273
Allah-taala onun omründən kəsib Stalinin ömrünü uzadaydı – o dilək o qədər sidq-
ürəkdən idi ki, Ağagül qəhərləndi, gözləri doldu, o balaca çəkməçi köşkünün taxta
divarlarına məhəllədəki nöyüt dükanının, çörək dükanının, Sarı hamamdakı kassir
otağının divarlarındakı kimi, Stalinin cürbəcür şəkilləri yapışdırılmışdı və bu
şəkilləri hələ Balaniyaz qəzetlərdən, jurnallardan, xüsusən «Oqonyok» jurnalından
kəsib yapışdırmışdı, bir qismini də bazarda – həmşəri Palanında fotoqraflardan alıb
yapışdırmışdı: Stalin generalissimus paltarında, şərfini boynundan arxaya atmış və
qapqara saqqal saxlamış Koba – Stalin və oğlu general Vasili Stalin, Stalin ona gül
verən balaca qızı qucağına alıb, Stalin və Mao-Tze-Dun, Stalin, Beriya, Mikoyan və
Koqanoviçlə bir yerdə, Stalin və Qorki, Stalin anası ilə birlikdə... Və Ağagül
Stalinin sağalacağına yüz faiz inansa da, əlindəki köhnə kişi ayaqqabısının dabanına
rezin vura-vura hərdən ürəyində baş qaldıran o nigarançılıqla köşkün divarlarındakı
həmin şəkillərə baxırdı: bu şəkillər ən doğma, ən mehriban bir adamın şəkilləri idi,
amma eyni zamanda bu doğma, mehriban, bu əziz adam bir ucalıqda, böyüklükdə
idi və hansı xəstəlik olursa-olsun, o xəstəliyin gücü həmin ucalığa, həmin böyüklüyə
çata bilməzdi, o xəstəlik nə istəsəydi, bax, bu məhəlləyə eləyə bilərdi, başqa
məhəllələrə eləyə bilərdi, Bakıya, bütün dünyaya eləyə bilərdi, amma Stalinə heç nə
eləyə bilməzdi və Ağagül bu fikri özü üçün tam qətiləşdirəndən sonra, mismarları
həmişəki kimi bir şövq ilə əlindəki köhnə kişi ayaqqabısının dabanına vurmağa
başladı.
* * *
Sabahkı gün, yəni 1953-cü il martın 6-da səhər tezdən məhəllənin kişiləri,
yeniyetmələr, uşaqlar yenə də Sarı hamamın qabağına, o qoşa tut ağacının altına
yığışmışdı və bu adamların sifətində, baxışında elə bir kədər var idi ki, elə o kədər
boz bir rəng alıb bütün məhəlləni bürümüşdü, o Sarı hamamın divarlarını da boz
rəngə boyamışdı və poçtalyon Müzəffər çeşməyinin qalın şüşəsinin böyütdüyü
gözlərini yenicə mətbəədən çıxmış «Kommunist» qəzetinə zilləyib hərdən titrəyən,
boğazında qırılan səsiylə oxuyurdu: «Sovet Ittifaqı Kommunist Partiyasının Mərkəzi
Komitəsindən, SSR Ittifaqı Nazirlər Sovetindən və SSRI Ali Sovetinin Rəyasət
heyətindən. Partiyanın bütün üzvlərinə, Sovet Ittifaqının bütün zəhmətkeşlərinə.
Əziz yoldaşlar və dostlar! Sovet Ittifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi,
SSRI Nazirlər Soveti və SSRI Ali Sovetinin Rəyasət heyəti partiyaya və Sovet
Ittifaqının bütün zəhmətkeşlərinə böyük hüzn hissi ilə bildirirlər ki, martın 5-də
axşam saat 9.50 dəqiqədə SSR Ittifaqı Nazirlər Sovetinin sədri və Sovet Ittifaqı
Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Iosif Vissarionoviç STALIN ağır
xəstəlikdən sonra vəfat etmişdir». Bu yerdə Sarı hamamın qabağına toplaşmış o
məhəllə camaatının içindən elə bir ümumi «ah» qopdu ki, o «ah» gözə görünməyən
səssiz bir burulğan kimi, bütün bu adamları da, Sarı hamamı da, o qoşa tut ağacını
da, o elektrik dirəklərini də burum-burum özündə fırladıb havaya qaldırdı.
274
Poçtalyon Müzəffər tez-tez udquna-udquna və udqunduqca da nazik boğazının
ucu iti hülqumu enib, qalxa-qalxa həmin titrək səslə ardını oxudu: «... Leninin
silahdaşı və onun işinin dahi davametdiricisi, Kommunist Partiyasının və Sovet
xalqının müdrik rəhbəri və müəllimi Iosif Vissarionoviç STALININ qəlbi
döyünməkdən qaldı». Yenə məhəllə camaatının içindən bir «ah» qopdu; uşaqlar
hönkür-hönkür ağlamağa başladı, kişilər səssiz ağlaya-ağlaya gözlərinin yaşını
sildilər və həmişə məhəllədə yas yerlərində, hətta, atalarının, qardaşlarının, ən
yaxınlarının yasında ağlamaqlarını, kövrəlməklərini yeniyetmələrdən, uşaqlardan
gizlədən məhəllə kişiləri, elə bil, yaddan çıxartmışdılar ki, ətrafda uşaq, yeniyetmə
var, ağlayırdılar, içlərini çəkirdilər və o cümə günü səhər tezdən o Sarı hamamın
qabağında ağlamaqlarını gizlətmək heç ağıllarına da gəlmirdi. Pravadnik
Əbdülkərim də o səhər o camaatın arasında idi və ağlayan kişilərin gözləri
Pravadnik Əbdülkərimə sataşanda, daha da bərkdən ağlayırdılar – əlbəttə, bu
adamların hamısı sidq-ürəkdən ağlayırdı, amma, bir halda ki, Pravadnik Əbdülkərim
də burada idi, hər ehtimala qarşı qoy öz gözləriylə görsün ki, kim necə bərkdən
ağlayır... Pravadnik Əbdülkərim özü ağlamırdı, amma diqqətlə bir-bir məhəllə
camaatına baxırdı və açıq-aşkar hiss olunurdu ki, öyrənib bilmək istəyir: kim necə
ağlayır və nə qədər ürəkdən ağlayır?.. Poçtalyon Müzəffər oxuyurdu: «...
STALININ adı partiyamız üçün, sovet xalqı üçün, bütün dünya zəhmətkeşləri üçün
hədsiz dərəcədə əzizdir. Leninlə birlikdə STALIN yoldaş qüdrətli Kommunist
Partiyasını yaratmış, onu tərbiyə etmiş və mətinləşdirmişdir; Leninlə birlikdə
STALIN yoldaş Böyük Oktyabr sosialist inqilabının ilhamçısı və rəhbəri, dünyada
birinci sosializm dövlətinin banisi olmuşdur. STALIN yoldaş... STALIN yoldaş...»
Bu dəfə də poçtalyon Müzəffər özünü saxlaya bilmədi, hıçqırıq kişini boğdu,
«Kommunist» qəzetində çap olunmuş hərflər gözünün qabağında əriyib horra kimi
bir-birinə qarışdı və heç kişi özü də bilmədi ki, birdən-birə uşaq kimi necə ağladı;
dizləri titrədi, uzun-uzun illərdən bəri ağır poçt çantasını belinə şəlləyib Bakının
dağlıq küçələrini dolaşan və yorulmaq bilməyən bu adam birdən-birə taqətini itirdi
və az qaldı yıxılsın, amma həmin məqamda Pravadnik Əbdülkərimin o müsibətli
səhərdə də adamı xəncər kimi kəsən iti nəzərləri ilə rastlaşdı və özünü ələ aldı,
titrəyən əlləri ilə tutduğu «Kommunist» qəzetini bir az da gözlərinin qabağına
qaldırdı, nazik boğazının ucu iti hülqumu enib, qalxa-qalxa oxumağa başladı: «...
STALIN yoldaş, Leninin ölməz işini davam etdirərək sovet xalqını ölkəmizdə
sosializmin dünya miqyasında tarixi qələbəsinə çatdırmışdır. STALIN yoldaş dünya
müharibəsində ölkəmizə faşizm üzərində qələbə qazandırmış və bu qələbə bütün
beynəlxalq vəziyyəti kökündən dəyişmişdir. STALIN yoldaş partiyanı və bütün
xalqı SSRI-də kommunizm qurmağın böyük və aydın proqramı ilə silahlandırmışdır.
Bütün həyatını böyük kommunizm işinə fədakarlıqla xidmət etməyə həsr etmiş olan
STALIN yoldaşın vəfatı partiya üçün, Sovet ölkəsi və bütün dünya zəhmətkeşləri
üçün ən ağır itkidir». Sarı hamamın qabağından yenə bir hönkürtü dalğası keçdi və
qıpqırmızı qızarmış gözlərindən yaş axan çəkməçi Ağagül o anlarda özünə kişi sözü
verdi ki, mütləq evlənəcək, mütləq oğlu olacaq və oğluna mütləq «KOBA» adı
qoyacaq, mütləq, mütləq, mütləq belə olacaq. Çəkməçi Ağagülün iyirmi dörd yaşı
var idi, evlənmək vaxtı keçirdi, amma səhərdən-axşama kimi o qədər işləyirdi və
bacılarının da o qədər qayğısını çəkirdi ki, evlənmək barədə fikirləşməyə vaxtı yox
idi, amma həmin mart səhəri özünə kişi sözü verdi ki, lap yaxın vaxtlarda evlənəcək,
oğlu olacaq və oğluna «KOBA» adı qoyacaq və əslində indi kimin qeyrəti varıydısa,
gərək oğluna «KOBA» adı qoyaydı, heç olmasa, hərənin evində öz KOBASI olaydı,