Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə32/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   28   29   30   31   32   33   34   35   ...   151

– Aha, sən buradasan, Bebskiy! Dostlarınlasan, yoxsa tək? Gəl, bizim idmansevərlər assosiasiyasına 
qoşul!  
– Yaxşı, böyük məmnuniyyətlə! Arvadım şəhər ətrafına gedib, – həmin adam cavab verdi. 
– Zəhmət olmasa, Doktor Erousmitin əlini sıx. Mart, Corc F.Bebbitlə tanış ol, Zenitdə daşınmaz əmlak 
üzrə çox hörmətli kraldır. Cənab Bebbit anadan olmasının otuz dördüncü ildönümünü bu günlərdə 
səmimi qəlbdən sizə sadiq və həmişə xidmətinizdə hazır olan adamdan – yəni məndən ilk avtomobilini 
almaqla qeyd etdi. 
Nahar, heç olmazsa, Klif və Bebbit üçün şən keçirdi. Martin onlarla kokteyl, pivə və su qatılmış viski içə-
içə bir daha əmin olurdu ki, Klif dünyada ən alicənab adamdır, cənab Corc F.Bebbit isə çox yaxşı içki 
yoldaşıdır.  
Klif söhbət əsnasında onlara izah etdi ki, avtomobil zavodunun direktoru vəzifəsinə qədər yüksələcəyinə  
ümid edir. Bu məsələdə çox güman ki, onun sanballı tibb təhsili alması yardımçı olacaqdı. Cənab Bebbit 
isə etiraf etdi: 
– Siz, əziz dostlar, məndən xeyli gəncsiniz, təxminən on il. Və  insana gerçək zövq verən şeyin ictimai 
karyera olduğunu hələ ki bilmirsiniz.  Belə demək mümkünsə, ideallara xidmət etmək... Öz aramızda 
qalsın: mən daşınmaz əmlakın alverində yox, natiqlik sənətində daha çox istedadlıyam. Özüdür ki, var. Bir 
zamanlar hətta hüquqşünaslıq elmini öyrənməyə və siyasi meydana atılmağa hazırlaşırdım. Öz aramızda 
deyə bilərəm ki, – xahiş edirəm bunu yaymayasınız, – son vaxtlar yaxşı əlaqələr qurmuşam…  Daha 
doğrusu, Respublika Partiyasının yuxarılara yol tapan gənc siyasətçilərilə tanış olmuşam. Əlbəttə, 
təvazökarlıqla danışmaq lazımdır, amma sizə sotto voce  xəbər verə bilərəm ki, payıza kimi oldermen 
olmağı düşünürəm. Oldermendən isə ştat qubernatoru vəzifəsinə doğru, əslində, bir addımlıq yol qalır. 
Belə bir karyera mənə münasib görünərsə, niyə də on ildən, on iki ildən sonra… min doqquz yüz on 
səkkizinci, ya da iyirmici ildə bizim böyük Uinnemak ştatını Vaşinqtonda təmsil etmək şərəfinə layiq 
görülməyim?  
Klif kimi bir Napaleonun, Corc F.Bebbit kimi bir Qladstonun yanında Martin öz istedadsızlığını, işgüzar 
olmadığını acı təsssüf hissi ilə anlayırdı. Ona görə də Moqalisə qayıdarkən özünə yer tapa bilmədi. 
Məsələn, əvvəllər o, öz kasıblığı haqqında nadir hallarda düşünərdi, amma indi Klifin dəbdəbəli səadəti 
ilə müqayisədə onun köhnəlmiş geyimi və darısqal koması daha biabırçı görünürdü. 
 

 
Leoradan gələn uzun-uzadı məktubdan sonra – o Zenitə çətin ki qayıda biləcəyinə işarə vururdu – Martin 
öz tənhalığını daha bərk hiss etdi. Heç nə ilə məşğul olmaq istəmirdi. Belə bir ruhi tənbəllik vəziyyətində 
bakteorologiyaya giriş dərslərində Qotlib onu aşağı, yoluxdurma üçün altı erkək dovşan gətirməyə 


göndərdi. O, ayaqlarını sürüyə-sürüyə gedir və addımları ilə, az qala, laboratoriyanı eninə-uzununa 
ölçürdü.  
Qotlib yeni təcrübələr üzərində sutkada on səkkiz saat işləyir, onun əsəbləri sarsılmış, dəlik-deşik 
olmuşdu. Onun əmrləri, sanki, töhmət kimi səslənirdi. Martin altı erkək dovşan əvəzinə dişi dovşanla geri 
qayıdanda Qotlib onun üstünə qışqırdı: 
– Siz mənim laboratoriyamda fırlanan sarsaqlardan ən betərisiniz! 
Dinləyicilər – Martinə onları danladığına görə qəzəblərini gizlədən ikinci kurs tələbələri – istehza ilə 
güldülər və bununla da onu özündən çıxartdılar.  
– Mən, sadəcə, sizin sözlərinizi başa düşmədim. Özüm də ilk dəfədir ki, səhvə yol verirəm. Mənimlə bu 
cür danışmağınıza imkan vermərəm. 
– Mən nə deyirəmsə deyim, siz dözəcəksiniz! Ədəbsiz! Papağınızı götürüb gedə bilərsiniz! 
– Demək istəyirsiniz ki, mən daha assistent deyiləm? 
– Nə qədər pis danışsam da, bunu dərk etmək üçün ağlınızın yetdiyinə çox şadam! 
Martin otaqdan çıxdı. Qotlib birdən, elə bil, özünü itirdi və Martinin ardınca bir neçə addım atdı. Amma 
tələbələr, öz aralarında qaqqıldaşan bu heyvancığazlar işin davamını gözləyərək tam bir fərəh içində 
dayanmışdılar. Qotlib çiyinlərini çəkərək bircə baxışı ilə onları lərzəyə saldı, sonra içlərindən ən  
bacarıqsızını  dovşanların dalınca göndərdi. Özü isə çox sakit halda dərsi davam etdirdi. 
Martin oradan çıxıb Barninin yanına yollandı. Orada oturaraq viski içdi, stəkan dalınca stəkan aşırdı, 
sonra da bütün gecəni küçələri təkcənə veylləndi. Hər qurtumdan sonra Martin əmin olurdu ki, əyyaş 
üçün içkidə bütün şanslar var…  O, hər qurtumda "vecimə də deyil", – deyərək özünü öyməyi də yaddan 
çıxarmırdı. Leora Uitsilvaniyada, min iki yüz mil uzaqda yox, yaxınlıqda olsaydı, o, sakitləşmək üçün qızın 
yanına qaçardı. Amma o yox idi… 
Səhəri gün Martin hələ də ayaq üstə çətin dayanırdı və bu səhər də birtəhər yaşamaq üçün yenidən viski 
içdi… Elə bu vaxt dekan Silvadan dərhal izahat vermək üçün onu dekanlığa dəvət edən kağız aldı.  
Dekan onu danladı: 
– Erousmit, son zamanlar fakültə şurasında sizin haqqınızda çox söhbətlər olur. İki-üç kursu çıxmaq 
şərtilə – mən özümünkü ilə bağlı şikayətlənə bilmərəm – siz dərslərə çox diqqətsiz yanaşırsınız. 
Qiyəmətləriniz yaxşıdır, amma bundan da yaxşı oxuya bilərdiniz. Son zamanlar eşitdiyimə görə, həm də 
çox içirsiniz. Sizi çox pis ad çıxarmış yerlərdə görürlər. Hələ bu azmış kimi, məni, Banini, bizim 
qonaqlarımızı və universiteti təhqir etməyə cəsarət etmiş bir adamla da dostluq edirsiniz. Müəllimlərin 
çoxu dikbaşlığınıza görə sizdən şikayətlənirlər, deyirlər ki,  auditoriyada bizim kursları lağa qoyursunuz.  
Düzdür, doktor Qotlib həmişə sizi  müdafiə edirdi. O, israr edirdi ki, elmi işə qabiliyyətiniz var. Amma 
dünən axşam etiraf etdi ki, son vaxtlar ona qarşı qabalıq etməyə başlamısınız. Deməli belə, cavan oğlan, 


dərhal ağlınızı başınıza yığmasanız, sizə ilin sonuna qədər sizə mühazirələrə girməyi qadağan edəcək və 
bu da təsir etməzsə, universitetdən getməyinizi tələb etmək məcburiyyətində qalacağam. Məncə,  
qürurunuzu sakitləşdirsəydiniz, yaxşı olardı,  cavan oğlan! Siz olduqca qürurlusunuz! Məsləhətim isə 
budur ki, əvvəlcə doktor Qotlibin yanına gedəsiniz və peşmanlıq əlaməti olaraq üzr istəyəsiniz… 
Martinin əvəzinə viski cavab verdi: 
– Üzr istəsəm, görüm ildırıma tuş gəlim! Qotlib cəhənnəm ola bilər! Mən ona öz həyatımı vermişəm, o 
isə mənimlə artıq-əskik danışdı… 
– Siz doktor Qotlibə qarşı olduqca ədalətsizsiniz… O ancaq… 
– Hə, əlbəttə. O, sadəcə, məni istefaya göndərib. Ona görə də məndən üzrxahlıq ala bilməyəcək. Halbuki 
elə ürəkdən işləyirdim ki…  O ki qaldı Klif Kolsona…  Hər halda, siz ona işarə vururdunuz da… Guya, o, 
kimisə təhqir edib?! İcazə verin deyim ki, o, sadəcə, zarafat etmək istəyirdi, siz isə buna görə onun başını 
üzmək qərarına  gəldiniz. Şəxsən mən zarafatın baş tutduğuna çox şadam.  
Fikrini başa çatdıran Martin artıq elmi karyerasına son qoyacaq həmin o sözü gözləməyə başlamışdı. 
Bapbalaca, çəhrayı rəngli, yupyumru bu mehriban insan dik-dik ona baxır, dodaqlarını çeynəyir və 
bacardıqca yumşaq danışmağa çalışırdı: 
– Erousmit, mən əlbəttə ki, sizi elə bu dəqiqə universitetdən xaric edə bilərəm. Amma inanıram ki, sizin 
yaxşı bünövrəniz var. Ona görə də sizi belə asanlıqla buraxmaq istəmirəm. Şübhəsiz ki, mühazirələrə 
girmək qadağan edilir – heç olmazsa, ağıllanana, həm məndən, həm də doktor Qotlibdən üzr istəyənə 
kimi…  
O, Martinlə ata kimi danışırdı və demək olar ki, onu təəssüf hissi keçirməyə vadar edə bildi də. Amma 
sonra bu sözləri əlavə etdi:   
– Klif Kolsona gəlincə, onun Benoni Kar adlı subyektlə zarafatı … Başa düşmürəm, necə oldu ki, 
yoxlamadım… Düzdür, həddindən artıq məşğul idim… onun, sizin söylədiyiniz kimi, "zarafatı"nı ya axmaq, 
ya da əclaf adam edə bilərdi. Və  nə qədər ki, siz bunu başa düşməmisiniz, hesab edirəm,  yanımıza 
qayıtmağınız tezdir. 
– Çox yaxşı! – Martin dilləndi və hirslə otaqdan çıxdı. 
Onun özünə yazığı gəlirdi. O, hiss edirdi ki, Qotlib ona xəyanət etsə də, karyerasına zərbə vursa da, onu 
elmə yiyələnməkdən və Leora ilə evlənməkdən məhrum etsə də, Martin əvvəlki kimi bu adama səcdə 
edirdi... Və bu, onun faciəsi idi… 
Martin Moqalisdə yaşadığı mənzilin sahibəsindən başqa heç kimlə sağollaşmadı. Əşyalarını, kitablarını, 
qeydlərini, köhnəlmiş kostyumunu, nimdaş tuman-köynəyini və yeganə fəxri olan smokinqini topladı və 
dermantin çamadana dürtdü. O, sərxoş göz yaşları içərisində smokinqi aldığı günü xatırladı. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə