316
– Mərcləşək!
– Bir «Inturist» qonaqlığından?!
Dedim:
– Oldu!
Mehdi «Hərb və sülh» romanının birinci cildini götürüb həmin yeri açdı və
məlum oldu ki, mən deyən kimidir. Mehdinin əməlli-başlı pərt
olduğunu görüb
dedim:
– Yəqin sən çoxdan oxumusan, Mehdi, amma mən bu yaxınlarda oxumuşam.
Ona görə də yadımda qalıb.
Həqiqətdə isə, mən o romanı yalnız bir dəfə, özü də hələ yazıçı olmayanda –
Füzulidə oxumuşdum. Hafizəm çox yaxşı olduğundan, «Hərb və sülh»ü çox
sevdiyimdən detalların yadımda qalması təəccüblü deyildi.
Fatma xanım bərkdən gülüb:
– A kişi,– dedi,– uduzdun, apar uşaqların qonaqlığını ver».
40-50-ci illərdə, hətta 70-80-ci illərdə də ədəbi dairələrdə yalançı bir şüar
hökm sürürdü: «Həyatı öyrənmək lazımdır!» və bu zaman həmin «Həyat» məfhumu,
əslində, kolxozdan, sovxozdan, fabrikdən, zavoddan, bir sözlə,
istehsalatdan ibarət
idi.
Bu şüarın əks qütbündə isə, bu gün nə qədər qəribə səslənsə də, kitab
dayanırdı, yəni, filankəs həyatı (yəni, neft, yaxud metal istehsalını, baramaçılığı,
camışçılığı, yaxud qaynaqçı peşəsini və s.) bilmir, kitabdan gəlir...
İlyas Əfəndiyev söhbətlərində tez-tez bu mövzuya toxunurdu:
– Həyat ilə kitabı qarşı-qarşıya qoymaqdan da əbləh bir şey tapmaq mümkün
deyil!– deyirdi.– Onda Qraf Tolstoy, ya lord Bayron gərək əllərinə qələm
almayaydılar... Özləri kitab oxumur, çünki kitaba yad adamlardı, ona görə də ortaya
belə şüarlar atırlar!..
Bir də İlyas Əfəndiyev deyirdi:
– Həyatı öyrənmək lazım deyil, həyatı hiss etmək lazımdı!
İlyas Əfəndiyev heç vaxt redaksiyaların
sifarişi, yaxud kiminsə xahişi ilə
məqalə yazmırdı, o, ədəbi tənqiddə də tamam sərbəst, azad bir adam idi və onun
qələmə aldığı mövzunu, onun hissiyyatı, zövqü, sənət düşüncələri diqtə edirdi, o,
həvəsi olmasa, qələmini nəyi isə yazmağa məcbur edən adam deyildi.
Artıq çox uzaqlarda qalmış bir epizodu da xatırlamaqla bu barədə söhbətimi
yekunlaşdırmaq istəyirəm.
Mən 1969-cu ildə, 26 yaşımda namizədlik dissertasiyası müdafiə etdim və o
müdafiə çox uğurlu keçdi, rəhmətlik Abbas Zamanov,
opponentim olan Mehdi
Məmmədov, Məmməd Hüseyn Təhmasib, Mirəli Seyidov, başqaları təklif etdilər ki,
mənə birdən-birə doktorluq adı verilsin. O zamanın qaydasına görə dissertasiyanın
avtoreferatını, sənədləri təsdiq olunmaqdan ötrü Moskvaya, Ümumittifaq Attestasiya
Komissiyasına göndərdim. O materialların ardınca Moskvaya təcili anonim bir
məktub göndərmişdilər ki, Elçinin dissertasiyasını özü yox, atası İlyas Əfəndiyev
yazıb.
Bu hadisə İlyas Əfəndiyevi qəzəbləndirmək əvəinə,
ona ləzzət eləmişdi və
gülə-gülə deyirdi:
– Əşşi, mənim dissertasiya yazmaq həvəsim olsaydı, indiyə qədər elə oturub
özüm üçün yazardım də!..
317
8.
Mən artıq qeyd etdim ki, İlyas Əfəndiyev ömrü boyu vəzifəni, iclasları,
bürokratik aparatı, sovet ədəbi-ictimai həyatının cürbəcür «seçkili» orqanlarını heç
vəchlə yaxına buraxmayan bir adam idi (yalnız cavan çağlarından etibarən, həmişə
Azərbaycan Yazıçılar Ittifaqı Rəyasət Heyətinin, bir də ki,
Akademik Milli Dram
Teatrı Bədii Şurasının üzvü olmuşdu, vəssalam!), onda, bütün bunlara qarşı təbii bir
allergiya var idi, amma eyni zamanda o, (və bu, xüsusən, sovet gerçəklikləri
kontekstində qəribə görünürdü) dünəninə, bugününə və sabahına görə hər an
xalqının təəssübünü çəkməyə hazır olan (və çəkən!) bir ictimai xadim idi, oxucular
da, ictimai mühit də onu ictimai xadim kimi də qəbul
edir və ona hörmət
bəsləyirdilər.
Unudulmaz maestro Tofiq Quliyev hələ İlyas Əfəndiyevin sağlığında ikən
yazırdı:
«Mənim əziz dostum İlyas Əfəndiyev böyük dramaturq və nasirdir, onun
müasir Azərbaycan ədəbiyyatının və teatr sənətinin inkişafında müstəsna xidmətləri
var, o ən çox oxunan, sevilən Azərbaycan yazıçılarından biridir... Bir cəhəti də qeyd
etmək istəyirəm: İlyas Əfəndiyev canı ilə, qanı ilə ədəbiyyata, sənətə bağlılığı ilə
bərabər, həm də görkəmli ictimai xadimdir.»
Doğrudan, qəribədir, Sovet Ittifaqında yaşayasan, heç zaman deputat
seçilməyəsən, nəinki heç vaxt partiyanın rəhbər orqanlarında,
ümumiyyətlə, heç
Kommunist Partiyasının sıravi üzvü də olmayasan və səni ictimai xadim kimi də
qəbul etsinlər – SSRI-də çətin analoqu tapılan bir hadisədir.
Şəxsən mənim üçün, burada bir sirri-xuda yoxdur: İlyas Əfəndiyevin ictimai
xadimliyi də onun qələminin bəhrəsi idi. Onun ictimai xadimliyini «yüksək»
tribunalarda boğazdan yuxarı bir səmimiyətlə söylənən «atəşin» çıxışlar yox,
təyinatlı deputat fəaliyyəti, icazəsi verilmiş təşəbbüskarlıq, tapşırılmış bəyanatlar,
çağırışlar yox, qələminin vətəndaş ehtirası müəyyən edirdi.
İlyas Əfəndiyev hələ Sovet Ittifaqı vaxtında həmin vətəndaş ehtirası ilə
yazırdı: «Axı, biz, tribunalarda «vicdan, vicdan!» deyə bağıraraq, Didrodan,
Aristoteldən sitatlar gətirən, əslində, pabmıqla baş kəsən, hər hökumət,
partiya
başçısının vaxtında bir dona girən, bu gün təriflədiyi «rəhbəri» sabah bağıra-bağıra
pisləyən buqələmunları çox görmüşük».
Həmin buqələmun ictimai xadimlər həmişə həm yazıçı İlyas Əfəndiyevin, həm
də ictimai xadim İlyas Əfəndiyevin qələminin hədəfi idi.
1991-ci ilin yanvarında – hələ sovet imperiyasının şərəfsizcəsinə süqutundan
əvvəl, İlyas Əfəndiyev «Mənliyimiz və mədəniyyətimiz» adlı məqaləsində yazırdı:
«Son yetmiş ildə Stalin repressiyası insanlarda bütün müqədds ideyalara inamı
məhv etdi. Iş o dərəcəyə çatdı ki, hətta genlərin təsirinə, kibernetikaya inanmaq
qadağan edildi. Stalinin zorla yaratdığı kollektivləşmə, yalançı beynəlmiləlçilik,
kobud ateizm adamlarda paxıllıq, ikiüzlülük, közü öz qabağına eşmək, yaltaqlıq,
satqınlıq kimi keyfiyyətləri sürətlə artırdı. Qardaş qardaşa, ata oğula inanmadı.
Beləliklə, dəmir hasara alınmış sovet cəmiyyətində insanın daxili-ülvi mədəniyyətini
cəhənnəm adamının soyuq amansızlığı əvəz etdi. Cəmiyyətin insani müvazinəti
pozuldu.»