51
Rayon Partiya Komitəsinin birinci katibi M.P.Qəribli,
doğrudan da,
müşavirədə iştirak edirdi və həmişə yorğun, yuxusu olan bu altmış beş yaşlı adam,
Əbdül Qafarzadənin sözünü kəsdi:
– Bunları biz bilirik, yoldaş Qafarzadə, yüksək də qiymətləndiririk. Sizə də
qabaqcıl, təcrübəli, vicdanlı bir təsərrüfat işçisi kimi, hörmətimiz var. Odur ki,
özünüzü tərifləməyin. Onsuz da, biz sizi tərifləyirik, başqalarına nümunə göstəririk.
Birinci katib zala baxıb yorğun gözləri ilə gülümsədi, sonra saatına baxdı:
səhər yerindən duranda çay-çörək yeməyə vaxtı olmadı, tələsik raykoma getdi,
günün ikinci yarısı keçirəcəyi büro iclasının gündəliyini
bir də gözdən keçirdi,
gündəliklə bağlı şöbələrə yeni tapşırıqlarını verdi, tələsik özünü bu müşavirəyə
çatdırdı, saat on ikidə isə Rayon Yaşıllaşdırma Idarəsinin müşavirəsinə getməli idi
(bu idarəni mərkəzi qəzetdə tənqid eləmişdilər), indi isə on ikiyə işləyirdi və belə
məlum olurdu ki, birinci katib Yaşıllaşdırma Idarəsinə gedənəcən yenə də çörək
yeməyə vaxt tapmayacaqdı; acından bu adamın qarnı quruldayırdı və o, narahat
olurdu, rəyasət heyətində yanında oturmuş rayon rəhbərlərinə baxırdı ki, görsün,
onlar bu qurultunu eşidirlər, yoxsa yox; rayon rəhbərləri isə, əlbəttə, özlərini
eşitməzliyə vururdular.
Birinci katib gözünü saatdan çəkib yenə də Əbdül Qafarzadəyə baxdı:
– Məni düzgün başa düşün.
Əbdül Qafarzadə də birinci katibə baxdı, başı ilə təsdiq etdi və dedi:
– Mən sizi lap yaxşı başa düşürəm, yoldaş katib.
Hörmətinizə görə də,
qiymətinizə görə də çox sağ olun. Amma mən özümü tərifləmirəm, mən
kommunistəm. Sözümün canı var. – Sonra yenə üzünü zala tutdu. – Düz iyirmi beş
ilə yaxındır ki, yoldaşlar, mən, – heç birinizin ora işi düşməsin, – Qəbiristanlıq
Idarəsinin müdiriyəm. Bizim də planımız var və canımızı qoyub yenə də həmişəki
kimi, planı artıqlaması ilə yerinə yetirəcəyik. Mən hörmətli yoldaş birinci katibin
burada olmasından istifadə edib bu barədə sizin qarşınızda söz verirəm. Bu belə.
Amma indi gəlin məsələyə bir az, necə deyim, insafla baxaq. Keçən il bizim
qəbiristanlıqda inişilə nisbətən 218 nəfər az adam dəfn olunub. Neyləmək lazımdı?
Əlbəttə, sevinmək lazımdı, çünki 218 nəfər az adam ölüb. Amma necə sevinəsən?
Bəs plan? Axı, planı artıqlaması ilə yerinə yetirməkdən
ötrü gərək çox adam dəfn
eləyəsən...
Bu dəfə Əbdül Qafarzadənin sözünü Rayon Icraiyyə Komitəsinin sədri Fərid
Kazımlı kəsdi:
– Bəs, necə olsun, yoldaş müdir, nə təklif eləyirsiniz? Plansız təsərrüfat olar?
Zala pıçıpıçı düşdü, rəyasət heyətində oturmuş rəhbər işçilər təəccüblə Fərid
Kazımlıya baxdılar, çünki birinci katibin iştirak etdiyi iclasda başqa rəhbər işçilərin
replika verməsi, çıxış edənin sözünü kəsməsi əxlaqdan kənar hesab olunurdu. Fərid
Kazımlı da bunu, əlbəttə, çox gözəl bilirdi və yəqin elə buna görə də yavaş-yavaş
qızarırdı. Birinci katib isə yuxulu gözləri ilə zala baxa-baxa heç bir hərəkət eləmədi,
amma ürəyində fikirləşdi ki, deyəsən, lap açıq-aşkar qocalıram... Adi etikanı da
gözləmirlər.
Əbdül Qafarzadə eyni təmkin və ciddiliklə:
– Mənim xüsusi bir təklifim yoxdu, yoldaş Kazımlı, – dedi. –
Amma onu
demək istəyirəm ki, dəfn işləri ilə məşğul olan idarələrə adi iqtisadi meyarları tətbiq
etmək olmaz. Anası, bacısı, oğlu, nə bilim, dayısı, bibisi, xalası, əmisi ölmüş
52
adamların hesabına, necə deyərlər, onların göz yaşının, ürək ağrısının hesabına planı
artırmaq nə dərəcədə bizim ideologiyamızla düz gəlir? Hansı vicdandan, hansı
insafdandı? Axı, söhbət hamam təsərrüfatından, ya da ki, dəlləkxanalardan getmir.
Söhbət qəbiristanlıqdan gedir. Indi mən deyim, siz də, yoldaşlar, qulaq asın. Maliyyə
Nazirliyi qəbiristanlıqlardan gələn gəlirlərin, demək olar ki, hamısını bizdən alır və
kommunal təsərrüfatının, məişət xidmətinin maddi ehtiyacı olan sahələrinə ayırır.
Misal üçün, mənzillərin təmirinə. Deməli, buradan nə nəticə çıxır? Fikir verirsiz?
Mənzillərin yaxşı təmir olunması üçün ötrü,
insanlar da çox ölməlidir ki, əzizləri
onları plan hesabına dəfn eləsin? O biri tərəfdən də belə çıxır ki, kimsə, misal üçün,
atasını dəfn eləyirsə, heç özünün də xəbəri yoxdur ki, eyni zamanda tanımadığı-
bilmədiyi bir kimsənin də mənzilinin təmirinə kömək eləyir. Bu heç adicə etikaya
sığışmır. Bizim cəmiyyətimiz isə, dünyada ən humanist cəmiyyətdir və bizim
cəmiyyətimizin göz yaşları hesabına başa gələn bir şeyə nə maddi, nə də mənəvi
ehtiyacı var.
Fərid Kazımlı yenə də özünü saxlaya bilmədi və yenə də Əbdül Qafarzadənin
sözünü kəsdi:
– Deməli, siz planın əleyhinə çıxırsınız?
Bu, əbəttə, lap ağ oldu və birinci katib üzünü çevirib yanında
oturmuş Fərid
Kazımlıya baxdı; M.P.Qəriblinin bu baxışında qocalığın və yorğunluğun hələ
məğlub edə bilmədiyi bir hökmranlıq, amiranəlik, qəzəb var idi. Birinci katibin
sifətindəki bu ifadə bircə anın içində yarandı və Fərid Kazımlı kimi hündürboylu,
enlikürəkli, əzələli idmançı bədəninə sahib olan bir adam o baxışların müqabilində
bir göz qırpımında kiçildi, əridi, az qaldı yox olsun, ən başlıcası isə bütün zal bu
kiçilmənin, ərimənin şahidi oldu. Sonra birinci katib üzünü Əbdül Qafarzadəyə tərəf
çevirdi:
– Davam edin, yoldaş Qafarzadə.
Əbdül Qafarzadə daimi təmkini və ciddiliyi ilə:
– Çox sağ olun, yoldaş katib, – dedi. – Yox, yoldaşlar, mən planın əleyhinə
çıxmıram. Mən onun əleyhinə çıxıram ki, bir sıra
sahələrin, idarələrin, o cümlədən,
bizim idarənin spesifikası nəzərə alınmır. Bütün bunlar planın artırılması ilə bağlı
məsələlərdir. Amma, bir halda ki, mən bu hörmətli xitabət kürsüsünə...
Bəzən bu cür iclaslarda xitabət kürsüsündəcə, nitq söylədiyi yerdəcə Əbdül
Qafarzadəyə elə gəlirdi ki, bu sözləri deyən, danışan, beləcə zala baxan, zalda tanış
sifətlər görən, əlini düyünləyib xitabət kürsüsünə döyəcləyə-döyəcləyə özü öz
dediklərini təsdiq eləyən adam o deyil, kimsə tamam başqa bir adamdır; eyni
zamanda, həm bu hissi keçirir,
həm də nitqinə davam edirdi, elə bil ki, beynin bir
hissəsi nitq edirdi, o biri hissəsi isə bu nitqə, dediyi bu sözlərə təəccüb edirdi və
dünyanın faniliyi müqabilində bütün ciddi-cəhdlərin mənasızlığını fikirləşirdi.
–... qalxmışam, qoy başqa dərd-sərimizi də deyim. Yoldaşlar, qəbiristanlıqdakı
yol insanı ən son mənzilə aparan yoldur, sonuncu yol. Bunun böyük rəmzi mənası
var. Insanlar son mənzilə abad yolla getməlidirlər. Bəs bizim qəbiristanlıqdakı yol,
cığır nə gündədir? Bərbaddan da bərbad. Kələ-kötür, çala-çuxur, palçıq, darısqal...
Qəbiristanlığın ortasında iki maşın
qabaq-qabağa gəlsə, hansı sürücünün zoru
güclüdü, o biri gərək maşını qəbiristanlığın axırına qədər dal-dala versin. Nə qədər
demək olar?! Nə qədər yuxarı təşkilatlara bu barədə yazmaq olar?! Heç nə istəmirik,
elə özümüzə icazə versinlər, beş-on ştatdan ibarət kiçik bir yol təmiri sexi açaq,