Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   27   28   29   30   31   32   33   34   ...   145

 
71
Səhər açıldıqdan sonra həmin alüminium örtüklü furqon daha gümüş kimi 
ağarmayacaqdı... 
Yanarqayanın istisindən Məmmədağanın alnına, burnuna xırda tər damcıları 
düzülmüşdü və Məsməxanım əlini uzadıb Məmmədağanın alnındakı tər damcılarını 
sildi. 
Sonra Məsməxanım soruşdu: 
– Istidi sənə? 
Məmmədağa dedi: 
– Hə, istidi bir az. 
– Bu saat yağış yağsaydı yaxşı olardı, hə? 
– Hə. 
– Istəyirsən yağış yağdırım bu saat? 
– Yox. 
– Qorxdun ki, yağdıra bilmərəm, hə? – Məsməxanım güldü, amma bu gülüş 
başqa gülüş idi, bunu Məmmədağa yaxşı bilirdi, bu gülüş bu qara gözlərə bir gölgə 
salmışdı  və kölgə, təbii ki, Humay quşunun kölgəsi deyildi – Qorxdun, hə?.. – 
Məsməxanım əlini Məmmədağanın əlinin üstünə qoydu... 
...Çayçı Qəzənfər həmişəki kimi sübh tezdən çayxanaya girib yekə samovara 
od salmışdı, indi də taxta döşəməyə saldığı palazın üstündə bardaşqurma oturub 
çəkiclə qabağındakı tabaqçada kəllə  qənd sındırırdı, hərdən də başını qaldırıb 
Bakıya gedən asfalt yola baxırdı  və alüminium örtüyü gün işığında par-par 
parıldayan tir furqonunu Bakıya tərəf gedən görəndə kişinin ürəyi arxayın oldu ki, 
bu gün daha müştəriləri heç hara dağılmayacaq... 
...Xanım qarının böyük oğlu  Əbülfəz Binədə bağban işləyirdi, evi-eşiyi də 
orada idi. Xanım qarı  hərdən Buzovnadakı  həyətlərindən  əncir, üzüm vaxtı  əncir, 
üzüm; nar, heyva vaxtı nar, heyva dərib Binəyə aparırdı. (Əbülfəz deyirdi: « – 
Neynirsən, ay arvad, bunları özünə yük eləyib gətirirsən bura? Görmürsən nə qədər 
əncir, üzüm var burda?» Xanım qarı deyirdi: « – Bunların ağacını, meynəsini atan, 
baban əkib. Dadı gərək ayrı olsun səninçün bunların. Səninçün də, uşaqlarınçın da»). 
Xanım qarı lap sübh tezdən gedirdi ki, oğlunu da evdə görsün. Buzovnada 
magistral yolun kənarında dayanıb Bakıya gedən avtobusa minirdi, yolüstü Binədə 
düşürdü. Abşeron yollarındakı sürücülərin qoca arvadlara hörmət etməsi məlum bir 
məsələ idi; sürücülər marşrut avtobuslarını yolun ortasında saxlayırdılar ki, Xanım 
qarı minsin. 
Budəfəki yekə maşın onun yanında dayananda qarı baxıb gördü ki, bu maşın 
başqa maşındı, avtobus deyil. 
– A-a-a... Bu neçə maşındı belə? Xaladelnikdi?  
Bu maşın soyuducu maşın yox, Məmmədağanın alüminium örtüklü furqonu 
idi ki, üstündə alabəzək hərflərlə «Pnevmatiçeskiy tir» sözləri yazılmışdı.  
Məmmədağa kabinkanın qapısını açıb:  
–  Xaladelnik döyül, ay xala, – dedi. – Hara gedirsən? 
Binəyə gedirəm, elə bildim avtobusdu bu, əl elədim... 
– Gəl otur. 


 
72
Xanım qarı  əvvəlcə furqonu əməlli-başlı  nəzərdən keçirdi, sonra yəqin bu 
qərara gəldi ki, bu boyda böyük maşında gedəndə adamın başına heç bir iş gəlməz 
və  əlindəki  əncirlə dolu iki tor zənbili yuxarı qaldırıb kabinkaya minmək istədi. 
Kabinka asfaltdan xeyli hündür idi və Xanım qarının cəhdləri boşa çıxırdı. 
Məmmədağa asfalta düşüb qarıya kömək elədi və furqon yerindən tərpənəndə 
Xanım qarı ovurdlarını çəkib qayırma dişlərini ağzında yerbəyer edə-edə dedi: 
– Cavanlığım bu yerlərdə keçib mənim, qırğı kimi burdan vurub, ordan 
çıxırdım. Indi Allahın maşınına minə bilmirəm... Yaxşı deyiblər, vallah, lap 
mükəmməl deyiblər ki, hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır... 
Məmmədağa qabağındakı güzgüdə bu qarının rəngini itirmiş xırda gözlərinə, 
heyva kimi büzüşmüş  qırışlı sifətinə, qara kəlağayısının altından çıxan və  xınadan 
qızarmış ağ saçlarına baxdı və fikirləşdi ki, bəlkə bir vaxt bu qarı da dənizlə danışıb, 
bəlkə bir vaxt bu qarı da Yanarqayanın üstündə çörək qızdırıb? Məmmədağa bunu 
fikirləşdi və ürəyindən lap həzin bir ağrı gəlib-keçdi: illər quş olub ötüb-gedəcəkdi 
və Zuğulba sahilindəki həmin qəribə yay gecəsi də quru bir xatirə olub qalacaqdı... 
Yəni doğrudan bu cür olacaqdı? 
Səmədullanın oğlu Fazil universitetin fizika fakültəsində oxuyurdu. (Qabaqlar 
Məmmədağagilin məhəlləsindəki uşaqların çoxunun arzusu bu idi ki, böyüyüb şofer 
olsunlar və böyüyəndə  də arzularına çatırdılar.  Şoferlikdən başqa bir də diş 
texnikliyi ilə ayaqqabı tikmək dəbdə idi. Amma indi zaman dəyişmişdi, məhəllənin 
uşaqları  məktəbləri qurtarıb institutlara girirdi, kimi həkim olurdu, kimi mühəndis 
olurdu, hətta benzinsatan Meyranqulunun oğlu Əliqulu şair olmuşdu və Mayakovski 
kimi misraları qırıq-qırıq şerlər yazırdı; Alxas bəy taxta kətili evlərinin qabağındakı 
səkiyə qoyub otururdu və qalın  şüşəli çeşməyini taxıb qəzetlərdə  Əliqulunun 
şerlərini oxuya-oxuya deyirdi: «– Əhsən! Bərəkallah!»). 
Fazil bu yay üçüncü kursu bitirmişdi və hərdən elə qəribə şeylər danışırdı ki, 
Fazilin gələcəkdə böyük alim olacağına məhəllədə heç kimin şübhəsi qalmırdı. Belə 
qəribə bir şey də danışırdı Fazil: hamar bir yerdə bir dəmir parçasının qabağına 
cürbəcür maneələr düzürsən, bu maneələrin arasından sürüşüb keçmək çətin olur; 
yuxarı başda maqnit tuturlar, dəmir parçası maqnitə tərəf gedəndə maneələrə ilişib 
qalır, amma bir dəfə belə, iki dəfə belə, üç dəfə, dörd dəfə belə, beşinci dəfə dəmir 
parçası, elə bil, gözü varmış kimi, heç nəyə ilişməyib maneələrin arasından özünə 
yol tapır və gedib maqnitə yapışır. 
Məmmədağa birdən-birə Fazilin danışdığı bu söhbəti yadına saldı və fikirləşdi 
ki, dəmir parçası dəmir parçasıdı, amma o da öz maqnitinə yol tapır. Bunu fikirləşdi 
və maşının qazını artırdı  və burasını da arzuladı ki, kaş bu günlərdə axşamlar 
Zuğulbada həmişə gilavar əsəydi. 
Xanım qarı isə illərin qarasına deyinə-deyinə yerindən dikəlib asfalt yola 
baxdı və fikirləşdi ki, bu maşın avtobusdan rahat gedir... 
...Meyvə-tərəvəz köşkünə  səhər-səhər təzə pomidor gəlmişdi və köşkün 
qabağına xeyli adam yığılmışdı. Ağ çitdən pencək geymiş satıcı  qız pomidorları 
plastmas ləyənə yığıb tərəziyə qoyurdu və alıcıları bir-bir yola salırdı. 
Milisioner Səfər asta addımlarla köşkə yaxınlaşıb bir-birinin üstünə  yığılmış 
pomidor yeşiklərinə baxdı  və fikirləşdi ki, bu il meyvə-tərəvəz yaxşıca boldur. 
Milisioner Səfər burasını da fikirləşdi ki, kim nə deyir-desin, amma dünyada 
Abşeron pomidoruna çatan pomidor olmaz. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə