuz yaşımda çəkilən şəkillə
müqayisə etdim və bir daha əmin oldum ki, fotoşəkildə həqiqətdə
olduğundan daha çox və daha pis
qocalırsan. Yubileydə məni öpən katibə xəstə olub-olmamağımla
maraqlandı. İnanmaması üçün ona
həqiqəti deməkdən xoşbəxtlik duydum: «Məhəbbətdən
xəstəyəm». Qadın bərkdən dedi: «Heyif ki,
mənə olan məhəbbətdən yox!». Mən komplimentlə cavab verdim:
«Nahaq yerə belə əminsiniz».
Cinayət şöbəsinin redaktoru öz otağından çıxa-çıxa qışqırdı ki,
iki qız meyiti tapılıb, şəxsiyyətləri
müəyyənləşdirilməyib. Mən qorxdum: «Neçə yaşındadırlar?».
«Gəncdirlər, – cavab verdi. – Görünür,
rejimin qatillərindən, muzdlularından qaçaraq, orta rayonlardan
gələnlərdir». Mən rahatca nəfəs aldım.
«Hadisələr qan ləkəsi kimi yavaş-yavaş böyüyüb, bizi də batırır»,
– mən dedim. Redaktor uzaqdan
qışqırdı:
– Qanda yox, maestro, zibilin içində batırıq.
Bir neçə gün sonra Mundo kitab mağazasının qarşısında əlində
pişik üçün səbət tutmuş bir qız sürətlə
yanımdan keçəndə lap betər vəziyyətə düşdüm. Məni titrətmə
tutdu. Günortanın səs-küylü basabasında
adamları dirsəyimlə itələyə-itələyə qızın dalınca qaçdım. Qız çox
gözəl idi və mənim çətinliklə
yardığım insan selinin arasından rahatca sivişib keçirdi. Axır ki,
onu qabaqlayıb, sifətinə baxdım. O
Dostları ilə paylaş: |