30
mm-dən az (Saxara, Cənubi Koliforniya) yağıntı düşür. Respublikamızda da yağıntıların miqdar və rejimi
müxtəlifdir. Yağıntıların orta illik miqdarı 110 mm-dən (Puta) 1750 mm-ə (Kəkiran, Lənkəran) dəyişir.
Yağıntılar mövsümə görə də kəskin dəyişir.
Havanın rütubətliyi (nəmliyi) vahid həcmdə (1m
3
) havada olan su buxarının qramla miqdarı (mütləq
rütubət) və nisbi rütubət - verilmiş temperaturda havada olan su buxarının elastikliyinin (təzyiqinin) doymuş
buxarın elastikliyinə (təzyiqinə) nisbətinin faizlə ifadəsidir. Havanın nəmliyi orqanizmə örtük vasitəsilə suyun
daxil olması, həmçinin həmin yolla tənəffüs yolları ilə suyun xaric edilməsini müəyyənləşdirir.
Tropik yağışlı meşələrin alt yaruslarında – 100% nisbi rütubətlik şəraitində su itirməyə uyğunlaşan bitkilər
var, səhrada isə hətta uzunsürməyən quraqlıq dövründə belə bəzi bitkilərin su balansı pozulmur. Bitkinin
rütubətliyə adaptasiya üsullarından asılı olaraq bir neçə ekoloji qrup ayrılır: məsələn, hiqrofitlər – olduqca
rütubətli torpaqlarda yüksək rütubətlilik şəraitində bitən bitkilər. Bu bitkilərin əsas xüsusiyyəti onlarda su
sərfinin qarşısını alan uyğunlaşmaların olmasıdır. Su hövzələrində sərbəst üzən və ya kökləri ilə hövzənin
dibinə bərkimiş, tamamilə suya batmış su bitkiləri, bəzən yarpaqları və ya çiçəkləri suyun səthinə çıxır (üzür).
İti axan çaylarda yaşayan bitkilər reofitlər adlanır (məs. liloderma, su mamırı). Hiqrofitlər üçün katikula
buxarlanması səciyyəvidir. Bura düyü (çəltik), papirusu misal çəkmək olar; mezofitlər – orta dərəcədə
rütubətli torpaqlarda bitən bitkilər. Kserofitlərlə hiqrofitlər arasında keçid təşkil edir. Mezofitlərə əsasən ağac
və kollar, xüsusilə çəmən bitkiləri (çəmən qırtıcı, üçyarpaq yonca, pişikquyruğu və s.), kənd təsərrüfatı
bitkilərinin çoxu və alaqlar daxildir; Mezofit qruplaşmaları müxtəlif bitmə şəraitlərində müxtəlif həyati
formalara malik olur. A.İ.Şennikov (1950) mezofitləri 5 qrupa ayırır.
1. Həmişəyaşıl mezofitlər – rütubətli tropiklərin ağac və kolları;
2. Qışı yaşıl ağac mezofitləri – tropik və subtropik növlər olub, quraqlıq dövründə yarpaqlarını tökür və
qeyri-aktiv vəziyyətə keçir;
3. Yayda yaşıl ağac mezofitləri – mülayim zonanın ağac və kolları. Qış vaxtları yarpaqlarını tökür və
donmuş hala keçir;
4. Yayda yaşıl ot bitkiləri. Qışa yaxın bərpa tumurcuqlarından başqa yerüstü hissələri quruyur;
5. Efemerlər və efemeroidlər – arid zonada məskunlaşır, qısa rütubətli dövr müddətində vegetasiya keçi-
rir.
Mezofitlər məhdud su ilə təmin olunmağa və havanın temperaturunun dəyişkənliyinə uyğunlaşır.
Onlarda hüceyrə şirəsinin osmotik təzyiqi kifayət qədər yüksək olduğundan kök sisteminin sorucu gücünü
təmin edir. Bunun sayəsində turqor vəziyyətini saxlamaq və fotosintez prosesinin getməsi üçün kifayət qədər
su olur. İlin əlverişsiz mövsümlərində qeyri-aktiv vəziyyətə («sakitliyə») keçməsi mezofitlərin kompleks
faktorlara adaptasiya olunmasıdır, bu faktorlardan aparıcı yeri su balansının saxlanması tutur. Kserofitlər –
bir sıra uyğunlaşdırıcı əlamət və xassələrin köməyi ilə istiyə və susuzluğa dözüb, quraq yerdə yaşayan
bitkilərdir, 20-50% su itirildikdə solmağa dözür. Kserofitlər əsasən aşağıdakı ekoloji-fizioloji qrupları əhatə edir.
Sukkulentlər – ətli yarpaq (aqava, aloye), yaxud gövdəsi (kaktuslar), kökü üst qatdan yayılan, istiyə
davamlı, lakin susuzluğa dözumsuz bitkilər; hemikserofitlər – kök sistemi qrunt suyuna çatan, quraqlığa
davamlı, lakin uzun müddət susuzluğa dözməyən, transpirasiya və maddələr mübadiləsi intensiv gedən
bitkilər. Bura çöldə (bozqırda) bitən istiyə davamsız (məs. sürvə) və səhrada bitən istiyə davamlı (məs.
dəvətikanı) bitkilər daxildir;
Evkserofitlər – kök sistemi yaxşı budaqlanan, lakin çox dərinə getməyən (məs. yovşan), susuzluğa və
istiyə davamlı, maddələr mübadiləsi yavaş gedən bitkilər;
Noykilokserofitlər – su çatışmadıqda (tərkibində 2-5% su olduqda) anabioz hala düşən, lakin tənəffüs
tam mühafizə olduğu üçün hüceyrə təşkili pozulmayan bitkilər;
Sklerofitlər – morfoloji əlamətlərinə və su balansını saxlamaq prinsipinə görə sukkulentlərə ziddir. Onlar
orqan və toxumalarında su ehtiyatı toplamaq qabiliyyətinə malik deyil, əksinə azsulu olub xarici görünüşündən
quru, sərt, şirəsiz görünür. Sklerofitlər dehidratasiyaya qarşı möhkəm toxumalarının olması ilə seçilir, onlar
25% su itirdikdə belə heç bir patoloji nəticəyə məruz qalmır. Bu dərəcədə susuzlaşma şəraitində onların
sitoplazması öz xassələrini saxlayır, digər bitkilərdə belə hal məhvedici təsir göstərir. Sklerofitlərin mühüm
uyğunlaşması onların köklərinin sorma gücü ilə bağlıdır, onun hüceyrə şirəsinin osmotik təzyiqi 60 atmosferə
çatır. Bu rütubət az olduqda da torpaqdan suyu çəkməyə imkan yaradır. Sklerofitlər yüksək transpirasiya
etmək qabiliyyətinə malikdir, lakin su ilə yüksək təmin olunduqda bu xassəyə malik olur. Su defisiti artdıqda
isə transpirasiya aktiv surətdə tormozlanır. Bu isə quraq şəraitdə sudan istifadəni azaldır. Sklerofitlər sərt
yarpaqlara, bəzən yüksək xüsusi çəkili oduncağa malik olur. Bura sklerohiqrofitlər (məs. mantar palıdı, daş
palıd), bir çox sklerokserofitlər (məs. saqqızağac), xüsusilə yarımkollar (məs. boyalıcı ebelek) aiddir.
31
Halofitlər – duzlu bitmə şəraitinə, xlorlu, kükürdlü duzlarla doymuş torpaq məhlulundan istifadə etməyə
uyğunlaşan bitkilərdir. Bunlardan bir hissəsi ətli-şirəli zoğları olan sukkulentlər (duzlaq soğanı, qaraşoran, bir
sıra şorangələr) olub səhra və yarımsəhralarda qrunt suyu səthə yaxın yerləşən şoran torpaqlarda bitir. Digər
hissəsi sukkulent olmayan bir qədər kseromorfluq əlaməti olan, qrunt suyu bir qədər dərində yerləşən
sahələrdə bitən bitkilərdir (məs. sirkan bitkisinin bəzi növləri), bunlar hüceyrə şirəsində karbohidratlar toplayır.
Bəzi halofitlər xüsusi uducu vəziciklərin köməyi ilə artıq duzları ayıraraq hüceyrə şirəsinin osmotik qatılığını
tənzimləyir (yulğun, dəvəayağı). Bunun nəticəsində onlar torpaqdan suyu effektiv sorur, izafi duz onlara ziyan
yetirmir.
Bütün halofitlər torpağın duzluluq dərəcəsini göstərən indikatorlar hesab olunur. Bir çox halofitlər (sirkan
növləri, şorangələr, yulğun) yarımsəhra otlaqlarının quraqlığa və duzadavamlı yem bitkiləridir.
Suya olan münasibətinə görə heyvanlar da ekoloji qruplara ayrılır: hiqrofillər (rütubətsevənlər);
kserofillər – quraq mühitə, xüsusilə torpağın quraqlığına (səhralarda) uyğunlaşan heyvanlar. Kserofillərin
bədən səthindən, tənəffüs orqanları qişasından və mübadilə məhsulları ilə su itkisi olduqca azdır. Kserofillər
metobolik sudan (dəvə, ərəb dovşanı, həşəratlar), sidik kisəsində topladığı ehtiyat sudan (Avstraliya
qurbağası), yaxud qida ilə aldığı sudan istifadə etməklə (kərtənkələ, ilan, tısbağa, dovdaq və s.) uzun müddət
yaşaya bilir. Metabolik südan istifadə edən heyvanlar (məs. dəvə, qoyun, it) uyğun olaraq 27, 23 və 17% su
itirdikdə dözür. Lakin insan 10% su itirdikdə ölür. Peykiloterm heyvanlar istisevər heyvanlar kimi sudan
bədənini sərinləşdirmək üçün istifadə etmədiyindən daha dözümlüdürlər. Kserofillərin çoxunda yay yuxusu,
mövsümi diapauza, axşam-gecə fəallığı suyun qənaətlə sərf edilməsinə səbəb olur. Kserofillər susuzluğa
dözümlü olsalar da, su içmək üçün uzaq məsafələr qət edirlər (qulan, büldürük).
2.3.1. Su orqanizmlərinin su-duz mübadiləsi
Təbii su hövzələri duzluluq dərəcəsinə görə şərti olaraq şirin sulara (duzluluq 0,5%), zəif duzlu (0,5-16%)
və duzlu (16%-dən artıq) sulara bölünür. Okean sularının duzluluq dərəcəsi 32-38% (orta hesabla 35%) təşkil
edir. Ən yüksək duzluluğu ilə duzlu göllər deyilən daxili su hövzələri seçilir, bunlarda elektrolitlərin qatılığı
370%-ə çatır. Təbiidir ki, belə müxtəlif şəraitlərdə su orqanizmləri müxtəlif adaptasiya tipləri seçir. Su-duz
mübadiləsinin xarakterinə görə hidrobiontlar aydın şəkildə şirin su və dəniz hidrobiontlarına bölünür, lakin
evriqalin formalar hər iki şəraitdə yaşaya bilər.
Şirin su orqanizmlərinin izotonik formaları ola bilməz; onların hüceyrə və toxumalarında mayelərin qatılığı
ətraf mühitdən artıqdır. Başqa sözlə, şirinsulu orqanizmlər hipertonikdir (yüksək təzyiqli), buna görə
orqanizmin daxilinə daima suyun osmotik axını istiqamətlənir. Odur ki, şirinsulu hidrobiontlar orqanizmin daxili
mühitində osmotik təzyiqi aktiv saxlamalıdır. Onlar homoyosmotik formalara aiddir.
Bir çox şirinsulu heyvanlarda olan müxtəlif örtüklər onların dərisindən suyun daxil olmasını çətinləşdirir
(zireh, pulcuq, selik və s.). Lakin orqanizmə suyun osmotik daxil olması tam təcrid oluna bilməz, belə ki, ən azı
tənəffüs orqanları epiteli, selikli bağırsaq su ilə təmasda olur.
Dəniz suyunda osmotənzimlənmənin vəzifəsi safsulu (şirinsulu) tipin əksinədir: dənizdə orqanizmin daxili
mühitinin osmotik təzyiqi dəniz suyuna nisbətən aşağıdır, buna görə orqanizm daima susuzlaşır. Dəniz
balıqlarında suyu güclü xaric etməyə yönəldilən böyrəklərin süzmə funksiyası zəifdir, yumaqcıqların çox
hissəsi, ümumiyyətlə, süzmə işində iştirak etmir.
2.3.2. Dünya okeanının ekoloji zonaları
Okean və ona daxil olan dənizlərdə hər şeydən əvvəl iki ekoloji sahə ayırırlar: su qatı – pelagial və
suyun dibi (bental). Dərinlikdən asılı olaraq bental litoral zonaya, batial zonaya – dik yamac sahəsi və
abissal zonaya bölünür. Litoral zona okean dibinin çəkilməsi zamanı ən aşağı və qabarma zamanı ən yuxarı
su səviyyələri arasındakı sahilboyu ekoloji zonadır. Dərinliyi 40-50 sm-dən 200 m-ə qədərdir. Litoral sahə
qabarma və çəkilmə nəticəsində gündə iki dəfə su ilə örtülür və sudan azad olur. Süxurların xüsusiyyətindən
asılı olaraq gilli, qumlu, daşlı və qayalı litorallara ayırırlar. Təbiidir ki, litoralın sakinləri nisbətən yüksək
olmayan təzyiq, gündüz günəş işığı, çox vaxt temperatur rejiminin dəyişməsi şəraitində yaşayır.
Abissal sahə okean dibinin 2500 m-dən dərin olan sahəsidir (6000-7000 m-ə qədər). Bu sahə daim
qaranlıq olub, temperatur aşağı və sabit, yüksək təzyiq (yüzlərlə, bəzən min atmosferə yaxın) altında olur.
Abissalın bitkisi bəzi bakteriyalardan və bir neçə növ saprofit yosunlardan ibarətdir, heyvanları ya gözsüzdür və
ya böyük gözləri vardır, bir çox orqanizm isə özü işıq verir.
Okean dibinin bütün canlıları bentos adlanır.
Dostları ilə paylaş: |