10
Nədənsə Nemət Təhminəni ürəyində həmişə Kaman-qız
çağırırdı.
"Kaman-qız!" Özünə deməmişdi, amma onu gördüyü ilk
günlərdən belə adlandırmışdı. Səsinə görə yox. Səsi boğuq və
bəm idi. Bəlkə ona görə ki, ucaboylu, arıq idi, uzun ayaqları
vardı. Bəlkə də ona görə ki, kaman kimi onu da ancaq şaquli
təsəvvür etmək olurdu.
Bəzi qadınları üfüqi təsəvvür edə bilirsən. Amma Kaman-
qız şaquli qadın idi, gözlərini yumsan da, onu yalnız dimdik
görəcəksən. Uzun ayaqlarıyla addımlayır, gedir. Quş kimi
harasa tələsir. Həmişə ayaq üstə. Şəməşək. Kaman-qızı yataqda
uzanan təsəvvür etmək çətindir. O yalnız üz-üzə dayanıb öpüşə
bilər, qollarını boynuva salar. Dolayar qollarını boynuva.
Dolayar uzun qollarını boynuva. Dolayar uzun qollarını
boynuva şərf kimi.
Yox, deyəsən, doğrudan da, bu gün pis başlamayıb. Bütün
ayrı gözəlliklərdən başqa səhər-səhər dünyalar gözəlinin
qarşına çıxması, iki gəlmə söz kəsməsi savabların savabıdır.
—"Görək Dadaş kişi ovqatımıza soğan doğramasa.
Dəbbələməsə!"
Dünən işdən çıxıb evə gəlirdilər, birdən Dadaş Nemətə
müraciət elədi:
—Yaxşı, de görüm, sən bədii ədəbiyyat tərcümə eləmirsən?
Vallah, deyir, elmə də, kütləyə də canım qurban, başımı elə bu
yolda ağartmışam, amma tək elmi-kütləvi ədəbiyyat
tərcüməsindən nə çıxacaq! Deyir, qaz vur, qazan doldur. Yaxşı,
savadlı, ixtisaslı tərcüməçisən. Yavaş-yavaş keç bədii
ədəbiyyat da tərcümə elə.
—Eləyirəm də, Dadaş müəllim, hərdən görürsən düşəndə
hekayədən, oçerkdən...
—Hekayədən, oçerkdən nə olsun e... Maşallah bir çətən
külfətin var.
—İndi kinostudiya üçün "dublyaj" eləmişəm. "Jivıe i
mertvıe" kino var e, bilmirəm, görmüsünüz...
11
—Hə, Simonovun romanını çəkiblər.
—Bəli.
Aralığa sükut çökdü. Nemət tilov atmış balıqçı kimi
gözləyirdi. "Hər halda məndən deməkdi. Tutdu qatıq,
tutmadı ayran. Səhərdən bəhanə axtarırdım. Yaxşı ki, sözü özü
saldı".
Kiçik bir tərəddüdən sonra Dadaş:
—Lap yaxşı, — dedi, — o roman bizim nəşriyyatın
planında da var. Götür tərcümə elə. Bacararsanmı?
Nemət
şiddətli ürək döyüntüsünə görə dilinin
dolaşacağından qorxdu, bir müddət danışmadı. Sonra:
—Dublyaj eləyəndə materialın içinə girmişəm, — dedi və
nəfəsini dərdi, — mətnə elə alışmışam ki, məncə, çətin olmaz.
—Neynək. Mənim etirazım yoxdur.
Yenə bir müddət susdular. Dinib—danışmadan
addımlayırdılar.
—Amma bilirsiniz də, Dadaş müəllim, — Nemət sükutu
pozdu, — qabaqdan yay gəlir. İstəyirəm ayrı iş götürməyəm,
elə bütün yayı oturub bunu işləyəm.
Dadaş arif idi. Mətləbi göydə tutdu.
—Sabah yadıma sal, — dedi. — Müqavilə bağlayaq səninlə.
Oturub rahat işləyə biləsən.
—Çox sağ olun.
Pis kişi deyil bu Dadaş. Görüb—götürmüş adamdır. Özü
deməyinə qırx ildir nəşriyyatda işləyir. Deyir başımın tükü sayı
adamlar görmüşəm burda. Otuz beş il bundan qabaq
kuryerlikdən başlayıb...
Ay dadaş, başıva daş.
Tərpənmə belə yavaş.
Bəli, şunu götür, şunu qoy. Ora qaç, bura qaç. Ora-bura
qaça-qaça bir gün olub korrektor, sonra redaktor, sonra şöbə
müdiri... nə isə, indi nəşriyyatda heç beş də yox, üç kişinin
12
biridir. Hörməti, söz-keçərliyi müdirdən heç əskik deyil.
Amma, insafən, heç özünü dartmağı-zadı yoxdur. Böyüknən
böyükdü, kiçiknən kiçik. Boş damarı da ki, futbol. Pah
atonnan! Bu yaşda belə həvəs?! Futbol adı gələndə kişinin
gözü-başı qaynayır. Elə "Futbolun" ikinci nüsxəsini də
onunçün götürmüşdü.
Avtobus dayanacağa çatıb nəfəsini dərdi. Qapıları açıldı,
düşüş-miniş başlandı. Nemət nömrəsinə baxdı. Yox, mənimki
deyil. Onun avtobusunun nömrəsi Nemətin yaşına uyğun idi —
33.
Görəsən camaatın dediyi nə dərəcədə həqiqətə uyğundur?
Yəni doğrudan Dadaşla Təhminənin arasında ayrı haqq-hesab
var? Heç inanılası deyil. Dadaş hara, Təhminə hara? Təhminə!
Kaman-qız! Bəli, bu da sənin kaman-qızın. Şaquli qadın. Yox
əşi, inanmıram, sözdür. Camaatdır da, danışmağa qeybət
gəzir... Amma bir yana baxanda... Dadaş da az aşın duzu deyil
ha, yüz fırıldaqdan çıxıb. Bildir Daşkəndə konfransa gedəndə
yadımdadır nə oyunlardan çıxırdı.
Nemət bir də Dadaşla Təhminəni gözlərində canlandırdı.
Dadaşın yekə qarnını, daz başını, ziyilli burnunu... bir də
Təhminənin uzun qıçlarını, uzun qollarını.
Üz-üzə dursaydılar Dadaşın başı Təhminənin çiyninə
çatmazdı. "Dola qollarını boynuma!" Qollarını Dadaşın yoğun
peysərinə dolamaq üçün Təhminə gərək dizi üstə çökəydi. Ya
da Dadaş taburetkanın üstünə çıxaydı...
Nemət xəyalında canlandırdığı mənzərəyə özü də güldü.
Dadaş taburetkanın üstündə! "Əşi, mənim nə borcuma! Onun
əri var, bunun arvadı: özləri bilərlər. Bu gün mənim
müqaviləmə qol çəksin. Vəssalam, şüttamam. Onda yayın pulu
düzəlir. Onda bu gün dublyajdan mənə çatacaq pula
maqnitofon alaram. Karmena çoxdan söz vermişəm".
Karmen Nemətin böyük qızı idi. Üç qızı vardı, Ortancılı
Cilda, kiçiyi Nərgiz.
Nemət nə səsini itirmiş sabiq müğənni idi, nə də opera
13
dəlisi. Opera dəlisi rəhmətlik Əsəd kişi idi. Karmenlə Cildanın
atası, Sürəyyanın birinci əri.
Nədənsə bir səhnə heç Nemətin gözləri qarşısından
getmirdi: Əsəd kişi iri lırt meşin kürsünün lap dibinə çöküb.
Bir dizinin üstünə Karmeni alıb, bir dizinin üstünə Cildanı.
Hardansa tapdığı nadir opera vallarına qulaq asırlar.
Karmen olardı o vaxt yeddi-səkkiz yaşlarında, Cilda beş-altı
yaşında. İndiki kimi yadımdadır, qızların cüt paltarları vardı.
Moskvadan gətirmişdi, çəhrayı paltarlar, qırçınlı, göm-gödək...
Başlarında iri çəhrayı bantları vardı. Yanaqlarından da qan
damırdı. Qıpqırmızı. Üzlərini Əsəd kişinnn üzünə qoyub
saatlarla qulaq asardılar. Əsəd kişi də elə bil cənnətin tən
ortasında oturub, aldığı zövqdən-səfadan gözlərini yumardı.
Bir dənə də qəribə abajurları vardı. Elə xoş, ilıq işıq salırdı
ki, bütün otaq isti pürrəng çay rənginə çalardı.
Karmen məktəbə gedəndə dərslərindən axsamağa başladı.
Əsəd professor idi, məşhur cərrah idi, ora-bura çəkirdilər,
uşaqla məşğul olmağa hövsələsi hardandı? Elə boş vaxtı olan
kimi valları qoyub çorta gedirdi,
Uzun sözün qısası, soraqlaşıb Neməti tapdılar. Köhnə
pulnan ayda 150 manata Nemət Karmenlə məşğul olurdu.
Cildanı da məktəbə hazırlayırdı.
55-ci il idi. Nemətin 23 yaşı vardı, mətbəədə mürəttib
köməkçisi işləyirdi, universitetdə də qiyabi oxuyurdu,
biblioqrafiya şöbəsində.
Anası bir il bundan qabaq rəhmətə getmişdi. Ömür vəfa
eləmədi ki, atasının şad xəbərini alsın. Arvadı basdırandan iki
həftə sonra Nemətə atasının bəraət kağızını təqdim elədilər.
Əsəd Sürəyyadan iyirmi iki yaş böyük idi. Müharibədən
qayıdandan bir il sonra Sürəyyayla evlənmişdi.
Qısa müddətdə Nemət Əsədgilin ailəsinə çox isnişdi.
Kasıblıq çəkdiyini bilirdilər, tez-tez nahara saxlayırdılar:
"Tələbə babasan, otur, görək Sürəyya xanım bizi nəyə qonaq
edəcək" — deyə Əsəd onu masanın başına dəvət edərdi.
Dostları ilə paylaş: |