Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə147/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   143   144   145   146   147   148   149   150   151

– Hm… deməli, gündəlik iş cədvəlinə idarəçilik etməyə arvadına imkan verirsən? Yaxşı, yaxşı! Mən 
başqalarının işinə burun soxmuram! "Berrinqton-otel"də qalıram, altı yüz on yeddinci otaq – yadında 
saxla! Altı yüz on yeddi! Sabah səhər mənə saat ona kimi zəng elə…. Girişdə oturan qız əcəb gözəldir. 
Necə fikirləşirsən: Klif əminin onu restorana dartıb aparmaq və sairə işlər üçün… şansı var?  
Martin institutun ən köhnə və ən təmkinli aliminin rəsmiyyəti ilə etiraz etdi: 
– O çox yaxşı ailədəndir. Mən heç buna cəhd də etməzdim. Sənə də məsləhət görmürəm. 
Klifin piy basmış gözləri ciddi bir baxışlarla Martinə dikildi. 
Martin Klifin məzəmmətlərinə şişirdilmiş bir heyranlıqla güldü: "Hə, öz işinə qayıt, bir cüt bakteriya tut və 
onların quyruqlarına duz səp!"… Sonra o yenə də şişirdilmiş səmimiyyətlə qonağı qəbul otağına ötürdü 
və qeydiyyatçı qızın yanından uğurla keçirdib, liftin yanına yönəltdi. 
Martin uzun müddət özünü bədbəxt hiss edərək kabinetində oturdu. 
İllərlə o Klif haqqında ikinci Terri Uiket kimi fikirləşmişdi. İndi isə görürdü ki, Klif Terriyə çox az oxşayır… 
Riplton Holaberdə az oxşadığı kimi... Terri kobud idi, deyingəndi, bərk söyüş söyürdü, bir çox gözəl və 
incə şeylərə nifrət edirdi, bir çox gözəl və zərif insanların xətrinə dəyirdi. Amma onun kəskinliyi qıldan 
toxunmuş dərviş paltarı rolunu oynayırdı… Bu geyimin altında isə heç bir monaxın ağlına belə gətirmədiyi 
müqəddəs zəhmət gizlədirdi… Klif isə... 
"Mən bu adamı öldürməklə, dünyaya xidmət etmiş olardım! – Martin hirsləndi, – cinayətkarların 
sanatoriyasında faqoterapiya! Mən  ancaq qorxaqlığım üzündən onu boynunun ardından tutub  bayıra 
tullamadım. Qorxdum ki, gedib uğur qazandığım günlərdə öz köhnə dostlarımdan üz döndərdiyim 
haqqında danışar. ("Uğur! İş üstündə yorulmadan çalışmaq! Ziyafətlərdə oturmaq! Söhbətlə beyinsiz 
arvadların başını qatmaq! Səni portuqal səfirinin verdiyi nahara dəvət etmədikləri üçün əsəbiləşmək! 
Yox! Klifə zəng edərəm ki, biz onu dəvət edə bilmərik!") 
Uzaq kasıb günlərdə Klifin sədaqətli dostluğu haqqında, zəhmətsiz qazanmış pullarını onunla bölüşdüyü 
sevinc haqqında xatirələr Martinin xəyalında canlanmağa başladı.  
"Niyə o, mənim üçün faqın nə olduğunu başa düşməlidir? Bir çox aptekçi firmalardan onun 
sanatoriyasının nəyi pisdir ki? Mənim qiyamım həqiqətənmi ədalətlidir? Burada Klifin doktor Erousmitin 
yüksək ictimai vəziyyətini etiraf etməməsi ilə bağlı inciklik hissi işə qarışmayıb ki?" 
Öz sualına cavab vermədən evə yollandı və kifayət qədər açıq şəkildə Coysa izah etdi ki, Klifi kənar 
adamlar olmadan nahara dəvət etmək istəyir. 
– Əzizim, Mart, – Coys cavab verdi, – nə üçün sən eyhamla mənim xətrimə dəyirsən. Guya, mən elə 
snobam ki,  tutarlı sözlər və əşyalara kommersiya yönümündən yanaşma məni təhqir edə bilər. Düzdür, 
bu, sevimli Rocerin yanaşmasına çox yaxındır, amma… Yoxsa sən elə düşünürsən ki, heç vaxt qonaq 
otağının kandarından kənara çıxmağa cəsarət etməmişəm? Deyəsən, axı məni onun divarlarından 
kənarda görmüşdün? Doğrudan da, ola bilsin ki, sənin Klosonun mənim xoşuma gəlsin. 


Martin nahara dəvət edildiyi xəbərini Klifə çatdırdı, səhəri gün isə Klif Coysa zəng etdi: 
– Missis Erousmit? Salamlar olsun! Danışan Klif əmidir. 
– Başa düşmədim. 
– Klif! Qoca Klif! 
– Təəssüf edirəm, amma mən… bəlkə, xətt tam qaydasında deyil… 
– Nə danışırsınız? Bu mənəm, cənab Kloson, hansı ki, dörd…. Sizə nahara dəvət olunub… 
– Ah, hə… əlbəttə…. Bağışlayın. 
– Deməli, belə! Mən öyrənmək istəyirdim: sizdə yalnız öz dəstəniz olacaq, yoxsa bütün ədəb-ərkanı ilə 
ziyafət təşkil olunur? Başqa sözlə desək, əzizim, mən təbii görünüşümdə peyda olum, yoxsa əsgəri 
təchizatla? Oooo, sizə deyim ki, məndə o geyim – qaranquş quyruğu və sairə… bütün komplekti ilə var... 
– Mənə! … Siz demək istəyirsiniz ki.. Aha! Nahara smokinq geyinəcəksinizmi? Sizin yerinizə olsaydım, 
geyinərdim. 
– Mənə etibar edə bilərsiniz! Bəzənib-düzənmiş halda gələcəyəm. Sizə elə dəbdəbəli brilyant düymə 
göstərəcəyəm ki, heç yuxunuzda da görməmisiniz. Belə… Qoca Martın xanımı ilə tanış olmaq çox xoş 
olacaq. İndi isə deyək: "Tezliklə görüşənədək!", ya da "O rezervuar!" 
Martin evə gələn kimi Coys onu bu sözlərlə qarşıladı: 
– Əzizim, bu mənim gücümdən kənar bir şeydir! O, yəqin ki, dəlidir. Doğrudan da, onu sən özün qəbul 
elə və mənə icazə ver yatmağa gedim. Onsuz da sizə lazım deyiləm – ikilikdə keçmiş vaxtları xatırlamaq 
istəyəcəksiniz, mən isə ancaq mane olacağam. İndi – balacanın gəlişinə cəmi iki ay qalıb – mən gərək 
vaxtında yatım. 
– Oh, Coys, Klif çox inciyəcək, o isə mənə qarşı həmişə elə yaxşı olub ki… bir də… sən ki həmişə məndən 
tələbəlik illəri haqqında danışmağı xahiş edirdin… məgər dinləmək istəmirsən? – kədərli-kədərli soruşdu. 
– Yaxşı, əzizim. Onunla mehriban olmağa çalışaram, amma xəbərdarlıq edirəm, çətin ki buna nail olam. 
Onlar təsəvvür edirdilər ki, Klif coşqun olacaq, çox içəcək və əli ilə Coysun çiyinlərini şappıldadacaq. 
Amma nahara gələrkən Klif darıxdırıcı dərəcədə nəzakətli və təmtəraqlı idi… Hər şey belə də davam etdi 
– ta ki yüngülcə sərxoş olana qədər. Martin söhbət zamanı şeytanı yada saldıqda  onun sözünü ağzında 
qoydu: 
– Əlbəttə, mən kobud qanmazam, amma düşünmürəm ki, bizim hersoginya kimi bir ledi bu cür kobud 
danışığı təqdir etsin. 
Sonra davam etdi: 
– Bununla belə, gözləmirdim ki, adamayovuşmaz gənc Mart belə bir qadınla evlənə. 


Və bundan başqa: 
 – Hm…m.. nə demək olar! Bu yemək otağındakı avadanlıq həqiqətən də sizə baha başa gəlib!          
Və başqa: 
– Şampan, aha? Qoca Klifin ürəyi qürurla doldu. Əmr edin, əlahəzrət, …ona necə deyirlər…, lakeyinizə 
əmr edin, qoy mənim katibimə sizin butleggerin ünvanını söyləsin! 
Beş-altı stəkandan sonra Klif, yüksək əxlaqi və zərif leksikona ciddi riayət edərək öz salnaməsini təqdim 
etməyə başladı. Məlum oldu ki, o, neft quyularını necə satıb və məhkəməni gözləmədən necə aradan 
çıxıb, aksiyaların  kilsəyə məxsus dindarlar arasında satışı məqsədilə necə ustalıqla kilsəyə daxil olmağın 
yolunu tapıb, varlı qoca dul qadını öz sanatoriyasına cəlb etmək üçün doktor Benoni Kara necə kömək 
edib və bunun üçün çox maraqlı bir yola – meduim vasitəsilə ona o dünyadan həkim konsultasiyası vəd 
etməyi necə bacarıb… 
Coys sakitcə qulaq asırdı və hamıya öz qüsursuz nəzakəti ilə zülm edirdi. 
Martin onların arasında bağlayıcı həlqə olmağa çalışırdı və Klifin özünü tərifləmələrinə qarşı öyüdverici 
məzəmmətlər yağdırmırdı. Amma o, bu sözləri deyəndə Martini soyuq tər basdı: 
– Sən deyirdin ki, qoca Qotlibin işləri indi pisdir? 
– Hə, o elə də sağlam deyil. 
– Zavallı Qoca. Ümid edirəm başa düşmüsən ki, ona görə divara dırmaşmaq necə axmaqlıq idi? İnanın, 
ledi Erousmit, bu oğlan Qotlib ataya pərəstiş edirdi, küçük qəndilə yalvaran kimi yalvarırdı – ifadəmə 
görə üzr istəyirəm. 
– Sən nə demək istəyirsən? 
– Qotlib də bir Qotlib ola! Əlbəttə, sən ən azı mənim qədər bilirsən ki, o həmişə özünüreklamla məşğul 
olub. Bütün terraridə ədəbsizlik edirdi, guya, ciddi alimdir,  öz yüksək fəlsəfəsi və sıravi doktorların 
alverçiliyi ilə bağlı gözə kül üfürürdü. Amma ən iyrənci, bilirsiniz, nədir… San-Diyeqoda mən bir oğlanla 
rastlaşmışdım, bir zamanlar Uinnemakda botanika müəllimi olub. Hə… mənə dedi ki, Qotlib heç vaxt 
anticisimlərlə bağlı bir alimdən yararlandığını söyləmək istəməyib… – adı nədir? Hansısa rusdur… – Bu 
rus, demək olar ki, hər şeyi ona qədər eləmişdi, Qotlib isə gəldi və hər şeyi ondan çırpışdırdı. 
Qotlibə qarşı söylənən ittihamda azacıq da olsa həqiqət payının varlığı ehtimalı Martinin qəzəbini yalnız 
gücləndirdi. Hiddətlə yumruqlarını dizlərinin üstündə bərk-bərk sıxdı.  
Üç il əvvəl Klifə tərəf nəsə ağır bir şey ata bilərdi, amma Martin uyğunlaşmağı öyrəşmişdi. Coys ərinə 
kifayət qədər təlim vermişdi, o, indi səsinin tonunu qaldırmadan sancmağı bacarırdı. Ona görə də Martin 
təmkinlə dedi: 
– Məncə, sən səhv edirsən, Klif. Anticisimlərlə bağlı işdə Qotlib hamını çoxdan arxada qoyub.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə