30
– Ço.. o... x! Üç dəfə. Yüzünün başına gələn şeydir.
Bunlardan xəbərim
olmayanda, humanizm deyilən şeyə inanan vaxtı gəlib. İspaniyaya getməmişdən
qabaq – onda mənə heç pasport da lazım deyildi, – alman və italyan pilotlarından
ikinci humanizm dərsini aldım. Sonralar, bir dəfə də buraya qayıdanda olub.
Əlbəttə, onda hər şeyi bilirdim.
– İlahi! – Veber ürəyində nəyisə hesabladı. – Demək, düz bir il heç nəyə görə
həbsxanada qalmısınız.
– Az qalmışam. İkicə ay…
– Necə yəni? Özünüz demədiniz, ikinci dəfə tutulanda altı ay verirlər?
Ravik gülümsədi:
– Axı adam təcrübə toplayandan sonra ikinci dəfə olmur. Bir adla qovurlar, başqa
adla qayıdırsan. İmkan daxilində, sərhədi başqa yerdən keçirsən.
Onda ikinci dəfə
olmur. Sənədimiz olmadığına görə yalnız şəxsən tanıyan adamın əlinə düşəndə,
ikinci dəfə olduğunu sübut edirlər. O da təsadüfən olar. Ravik mənim artıq üçüncü
adımdır. İki ilə lap az qalır. O vaxtdan heç nə olmayıb. Deyəsən, mənə düşür. Buna
görə də ona məhəbbətim gündən-günə artır. Həqiqi adımı isə, demək olar ki,
unutmuşam.
Veber başını buladı:
– Hamısı da ona görə görədir ki, nasist deyilsiniz!
– Əlbəttə, nasistlərin daşdan keçən sənədləri olur, hara istəsələr, viza alırlar.
– Əcəb dünyada yaşayırıq. Hökumətin də vecinə deyil...
– Hökumətin də başı milyonlarla işsizə qarışıb. Özü
də təkcə Fransada belə deyil
ki! Hər yerdə eyni vəziyyətdir. – Ravik qalxdı. – Hələlik, Veber. İki saata qayıdıb
qıza baş çəkərəm. Bir dəfə də gecə gələrəm.
Veber onunla qapıya qədər gəldi.
– Bura baxın, Ravik, bir axşam da bizə gəlin, birlikdə şam eləyək.
– Mütləq! – Ravik dəqiq bilirdi ki, getməyəcək. – Bir gün gələrəm.
– Hələlik, Ravik. Mütləq gəlin!
Ravik qabağına çıxan ilk bistroya girdi. Pəncərəyə yaxın oturdu ki, küçəni görə
bilsin. Heç nə fikirləşmədən burada oturub küçədən keçənlərə baxmağı xoşlayırdı.
Paris elə şəhər idi ki, heç nəsiz vaxtını istədiyim kimi keçirə bilərdin.
Xidmətçi stolu silib sifariş gözlədi.
– Bir qədəh «Perno» gətirin.
–
Su da verim, müsyö?
– Xeyr, dayanın. – Ravik nəsə fikirləşdi. – «Perno» lazım deyil.
Özünü birtəhər hiss eləyirdi, bundan yaxasını qurtarmalı idi, sanki, boğazına nəsə
ilişib qalmışdı. Bu şirin alma arağı ona heç nə eləyə bilməzdi.
– Bir qədəh kalvados gətirin, – dedi, – iri qədəhdə.
– Baş üstə, müsyö.
Onu sıxan Veberin dəvəti, bu dəvətdəki halıyananlıq idi. Veberin, heç olmasa,
bircə dəfə ona ev şəraitində oturmağa imkan yaratmaq arzusu idi! Fransızlar
təsadüfi hallarda dostlarını evə dəvət edərlər. Adətən, restorana aparırlar. O, hələ
Vebergildə olmamışdı. Veber bunu yaxşılıq mənasında
eləmişdi, ancaq Ravik
başqa cür qəbul elədi. Kimsə səni təhqir eləyəndə, cavabını verirsən, mərhəmət
göstərəndə isə qalırsan belə...
31
Alma arağından bir qurtum aldı. Nə üçün «İnternasional»da qaldığını Veberə dedi?
Lazım deyildi... Veber ona lazım şeylərin hamısını bilirdi. Bilirdi ki, Ravik burada
cərrahlıq
eləyə bilməz, bu da bəsi idi. Onu öz yanına götürməsi də öz işi idi.
Bundan yaxşıca qazanırdı, elə təşrihlərə boyun olurdu ki, onları təkbaşına eləyə
bilməzdi. Heç kimin də bundan xəbəri olmurdu. Bir o bilirdi, bir də tibb bacısı. O
da heç kəsə deməzdi. Duranla da belə işləyirdi. Orada bir az başqa cür eləyirdilər.
Təşrih zamanı Duran bihuşdarı təsir eləyənə kimi xəstənin yanında tək olurdu.
Sonra Ravik gəlib işə başlayırdı. Belə təşrihləri eləməyə qoca Düranın gücü
çatmazdı. Xəstə ayılanda başı üzərində vüqarla dayanmış Düranı görürdü. Ravik
gələndə xəstənin üzü örtülü olurdu. Təkcə bədənin təşrih üçün yol çəkilmiş yeri
görünürdü. Çox vaxt kimi təşrih elədiyini də bilmirdi. Düran diaqnozu deyir, o da
yarırdı. Aldığı pulun heç onda birini də Ravikə vermirdi. O da dillənmirdi. Boş
qalmaqdansa, belə sərfəli idi. Veberlə münasibətləri,
buna baxanda, yaxşı idi. O,
dörddə birini verirdi. Veber əsl centlmen idi!
Ravik pəncərədən baxdı. Daha neyləyəcəkdi? Ona qalan bircə bu idi. Yaşayırdı,
bəsi idi. Bir dünyada ki hər şey gəldi-gedərdi, bu gün tikdiyin sabah yerlə-yeksan
olur, orada nəsə eləməyə dəyərmi? Yaxşısı budur ki, əl-ayağını boş qoyasan, həyat
səni hara aparır, gedəsən, gücünü qoruyub saxlayasan, çünki o, yeganə şeydir ki,
əvəzi yoxdur. Nə vaxtsa, haradasa bir məqsədin olana kimi dözəsən.
Nə qədər az
güc sərf eləsən, o qədər yaxşıdır, sonralar lazım olur... Belə qarmaqarışıq dünyada
qarışqa kimi özünə rahat yuva qurmaq istəyən adamların axırını çox görmüşdü. Bu,
adamın ürəyini riqqətə gətirirdi, əsl qəhrəmanlıq kimi görünürdü, amma axırı da
olmurdu. Onda bütün ümidlər boşa çıxırdı. Yayından çıxmış oxu saxlamaq olmaz.
Kim tutmaq istəsə, ona dəyəcək! Yaxşısı budur, gözləyəsən, vaxtı çatanda
itirdiklərini bir-bir axtarıb tapasan. Uzaq yola çıxırsansa, yükünü yüngül elə!
Didərgin düşəndə də...
Ravik saatına baxdı. Lüseyn Martinenin yanına getmək vaxtı çatmışdı.
Sonra da
«Oziris»ə gedəsi idi...
«Oziris»in qızları yığışıb onu gözləyirdi. Bələdiyyə idarəsinin həkimi onları vaxtlı-
vaxtında yoxlayırdı. Ancaq fahişəxana sahibi bununla kifayətlənmirdi. İstəmirdi ki,
kimsə burada yoluxsun, ona görə də özü Veberlə ayrıca müqavilə bağlamışdı,
Veber də hər cümə günü gəlib yoxlayırdı.
Bəzən onun əvəzinə Ravik gəlirdi...
Fahişəxana sahibi birinci mərtəbədə müayinə üçün xüsusi otaq ayırmış, lazım olan
hər şeyi qoydurmuşdu, çox da fəxr eləyirdi ki, son bir ildə heç kəs burada xəstəlik
tapmayıb. Ancaq əvəzində, qızlar nə qədər
ehtiyatla tərpənsələr də, on yeddi
müştəri özü ilə buraya zöhrəvi xəstəlik keçirə bilmişdi.
Qızların dayəsi Rolanda bir şüşə «Brendi», qədəh gətirib Ravikin yanına qoydu və
dedi:
– Deyəsən, Martada nəsə var.
– Yaxşı, onu diqqətlə yoxlayaram.
– Dünən işləməyə qoymamışam. Əlbəttə, boynuna almır, ancaq paltarı...
– Oldu, Rolanda.
Qızlar növbə ilə bircə köynəkdə gəlirdilər. Ravik, demək olar ki, hamısını
tanıyırdı. İkicə nəfəri təzə idi...