367
XIV
Bir dəfə, səfeh giləvar əsən bir payız axşamı idi və o səfeh giləvara baxmayaraq,
Məmməd kişi yenə həmin zeytun ağacının altındakı o sınıq-salxaq skamyada
oturmuşdu və bu hələ o vaxtlar idi ki, Məmməd kişi, ancaq öz-özü ilə yox,
başqalarıyla da danışırdı, bax, həmin axşam Cümü motorolleri həyətdə saxlayıb
yataqxananın blokuna girmək istəyəndə Məmməd kişi ondan soruşdu:
– Bura bax, ə, Cümü, ermənilər müsəlman olsaydı, ruslarnan Amerika yenə
onlara qəhmər çıxacaqdılar?
XV
Gəlib Buzovnadakı bu fəhlə yataqxanasında yerləşəndən sonra, Cümü uzun
müddət gecələr yata bilmədi və məsələ təkcə onda deyildi ki, nəm və isti Abşeron
havası ilə nəfəs ala bilmirdi və dənizin o uğultusu da onu yatmağa qoymurdu –
bunlar öz yerində, ən başlıcası o idi ki, bir balaca huşa gedən kimi Şuşanın küçələri,
bağları, Ağadədəli məhəlləsi gəlib dururdu gözlərinin qabağında və bu – yuxu kimi
yuxu deyildi, qarabasma kimi də qarabasma deyildi, amma o anlarda Cümünün
nəfəsi daha da ağırlaşırdı, havası çatmırdı.
Sonralar gecə gözlərinin qabağına gələn o rəngli – ən çox da yarpaq yaşılı –
Şuşa mənzərələri yavaş-yavaş yox oldu və ümumiyyətlə, uzun müddət heç bir yuxu
görmədi, amma axır vaxtlar tır-tır yuxusuna girməyə başlamışdı. Bu gecə də yuxuda
tır-tırı gördü. Gördü ki, canını götürüb tır-tırdan qopmaq, qaçmaq istəyir, amma tır-
tır onu buraxmır, Cümü qaçır, sürətlə öz-özünə gedən tır-tır da ardınca qova-qova
onu izləyir və səksəkə içində yuxudan oyanıb hələ gün çıxmamış həyətə düşdü,
zeytun ağacının yanında Məmməd kişinin (Gözlə Gəlirəm Məmmədin) boş
skamyasında oturdu, bir siqaret çəkdi, sonra gedib tır-tırı işə saldı və tır-tır yarım
saat bütün həyətə haray-həşir salıb işə düşdü və Cümü yataqxananın həyətindən
çıxdı, bir də axşam saat 9-da – 10-nun yarısında qayalığa gəldi.
Dəniz sakit, qayalıq bürkü idi. Cümü tır-tırı həmişəki kimi bir kənarda saxlayıb
qayalığa çıxdı və əlində tutduğu dəmir pivə bankası kimi araq bankasının ağzını açıb
isti araqdan beş-altı qurtum içdi. Bu araqları təzə buraxmağa başlamışdılar və
qiyməti də su qiyməti kimi bir şey idi, Bolelşik Bufetçi Ibadullanın bufetindəki 200
qram arağın puluna bunun üçünü almaq olardı, hərəsi də 175 qram, amma deyirdilər
ki, bu araq zəhərdi.
Bu dəfə Cümü bankadakı arağın hamısını içdi və öz-özünə:
– Zəhərdi?– dedi. – Bəs, niyə səni öldürmür, ay it oğlu?
XVI
Şuşa Internat məktəbində idman müəllimi işləyən Salman indi xəstəxanada
gözətçi yeri tapıb, orada işləyirdi və gecələr xəstəxanadan spirt oğurlayırdı, Cümü
də Salmanla birlikdə o spirtdən içib keflənəndə, növbəti stəkandan sonra üz-gözünü
turşudub deyirdi:
– Ə, dərddən içirəm e, mən, dərddən! – Sonra da özünün özünə hirsi tuturdu və
bu dəfə də öz-özünə deyirdi: – Tüpürüm sənin dərdinə də, özünə də!..
Salman ona təskinlik vermək istəyirdi:
– Helə demə, ə, niyə özünü söyürsən? Dərdimiz böyükdü də, bə nədi, əlbəttə,
dərddən içirik!..
368
Cümü qəhərdən boğula-boğula:
– Ə, sən kəs səsini! – deyirdi. – Spirt oğrusu!
Sonra Salman xəstəxanadan oğurladığı spirti satmağa başladı və daha içməyə
vermədi.
XVII
Bir dəfə – mayın axırları idi və Abşeronda hələ çimmək mövsümü
başlamamışdı, dənizin sahilində, Buzovna ilə Zuğulbanın arasındakı qayalıq tamam
kimsəsiz, bomboş olurdu – axşam Cümü yenə Sonanı motorollerin kuzovuna
mindirib qayalığa apardı və yenə də o qayalıqda Sonanın solub rəngi məlum
olmayan donunun düymələrini aça-aça, Sonanı öpə-öpə növbəti dəfə söz verdi ki,
hər şey yaxşı olacaq, arağı da atacaq, bir də heç vaxt Sonanı beləcə qayalığa
gətirməyəcək və elə bu vaxt, göydən düşdü, ya qayanın içindən pırtlayıb zühur elədi,
bir ağsaqqal kişi – kənd sakini düz onların üstünə çıxdı, əvvəlcə özünü itirdi, sonra
toxtayıb:
– Alə, – dedi, – it döyülsüz siz!.. Pişik döyülsüz!.. Adamsuz axı!.. Insansuz
axı!..
Sona döşlərini donunun içinə dürtə-dürtə ayağa sıçrayıb motorollerə tərəf qaçdı
və kuzova minib hönkürə-hönkürə çığırdı:
– Biz insan deyilik, biz qaçqınıq!.. Qaçqınıq!.. Qaçqınıq!..
Birdən-birə bütün sifəti təndir közü kimi alışıb-yanan Cümü heç bilmədi nə
üçün, əlini atıb yerdən ovuc boyda bir qaya parçası götürdü, sonra arxasını onlara
çevirib qayalıqdan uzaqlaşan o kişinin ardınca baxdı, bütün varlığı ilə istədi ki,
əlindəki daşı öz başına çırpıb özü öz beynini dağıtsın, sonra birdən-birə boşalan,
taqətdən düşən əlindəki qaya parçasını güclə bir tərəfə tulladı və tır-tıra tərəf getdi.
Uzaqlaşıb qaranlıq içində gözdən itən o kişi yerli adam idi, deyəsən, avtobus
sürücüsü idi, adı da deyəsən, Ağarəhim idi, ya Ağadadaş idi, nəsə belə bir şey idi...
XVIII
Sonanın böyük bacısı Solmaz anadangəlmə kor idi və elə ki, ermənilər Şuşaya
hücum çəkdi, Şuşada qaçaqaç düşdü, kim nə tapdısa, ona mindi, şuşalıları köçürən
vertalyotda, yük maşınlarında, başqa maşınlarda yer qalmadı, onda hərə canını
götürüb bir tərəfə dağıldı, kimi pay-piyada Turşsu meşələrindən keçib Laçına qaçdı,
kimi dağlardan enib Ağdama gələ bildi, bir qismi işğalçı gülləsinə tuş oldu, bir qismi
girov götürüldü, güllədən və girovdan yayınan bir qismi də elə o meşələrdə, o
dağlarda tələf oldu. Ana oğuldan xəbərsiz qaldı, oğul bacıdan, bacı atadan və o vaxt
Solmaz da itdi və Cümügil minbir məşəqqətlə gəlib Ağdamda yığışanda Solmazı
«gördüm» deyən olmadı, Solmazdan xəbər-ətər çıxmadı.
Bütün bu müsibətlər azmış kimi, Solmazın da sevimli və köməksiz sifəti gecə-
gündüz Sonanın gözlərinin qabağından getmirdi və belə məqamlardan birində Güllü
arvad dediyi sözlərə özü də inanmayaraq, Sonaya toxtaxlıq vermək istədi:
– Az, özünü üzmə... Dünyada elə möcüzələr olur ki!.. Allah kərimdi!..
Sona burnunun suyunu çəkə-çəkə:
– Allahın üzü dönüb də, bizdən, ay nənə!.. – dedi. – Görmürsən?
Güllü arvad içini çəkdi:
– Boy-y-y, ay qız, əstəğfürullah de!