Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   28   29   30   31   32   33   34   35   ...   145

 
73
Milisioner Səfər həmişəki kimi, formasının dəmir düymələrini diş tozu ilə silib 
təmizləmişdi və indi pencəyindəki, papağındakı düymələr yenə  də  çıraq kimi hər 
tərəfə işıq saçırdı. 
Milisioner Səfər tərəzinin yanına gəldi və  əlini uzadıb yeşikdən bir pomidor 
götürdu, orasına-burasına baxıb öz-özüylə danışırmış kimi yavaşdan: 
– Sənə yazığım gəldi, – dedi. – Şikayəti  şikayət kimi eləmədim... Ikicə ili 
vardı azı... On beş sutka yatacaq yenə... 
Satıcı qız pomidorları plastmas qaba yığıb tərəzinin gözünə qoydu və işindən 
ayrılmayıb: 
– Çox nahaq yerə! – dedi. – Mənə minnət qoyma.  
Milisioner Səfər əlindəki pomidoru yenə o tərəf-bu tərəfə çevirib: 
– Sənə minnət qoymuram, – dedi və bir az sıxıla-sıxıla əlavə etdi: – Nə qədər 
ki, cavansan, özünə bir gün ağla. Gec olacaq sonra... Adam deyil o... deyil... 
«Itdir, it!» – bu sözləri isə milisioner Səfər ürəyində dedi. 
Sonra yeşikdən götürdüyü pomidoru yerinə qoyub meyvə- tərəvəz köşkündən 
uzaqlaşdı. 
Satıcı qız pomidorları plastmas ləyənə yığıb tərəzinin gözünə qoyurdu. 
Alıcılar pomidorun yaxşısını istəyirdilər, pul verirdilər, xırdasını alırdılar, 
amma heç kim bilmirdi ki, bu gecə onlar şirin yuxuda olanda Zuğulbanın göyündə 
Humay quşu uçmuşdu və  həmin Humay quşunun kölgəsi indi də, həmişəki kimi, 
pomidorsatan bu ağ pencəkli qızın üstünə düşmüşdü... 
 
2 avqust  – 12 noyabr 1974. 
Zuğulba – Bakı.  
 


 
74
 
 
 
 
 
 
 
 
 
TOYUĞUN  
DIRI QALMASI 
 
(Əncir ağacı) 
 
 
 


 
75

 
«–Aha!.. Ay bərəkallah! Ay maşallah! Odu he-e-e!.. Bəh-bəh-bəh... Aşiq-
məşuq  əhvalatıdı lap!.. Anası deyir qızım məktəbdədi, ay malades! Bunun da başı 
batmış məməsi deyir ki, oğlum uşaqdı hələ... Ay sən öləsən! Ona bax, əcəb uşaqdı! 
Ağəz, vay-vay-vay, qızın öpüş verməyinə bax... Aha, aha, bircə qol-boyun 
olmağuvuz çatmırdı, ay malades! Bəh-bəh-bəh!..» 
Kənddən Bakıya gedən elektrik qatarının səsi, istər-istəməz, bir müddət 
Zübeydənin fikirlərini alt-üst elədi, dağıtdı bu fikirləri və  həmin elektrik qatarının 
səsi altında Ağagül ömründə birinci dəfə qız öpdü və həmin elektrik qatarının səsi 
altında Nisə də portfelini qollu-budaqlı əncir ağacına söykəyib, ömründə birinci dəfə 
oğlanla qucaqlaşdı, oğlanla öpüşdü. 
Bütün əhvalat da elə buradan başladı. 
Elektrik qatarının səsi yavaş-yavaş uzaqlaşdıqca, nar ağaclarının dalında 
gizlənib xısın-xısın  əncir ağacına tərəf boylana-boylana Ağagüllə Nisənin 
öpüşməyinə tamaşa eləyən Zübeydənin beynində «bəh-bəh»lər və «malades»lər də 
təzədən baş qaldırdı və bu dəm Nisə bütün ömründə oğlanla birinci dəfəki öpüşdən 
sonra gözlərini açanda lap qəfildən, birdən-birə ay işığında nar ağaclarının arasından 
boylanıb maraqla, bir az heyrətlə, bir az da həsədlə onlara baxan girdə,  ətli sifəti, 
yaşına yaraşmayan bir parıltıyla parıldayan yekə qara gözləri gördü: 
– Vaxsey! Zübeydə! 
Bu ikicə söz pıçıltısındakı qorxu, ürkəklik, elə bil ki, bircə anlığa həmin yay 
gecəsinin bürküsündə mürgüləyən  əncir, nar, heyva, badam, zeytun ağaclarını, 
vağzalın daş hasarı boyu qalxmış meynələri, yelsizlikdən bir yarpağı belə titrəməyən 
tutları da diksindirdi və Zübeydə də bu ikicə sözü pıçıldayan səsin xofundan qeyzə 
gəldi, nar ağaclarının budaqlarına ilişə-ilişə irəli yeridi. 
– Nədi, balam? Nə xəbərdi? Cin-şeytan göründü gözlərüvə?! Nöşü-ü-ü-n?! 
Zübeydə bu «nöşü-ü-ün»ü çox mənalı dedi və bu mənanın dalında nə 
gizləndiyini həmin yay axşamının istisində  əli-ayağı buz kimi soyumuş, ürəyi 
uçunan Nisə də, çönüb Zübeydəyə baxa-baxa hələ də özünə gələ bilməyən Ağagül 
də yaxşı başa düşdü. 
– Cin-şeytandan ki, belə qorxursan, yaxşı, balam, anam-bacım, nöşün 
camaatın getdiyi düz yolla, işıqlı yolla evivüzə getmirsən? Hə? Nöşü-ü-ün?.. 
Hirsindən və pərtliyindən uşaq kimi dodaqları qaçan Ağagül dedi: 
– Düz adamsan, sənin burda nə işin var? 
Bu dəfə Zübeydənin doğrudan matı-qutu qurudu və arvad sidq-ürəkdən heyrət 
elədi: 
– A - a - a!.. Adə, qara məni basınca, mən qaranı basım, hə? Keçməz, atam 
balası, keçməz! Nolar, camaat durur, biz dururuq! Baxarıq, görərik mən düz 
adamam, ya siz düz adamsuz ki, vağzal bağında,  əncir ağacının altında, gecənin 
xəlvətində... gecənin xəlvətində!.. – Əvvəlcə bütün bu dediklərinin dalınca bir söz 
tapa bilmədi, sonra dedi: – Gecənin xəlvətində Leyli-Məcnunluq eləyirsüz! – Sonra 
da, elə bil ki, tapıb dediyi bu söz özünün xoşuna gəlmədi, kəsərsiz oldu, dedi: – Əh, 
qələt eləyər Məcnun atabaatasıyla, Leyli də ondan beşbetər, vağzal bağına gəlməz! 
Gözünün yaşı burnunun ucundan gilə-gilə süzülən Nisə içini çəkə-çəkə: 


 
76
– Heç kimə demə... – dedi. – Heç kimə demə, qələt eləmişik, Zübeydə... 
Zübeydə xala... 
Zübeydə  əvvəlcə, elə bil, başa düşmədi, eşitmədi bu sözü, sonra qulağına 
inanmadı Zübeydə, amma Nisə bir də təkrar elədi ki, qələt eləmişik, Zübeydə xala, 
heç kimə demə  kənddə, biabır olarıq biz, Zübeydə xala və sözləşmək, sözlə 
didişmək həvəsindən Zübeydənin tar simi kimi tarım çəkilmiş  bədəni birdən-birə, 
bircə anın içində süstəldi, bütün hirsi-hikkəsi, kini-küdurəti çıxıb getdi işinin dalınca 
və arvad açıq-aşkar yumşaldı, ürəyində lap kövrəldi də. 
Məsələ burasında idi ki, kənddə uşaqdan tutmuş böyüyəcən hamı Zübeydəyə 
elə-eləcə Zübeydə deyirdi və bu kənddə birinci dəfə idi ki, kimsə Zübeydəyə 
«Zübeydə xala» deyirdi. 
– Yanındakını başa sal də... qızım... – dedi Zübeydə. – Başlayıb ki, düz adam 
belə gəldi, əyri adam belə getdi, day nə bilim nə... 
Nisə daha bir söz demədi, əyilib əncir ağacının dibindən portfelini götürdü və 
içini çəkə-çəkə  də Zübeydənin yanından ötüb-getdi. Ağagül də  qızın dalınca 
addımlaya-addımlaya dünyanın  ən iyrənc bir məxluquna baxırmış kimi, çimçəşib 
nifrətlə yuxarıdan-aşağı Zübeydəyə baxdı və bu baxışların altında Zübeydə yenə də 
mindi cin atına, həmişəki Zübeydə oldu, özünü saxlaya bilməyib Ağagülün 
arxasınca: 
– Ay sən öləsən! – dedi. – Baxarsan!.. – Sonra Nisənin dediyi sözlər də 
yadından çıxdı. – Baxarsuz! 
 
II 
 
Poçtalyon Nəcəfqulu deyirdi, guya, alimlər qəzetlərdə yazıblar ki, 
müharibədən sonra otuz ildi Abşeronda belə isti olmayıb. Əlbəttə, Zübeydə yaxşı 
bilirdi ki, hər deyilən sözə inanmayasan gərək, amma bu yerlərdə belə isti, doğrudan 
da, yadına gəlmirdi; heç müharibədən əvvəllər də belə isti yadına gəlmirdi. Bu, lap 
Aşqabadın o istisinə oxşayırdı, Aşqabadın o istisinə ki, Zübeydə gəmiyə minib, 
Xəzəri üzüb gedib düşmüşdü o istiyə; qaragül xəzi almağa getmişdi ki, gətirib 
Bakıda satsın (Papaqçı Əlihüseyn şirnikləndirmişdi onu o vaxt, indi gorbagor olub 
köpək oğlu!), amma bilməmişdi ki, bir qara daş da dalınca gedir: Bakıdan apardığı 
Nuxa krepdeşinini satdığı yerdə (yaxşı deyiblər ki, artıq tamah baş yarar!) 
tutmuşdular onu Aşqabad bazarında və amnistiya olmasaydı, bir il iki ay on dörd 
gün yox, şəhərlərarası alver üstə düz altıca il yatacaqdı türmədə. Həmin bir il iki ay 
on dörd günün elə günü olmadı ki, Zübeydə tövbə eləməsin və papaqçı Əlihüseynin 
də atasının goruna söyməsin ki, bir də belə iş tutmayacaq. Belə iş deyəndə ki, yəni, 
böyük iş, yəni, qaz vurub, qazan doldurmaq məsələsi. O vaxtdan da xırda-xuruş idi 
Zübeydəninki, amma xırda-xuruşun da üzü qara olsun, bude, bu gün günortadan 
bazarda idi, günortanın o cırhacırından axşamacan, satdığı da cəmi üç dənə süpürgə 
olmuşdu. Bu şoqəribə qalmış süpürgələri Abdulla kişi bekarçılıqdan düzəldirdi və 
Zübeydə də kişinin qılığına girib, süpürgələri ucuz qiymətə ondan alırdı və bazara 
aparıb satırdı. Dünən lap betər olmuşdu, cəmi iki süpürgə satmışdı və bu axşam da 
Zübeydə süpürgə dolu həsir zənbili nar ağacının budaqlarına ilişə-ilişə və ürəyində 
də Ağagülün qarasına deyinə-deyinə ağaclıqdan çıxıb vağzal bağının cığırına düşdü; 
buna bax də, bir, hələ «ding» eləyib yumurtadan çıxmamış, əncir ağacının altında 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə