O,
güman edirdi ki, (bir vaxtlar belə bir beynəlxalq münaqişə yaranmışdı və ona tək-tük adamlar da
qoşulmuşdu. Yüzlərlə insan isə onu ittiham edirdi) epidemiyadan xilas olmuş beş-altı nəsil təbii
immuniteti həddindən artıq zəif olan insan nəsli yaradar və nəticədə "demək olar ki, yoxa çıxmış" taun və
ya digər yoluxucu xəstəliklər gözlənilmədən arta bilər. Hətta onların tufan kimi bütün yer üzünə
yayılması da mümkündür. Nəticədə həyatların qurtuluşu üçün Qotlibin öz zəkasını qurban verdiyi həmin
tədbirlər bütün insanlığın məhvinə gətirib çıxara bilər.
O, düşünürdü: elm, ictimai gigiyena vərəm və digər ağır
xəstəlikləri məhv edərsə, dünyada o qədər əhali
artıqlığı yaranacaq və dünya elə bir ümumi köləliyin üfunətli quyusuna çevriləcək ki, bütün gözəlliklər,
rahatlıqlar aclığın qovduğu mövcudluq uğrunda mübarizədə yoxa çıxacaq.
Ancaq, bu cür fikirlər ona işləməyə mane olmurdu. Gələcəkdə əhali artıqlığı təhlükəsi var idisə, gələcək
nəsillər doğuş sayının süni azaldılması, yaxud digər tədbirlərlə özü-özünü qoruya bilərdi. "Çox ehtimal ki,
qoruyacaq da!" – deyə o, fikirləşirdi.
Amma Qotlibin bu sağlam optimizmin son damlası belə bu son şübhələrinin içində yoxa çıxıb itdi. Çünki
o, hansısa şüurun və hissin inkişafına deyil, Allaha hər kəsdən daha çox bənzəyən insanın nəşəli itlərdən,
qüsursuz cazibəli pişiklərdən, əxlaq, təlaş və dindən uzaq olan atlardan üstünlüyünə şübhə edirdi.
Şarlatan
həkimlərin, patentləşmiş dərman fabriklərinin sahiblərinin, saqqızla ticarət edənlərin, reklam
kahinlərinin xidmətçilərlə dolu böyük evlərdə yaşadıqları və bahalı limuzinlərdə gəzdikləri vaxt Maks
Qotlib suvağı qopub tökülmüş əyri bir evdə daldalanır, öz laboratoriyasına köhnə, cırıldayan velosipedlə
gedib-gəlirdi. Qotlibin özü şikayətlənmirdi. O elə də düşüncəsiz deyildi ki, özü üçün həm azadlıq, həm də
məhkum edilmiş xalqın məhəbbətini tələb etsin. "Nə etmək olar? – o bir dəfə Martinə dedi, – məgər
dünya lazım olan işlə məşğul olduğum üçün mənə haqq vermək məcburiyyətindədir?"
Qotlibin evində yalnız bir rahat kreslo var idi, var-dövlət əvəzinə isə stolunun üstündə Almaniyanın,
Fransanın, İtaliyanın, Daniyanın dahi insanlarından, Böyük Britaniyanın dəyərli alimlərindən (onları elə
dəyərli idi ki, araqçəkənlərin, papiros fabriki sahiblərinin, bulvar qəzetlərinin naşirlərinin aldığı
yüksək
titullardan alırdılar) aldığı uzun, səmimiyyət və ehtiram dolu məktublar dururdu.
Amma kasıblıq Qotlibə imkan vermirdi ki, yayda ona il ərzində əzab verən bir arzunu reallaşdırsın. O,
istəyirdi ki, Sena üzərində qovaqların altında otursun, yaxud sakit Sena çayı sahillərində dama-dama
süfrə örtülmüş stol arxasında dincəlsin… Süfrənin üstündə isə çörək, pendir və şərab, bir də tünd rəngli
albalılar olsun. Bir sözlə, sadə dünyanın qədim sevinci…
2
Maks Qotlibin arvadı kök, bu azmış kimi, həm də astagəl və dilsiz-ağızsız bir qadındı. Altmışa yaxın yaşı
olsa da, hələ də ingilis dilində sərbəst danışmağı öyrənə bilməmişdi. Alman dilində də öz borclarını
ödəyən, həddindən artıq çox yeyən və qıpqırmızı qızaran əyalət bürgerlərinin şivəsində danışırdı.
Arvadına öz fikirlərini etibar etmirdisə və süfrə arxasında
uzun düşüncələrə qərq olaraq, onun varlığını
unudurdusa, bu o demək deyildi ki, Qotlib xanımına qarşı kobudluq edirdi. O heç xanımı ilə öcəşmirdi
də. Onun təsərrüfatı idarə etməsinə, Qotlibin köhnə dəbdə olan ev xələtini hansı yolla isitməsinə belə
qarışmırdı. Son zamanlar arvadı naxoşlayırdı, ürəkbulanmasından, həzmetmə prosesinin pozulmasından
əzab çəkirdi. Amma öz işini boş buraxmırdı. Onun köhnə ev tuflilərini sürüyə-sürüyə evin içində necə
yeridiyini daima eşitmək olurdu.
Qotlibin üç övladı var idi. Onların hər üçü arvadının yaşı otuz səkkizi keçdikdən sonra dünyaya gəlmişdi.
Miriam, kiçik qız, odlu-alovlu idi. Yaxşı musiqi istedadı vardı, Bethoveni sevir və anlayırdı, Amerikada
populyar olan "reqtaym"ı isə qəbul etmirdi; böyük qızı özü-özlüyündə heç
nə ifadə etmirdi, oğlu Robert
isə – Robert Kox Qotlib – valideynlərini həmişə məyus edirdi. Yüksək ödənişə baxmayaraq, onlar
canlarını dişlərinə tutaraq Roberti Zenit yaxınlığında olan bahalı bir məktəbə vermişdilər. Orada o, fabrik
sahiblərinin oğulları ilə dostluq edirdi. Onlardan maşını sürətli sürmək və bahalı geyim geyinmək
zövqünü mənimsəmişdi, amma dərslərə maraq bacarığını qətiyyən öyrənə bilməmişdi. Evdə o, elə hey
atasının simiclik etdiyini söyləyərək bar-bar bağırırdı. Qotlib kasıb olduqlarını izah etməyə çalışanda isə
oğlan cavab verirdi ki, kasıbdırsa niyə gizlində təcrübələrə pul
xərcləyir, halbuki belə edərək oğlunu
rüsvay etməyə haqqı yoxdur! Qoy onun lənətə gəlmiş universiteti öz professorunu lazımi materiallarla
təmin etsin.
3
Maks Qotlibin tələbələrinin böyük əksəriyyəti onun fənninə maneə kimi baxırdılar və fikirləşirdilər ki, nə
qədər mümkündürsə, onun üstündən tez adlayıb keçmək lazımdır. Çox az adamlar özlərini bu fənn üzrə
qabiliyyətli sayırdılar. Bu tələbələrin arasında Martin Erousmit də var idi.
Qotlib adətən Martinlə onun səhvləri ilə bağlı kəskin danışırdı. Müəlliminin sədaqətinə təkəbbürlə
etinasızlıq göstərməyə çalışsa da, Martin Qotlib üçün heç də Qotlibin Martin üçün daşıdığı əhəmiyyətdən
az əhəmiyyət daşımırdı. O, Martinlə bağlı geniş planlar qururdu. Martin
həqiqətən də onun köməyini
istəyərsə (Qotlib elmi yarışmalarda nə qədər ifrat xudbin və təkəbbürlü olsa da, şəxsi məsələlərdə bir o
qədər təvazökar idi), bu oğlanın karyerası Qotlibin şəxsi karyerası olacaqdı. Martin kiçik müstəqil
təcrübələr aparsa belə, Qotlib onun hamı tərəfindən qəbul edilmiş və əlverişli immunologiya
nəzəriyyəsini darmadağın etməyə daim hazır olmasına, nəticələri yoxlamaq üçün göstərdiyi ciddi
cəhdlərə baxaraq sevinirdi. Onun naməlum səbəblər üzündən etinasız olduğu
vaxtlarda, Qotlibə elə
gəlirdi ki, o, içir və hansısa şəxsi məsələlərin içində axmaqcasına dolaşıb qalıb. Yalnız gözəl iş qarşısında
hörmət hissi onu Martinin üstünə qışqırmağa vadar etmişdi. Silvanın üzr tələb etməsi haqqında isə
təsəvvürü belə yox idi. Xəbər tutsa idi, bu, onu bərk qəzəbləndirə bilərdi.
Qotlib Martinin qayıdacağını gözləyirdi. Ürəyində özü-özünü danlayırdı: "Qoca axmaq! Gəncin incə ruhu
var. Sən bilməli idin ki, kömür parçasını platin məftillə qarışdırmaq olmaz". O bacardığı qədər (nə qədər
ki Martin restoranlarda qab yuyur və ağlagəlməz şəhərlərdə, ağla gəlməyən
səfərlərdə sərgərdan həyat