365
Cümünün axşamlar Bolelşik Bufetçi Ibadullanın bufetindəki araqdan sonra
hərdən tək gedib o qayalıqda oturmağı var idi və Cümüdən başqa bundan heç kimin
xəbəri yox idi – Cümüdən başqa, bir də ki, o tır-tırdan başqa, çünki hərdən Cümüyə
elə gəlirdi ki, o tır-tır da bu quru, adda-budda kollu-koslu Abşeron çöllərinin
sahibsiz itləri, pişikləri kimi bir şeydi.
– Ə, sən öl, bir dəfə səni götürüb dənizə atacam! – bunu da Cümü Bolelşik
Bufetçi Ibadullanın bufetindən sonra o qayalıqda oturduğu vaxtlar hərdən
motorollerə (tır-tıra) deyirdi, guya ki, o tır-tırın Cümünün qabağında nəsə bir günahı
var idi.
Əksinə, Cümü gərək o motorollerin qara tüstü buraxan o paslı borusundan
öpəydi, çünki Buzovnadakı fəhlə yataqxanasının beşinci mərtəbəsindəki o altı
nəfəri, özü, yəni Cümü heç, o beş nəfəri – Güllü arvadı, Sonanı, Cəmiləni, Qalibi,
Solmazı – dolandıran o kuzovlu motoroller idi. Elə ki, Bakıya gəlib çıxdılar, bu
fəhlə yataqxanasında məskunlaşdılar, elə ki, Cümü Bakı taksilərində özünə bir iş
tapa bilmədi, elə ki, bir müddət profilaktoriyada, bir müddət də benzindoldurma
məntəqəsində günəmuzd işləməyindən bir şey çıxmadı, onda Bolelşik Bufetçi
Ibadulladan borc götürdüyü 115 dollara hay-hayı getmiş bu kuzovlu motorolleri
aldı, təmir etdi və fəhlə yataqxanasında yaşayan camaatın bir qismi, yəni uşaqlar,
qocalar ki, hələ yuxudan durmamışdılar, motorollerin səsinə yuxudan oyanmağa
başladı, çünki yarım saat guruldayıb-tırıldayıb sönürdü-yanırdı, sonra işə düşürdü.
Cümü, adətən, Maştağaya sürürdü, həyətdə heyvan saxlayan ətraf kəndlərin
camaatı üçün saman, quru çörək, cürbəcür yemlər, toyuq-cücə saxlayanlar üçün
buğda, arpa, yarma alıb motorollerin kuzovuna yığırdı və aparıb ev-ev satırdı. Misal
üçün, quru çörəyin birini iki yüz manata alırdı, iki yüz əlli manata satırdı, eləcə də
yem, arpa və başqa bu kimi şeylər, amma elə ki, yay gəlirdi və imkanlı adamlar öz
bağlarına köçürdü, kimsə, haranısa təmir etməyə, harasa bərbəzək vurmağa
başlayanda, Cümü tır-tırın kuzovuna sement torbası, rəng, mismar, əhəng yığırdı və
kəsə yolla Maştağadan Nardarana sürürdü, ordan dəniz qırağı yolla Bilgəhə gəlirdi,
Bilgəhdən Zuğulbaya, oradan da Buzovnaya keçirdi, əgər kuzovda satılmamış mal
qalırdısa, Şağana, Mərdəkana, Şüvəlana sürürdü, axşam təzədən Buzovnaya
qayıdırdı və əvvəllər Buzovna bazarında ayın-oyun alıb fəhlə yataqxanasındakı
evinə (otağa) gedirdi. Bir il belə keçdi, iki il belə keçdi, o illər ki, «Allah qoysa,
sabah qayıdacağıq Şuşaya, birsigün qayıdacağıq Şuşaya!..», o illər ki, Qalib anadan
oldu və Cümü onun adını gələcək Şuşa və ümumiyyətlə, Qarabağ qələbəsi şərəfinə
Qalib qoydu, amma sonra yavaş-yavaş əvvəlcə Bolelşik Bufetçi Ibadullanın bufetinə
dəyməyə başladı, sonra fəhlə yataqxanasındakı evə (otağa) getdi və Qızıldiş Cümşüd
hamı üçün Cümü oldu.
XII
366
Son vaxtlar Cümü sübh tezdən hansısa bir səsə – əslində, bu, səs də deyildi, nəsə
avaza oxşayan bir şey idi – yuxudan oyanırdı və heç cürə başa düşə bilmirdi ki, bu,
nə səsdi? nə avazdı? – dənizin uğultusu deyildi (bunu Cümü dəqiq bilirdi), xəzrinin,
ya giləvarın da səsi deyildi, nəsə qarışıq bir avaz idi və bir sübh çağı Cümü yenə bu
avaza yuxudan oyanıb yerindən qalxdı, otaqdan çıxıb aralığın axırındakı tualetə
getdi və əlüzyuyanın üst tərəfindən asılmış paslı dəmir çərçivəli köhnə güzgüdə
özünə baxa-baxa birdən başa düşdü ki, onu yuxudan oyadan o avaz Malıbəyli Köhnə
Qaval Isgəndərin onların toyunda oxuduğu o «Qarabağ şikəstəsi» idi, amma
Isgəndərin səsi bu dünyadan yox, o biri dünyadan gəlirdi və elə bil, o «Qarabağ
şikəstəsi» də illərdən bəri köhnə paltarlarla bir yerdə sandıqda pərçim olub qalmışdı,
naftalin əriyib qurtarmışdı və güvə o köhnə paltarlar kimi, «Qarabağ şikəstəsi»ni də
yeyib adda-budda dəlik-deşik etmişdi.
Və birdən-birə Sonanın o toy günündəki əndamı gəlib dəmir çərçivəsi paslanmış
o güzgüyə qondu, bir müddət – üç saniyə? ya yarım saat? – beləcə güzgüdən
Cümüyə baxdı, sonra Cümü yavaş-yavaş yenə də öz əksini gördü və güzgüdəki o
əksi Cümünün üzünə bir lopa tüpürüb:
– Niyə onda evlənib o qızı da bədbəxt elədin, ay zaraza?– dedi.
XIII
Həmin sentyabr günü Bolelşik Bufetçi Ibadullanın kefi kök idi, çünki dünən
axşam «Neftçi» Finlandiyadan gəlmiş bir komandanı 3-1 hesabı ilə udmuşdu, bu
gün də həmin gözəl futbol qələbəsinin davamı kimi, nərddə əli gətirirdi və səhərdən
bəri bazar günü olduğu üçün, işə getməmiş məhəllə kişilərini, hətta, məhəllədə ən
yaxşı nərd oynayan hesab olunan və ildə-ayda bir dəfə uduzanda da qızarıb
pərtləşdiyindən xoruz kimi, az qala, adamın gözünü deşməyə hazır olan Avtobus
Ağadadaşı da bir-bir udurdu.
Qırx il idi ki, məhəllə adamları da, kənd camaatı da, Buzovnanın, Zuğulbanın və
Vişnyovkanın yolayrıcında yay-qış həmişə açıq olan bufetin daimi və qeyri-daimi
müştəriləri də Bolelşik Bufetçi Ibadullaya sadəcə «Bufet» deyirdilər və çəkisi 160
kilodan çox olan Bolelşik Bufetçi Ibadulla ayaq üstə durub nəhəng qarnını qabağa
verəndə, bu kişidə, həqiqətən, bir bufet əzəməti hiss olunurdu. Kəndin birinci futbol
azarkeşi olan Bolelşik Bufetçi Ibadulla hər dəfə «Neftçi», yaxud respublikanın
yığma komandası oynayanda, nə olursa, olsun, istəyir lap bufetinə müfəttiş gəlsin,
mütləq Bakıya, oyuna baxmağa gedirdi və elə ki, bizimkilər bir qol vururdu, bufet
əzəmətli bu 160 kiloqramlıq bədən yerindən elə hoppanırdı, elə bil, o özü də 160
kiloqram yox, top kimi yüngül bir şey idi.
Həmin sentyabr günü Sovet Ittifaqı dağıldıqdan sonra özəlləşdirdiyi bufetində
qışqabağı təmir işləri getdiyinə, bu təmir işlərinə də bir vaqon Zirə qarpızını Moskva
bazarlarında satıb təzə qayıtmış oğlu Ağasəlim cani-dildən rəhbərlik etdiyinə görə,
Bolelşik Bufetçi Ibadulla həmin sentyabr günü bufetə getməmişdi, küçələrinin həyət
qapısı ağzında, builki meyvəsi də dərilib qurtarmış qoca xartut ağacının kölgəsində
nərd oynamaqla məşğul idi və elə ki, Avtobus Ağadadaşgilin Qırmızı xoruzunun
itməyi xəbəri gəlib ona da çatdı, gombul barmaqları arasında tutduğu balaca sədəf
zərləri xüsusi bir həvəslə atıb:
– Alə, – dedi. – Ağadadaş xoruzu neyniyir?.. – Və zərlərin gətirdiyi növbəti «şeş
qoşa»nı görüb gülə-gülə: – Bir evdə neçə xoruz olar?.. Iki xoruzun başı bir qazanda
qeyniyər begəm?– deyə zarafat etdi.