Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   29   30   31   32   33   34   35   36   ...   145

 
77
qızla öpüşür, amma adama da elə baxır, elə bil ki, gürzə ilana baxır, nədi, balam, 
nolub, sancacağam səni, sancmışam səni, nədi axı? Atan səhərdən axşamacan 
avtobus sürür buradan Bakıya, Bakıdan bura, yığıb gətirir evə, anan yeyib 
harınnıyır, özün də uşağın başını tovlayıb gətirirsən axşamın qaranlığında əncir 
ağacının altına, indi nolub, mənəm təqsirkar? Nöşün, lənətüllah, bu da bu tərəfdən 
çıxdı qabağıma... 
Zübeydə uzaqdan ona tərəf gələn qaraltını, milisioner Səfəri o saat tanıdı, 
lənətüllahı da onunçun dedi və içi süpürgə dolu həsir zənbili görüb, milisioner 
Səfərin yenə  qırsaqqız olmaması üçün, təzədən öyüd-nəsihət verməməsi üçün 
yolunu dəyişdi, vağzalın aşağı tərəfindən keçən cığıra döndü ki, Məsməxanımın indi 
bağlı olan tərəvəz köşkünün qabağından dövrə vurub evə getsin; yolu xeyli uzandı 
və bu da Zübeydəni lap dilxor elədi. 
Zübeydə elə bildi ki, milisioner Səfər onu görmədi, amma milisioner Səfərin 
də gözləri sərraf gözləri idi, lap uzaqdan Zübeydəni tanıdı, əlindəki həsir zənbili də 
gördü, arvadın tez yolunu dəyişib başqa cığıra düşməsinin də səbəbini başa düşdü və 
axır vaxtlar, yəni bir xeyli müddət Zübeydəni faydalı  əmək yoluna çağıra-çağıra 
daha zinhara gələndən sonra, bu tüfeyli arvad barədə sabitləşmiş fikri bir də  gəlib 
beynindən keçdi: « – Əşşi, qoy cəhənnəm olsun getsin, qozbeli qəbir düzəldər». 
Əlbəttə, Zübeydənin xəbəri yox idi ki, milisioner Səfər bu saat onu, ancaq 
qəbirdə düzələcək qozbel hesab elədi (xəbəri olsaydı, yenə bir şey bəhanə eləyib 
milisioner Səfərin arvadı Zübeydəylə – bu əfəl oğlu əfəlin də arvadının adı Zübeydə 
idi – kəndin ümumi hamamında bir dava-şava qoparacaqdı ki, arvadlar onları güçlə 
aralayacaqdı!), amma elə-beləcə dilxor idi və dilxor-dilxor da getdi öz xarabasına. 
Bayaq vağzal bağından keçib bazardan evə qayıdırdı, cığırın qırağındakı 
ağaclıqdan, ancaq onun eşidə biləcəyi bir pıçıltı  eşitdi və  əlbəttə, Zübeydə  də 
Zübeydə olmazdı ki, tez, lap bircə göz qırpımında özünü ağaclığa verib 
pıçıldaşanların kim olduğunu pusmasın; baxıb gördü ki, bəli, məclis arəstədi, bağça 
müəlliməsi Firuzənin qızı Nisə ilə o zəhləsi getmiş  Ağabacının oğlu Ağagül 
dayanıblar üzbəsurət və pıçıldaya-pıçıldaya eşq-məhəbbətdən dəm vururlar, sonra da 
qol-boyun olub öpüşdülər və sonra da qızın gözünə cin-şeytan göründü. 
Belə-belə işlər. 
Bu tərəfdən də bu milisioner Səfər böyürdən çıxıb, yolunu uzaq saldı; qaragün 
oğlu qaragün, altı yekə  qızı var, altısı da evdə; bu qızların yükü altda az qalır 
boğazının damarları  şişib partlaya, papağını da çıxaranda xalis keçəl bülbülə 
oxşayır, bircə dənə tük də yoxdu başında; əşşi, özü bilər, sənə nə, sən kimsən, ləçər 
arvadı var, qoy o da dərdini çəksin kişisinin... 
Düzdü, bir dəfə, lap elə bu yazın sözüdü, milisioner Səfər bazar başında ona 
yaxınlaşıb bir söz dedi, həmin söz heç yadından çıxmır, beynində həkk olub qalıb o 
söz düz üç aydı, tez-tez yadına düşür və milisioner Səfərin, azı, otuz ildi ona dediyi 
sözlər bu bircə cümlənin yanında tamam heç zaddı. 
Zübeydə Bakıdakı bir köhnə tanışından zəfəran, sarıkök, cirə, zəncəfil, 
yumurta boyamaq üçün rəngbərəng boyalar alıb gətirib kəndin bazarında satırdı, 
milisioner Səfəri görüb şey-şüyünü yığışdırdı, bazar başına getdi və on-on beş 
dəqiqədən sonra elə oradaca milisioner Səfər təzədən pırtlayıb çıxdı böyürdən, gəlib 
Zübeydəylə üzbəüz dayandı və Zübeydə elə bildi ki, milisioner Səfər yenə də bir 
neçə il bundan qabaqkı kimi, onu milis idarəsinə aparacaq, amma milisioner Səfər 


 
78
onu milis idarəsinə aparmadı, arvadın qıpqırmızı xınalı saçlarına, cavanlıqda çox 
sinəsinə döyən cayılların ağlını başından eləmiş və indi yavaş-yavaş kiçilən, sulanan 
qara gözlərinin kənarındakı qırışlara, lırtlaşmış, buxağı sallanan sifətinə baxdı, 
baxdı, elə bil, Zübeydənin cavanlığı gəldi durdu gözlərinin qabağında (qəribəydi ki, 
milisioner Səfərin bu baxışlarının altında Zübeydə də birdən-birə öz cavanlığını 
yadına saldı, öz cavan sir-sifəti, cavan əndamı gəldi durdu gözlərinin qabağında) və 
dedi: 
 – Özünü o qazanın altında yandırdın ki, içindəki heç kimə lazım deyil... 
Milisioner Səfər bu sözləri dedi və çıxıb getdi. 
Həmin gün Zübeydə tamam hali-pərişan oldu. 
Nə isə, gəldi çıxdı evinə. 
Kənddə, ancaq işi düşənin – alanın, satanın, axtaranın, Bakıya ev dəyişənin, 
bağ kirayə verənin... –  ayağı  dəyən bu ev, bu həyət-baca kəndin aşağı başında, 
qumluqla qayalığın arasında idi və bu qayalıqdan dənizə yüz əlli-iki yüz metr 
məsafə vardı və yay-qış dənizin səsi Zübeydənin radiosuydu, konsertiydi; Bakıya, ya 
başqa bir yerə gedəndə,  əlbəttə, bu qum üçün də darıxırdı, bu qayalıq üçün də, 
həyətdəki bu meynələr üçün, iydə, xartut, ərik, heyva, nar, əncir ağaclarıyçun da 
darıxırdı, amma hər şeydən çox, ən birinci, dənizin səsi üçün darıxırdı. 
Zübeydənin ikiotaqlı daş evi, mətbəxi, mətbəxin yanında hamamı və hamamın 
da yanında içəri tərəfdən divarına yarıyacan çex kafeli düzülmüş tualeti vardı. 
Həyətində balaca çarhovuzu vardı  və  cəmi iyirmi sotluq bu həyətdəki sağlam 
ağaclar kəndin az-az həyətlərində vardı  və ümumiyyətlə, Zübeydənin evindəki, 
həyət-bacasındakı  səliqə-sahmanına kənddə onun Ağabacı kimi ən birinci 
düşmənlərinin belə, sözü yox idi. 
Zübeydə həyətə girən kimi, əlindəki həsir zənbili hirslə darvazanın yanındakı 
alça ağacının dibinə atdı  və guya, bütün təqsirlər yazıq Abdulla kişidəymiş kimi, 
onun qarasına bir-iki yağlı söz dedi, sonra iti addımlarla quyuya yaxınlaşıb bir vedrə 
su çəkib çıxardı, sərin sudan bir parç götürüb birnəfəsə başına çəkdi və bu bir parç 
sərin quyu suyundan sonra, elə bil, bir balaca sakitləşdi. Vedrənin qalan suyundan 
üç-dörd ovuc töküb üz-gözünə çırpdı, bir-iki parç da su doldurub artırmanın sement 
döşəməsinə atdı ki, bir az sərinlik olsun. 
Quyunun həndəvərində  ağcaqanad daha çox idi və Zübeydə vedrəni yerə 
qoyub yaş əliylə ətli qollarını, sinəsini şappıldada-şappıldada artırmaya qalxdı, hər 
tərəfi açıq artırmanın bir kənarında qurduğu miçətkənin içinə girib palazın üstündən 
sərdiyi nazik yay döşəyində uzandı, başını yumşaq mütəkkəyə qoyub, qollarını açdı 
və sinədolusu nəfəs alıb bir: 
– Oxxay!.. – dedi. 
Dənizdən lap yavaş bir uğultu gəlirdi, yel deyilən şey yox idi və dənizin xırda 
bir ləpəsi də tərpənmirdi. Artırmada yaş sement döşəmə çox tez qurudu və sərinliyi 
də çox tez keçib getdi, elə bil, həyətdə ocaq qalamışdın və hasar boyu əkilmiş 
küknar ağaclarının qozalarının səsi də, elə bil, ocaqda yanan odunun şaqqıltısıydı; 
küknar qozaları hərdənbir öz-özünə şaqqıldayıb çatlayırdı, sonra bir-bir tuppultuyla 
yerə düşürdü. 
Zübeydə miçətkənin altından əlini uzadıb taxta kətilin üstündəki bir ləyən 
üzümdən bir gilə qoparıb ağzına qoydu, sonra əllərinin ikisini də başının altında 
çarpazladı. Üzüm giləsi isti idi və elə bil ki, bütün dadını-tamını itirmişdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə