Açıq Cəmiyyət İnstitutu Yardım Fondu



Yüklə 20,86 Kb.
tarix17.09.2017
ölçüsü20,86 Kb.
növüYazı
YOL POLISI ILƏ BAĞLI LAYIHƏ HƏYATA KEÇIRILIR


Jurnalistlər üçün araşdırma yazıları yazmaq və təlimlərdə iştirak nəzərdə tutulur. Müraciətlər artıq qəbul olunur.

RƏQƏMSAL INKIŞAF İctimai Birliyi Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun media proqramları layihəsi çərçivəsində “Qanunu Pozmayın! Gözümüz Üstünüzdədir!” adlı layihə həyata keçirir.

Layihə haqqında geniş məlumatı bir neçə günə http://yol.didev.org saytından oxuya bilərsiniz.


Layihə çərçivəsində sentyabr ayında Dövlət Yol Polisini araşdıran və yazmaq istəyən 8-10 nəfərlik jurnalist və fəal yazmaq istəyən vətəndaşlar üçün təlim kursu təşkil ediləcək. 3 yarım günlük təlimdə məlumatın toplanması, əldə edilməsi, faktların yoxlanması, sürücülərlə təmasın qurulması, yazıların online yerləşdirilməsi, gizlin foto və videoların çəkilişi mexanizmləri, və s. haqqında bilgilər veriləcək.

Maraqlanan jurnalist və vətəndaşları müraciət etməyə dəvət edirik. Dəvətlər 25 avqusta kimi qəbul olunacaq. Erkən müraciət edənlərin seçilmək şansı daha böyükdür.


RƏQƏMSAL INKIŞAF İctimai Birliyi jurnalistləri yol polisində baş verən rüşvət hallarını, vətəndaş sürücülərin hüquqlarının pozulmasını, özbaşınalıq hallarını əks etdirən və faktlara söykənən, tərəfsiz və qərəzsiz araşdırma yazılarını qəzetlərdə və internet resurslarda (tanınmış internet portallarında) çap etməyə dəvət edir. Seçilmiş yazılar pul vəsaiti ilə mükafatlandırılacaq. Yazıların keçərli olması üçün RƏQƏMSAL INKIŞAF İctimai Birliyinə istinad edilməli və təşkilatın həyata keçirdiyi layihə çərçivəsində çap olunduğu göstərilməlidir.
RƏQƏMSAL INKIŞAF İctimai Birliyi bütün jurnalistləri, vətəndaşları, sürücüləri, Dövlət Yol Polisinin qanunsuz hərəkətlərini əks etdirən video, foto görüntüləri, faktlara söykənən əhvalatları, şikayətləri təşkilata ünvanlasınlar. Bu məsələni ictimailəşdirməklə, biz, bu sahədə müsbət dəyişikliyin olmasında maraqlıyıq.

Bununla bərabər, təşkilat Dövlət Yol Polisi idərəsinə də rəsmi məktub göndərəcək və mümkün əməkdaşlıq formalarını müzakirə etmək istədiyini onların nəzərinə çatdıracaq. Birlik bu layihəni həyata keçirməklə, heç də, bütün əməkdaşların qanunsuz hərəkət etdiklərini və sürücüləri əsassız yerə incitdiklərini vurğulamaq istəmir. Təşkilatın işi Dövlət Yol Polisi İdarəsinin vətəndaşlara daha səmərəli xidmət göstərmək çağırışına yardımçı olmaq və bu sahədə olan çatışmamazlıqların ardan qaldırılmasına kömək etməkdir.


Daha geniş məlumat və nəzərdə tutulan digər fəaliyyətlər
Fəaliyyət 1
http://yol.didev.org saytının yaradılması, interaktiv bloqun işə salınması, jurnalist araşdırma və yazılarının, vətəndaşların şikayət və təkliflərinin, video və foto görüntülərin səhifədə yerləşdirilməsi; Azərbaycanda bu sahədə problemləri əks etdirən foto şəkillər və video görüntülər də yerləşdiriləcək. Canlı bloq sürücülərin, vətəndaş yazarların səhifəyə cəlb olunmasına çalışılacaq. 10 000 ədəd vərəqə çap olunaraq layihəyə haqqında məlumat və necə cəlb olunmaq barədə svetaforlarda sürücülərə vərəqələr paylanılacaq.
Fəaliyyət 2
Dövlət Yol Polisini araşdıran və yazmaq istəyən 8-10 nəfərlik jurnalist və fəal yazmaq istəyən vətəndaşlar üçün təlim kursu təşkil ediləcək. 3 yarım günlük təlimdə məlumatın toplanması, əldə edilməsi, faktların yoxlanması, sürücülərlə təmasın qurulması, yazıların online yerləşdirilməsi, gizlin foto və videoların çəkilişi mexanizmləri, internetdə yerləşdirmə qaydaları, hüquqi mexanizmlər və s. haqqında bilgilər veriləcək və komandanın qrup halında fəaliyyəti üçün bu qrupun necə təşkilatlanması məsələsi də müzakirə ediləcək. Bu jurnalistlər və vətəndaşlar ayda bir neçə yazı yazmaq, araşdırma aparmaq üçün öhdəliklər də götürəcəklər.
Fəaliyyət 3
Mətbuatın, vətəndaş cəmiyyətinin və aidiyyəti qurumların iştirakı ilə Azərbaycan Media Mərkəzində bir dəfə açıq media-forum keçiriləcək. Bura TV-lər, QHT-lər, mətbuat, ekspertlər, hüquq müdafiəçiləri və aidiyyatı yol orqanlarının nümayəndələri dəvət olunacaqlar və açıq forumda iştirak edəcəklər. Forumun stenoqramması razılaşdırılmış mətbuatda və veb səhifədə yerləşdiriləcək və ictimaiyyətin açıq müzakirəsinə veriləcəkdir.
Ümumi Məlumat
Dövlət Yol Polisi Azərbaycanda ən çox rüşvətdə adı hallanan və vətəndaşların haqlı və haqsız incidlidiyi yerdir. Elə bir sürücü tapmaq çətindir ki, yol polisinə rüşvət verməsin. Bu rüşvət yol qaydaları pozulan və ya pozulduğu güman edilən zaman, yolda əsassız olaraq saxlanma, sürücülük vəsiqəsinin alınması, texniki baxış, sarı işığda keçməni qırmızı işıq kimi qələmə vermə, nömrə dəyişdirmə, yol qəzası, şişirdilmiş balların yazılması və digər hallar zamanı baş verməkdədir. Digər hallara, yol hərəkəti qaydalarını kimsə pozubsa, o sürücünü qovmaqla təhlükə yaratmaq, ondan cərimədən artıq pul istəmək, ölkə, rayon, şəhər ərazisinə daxil olan hər yad maşından postlarda rüşvət almaq daxildir. Bir çox hallarda, Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisinə daxil olan avtomobillərdən qanunsuz "haqq" alır. Başqa rayona məxsus dövlət nömrə nişanlı avtomobillərin bir çoxu postlarda saxlanılır və onlardan müxtəlif bəhanələrlə pul alınır.

Yol polisləri bildirir ki, onlar gündəlik posta çıxdığına görə rayon Dövlət Yol Polisi Şöbələrinin baş müfəttişlərinə "haqq" verirlər. Ona görə də onlar bu haqqı zor-güc toplamalıdır.

Qəzalar törənən zaman, yol polisi əməkdaşları, “yıxılana balta çalmaq” atalar deyiminə də xilaf çıxmırlar. Qəza törədənlərə mənəvi dayaq durmaq əvəzinə və ya onlara təcili tibbi yardım göstərmək əvəzinə tələm-tələsik onlardan nə qədər “qoparda” biləcəklərini düşünürlər. Söhbət etdiyimiz elə bir sürücü yoxdur ki, yol polislərinin qanunsuz əməllərindən boğaza yığılmasın.

Belə neqativ halların olduğu məkanda vətəndaş və KİV fəallığı hansı yerdədir? Bununla bağlı ciddi journalist araşdımaları aparılıbmı? Zərərçəkən vətəndaşlar mətbuatda yazılar dərc edibmi? Aidiyyatı orqanlara kifayət qədər şikayət məktubları ünvanlanıbmı? Nə çap, nə də elektron mediada bununla bağlı ciddi irəliləyişlər yoxdur. Bu elə bir problemdir ki, hər bir Azərbaycan ailəsinə bu və ya digər dərəcədə təsir edib. Buna görə də, ciddi vətəndaş fəallığının olması, mətbuatın daha çox diqqət ayırması, bu sahədə püxtələşmiş journalist komandasının olması, vaxtaşırı mətbuat konfranslarının keçirilməsi, Forumların təşkili, vətəndaş qruplarının cəlb olunması, vətəndaş sürücülərin üzləşdikləri problemləri mətbuata ötürməsi, özünün vətəndaş jurnalist kimi iştirakı, gizlin ifşaedici videoların və çəkillərin çəkilməsi, internetdə yerləşdirilməsi və s. vacibdir. Layihə də bu məsələləri gündəmə gətirmək, iş görmək, vətəndaş və KİV fəallığını artırmaq üçün düşünülmüşdür.



Əlaqə: Könül Ağayeva, RƏQƏMSAL INKIŞAF İctimai Birliyinin Icraçı Direktoru
Layihənin rəhbəri: Könül Ağayeva

Tel/fax: (012) 408 1546; (055) 741 9993



E-mail: k.agayeva@didev.org

http://yol.didev.org (düzəldilmə mərhələsindədir)


| Page




Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə