335
Fətullagilin evindən dörd qapı aşağıda Ələkbərgilin evi idi, Ələkbər misgər idi
və qabaqlar Bakının Basin küçəsində, 11 saylı tramvayın dayanacağının yanında
balaca bir misgərxanası da vardı, sonralar küçəni genişləndirəndə o misgərxananı da
dağıtdılar və o vaxtdan da Ələkbər ailəsini mis qabları qalaylamaqla dolandırırdı,
amma elə ki, Sovet Ittifaqı dağıldı, qəribə bir əhvalat baş verdi: Ələkbərin
zirzəmisindəki mis qazanlar, sinilər, samovarlar və başqa üstünü toz basmış mis
əşyalar matah oldu, şirəyə arı gələn kimi, əvvəlcə xaricilər, sonra da birdən-birə
peyda olmuş Bakı dəllalları Ələkbərin o mis qablarını böyük pullarla almağa
başladılar və mis qabları qurtarandan sonra, Ələkbərin özü dəllala çevrildi və misgər
Ələkbər gözgörəti varlanıb məhəllənin yaxşı yaşayan adamlarından biri oldu, hətta,
özünə bir «Mersedes» də aldı, düzdü, bu «Mersedes» 1986-cı ilin buraxılışı idi,
amma, hər halda, «Mersedes» idi.
Pişik iy çəkən kimi, Ələkbər də düz üç dəfə Fətullagilə gəlmişdi və həmin
balabanı almaq istəmişdi və hər dəfə gələndə də balabanın əvəzinə verəcəyi məbləği
bir qism artırmışdı, amma ala bilməmişdi və sonuncu dəfə gələndə, Fətulla gözlərini
qıyıb: «– Ələkbər, – demişdi, – bu evin qapısı həmişə sənün üzüvə açıqdı. Ancaq bu
məsələdən ötrü bir də bu evə gəlmə!» – və ondan sonra, Fətullanın xasiyyətinə bələd
olan Ələkbər, bir də balaban məsələsinə girişməmişdi.
* * *
Bütün məhəllə, Fətullanı tanıyanların hamısı, hətta Firuzə də elə bilirdi ki,
klarnet Fətulla üçün hər şeydir, Fətullanın ən yaxın sirdaşıdır, Fətullanın ürəyinin
dedikləridir, ürəyinin səsidir və məhəllə də, tanış-biliş də, Firuzə də düz
fikirləşirdilər, həqiqətən də, belə idi, amma, Fətullanın ürəyinin çox dərinlərində bir
nöqtə var idi, o nöqtəyə qədər belə idi, o nöqtədən sonra isə başqa bir hiss var idi və
dünyada heç kimin, hətta, Firuzənin də xəbəri yox idi ki, o nöqtədən sonra Fətulla
üçün klarnet boş şey idi (!), çünki o nöqtədən sonra təbiətin səsi gəlirdi, yəni bu
mənada ki, dənizin uğultusu, quşların səsi, yarpaqların xışıltısı...
Günlərin bir qəribə günündə, axşam çağı, küçə qapılarının qabağındakı qoşa tut
ağacının altında oturub, həmişəki kimi, məhəllənin kişiləri ilə nərd oynamağa
hazırlaşan Fətulla, o qoşa tut ağacının yüngül mehdən xışıldayan yarpaqlarına qulaq
asdı, o xışıltı, elə bil, yapışqan kimi, beyninə yapışdı, eləcə də orada qaldı, neçə
müddət ondan əl çəkmədi və çağa dad, yaxud nəsə başqa bir şey kəşf edən kimi,
birdən-birə kəşf etdi ki, onun klarneti təbiətin bu dediklərini heç zaman deyə
bilməyəcək.
O qoşa tut ağacının yarpaqları nə deyirdi?– Fətulla bunu heç kimə və heç vəchlə
başa sala bilməzdi, çünki özü də bilmirdi ki, o yarpaqlar nə deyir, amma yarpaqların
o xışıltısındakı sirri dünyanı heç bir çalğı aləti o cürə verə bilməzdi.
Bircə o balabandan və o balabanın «Sarı gəlin»indən başqa.
Amma Fətulla burasını da başa düşürdü ki, bu, onun üçün, yəni Fətulla üçün
belədir və bir pianoçu da belə fikirləşə bilər ki, bunu, ancaq piano bacarar, skripkaçı
da fikirləşər ki, o sirri, ancaq skripka söyləyə bilər.
Hər halda, o kəşfdən sonra Fətulla xeyli müddət bikef oldu, nəinki bütün
ömrünü həsr etdiyi klarnet, ümumiyyətlə, həyat onun üçün mənasız göründü və o
axşam Fətulla nərdi də çox könülsüz oynadı və uduzdu, amma o kəşfi barədə heç
vaxt heç kimə heç nə demədi.
336
* * *
Əgər, Fətulla, misal üçün, pianoçalan olsaydı, onda övladı – fərqi yox idi, ya
oğlan, ya qız – onun yolunu davam etdirərdi, amma Fətullagil nəsillikcə piano çalan
yox, yaxud da lap elə kamança olsun,– qız da kamança çala bilər, – kamançaçalan
yox, balabançalan idi və qız xeylağı da, aydın məsələdir ki, balaban çalmayacaqdı.
* * *
Bəlkə, o cavanlıq vaxtı ki, balabanı bir tərəfə atdı, klarneti götürdü, bəlkə ona
görə Allah ona bir oğul vermədi ki, atasının, babasının yolunu davam etdirə?
Lap əgər beləydisə də, hər şey qurban olsun o qoşa hörüklü qıza və Allah ki, ona
oğul vermədi, qoy, əvəzində o qoşa hörüklü qızın ömrünü uzun eləsin və onu heç bir
dərdə, bəlaya salmasın.
* * *
– Fətulla, qurban olum sənə, başuva dönüm, Fətulla, satma balabanı, Fətulla,
bilirəm, mənə görə satırsan o balabanı, amma satma, Fətulla, bir qələt idi, elədim,
şeytan azdırdı məni, yarpaq söhbəti, sənə layiq söhbət deyildi, başuva dönüm, satma
o balabanı, hər gün darıxacaqsan o balabançun, Fətulla...
Və Firuzə nə illah elədi, yalvardı, ağladı, amma Fətullanı fikrindən döndərə
bilmədi.
* * *
Hər şey çox sadə oldu: Fətulla Ələkbəri çağırdı və sədəfli balabanı 1750 ABŞ
dollarına Ələkbərə satdı və Ələkbər də o balabanı 2250 ABŞ dollarına müştərisi
Martinius Asbyornsenə (bu adamın adını Ələkbər heç cürə yadında saxlaya bilmirdi,
ona görə də bu balaca, dazbaş, yekəqarın adamın adını kağıza yazırdı və onunla
danışanda gözucu kağıza baxırdı) satdı və Martinius Asbyornsen o sədəfli balabanı
7000 ABŞ dollarına Nyu-Yorkda yaşayan müştərisinə satdı və nəhayət, sədəfli
balaban mister Isaak Blyumentallın mizinin üstünə gəlib çıxdı.
Mister Blyumentall elə ilk baxışdan o sədəfli balabanın gözəlliyinə aşiq oldu,
onu çox diqqətlə nəzərdən keçirdi, yoxladı, məlumat kitablarından Məhəmməd ibn
Yusif ibn Mütəllibin orta əsrlərdə Şərqdə nəfəsli musiqi alətləri düzəltməkdə,
Avropada skripka ustası Stradivariyə bərabər bir sənətkar olduğunu öyrəndi və o
balabanı 66500 dollara alıb kolleksiyasının Şərq musiqi alətləri bölməsinə qoydu.
Onda Nyu-Yorkda payızın əvvəlləri idi...
* * *
Payız ötdü, Nyu-Yorkda soyuq bir qış keçdi, sonra yaz gəldi, amma Nyu-
Yorkun daş, beton, şüşə göydələnləri o payızın da, o payızı əvəz edən qışın da, təzə
gələn yazın da fərqində deyildi.