68
«Ekoloji sığınacaq biliyi (məlumatı) növün nə ilə qidalanması, onun kimin şikarı olduğu, nə tərzdə və
harada istirahət etməsi və çoxalması suallarına cavab tapmağa imkan verir» (Dajo, 1975).
Ekoloji sığınacaq növün təbəitdə, əksəriyyət halda biosenozda yerini, eyni zamanda həm ərazidə vəziyyətini,
həm də qruplaşmada fəaliyyət rolunu, abiotik şəraitə münasibətini göstərir (Xrustalyev, Matişov, 1996). «Ekoloji
sığınacaq» anlayışını məskunlaşma (yaşama) yerindən) ayırmaq lazımdır. Məskunlaşma yeri dedikdə növün
yayıldığı və onun mövcudluğu üçün vacib olan abiotik şəraitə malik olduğu yer nəzərdə tutulur. Növün ekoloji
sığınacağı yalnız mühitin abiotik şəriatindən deyil, həm də onun biosenotik ətraf şəraitindən asılıdır. Ekoloji
sığınacağın xarakteri həm növün ekoloji imkanları, həm də həmin imkanların konkret biosenozlarda nə qədər
həyata keçməsi ilə müəyyən edilir.
Növün qidalanmaya, ərazidən istifadəyə, aktivlik dövrünə və digər şəraitə görə ixtisaslaşması, həm ekoloji
sığınacağın daralması, həm də əks proseslər – onun genişlənməsi ilə xarakterizə olunur. Qruplaşmada ekoloji
sığınacağın daralması və ya genişlənməsinə rəqiblər böyük təsir göstərir. Ekoloji cəhətdən yaxın olan növlər
üçün Q.F.Qauzenin formalaşdırdığı rəqibliyin istisnası qaydası belə ifadə oluna bilər: iki növ bir ekoloji
sığınacaqda keçinmir. Rəqabətdən çıxmaq mühitin tələblərinin ayrılması, yaşayış tərzinin dəyişməsi, başqa
sözlə növün ekoloji sığınacağının məhdudlaşdırılası ilə həyata keçirilə bilər. Bu halda onlar (növlər) bir
biosenozda yaşamaq qabiliyyəti əldə edir. Bir yerdə yaşayan yaxın qohum növlərdə adətən ekoloji sığınacağın
çox incə məhdudlaşması müşahidə olunur. Belə ki, Afrika savannalarında otlayan dırnaqlılar otlaq yemindən
müxtəlif cür istifadə edir: zebrlər əsasən otların üst hissəsini yeyir, qnu antilopu müyyən ot növlərini seçərək
zebrdən sonra qalan yemlə qidalanır, ceyranlar ən alçaq boylu otları didişdirir, antilop topi isə digər otyeyən
heyvanlardan sonra qalan hündür boylu quru gövdələr ilə kifayətlənir.
Təbii şəraitdə qarışqaların çoxnövlü assosiasiyaları mövcuddur, onların üzvləri həyat tərzinə görə
fərqlənirlər. Moskvaətrafı meşələrində tez-tez aşağıdakı növlər aşkar edilir: Dominant növ (Formica rufa,
F.aquillonia və ya Lasius fuliginosus) bir neçə yarusu tutur, torpaqda L.Flavus, meşə döşənəyində – Myrmica
rubra, torpaqüstü yarusu L.Niger və F.Fusca mənimsəyir, ağaclarda isə Camponotus herculeanus məskunlaşır.
Qarışqalar ərazidə ayrılması ilə (paylanması ilə), həm də qida əldə etmək və sutkalıq vaxt aktivliyinə görə də
fərqlənirlər (Çernova, Bılova, 1988).
Səhralarda ən çox torpaq səthindən qida toplayan qarışqalar kompleksi inkişaf etmişdir (herpetobiontlar).
Onların arasında üç tropik qrupun nümayəndələri ayrılır: 1) gündüz zoonekrofaqlar – ən isti vaxtlarda aktiv
olurlar, həşəratların cəsədləri və gündüz aktiv olan xırda həşəratlarla qidalanırlar; 2) gecə zoofaqları – torpaq
səthinə yalnız gecə çıxan yumşaq örtüklü yavaş hərəkətedən həşəratları və tüklərini dəyişən buğumayaqlıları
ovlayır; 3) karpofaqlar (gündüz və gecə) – bitki toxumlarını yeyirlər.
Bir trofik qrupdan bir neçə növ birgə yaşaya bilər. Belə vəziyyətdə rəqabətdən çıxmaq və ekoloji
sığınacağı məhdudlaşdırmaq mexanizmi aşağıdakı kimidir:
Ölçü diferensasiyası. Məsələn, Qızılqum qumlarında üç adi gündüz zoonekrofaqların işçi fərdlərinin orta
çəkilərinin nisbəti 1:8:120 təşkil edir. Böyük olmayan pişik, vaşaq və pələngin nisbətləri də təxminən belədir.
Davranış müxtəlifliyi – yem tədarük etmənin müxtəlif mövqeyindən ibarətdir. Qarışqalar yol çəkərək
əldə etdikdəri qidanı yuvaya daşımaq üçün yükdaşıyanları səfərbər etməklə əksəriyyət hallarda topa halında
bitən bitkilərin toxumlarından istifadə edirlər. Qarışqalar, yem daşıyanlar tək-tək toplayıcı kimi işlədikdə isə
əsasən seyrək yayılan bitkilərin toxumlarını toplayır.
Ərazi diferensasiyası. Bir yarus daxilində müxtəlif növlər tərəfindən qidanın toplanması müxtəlif
sahələrdə aparıla bilər, məsələn, açıq sahədə və ya yovşan kolunun altında, qum və ya gil sahələrində və s.
Vaxta görə aktivlik müxtəlifliyi əsasən sutka vaxtına aiddir, lakin bəzən bəzi növlərdə ilin mövsümləri
üzrə (əsasən yaz və payız aktivliyi) aktivliyin bir vaxta düşməməsi qeydə alınmışdır.
Növarası rəqabətin zəifləməsi növün ekoloji sığınacağının genişlənməsinə səbəb olur. Kasıb faunaya malik
olan okean adalarında bir sıra quşlar özlərinin qohum fərdlərinə nisbətən, materikdə olduqca müxtəlif yaşayış
yeri (məskunlaşma yeri) və yem spektrini genişləndirir, onlar bu zaman rəqib növlərlə də toqquşmurlar.
Əgər növarası rəqabət növün ekoloji sığınacağını daraldırsa, hövzədaxili rəqabət, əksinə ekoloji sığınacağı
genişləndirir. Növün sayı artdıqca əlavə yemdən istifadə olunmağa başlanır, yeni məskənlər mənimsənilir, yeni
biosenotik əlaqələr peyda olur.
Ekoloji sığınacaq konsepsiyası bir sıra praktiki məsələlərin bilavasitə həlli ilə bağlıdır.
Gözlənilməz nəticələrlə qurtaran ən sərt rəqabət baş verə biləcək əlaqələri nəzərə almadan qruplaşmaya
yeni heyvan və bitki növləri daxil etməkdir. Əksinə, əgər introduksiya olunan növ rəqibə rast gəlmirsə, o asan və
müvəffəqiyyətlə uyğunlaşır (alışır).
69
Ayrı-ayrı portnyorların qarşılıqlı kontaktının (əlaqəsinin) faydalı və ziyanlı olmasına görə yuxarıda
göstərilən biosenotik əlaqə tipləri yalnız növarası deyil, həm də növdaxili əlaqələr üçün də səciyyəvidir. Lakin
növ daxilində ayrı-ayrı növlər arasındakı əlaqəyə görə ya başqa dərəcədə baş verir, yaxud da bir qədər
spesifikliyi ilə seçilir. Məsələn, may böcəyinin sürfələrini quru torpaqda yerləşdirdikdə bir-birini yeyə bilər.
Oturaq bonnelilərdə karlik erkək müstəqil qidalanan iri dişinin üzərində parazitlik edir. Buna bənzər əlaqələr
bəzi dərinlik balıqlarına da xasdır. Dişilər üzərində özündən xeyli kiçik olan erkəkləri daşıyır, onlar ağızları ilə
dişinin bədəninə yapışır və parazit kimi qidalanır.
Dostları ilə paylaş: |