Sahibkarlıq fəaliyyəti, biznes anlayışı və kommersiya fəaliyyəti



Yüklə 36,71 Kb.
tarix29.03.2018
ölçüsü36,71 Kb.

Sahibkarlıq fəaliyyəti, biznes anlayışı və kommersiya fəaliyyəti

Bazar iqtisadiyyatına keçidlə əlaqədar bu iqtisadiyyata xas olan sahibkar, sahibkarlıq qabiliyyəti, sahibkarlıq fəaliyyəti və sair kimi sözləri də dilimizdə vətəndaşlıq hüququ qazanmışdır.Sahibkar sözü sahib və kar ifadələrinin birləşməsi olub, nəyin isə sahibinin, mülkiyyətçinin nə ilə bir işlə məşğul olmasını ifadə edir. Daha aydın desək, sahibkar – yəni muəssisənin (firmanın) yaradılması, cəmiyyətə təklif olunan yeni ideyanın, məhsulun və ya xidmətin işlənib hazırlanması ilə bağlı riski öz üzərinə götürən şəxsdir. Sahibkar xeyir götürmək məqsədilə istehsal amillərini hərəkətə gətirən və ya bu fəaliyyəti təşkil edən iqtisadi subyektdir. Sahibkar, yəni mülkiyyətçi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün sahibkarlıq qabiliyyətinə malik olmalıdır.

Sahibkarlıq qabiliyyəti dedikdə, maddi və ya intellektual mülkiyyət sahiblərinin ictimai fəaliyyətin müəyyən sahəsində daha çox yararlı olması, müəyyən işi daha müvəffəqiyyətlə icra etməsi nəzərdə tutulur. Bu qabiliyyət bir tərəfdən sahibkarın fərdi psixi xüsusiyyətindən, digər tərəfdən isə onu əhate edən iqtisadi şəraitdən asılıdır. Sahibkarliq qabiliyyəti ya ictimai fəaliyyət prosesində, ya da təhsil prosesində əldə edilir. Uzun müddət birinci yol, yəni fəaliyyət prosesi üstünlük kəsb etdiyi halda müasir dövrdə ikinci yol üstünlük kəsb edir. Dövrün tələbinə cavab verən təhsil prosesində ayrı-ayrı şəxslər sahibkarlıq qabiliyyətinə yiyələnirlər. Sahibkarlıq qabiliyyəti xüsusi növ insan kapitalıdır. Daha aydın desək sahibkarlıq qabiliyyəti – nemətlər və xidmətlər yaradılması üçün istehsalın bütün digər amillərinin birləşdirilməsinə yönəldilmiş xüsusi növ insan kapitalıdır. Əlverişli şəraitdə bu qabiliyyətin ictimai həyatın müxtəlif sahələrində istifadə edilməsi sahibkarlıq fəaliyyətidir.

Sahibkarlıq fəaliyyəti dedikdə, fayda (mənfəət) əldə etmək məqsədilə öz riski əsasında müstəqil, sistematik olaraq məhsul istehsal etmək, xidmət göstərmək və ticarətlə məşğul olmaq fəaliyyətidir. ĺqtisadi ədəbiyyatda sahibkar, sahibkarlıq fəaliyyəti ilə bağlı müxtəlif fikirlərə rast gəlmək mümkündür.

ĺngilis iqtisadçısı R.Kantilyona (1680-1734) görə, feodalizm cəmiyyətindəki torpaq mülkiyyətçilərinə və müxtəlif növlü muzdurlara, yəni iqtisadi sistemdə, kapitalizmdə mənfəət götürmək məqsədilə digərlərindən məhsulu müəyyən qiymətə alaraq, bazarda özünə hələ də məlum olmayan qiymətə satmağa çalışan (deməli risk edən) yeni insanlar qrupu əlavə olunmuşdur. O bu insanları sahibkar adlandırır. Kantilyonun fikrincə, sahibkarlıq xü-susi növ iqtisadi vəzifə olub müxtəlif növ bazarlarda əmtəələrə olan tələblə təklif arasında uyğunluq yaratmağa çalışır.

A. Smit (1723-1790) isə sahibkarı öz istehsalını planlaşdıran və təşkil edən, onun nəticələri üzərində müstəqil sərəncam verən, mənfəət götürmək məqsədilə kommersiya ilə bağlı hər hansı bir ideyanı reallaşdırmaq üçün risk edən mülkiyyətçi kimi səciyyələndirirdi.

Fransız iqtisadçısı J.B.Sey(1767- 1832) də sahibkarı risk etməsinə baxmayaraq, mənfəət götürmək məqsədilə hər hansı bir məhsul istehsal edən şəxs kimi qələmə almışdı. O, sahibkarlıq mənfəətini təmin edən iqtisadi mühiti- bazar mühitini ətraflı tədqiq etmişdir. Onun fikrincə, sahibkar mənfəəti əldə etmək üçün sahibkarın yerinə yetirdiyi vəzifələr yaradıcı xarakter daşıyır.

Sahibkarlıq fəaliyyəti haqqında alman iqtisadçısı V.Zombartın (1863-1944) fikirləri müəyyən qədər fərqlənir.O, sahibkarlıq fəaliyyəti qarşısında duran məqsədi iki yerə: əsas və asılı məqsədlərə bölmüşdür. Onun fikricə sahibkarlıq fəaliyyətinin əsas məqsədi daim inkişaf etmək, çiçəklənmək, genişlənməkdir. Bu məqsədə çatmaq üçün sahibkar risk etməyə hazır olmalı, inadkarlıq və inam göstərməli, ümumi mənafe naminə bir çox insanları işə cəlb etməyi bacarmalıdır. Zobmarta görə, mənfəət əldə etmək sahibkarın ikinci dərəcəli, asılı məqsədidir.Bəs, görəsən mənfəət əldə etməsə, sahibkar necə inkişaf edə, çiçəklənə bilər?

Avstriya iqtisadçısı J.Sumpeterin (1883- 1950) sahibkarlıq haqqında fikirləri də maraqlıdır.O, sahibkarı hər şeydən əvvəl yenilikçi adlandırır.Onun fikrincə sahibkar olmaq digərlərinin edə bilmədiklərini etmək, yenilik tapmaq, köhnəliyə qarşı çıxmaq, ağıllı risk etmək демякдир. Sumpeter yazır ki, sahibkarlıq fəaliyyətinin subyekti kimi, həm mülkiyyətçinin özü, həm də firmanın, bankın, səhmdar cəmiyyətin idarəedicisi (direktoru, meneceri və.s) çıxış edə bilər.

Dahi nəzəriyyəçi N.Marks (1818- 1883) sahibkarla mülkiyyət sahibi olan kapitalisti bir-birindən ayırmamıs, onları eyniləşdirmişdir. Buna görə də marksist iqtisadi nəzəriyyədə sahibkarlıq ayrıca iqtisadi kateqoriya kimi tətbiq olunmamışdır.

A. Marşal, C.M.Keyns və başqaları da sahibkarlığı, sahibkarlıq fəaliyyətini bu və ya digər dərəcədə tədqiq etmişlər. Müasir dövrdə sahibkarlıq fəaliyyəti dedikdə, təsərrüfat subyektlərinin mənfəət və ya şəxsi gəlir əldə etmək məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti əsasında, qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri üzrə həyata keçirdikləri təşəbbüskarlıq fəaliyyəti nəzərdə tutulur.

Sahibkarlıq fəaliyyəti mürəkkəb iqtisadi məzmuna malikdir. Bir tərəfdən o, iqtisadi kateqoriya olmaqla bazar subyektləri arasındakı çoxsahəli iqtisadi münasibətləri (məhsul və xidmətlərin istehsalı, mübadiləsi, bölgüsü və.s) özündə əks etdirir. Digər tərəfdən sahibkarlıq səmərəli təsərrüfatçılıq tipidir. Belə ki, sahibkar daha çox mənfəət əldə etmək üçün elmi-texniki tərəqqinin yeniliklərindən, mütərəqqi əmək üsullarından və sairədən istifadə edərək özünün iqtisadi fəaliyyətini daha səmərəli həyata keçirməyə çalışır. Üçüncü tərəfdən sahibkarlıq mütərəqqi iqtisadi təfəkkürdür. Belə ki, mütərəqqi iqtisadi təfəkkürlü sahibkar dövrün tələbatına uyğun məhsul və xidmətlər istehsal edir, daha mütərəqqi üsullarla xidmət göstərir, ictimai həyatın müxtəlif sahələrində ciddi qənaət rejiminə riayət edir, ətraf mühitin qorunmasına çalışır və.s.

Sahibkarlıq fəaliyyətinin zəruri şərti iqtisadi azadlığın olmasıdır. ĺqtisadi azadlıq dedikdə insanın malik olduğu iqtisadi resurslar (kapital, iş quvvəsi, torpaq) ,habelə istehsal olunmuş məhsullar üzərində sərbəst sürətdə sərəncam vermək azadlığı nəzərdə tutulur. Onu da qeyd etmək lazımdır ki, iqtisadi azadlıq sonsuz deyildir. Belə ki, bir tərəfdən mülkiyyət sahibi malik olduğu kapital resurslarından istifadə edərək məhsul və xidmətlər istehsal etmək və sairə kimi iqtisadi fəaliyyət göstərməkdə müstəqildir. Digər tərəfdən sahibkarlıq subyektləri cəmiyyət, digər sahibkar, işçilər və sairə qarşısında müəyyən məsuliyyət daşıyırlar. Deməli sahibkar müəyyən hüquq və vəzifələri yerinə yetirməklə iqtisadi azadlığın reallaşmasını təmin edir.

Sahibkarın, sahibkarlıq subyektinin hüquqları aşağıdakıılardır:

-firma (müəssisə) açmaq və onun idarə olunmasında iştirak etmək;

-başqa firmaların fəaliyyətində sərəncamında olan əmlakla iştirak etmək;

-işçiləri işə qəbul etmək və işdən azad etmək;

-işçilərin əməyinin ödənilməsinin forma və sistemlərini müəyyən etmək;

-öz məhsulları və xidmətləri üçün qiymətləri (tarifləri) müəyyən etmək;

-digər subyeklərlə əlaqələri həyata keçirmək üçün bankda hesab açmaq;

-sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəətdən sərbəst istifadə etmək və sairə.

Sahibkarın vəzifələri isə əsasən aşağıdakılardır:

-qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək;

-işə qəbul olanlarla müqavilələr bağlamaq; onlara qanunvericiliklə müəyyən olunmuş minimum səviyyədən az olmayaraq əmək haqqı ödəmək; onlara normal əmək şəraiti yaratmaq;

-istehsal olunmuş əmtəələri markalaşdırmaq;

-antiinhisar qanunvericiliyinə riayət etmək;

-öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına müəyyən edilmiş formada hesabatlar vermək və sairə.

Sahibkarlıq fəalyyətinin obyekləri dedikdə cəmiyyətin tələbatını ödəmək üçün lazım olan məhsul və xidmətlərin istehsalı, cəmiyyət üzvlərinə müxtəlif xidmətlərin göstərilməsi və s. nəzərdə tutulur. Sahibkarlıq fəaliyyətinin subyekləri dedikdə isə sahibkarlıq obyektlərinin istehsalı, satışını və sairəni təşkil edən fiziki və hüquqi şəxslər nəzərdə tutulur.

ĺqtisadi ədəbiyyatda, KIV- də, adi danışıqlarda sahibkarlıqla sıx bağlı olan “biznes” anlayışından da geniş istifadə olunur. Bu anlayişları bir-birinə yaxınlaşdıran bir sıra ümumi cəhətlər vardır: əvvəla, hər ikisinin məqsədi mənfəət əldə etməkdir və bu məqsədə bazar vasitəsilə nail olur; digər tərəfdən bu məqsədə nail olmaq üçün istehsal və xidmət fəaliyyətlərini həyata keçirirlər; başqa bir tərəfdən isə onların fəaliyyəti üçün iqtisadi mühitin, iqtisadi azadlığın olması tələb olunur. Bu kimi ümumi cəhətlərlə yanaşı onlar arasında müəyyən fərqli cəhətlər də vardir: əvvəla, biznes fəaliyyeti tarixən əmtəə istehsali ilə əlaqədar oldugu uçun nisbətən qədim dövrlərdən başlanmışdır, sahibkarlıq fəaliyyəti isə kapitalizmin inkisafı ilə əlaqədar meydana gəlmişdir. Digər tərəfdən biznesmen möhtəkirliklə, kələk gəlməklə, əli gətirməklə öz məqsədinə nail ola bildiyi halda, sahibkar bu yollarla öz məqsədinə nail ola bilməz; sahibkar yenilikçi, daim axtarışda olan işguzar insandır. Digər tərəfden isə biznes fealiyyeti birdəfəlik akt kimi seciyyələndirdiyi halda, sahibkar fəaliyyəti daimi bir fəaliyyətdir. Buna görə də ölkə iqtisadiyyatının ümumi mənzərəsi sahibkarların yenilikçi fəaliyyəti ilə sıx bağlıdır.

ĺqtisadi ədəbiyyatda sahibkarlıq müxtəlif meyarlar baxımından təsnifləşdirilir:

1. Mülkiyyətə görə:fərdi, qrup, dövlət, qarışıq;

2. Fəaliyyətin həcminə görə: kiçik, orta, iri;

3. Fəaliyyət sahəsinə görə: sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti və.s

4. Fəaliyyətin xarakterinə görə: istehsal, kommersiya, xidmət;

5. Əhatə etdiyi əraziyə görə: yerli, regional, milli, beynəlxalq”

6. Innovasiya sahibkarlığı – sahibkarlığın bu forması ayrı-ayrı təsərrüfatlarda texnoloji yenilikləri tətbiq etməklə, maşın və avadanlıqlar quraşdırmaqla və sairə ilə məşğul olur.



Sahibkarlıq subyektlərinin vəzifələri və onların

reallaşdırılması mühiti

Sahibkarlıq subyekləri, yəni sahibkarlıq fəaliyyətinin təşkilatçıları məhsul və xidmətlərın istehsalını təşkil edərkən müəyyən vəzifələr yerinə yetirirlər. Onların yerinə yetirdikləri əsas vəzifələrdən biri iqtisadi fəaliyyət üçün zəruri olan digər amilləri (əmək, kapital, torpaq) bir yerə toplayır. Bu amillərin müəyyən bir kombinasiyada birləşməsini təmin edir. Bu kombinasiyanın səmərəli təşkil edilməsi sahibkarlıq subyektinin sahibkarlıq qabiliyyətindən asılı olur.

Iqtisadi resursların kombinasiyası sabit olmayıb dəyişkəndir. Bu dəyişkənliyə resursların qiyməti, istehsalın texniki səviyyəsi, firmanın istehsal həcmi, firmanın satış bazarlarına yaxın və ya uzaqda yerləşməsi və s. təsir edir. Belə muxtəlif amilləri nəzərə alaraq sahibkarlıq subyekti daha çox mənfəət əldə etmək məqsədilə isehsal amillərinin səmərəli kombinasiyasını təşkil etməyə çalışmalıdır.

Sahıbkarlıq subyektinin digər vəzifəsi maksimum mənfəət əldə etmək üçün iqtisadi fəaliyyətində yenilikləri tətbiq etməkdən ibarətdir. ĺqtisadi fəaliyyətin bütün sahələrində:məhsulların istehsalı, onların reallaşdırılması, xidmətlərin göstərilməsi və .s müxtəlif yeniliklərdən geniş istifadə etməlidir. Yeniliklərdən istifadə etməklə fərdi istehsal xərclərini ictimai istehsal xərclərindən aşağı salmaqla əldə etdiyi mənfəəti maksimallaşdırmağa çalışır. Bununla da rəqiblərini qabaqlayır və cəmiyyətdə öz nüfuzunu artırır. Sahibkarlıq subyeklərinin yenilikçilik fəaliyyəti bazarlarda məhsul bolluğunun yaradılmasına, göstərilən xidmətlərin kəmiyyət və keyfiyyətinin yüksəlməsinə səbəb olur. Sahibkarlıq subyeklərinin yenilikçilik vəzifəsi cəmiyyətin iqtisadi tərəqqisinin əsasını təşkil edir.

Sahibkarlıq subyektlərinin vəzifələrindən biri də iqtisadi fəaliyyətinin müxtəlif məsələləri üzrə qərarlar qəbul etməkdir. Əgər, sahibkarlıq fəaliyyətinin həcmi kiçikdirsə qərarların qəbul edilməsi sahibkarın özü tərəfindən həyata keçirilir. Fəaliyyət dairəsi geniş və mürəkkəbdirsə əsas qərarlar, biznesin taleyüklü qərarları sahibkar tərəfindən ikinci dərəcəli məsələlər üzrə qərarlar isə sahibkarlıq subyektinin digər iştirakçıları tərəfindən qəbul olunur. Sahibkarlıq fəaliyyətinin subyekti kimi bir şəxs deyil, bir neçəsi çıxış edərsə hər biri fəaliyyətin konkret sahəsi üzrə (satış, təchizat, maliyyə, reklam) ixtisaslaşır və bu sahənin fəaliyyəti ilə bağlı qərarlar qəbul edirlər.

Sahibkarlıq fəaliyyətinin əsas məsələləri üzrə səmərəli qərarların qəbul edilməsi üçün qərar qəbul edənin özü bir sıra şəxsi keyfiyyətlərə malik olmalıdır. Bu şəxsi keyfiyyətlərə aşağıdakılar aiddir: sahibkarlıq fəaliyyəti üçün tələb olunan ümumi bilik; müasir iqtisadi təfəkkür; işguzar mədəniyyət; iqtisadi vəziyyəti onerativ təhlil etmək və öz imkanlarını düzgün qiymətləndirə bilmək bacarığı və s.

İqtisadi fəaliyyətin əsas məsələləri üzrə qərarların qəbul edilməsi əsasən iki formada həyata keçirilir: ənənəvi olaraq qərarlar sahibkarlıq subyekti tərəfindən təkbaşına və ya digər vəzifəlilər tərəfindən qəbul edilir və yuxarıdan aşağıya doğru tabelilik принсипиня uyğun olaraq yönəldilir və icra edilirlər. Bəzi ölkələrdə (Yaponiya, Cənubi Koreya və s.) isə XX əsrin 70-80-ci illərindən başlayaraq qərarların qəbul edilməsində aşağı pillələrin də fəal iştirakı nəzərdə tutulur. Aşağıdakıların fəal iştirakı ilə razılaşdırılmış qərarların qəbulu daha yaxşı nəticələrin əldə edilməsinə səbəb olur..

Sahibkarlıq subyeklərinin mühüm vəzifələrindən biri də ağıllı risk etməkdir. Belə ki,sahibkarlıq subyekti iqtisadi fəaliyyətlə əlaqədar müxtəlif vəzifələri yerinə yetirmək üçün öz vəsaiti, vaxtı və işgüzar aləmdəki nüfuzu ilə risk edir. Sahibkarlıq fəaliyyəti hər zaman qeyri-müəyyənlikə, risklə bağlıdır. Sahibkarlıq riski sığortalanan və sığortalanmayan risklərə ayrılır. Sığortalanan risklər dedikdə yanğın, daşınma zamanı məhsulun xarab olması , firma rəhbərlərinin və ya aparıcı mütəxəsislərin ölümü və ya xəstələnməsi və s. nəzərdə tutulur. Bu kimi risklərdən irəli gələn zərəri ödəmələr üçün onlar sığortalanırlar..

Sığortalanmayan risklər isə əsasən aşağıdakı hadisələrlə əlaqədə olur: alıcıların zövqündəki dəyişikliklər; rəqiblərin fəaliyyətindəki dəyişikliklər; iqtisadi resursların qeyri-səmərəli bölgüsü və qiymətlərin dəyişilməsi, siyasi şəraitin dəyişilməsi , münaqişələr, təbii və ekoloji fəlakətlər və s. Bu risklərdən isə sığortalanmaq mümkün deyildir.

Risklərlə əlaqədar sahibkara dəyən zərərin üç səviyyəsi fərqləndirilir: a) aparılan riskli əməliyyat nəticəsində sahibkar mənfəət əldə etmir. Atalar demişkən “aldım qoz, satdım qoz mənə qaldı xışıltısı” b) aparılan riskli əməliyyat çəkilən xərcləri ödəmir, zərər sahibkarın öz hesabına ödənilir.Belə hal adətən təsadüfi ola bilər. c)aparılan iqtisadi fəaliyyət sahibkarı müflisləşdirir. Belə halın baş verməməsi üçün sahibkar ağıllı risk etməyi bacarmalıdır. H.Fordun dediyi kimi “işinizdə daha çox ağıla üstünlük verin-ağıla və bir daha ağıla” .



Sahibkarliq subyekləri tərəfindən bu və digər vəzifələrin həyata keçirilməsi sahibkarliq mühiti şəraitində baş verir. Sahibkarlıq mühiti dedikdə işgüzar fəaliyyətin həyata keçirilməsinə təsir göstərən şərait və amillərin məcmusu nəzərdə tutulur. Bunlara iqtisadi mühit, texnoloji mühit, təbii-coğrafi mühit, siyasi şərait və s. aiddir. Bu və digər amillər sahibkarlıq fəaliyyəti üçün əlverişli və ya qeyri - əlverişli şərait yaradır.

Sahibkarlıq fəaliyyəti üçün əlverişli iqtisadi mühitin formalaşdırılmasında aşağıdakı amillər də mühüm rol oynayir: sahibkarlığın inkişafı üçün zəruri qanunvericilik bazasının yaradılması; sahibkarlığa dövlət himayəsi, firmaların (müəssisələrin) yaradılmasına, fəaliyyətin genişlənməsinə imkan verən vergi, kredit, gömrük siyasətinin yeridiləsi; dövlət və xüsusi bölmə tərəfindən sahibkarlığın inkişafına yönəldilən vəsaitin artırılması, sahibkarlıq infrastrukturunun formalaşması və onun səmərəli fəaliyyəti üçün şəraitin yaradılması və s. Sahibkarlıq infrastrukturu dedikdə innovasiya mərkəzlərinin, lizinq firmalarının yaradılması, sahibkarların hazırlanması və ixtisasartırma məktəblərinin, kursların və s. olması nəzərdə tutulur.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə