87
Sel kimi uğuldaya-uğuldaya gələn o adamları nəyin bahasına
olursa-olsun, o
tonqala yaxın buraxmaq olmazdı, o tonqalla təmasdan sonra nəticə elə ola bilərdi ki,
bunu təsəvvürünə gətirən professor Zilberin tükləri qabardı, az qaldı paltarını
deşsin... Professor Zilber irəli çıxmağa, qışqırmağa, danışmağa, camaatı başa
salmağa çalışırdı, amma heç kim onun səsini eşitmirdi, heç kim ona məhəl
qoymurdu.
Qızıl əsgərlər elə hey havaya güllə atırdılar, amma camaat bunun da fərqinə
varmadı və qızıl əsgərlərə hücum çəkdi, qızıl əsgərlərin arasından buraxılıb tonqala
tərəf qaçmaq istədi. Qızıl əsgərlər daha havaya güllə ata bilmirdilər, adamlar onların
əllərindən, qollarından, tüfənglərin qundağından yapışırdı; əsgərlər bir-birilərinə
kömək edə-edə və yavaş-yavaş geriyə çəkilə-çəkilə tüfəngin qundağı ilə, lüləsi ilə
camaatı itələyirdi, vururdu,
amma o gecə,
elə bil ki, tamam ağlını itirib dəli olmuş
Hadrut camaatı heç nəyə baxmırdı, heç bir qüvvə o dəli həyəcanın, o dəli ehtirasın
qarşısını ala bilmirdi.
Professor Lev Aleksandroviç Zilber otuz beş illik ömrü ərzində heç vaxt hiss
etmədiyi bir ümidsizlik içində başa düşdü ki, indi bu adamları gülləyə tutsan da,
yerə sərilənlərin üstündən keçib özlərini o tonqala yetirəcəklər; başa düşdü ki, hər
şey bitdi: bu adamlardan ikisi, üçü o tonqaldakı meyitlərə toxunsa (əlbəttə,
toxunacaqdılar, hələ yanmamış meyitləri dartıb tonqaldan çıxarmaq, tonqalı
söndürmək istəyəcəkdilər; yanan o meyitlər bu diri adamların balaları idi, əzizləri
idi...), taun onların hamısına yoluxacaqdı və bu adamlar da həlak olacaqdı.
Tonqal işığında dəli gözləri yerindən oynayan adamların qışqırtısı, fəryadı
içində professor Zilber də, bakterioloji dəstənin bütün başqa üzvləri də –
heç kim
özü barədə fikirləşmirdi; özlərinin ayaq altında qalacaqlarını, bu axının qarşısında
həlak olacaqlarını heç ağıllarına da gətirmirdilər, çünki neçə gündən bəri Hadrutda
taunla vuruşan bu həkimlər, virusoloqlar, mikrobioloqlar, sanitarlar üçün, elə bil ki,
həmin günlər ərzində özləri
yox olmuşdu, özləri unudulub getmişdi, yalnız bir qorxu
– taunun yayılması qorxusu var idi, görünür, bu da sövq-təbii idi, bu da təbiət
hadisəsi kimi bir şey idi...
Bu zaman həmin uğultu ilə qızıl əsgərlərin üz-üzə gəldiyi dəqiqədən etibarən
tapançasını çıxarıb ora-bura qaça-qaça (hətta belə bir məqamda da adamlara yaxın
durmurdu, elə edirdi ki, heç kimlə toqquşmasın, adamlar isə daha «Çeka»nı belə
tanımırdı və tanımaq da istəmirdi) havaya dalbadal güllə atan Murad İldırımlı
birdən-birə tapançasını yerə çırpdı, tonqala tərəf qaçdı və tonqaldan iri bir odun
dartıb çıxardı, məşəl kimi yanan o yoğun və uzun odunu iki əli ilə yuxarı qaldırıb
(bu xəstə adama o güc haradan gəldi?!) başının üstündə fırlada-fırlada o uğuldayan
camaatın
üstünə hücum çəkdi, qızıl əsgərlərin arasından keçib camaatın arasına
girdi.
Məşəl kimi yanan o iri odun zərblə bir-neçə nəfərə dəyib onları yerə sərdi və
həmin dəm Azərbaycan SSR Baş Siyasi Idarənin səlahiyyətli müvəkkili elə bir
qeyri-insani səslə bağırırdı ki və başının üstündə fırlatdığı o məşəldən qaranlığın
içində elə bir dəhşət yağırdı ki, elə bil, camaat birdən-birə ayılmağa başladı, səs-küy
yavaş-yavaş azaldı, adamlar hərəkətsiz dayandı, kimisi özünü yerə atıb üz-gözünü
torpağa sürtə-sürtə ağladı, kimisi dizləri üstə çöküb tamam bir taqətsizlik içində
susdu, elə bil, o məşəl bütün bu adamların sonuncu gücünü əlindən aldı.
88
Yavaş-yavaş yalnız Murad İldırımlının o vəhşi bağırtısı eşidilirdi, sonra elə bil
ki, araya çökmüş bu sükut müvəkkili qamarlayıb səsini batırdı. «Çeka» da birdən-
birə taqətdən düşdü, ayağı ayağına dolaşa-dolaşa tonqala tərəf qayıdıb sönmüş (o
məşəlin də, elə bil ki, taqəti qurtarmışdı...), amma közü qıpqırmızı qızaran odunu iki
əlilə də tonqala tulladı, sonra da eləcə ayağı ayağına dolaşa-dolaşa geri qayıtdı,
tapançasını yerdən götürdü, kənara çəkilib yol verən qızıl əsgərlərin, Hadrut
camaatının arasından keçib uzaqlaşdı və qaranlıqda tamam görünməz oldu.
Qurbağalar da, elə bil ki, o uğultudan, o səs-küydən, dalğa-dalğa bütün bu
ətrafa yayılıb, bütün bu ətrafı sarsıtmış o həyəcandan qorxub susmuşdular və indi
yenə də quruldamağa başladılar və o kiçik dağ çayından gələn qurbağa qurultusu o
gecənin özünün iztirab səsi, o gecənin özünün matəm səsi idi.
Tonqal eləcə çıqqaçıqla yanırdı, amma tonqalın o səsi cavan qızıl əsgərlərə
daha əvvəlki kimi təsir etmirdi, çünki o uğultudan, camaatla o çarpışmadan sonra,
elə bil ki, həmin səkkiz-on dəqiqənin içində birdən-birə böyümüşdülər,
bərkimişdilər;
bir də ki, indi taqətsiz düşüb qalmış o Hadrut camaatının tonqalın
işığında parıldayan gözlərində elə bir dərd, elə bir dəli ağrı-acı var idi ki, tonqalın
həmin çıqqıltısı o dərdin, o ağrı-acının yanında zəifləmişdi, kiçilmişdi, təsirini
itirmişdi...
Professor Zilber taqətsiz düşüb qalmış o adamlara baxırdı, o adamların
iztirabları o gecə professor Zilberin bütün içindən keçib gedirdi, həmin iztirabı
cismən hiss edirdi və o dəqiqələrdə professor Zilber Azərbaycan SSR Baş Siyasi
Idarəsinin səlahiyyətli müvəkkilinə elə bir minnətdarlıq hissləri keçirirdi ki, bunu
heç nə ilə müqayisə etmək olmazdı, bunu ifadə etmək mümkün deyildi (illər
keçəcəkdi, o adamı isə həmişə də beləcə bir minnətdarlıqla, hətta vəcdlə yad
edəcəkdi). Professor Zilber o dəqiqələrdə müvəkkilin kobudluğunu da,
hər şeydən
şübhələnməsini də, tərsliyini və sərtliyini də bağışlamışdı, müvəkkil bütün bu
adamları xilas etmişdi və əslində, elə bakterioloji dəstənin üzvlərini də ayaq altında
qalmaqdan, ölümdən qurtarmışdı.
Elə bil ki, həmin gecə adama daha heç nə təsir edə bilməzdi, amma birdən-birə
professor Zilberin gözləri qızıl əsgərlərdən bir az aralıda dayanmış bir nəfərə
sataşdı; dayanmışdı? – yox, o adam it kimi dörd ayaq – dizlərinin və əllərinin
üstündə durmuşdu və alışıb yanan gözlərilə tonqala baxırdı və içindən elə it
zingiltisinə də bənzər bir səs çıxırdı...
Professor Zilber dizlərinin və əllərinin üstündə durmuş adamın tonqalın
işığında görünən görkəmini, sifətini heç vaxt yadından çıxarmayacaqdı, hətta
sonralar – bir neçə ildən sonra xalq düşməni kimi həbs edildiyi
və işgəncələrə məruz
qaldığı vaxtlarda da Hadrutun altı kilometrliyindəki o tonqalın kənarında dizlərinin
və əllərinin üstündə durmuş bu adamı yadına salacaqdı və dünyada daha böyük
dərdlərin mövcud olması professora o inkivizisiya işgəncələrinə dözməyə, elə bil ki,
qüvvə verəcəkdi (elə dərdlər var ki, inkivizisiya işgəncələri onun yanında bir heçdir
və bu işgəncələrə dözmək lazımdır). Dərd dizləri və əlləri üzərində dayanmış o
adamın simasında insanı lap əvvələ, lap bünövrəyə çəkib aparmışdı, o zamana ki,
insan hələ iki ayağı üstə gəzən bir varlıq deyildi, insan hələ heyvandan seçilmirdi,
hələ «homo sapiyens»dən əvvəlki dövrlər idi...
Professor Zilber sarsıntı içində:
– Kto tot nesçastnıy?.. – pıçıldadı.