Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   23   24   25   26   27   28   29   30   ...   145

 
63
– Onda getdik! – Məsməxanım bir göz qırpımında məhəccərin üstündəki 
üzümü, pendiri, çörəyi tələsik qəzetə bükdü. 
– Hara gedirik? 
Məsməxanım qəzet bağlamasını qoltuğuna vurub: 
– Gəl dalımca! – dedi. 
Məmmədağa başa düşdü ki, bircə dəqiqənin içində küləyi dayandıran bu qız, 
bu dəfə də onu adi yerə aparmır, çünki bu özü də məlum məsələ idi ki, bu qız da adi 
adam deyildi, necə ki, bu gecə adi gecə deyildi və ümumiyyətlə, həmin gecə 
dünyanın bütün işləri adi işlər deyildi; Məmmədağa məhəccərin üstündən aşıb 
furqonun qapısından çıxan Məsməxanımın ardınca getdi; birdən qız qapının ağzında 
dayanıb geri çevrildi və taxta dovşana baxıb dedi: 
– Onu vurmaq düzgün deyil. 
– Niyə? – Məmmədağa da taxta dovşana baxdı. 
– O cür qəşəng dovşandı, adam baxanda gülməyi tutur... Onu niyə gülləynən 
vurasan ki, gərək?.. 
Məmmədağa bir taxta dovşana baxdı, bir də Məsməxanıma baxdı: 
– O ölmür ki, güllə dəyəndə. Əkizdi onlar, gülləni yaxşı atanda o birisi də o 
saat böyründən çıxır. 
– Yox a? – Məsməxanım da bu dəfə gülə-gülə bir Məmmədağaya baxdı, bir 
taxta dovşana. 
– Istəyirsən at özün, bax. 
– Mən! A-a-a... Mən heç güllə atmamışam axı ömrümdə... 
– Atmamısan, indi atarsan. Gəl bura.  
Məsməxanım  əlindəki bağlamanı taxta kətilin üstünə qoydu. Məmmədağa 
tüfənglərin hamısına bir gözdə baxırdı, təzəli-köhnəli hamısı cağbacağ idi və o, 
məhəccərin qabağındakı balaca dördkünc mizin üstünə  yığdığı tüfənglərdən birini 
götürüb qanırdı, qalın saçaqlı dəmir gülləni lüləyə keçirtdi: 
– Bax, o qırmızı nöqtəni görürsən, düz onu nişan al. 
– Mən axı nişan ala bilmirəm... 
– Bu saat elə yaxşıca atacaqsan ki...  
Məsməxanım tüfəngi götürdü, gözünün birini qıyıb taxta dovşana baxdı  və 
taxta dovşan onun gözünün qabağında o tərəf bu tərəfə qaçmağa başladı. 
– Nişan ala bilmirəm e, mən... 
Məmmədağa sol əli ilə tüfəngin qundağından yapışıb sağ əlini qızın çiynindən 
aşırdı, barmağını onun barmağının üstündən tətikdə saxladı, üzünü Məsməxanımın 
saçlarına yapışdırıb nişan aldı. Məsməxanımın qara saçlarından qəribə bir ətir gəlirdi 
və Məmmədağa qolları ilə, sinəsi ilə qızın kürəklərini, çiynini, boynunu hiss edirdi; 
bu hissdə bir doğmalıq, mehribanlıq vardı  və  Məmmədağa öz qolları ilə, sinəsilə, 
üzü ilə qızın çılpaq qollarını, çiynini, bütün bədənini örtmək istədi, bürümək istədi, 
elə bil, Məsməxanımı kimdənsə, nədənsə qorumaq lazım idi və elə bil, Məmmədağa 
indi bu qədər köməksiz, bu qədər zirehsiz görünən bu bədənə dəyə biləcək zərbələri 
öz üzərinə götürmək istəyirdi, çünki bu saat ona elə  gəlirdi ki, güclü qolları 
arasındakı bu bədən, bu vücud uşaq bədəni, uşaq vücududu; onun sağ biləyi qızın 
döşünə toxundu. Məmmədağa bu döşün yumruluğunu, bərkliyini hiss etdi və 
Məsməxanımın barmağı ilə tüfəngin tətiyini çəkdi. 


 
64
Taxta dovşanın bir ayağı üstə sağ tərəfə, arxadan çıxan ikinci dovşanın da bir 
ayağı üstə sol tərəfə əyilməyilə Məsməxanımın sevincək olub – ura - a! – qışqırmağı 
bir oldu və qız üzünü çevirib altdan-yuxarı bu göy gözlərə baxdı; o, bu gözləri, bu 
sifəti birinci dəfə idi bu qədər yaxından görürdü; oğlanın nəfəsi onun sifətini istilətdi 
və qız birdən-birə bu oğlanın üzündən öpmək istədi; istədi və öpdü – Məsməxanım 
belə Məsməxanım idi... 
...Bikəbacı evdə  tək qalıb darıxmamaqdan ötrü hərdən otağının birini kirayə 
verirdi. Kirayənişin çox vaxt Zuğulbaya işləməyə  gəlmiş cavan qızlardan olurdu, 
bir-iki ay kirayədə qalırdı, sonra ya qaçıb Bakıya gedirdi, ya da hökumətdən təzə ev 
alırdı. Məsməxanım doqquzuncu sinifdə oxuyanda Gülzar adında cavan bir qız 
Bikəbacının evində qalırdı. Gülzar Bakıda kitabxanaçılıq texnikumunu qutarmışdı 
və təyinatını Zuğulbanın kitabxanasına almışdı. 
Bir gün gecəyarısı  Məsməxanım mətbəxdə qabları yuyub silirdi. Camaat 
çoxdan yatmışdı, təkcə  Məsməxanımgilin pəncərəsi yanırdı. Həmin gün 
Məsməxanım ikiseriyalı ərəb filminə baxıb evə gec gəlmişdi. Film Məsməxanıma o 
qədər təsir etmişdi ki, evə qayıdandan sonra da bir xeyli özünə gələ bilmirdi. Film 
Əhməd adlı bir təyyarəçinin həyatından idi. Əhmədin Həbibə adlı gözəl bir sevgilisi 
vardı. Onların toyu olmalı idi. Bütün qonaqlar çağrılmışdı. Lakin Mahmud adlı bir 
həkim də  Həbibəni istəyirdi və o, toy günü xəlvətcə  Əhmədin təyyarəsinin 
cihazlarını xarab eləmişdi.  Əhmədin təyyarəsi qəzaya uğrayır və onun üzünün bir 
tərəfi yanır.  Əhməd xəstəxanaya düşür, amma Həbibəyə  xəbər vermir. O, bu cür 
eybəcər sifətlə  Həbibənin gözünə görünmək istəmir. Həbibə elə bilir ki, Əhməd 
vəfasız çıxıb, onu atıb gedib. Doktor Mahmud Həbibəni aldadıb zorlamaq istəyir. 
Həbibə qaçıb küçələrə düşür, az qalır dəli olsun. Oğrular, qumarbazlar onu içirib 
istifadə etmək istəyirlər. Birdən Həbibə ayılır. O, Əhmədin başına gələn qəza-
qədərin təfsilatını öyrənir və uzaq bir kurortda hamıdan gizlənən  Əhmədi tapır. 
Onlar uzun həsrətdən sonra bir-birini qucaqlayıb öpürlər. Doktor Mahmud öz 
əməlindən peşman olub acı-acı göz yaşları tökür. Sonra o, Əhmədin üzünü sağaldır 
və Əhməd yenə də əvvəlki kimi yaraşıqlı olur. Əhməd ilə Həbibə təzədən toy edib 
xoşbəxt olurlar. Filmin axırında doktor Mahmud sevincdən göz yaşları axıdır. 
Məsməxanım boşqabları yuyub silə-silə Əhməd ilə Həbibə barədə fikirləşirdi 
və gözləri dolurdu; o fikirləşirdi ki, dünyadakı sevgililərin hamısı  gərək bir-birini 
Əhməd ilə Həbibə kimi istəsin, onda doktor mahmudlar da həmişə öz əməllərindən 
peşman olarlar. Birdən Məsməxanıma elə  gəldi ki, bayırdan nə isə  qəribə  səslər 
gəlir. Pəncərədən aşağı boylananda bir oğlanla bir qızın blokun qapısına söykənib 
bir-birini öpdüyünü gördü və Gülzarı o saat tanıdı. 
Məsməxanım bütün ömründə birinci dəfə idi ki, doğrudan doğruya bir-birini 
öpən, bir-birini qucaqlayan oğlanla qız görürdü. 
Bundan sonra Gülzar ilə həmin oğlan hər gün gecə blokun qapısına söykənib 
öpüşürdü və hər gecə də Məsməxanım mətbəx pəncərəsinin qabağında gizlənib 
onları gözləyirdi. Məsməxanım bu oğlanı tanımırdı, o da yəqin gəlmə idi. Bu 
oğlanın lap ürəkdən gələn yumşaq səsi vardı. Məsməxanım onun nə dediyini 
eşitmirdi, təkcə bunu görürdü ki, bu oğlan öz ürək sözlərini ahəstə-ahəstə Gülzara 
deyir və sonra da öpüşürlər. Gülzar oğlanı birinci öpürdü, heç gözləmirdi oğlan 
sözlərini deyib qurtarsın, sözlərini ağzında yarımçıq qoyurdu. Sonra da Gülzar 
axırıncı dəfə oğlanı bağrına basıb bərk-bərk öpürdü, pilləkənlərlə yuxarı qalxırdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə