Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   25   26   27   28   29   30   31   32   ...   145

 
67
Həmin qəribə yay gecəsində  Məmmədağa dənizlə danışan, külək dayandıran 
qızın adını birincə dəfə beləcə çəkdi: Məsmə... 
Məsməxanım əlini onun əlindən çəkib barmağını dodaqlarına apardı və: 
– S-s-s!.. – dedi, sonra pıçıldadı: – Burada səs salmaq olmaz... 
Əlbəttə, bu saat bu Duzlu gölün kənarında səs də salmaq olardı, oxumaq da 
olardı lap, amma bunu başa düşmək çox da çətin iş deyildi ki, Məsməxanım onun 
sözlərindən yayındı, onun deyəcəklərinə qulaq asmaq istəmədi.  Əslində 
Məmmədağa özü də nə deyəcəyini bilmirdi, təkcə bunu bilirdi ki, nəsə deyəcəkdi və 
bu qurbağa qurultusu ilə, uzaq dəniz uğultusu ilə bərabər onun səsi də bir müddət bu 
Duzlu gölün kənarında eşidiləcəkdi; o, elə bil, özü öz səsini eşitdi və bir dəqiqənin 
içində ikinci dəfə təəccüb içində qaldı ki, bu yerlərdə bu səs haradan dolanır. 
Və Məmmədağanın xəbəri olmadı ki, Məsməxanım bu saat qorxur, qorxur ki, 
Məmmədağanın Duzlu gölün kənarında deyəcəyi sözlər hər  şeyi tamam həqiqətə 
çevirər və onun həmin qəribə yay gecəsindəki sehrli nağıl aləmi tamam-kamal çıxıb 
gedər işinin dalınca. 
Bayaq bomboz qumluqla addımlayanda, Məsməxanım hiss etdi ki, səhərin 
açılmasına az qalır, bunu hiss etdi və başa düşdü ki, həmin qəribə yay gecəsi sona 
yetir, səhər yenə  ağ çit pencəyini geyib pomidor köşkündə  tərəzinin arxasında 
dayanacaq; yadına saldı ki, Mirzoppa bu saat milis idarəsində yatır və onu yenə də, 
ən azı, on beş sutka dustaq edəcəklər, bəlkə bu dəfə milisioner Səfərin tərsliyi 
tutacaq və iş lap çətinə düşəcək. 
Bu vaxt çox gözlənilməz bir hadisə baş verdi: birdən-birə Məsməxanıma elə 
gəldi ki, Mirzoppa tamam uzaq bir aləmin adamıdı, ona heç bir dəxli yoxdu; o, inana 
bilmədi ki, doğrudan da, bir belə il Mirzoppa ilə bir yerdə yaşayıb, bir belə il ər-
arvadlıq ediblər Mirzoppa ilə, bir yastığa baş qoyublar; Mirzoppanın içməyi də, 
davaları da, nakişi hərəkətləri də indi ona çox cılız, çox əhəmiyyətsiz, çox 
məzmunsuz göründü və Məsməxanım başa düşdü ki, həmin qəribə yay gecəsi nəsə 
elə bir hadisə baş verib ki, o daha əvvəlki Məsməxanım deyil; yəni burası məlum idi 
ki, onun adı yenə  də  Məsməxanım idi, əvvəlki sifəti,  əvvəlki bədəni idi, amma 
məsələ burasında idi ki, bütün bunlarla bərabər, nəsə baş vermişdi və o, daha əvvəlki 
adam deyildi. 
Məmmədağa onun əlindən tutub adını çəkəndə Məsməxanım bildi ki, bu saat 
elə sözlər eşidəcək ki, bu sözlər həmin «nə isə»dən xəbər verəcək, bu sözlər həmin 
qəribə yay gecəsinin büründüyü sehri çatladıb tamam sındıracaq və  qız qorxdu, 
çünki yenə  də  hər  şeyi yadından çıxartmaq istəyirdi – səhər ki, hələ açılmamışdı, 
hələ qalmışdı səhərin açılmasına.  
Məsməxanım pıçıldadı: 
– Yorulmusan? 
Məmmədağa da pıçıltı ilə cavab verdi: 
– Yox... 
– Gəl, az qalıb... 
Duzlu göldən sonra topuğacan quma bata-bata yoxuşu qalxıb yenə də sal 
qayaların üstünə çıxdılar. Birinci mərtəbə qayalar arxada, dəniz sahilində qalmışdı 
və indi o qayalar yəqin hələ də yüngül qayıq olub dənizdə üzmək istəyirdi; amma 
həmin qayalar heç vaxt əsl qayıq olub dənizdə üzə bilməyəcəkdi; o qayaların yeri 
əbədi idi, nə qədər ki, qaya idilər, nə qədər ki, külək, yağış onları toz eləməmişdi, 


 
68
əritməmişdi. Bura isə ikinci mərtəbə qayalar idi və yəqin vaxtilə bu yerlər də dəniz 
olmuşdu və bu qayalar da kiminsə gözlərində yüngül qayıq olub dənizdə üzmək 
istəmişdi. 
Məmmədağa bilirdi ki, Xəzərin suyu azalır; Alxas bəy məhəllədə taxta kətilin 
üstündə oturub eynəyinin qalın şüşəsindən qəzetlərə baxa-baxa deyirdi ki, alimlər bu 
saat bu məsələ ilə  məşğuldurlar. Xəzərin suyu azalırdı, yəni bu o demək idi ki, 
məsələn, min ildən sonra aşağıdakı qayalar da dənizdən uzaqlaşacaqdı, daha heç 
kimin gözündə qayıq olub üzmək istəməyəcəkdi; amma bütün bunlar min ildən 
sonra olacaqdı, bu min ilin özündə isə, bir həmişəlik, bir əbədiyyət, daimilik vardı 
və bu daimiliyin müqabilində insan ömrü Məmmədağaya lap miskin göründü; o belə 
fikirləşdi və qorxdu ki, birdən Məsməxanım da bu miskinliyi hiss edər, qorxdu ki, 
Məsməxanımın kövrək ürəyi bu hissə tab gətirə bilməz. 
Onun çəkmələrinin içi qumla dolmuşdu; qayaya söykənib çəkmələrini çıxartdı 
və bir-bir içindəki qumu boşaltdı. Məsməxanım Məmmadağaya baxıb güldü və: 
– Bu saat görəcəksən, – dedi. 
Bu yerdə qayalar bir-birindən aralı idi və  Məsməxanım dağ keçisi kimi bir 
qayadan o biri qayaya atıla-atıla addımlarını daha da tezləşdirdi. Bir az da beləcə 
getdilər və birdən Məmmədağaya elə gəldi ki, qarşıdakı qum təpənin aşağısında gün 
çıxır; elə bil ki, bütün Abşeronda yox, təkcə bu qum təpənin aşağısında səhər 
açılırdı. 
Məsməxanım dedi: 
– Çatdıq. 
Qum təpənin aşağısında iri sal qaya vardı  və qayanın üstündə  kərtənkələ 
yuvalarına oxşayan deşiklərdən göyümtül alov qalxırdı; elə bil, qayanın altına qaz 
trubaları çəkilmişdi və kibrit ilə bu trubaların hamısını yandırmışdı. Ətrafdan qəribə 
səslər gəlirdi və Məmmədağa da göyümtül alovla yanan bu iri sal qayaya baxa-baxa
qəribə  səslərə qulaq asa-asa elə bildi ki, üstündə «Pnevmatiçeski tir» yazılmış 
furqondan cəmi dörd-beş kilometr aralıda yox, sehrli bir nağıl aləmindədi və bu 
sehrli nağıl aləminin sahibəsi də Yanarqayanın işığında qara gözlərini göyümtül 
alova zilləyib nəsə fikirləşən Məsməxanımdı. 
Sonra birdən-birə  Məmmədağanın yadına düşdü ki, bu saat bu sehrli nağıl 
aləminin sahibəsinin çiynində qapqara bir qançır var; onun ovcunun içi göynədi, elə 
bil bu qapqara qançır yenə  də ovcunun içini yandırırdı, sonra o, yenə  də  sərin və 
quru, qalın dodaqları  çənəsində hiss etdi və ona elə  gəldi ki, təyyarədədi, təyyarə 
uça-uça enir-qalxır, onun da ürəyi uçunur, uçunur. 
– Bu səsləri eşidirsən? – Bunu Məsməxanım soruşdu. 
– Eşidirəm. – Bunu da təbii ki, Məmmədağa dedi. 
– Bilirsən nəyin səsidi o? 
– Yox... Bayquş səsinə oxşayır... 
– Yarasadı. Işıqdan qorxur, çığır-bağır salır.  
Bir müddət Yanarqayanın qarşısında beləcə dayandılar; Məsməxanım 
gözlərini alova zilləmişdi; Məmmədağa Məsməxanıma baxırdı. 
– Bir belə vaxt öyrəşməyib bu işığa? 
– Öyrəşməyib də... Yəqin öyrəşə bilmir işığa...  
Yenə bir müddət beləcə dayandılar.  
Məmmədağa soruşdu: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə