17
Deməli, hər şey ola bilər. Fikrimdən qovduqlarım, quyular
dibində basdırdıqlarım, haqqında düşünmək belə
istəmədiklərim hamısı bir gün — beş ildən, on, on beş ildən
sonra, həyatım ola bilər.
Ancaq bu fikirdən sevinmədi. Çünki bu fikrin ardınca ikinci
bədbin fikir də gəldi: bəlkə bütün bunlar reallığa, doğruya
çevriləndə, ömrüm olanda onlar da bugünkü həyatım kimi adi,
vərdişli, gündəlik olacaq...
Bir gün Nemət həmişəki kimi qızlarla məşğul olmaq üçün
Əsədgilə gələndə çöl qapılarını taybatay açıq gördü. Qonşular,
qohumlar, tanıdığı və tanımadığı çoxlu adam girib-çıxırdı.
Dəhlizdə Alyanı — Sürəyyanın böyük bacısını gördü. Əvvəl
geyiminə diqqət elədi — geyimində nə isə bir tələsik matəm,
lapdan düşmüş yas əlaməti vardı: başına qara örpək salmışdı,
ancaq paltarı ala-bəzək idi. Sonra sifətini gördü. Gözləri
şişmişdi, qıpqırmızı idi, amma dodaqları boyalıydı.
Nemət hövlnak içəri keçdi.
O gün gündüz saat ikidə Əsəd elə idarədəcə keçinmişdi.
Ürəyi partlamışdı.
Meyit balaca otaqda idi. Arvadlar olan otaqda. Böyük
otaqda divar boyunca çoxlu stul düzülmüşdü. Qonşulardan
yenə də daşıyırdılar. Nemətin tanıdığı və tanımadığı kişilər
oturub xısın-xısın Əsədin özündən, rəhmətlik atasından,
ölümün qaşla göz arasında olmasından, əcəldən, ürək
xəstəliyindən, ümumiyyətlə, xəstəliklərdən söhbət edirdilər.
Qara boz köynəyini şalvarının üstündən salmış, buxara papaqlı,
çal topasaqqallı, Nemətin tanımadığı qoca bir kişi:
—Ölüm var ki, ölümdür, ölüm də var zulumdur, — dedi. —
Bununku lap zulum oldu.
Yeddisi çıxanacan Nemət səhər-axşam hər gün gəlirdi.
Yeddisi günü axşam camaat dağılışanda Sürəyya Nemətə
yanaşdı:
—Bu günlər aləm qarışdı, — dedi. Karmen onsuz da
axsayır, indi yəqin lap geri qalıb. Sabahdan yenə məşğul
18
olmağa başlayın, özü də lap ciddi.
İki aydan sonra bir gün Nemət utana-utana Sürəyyaya
yanaşdı:
—Sürəyya bacı, — dedi. — Çoxdan bəri demək istədiyi
sözləri necə deyəcəyini bilmirdi. — Bilirsiz, Sürəyya bacı, mən
elə alışmışam ki, sizin ailənizə... istəyirdim deyəm sizə ki,
mənə... pul-zad lazım deyil. Karmenlə də, Cildayla da elə-belə
məşğul olacam...
Sürəyya güldü:
—Nə danışırsız, Nemət! — dedi. — Bir də belə sözü
ağzınıza almayın. İnciyərəm. Möhkəm inciyərəm.
Yayı Sürəyyagil heç hara getmədilər. Bakıda qaldılar.
Əsədin ilini verdilər. Bir payız axşamı söz təzə filmdən düşdü.
Sürəyya dedi ki, heç axırıncı dəfə kinoya getdiyi gün yadına
gəlmir. Səhərisi gün Nemət "Bahar" kinoteatrına dörd bilet alıb
gətirdi. Karmen və Cildanın səyləriylə Sürəyyanı birtəhər razı
saldılar. Dördü bir yerdə "Bahar"da məzəli bir komediyaya
baxdılar: cavan sevgililər öz ata-analarının bütün maneə və
əngəllərinə baxmayaraq, yüz cür kələk qurub sonda bir-birinə
qovuşurdular. Sürəyya xeyli güldü. Kinodan çıxanda Nemətə
elə gəldi ki, o cavanlaşıb, elə bil birdən-birə birillik matəmi
üzündən yuyulub tökülüb. Sürəyya əvvəlki Sürəyya, Əsədin
sağlığındakı Sürəyya idi. Bəlkə də daha əvvəlki Sürəyya,
Nemətin onu hələ tanımadığı bir vaxtın Sürəyyası. Əsədə
getməmişdən qabaqkı çağın, qız çağının Sürəyyası.
İki-üç dəfə də birlikdə kinoya getdilər. Dördü bir yerdə.
Maraqlı xarici film gedirdi. On altı yaşına çatmamış uşaqları
buraxmırdılar. Bu filmə ikisi getdi... Sürəyya və Nemət.
Bəzən bulvara, parka gəzintiyə çıxırdılar. Sürəyya, Karmen,
Cilda, Nemət. Bir dəfə dəniz seyrinə çıxdılar.
Payız, asqılıqdan palto götürən kimi, ağacların başından
küləyi götürüb getdi. Səssizlik çökdü təbiətə. Bir gecə sükut və
sakitlik içində aram-aram, yavaş-yavaş, yumşaq-yumşaq qar
yağmağa başladı. Qar gecəni ağartdı. Qış gəldi.
19
Nemət timsah ağzı kimi aralanmış ayaqqabılarında artıq
gəzə bilmirdi. Özünə təzə çəkmə aldı, paltoya pulu çatmadı.
"Eybi yoxdur, pencək müəllim bu qışı da bizi birtəhər yola
verər" — deyə düşündü.
Bir gün Sürəyyagildən gedəndə Sürəyya ona qəzetə bükülü
iri bir bağlama uzatdı. "Evdə açarsan" — dedi. Nemətin səbri
çatmadı, elə pilləkəndə açdı. Dərhal geri qayıtdı. "Bu nədir? —
dedi. — Mən sizdən inciyərəm. Eyib deyilmi?". O, doğrudan
pərt olmuşdu.
Uzun mübahisələrdən, xeyli çənə—boğaz olandan sonra
Sürəyya onu razı saldı. Nemət evə təzə paltoda getdi. Evdə
gördü ki, karıxdığından paltonun mağaza kağızını da
çıxartmayıb, bütün yolu belə gəlib.
Qış günlərindən birində qızlarla məşğul olub, evinə gedirdi.
Sürəyya:
—Otur bizimlə nahar eləyək, — dedi. — Yarpaq dolması
bişirmişəm.
Nahardan sonra "ləzgi qonağı" kimi dərhal durub qaçmaq
olmazdı. Oturub Sürəyyayla söhbət etməyə başladılar. Qızlar
öz otaqlarına gedib yatdılar.
Nemət özü haqqında danışmağı sevməzdi. Bəlkə də
bacarmırdı. Amma indi qəribə bir həvəslə Sürəyyanın
suallarına müfəssəl, yerli-yataqlı cavablar verirdi.
Əvvəl söhbət atasından düşdü. "Yadıma gəlmir, — dedi. —
Lap duman içində xatırlayıram ki, boyu çox uca idi. Ya bəlkə o
vaxt mənə elə gəlirdi. Axı onu aparanda beş yaşım vardı .."
"Bəli, düzdür. Zakfederasiya vaxtı narkom olub, axır illərinə
qədər böyük vəzifələrdə işləyib, 35-ci ildə Samuxda ispalkom
işləyib. Anam danışardı, deyir, camaat onun başına and içirdi,
evlər tikdirmişdi, yol saldırmışdı. Evindən aparmağa qorxublar.
Bakıya çağırıb burda tutublar".
"Hə, otuz səkkizinci ildə Bakıya köçdük. Camaat
qoymurmuş, anama deyiblər ki, sən arxayın ol, səni də
saxlayacayıq, uşağınızı da böyüdəcəyik. Amma anam razı
Dostları ilə paylaş: |