parçasının o qədər diqqətlə yandırılmasının təkcə bir mənası var. Qatarda
Armstronq ailəsiylə çox yaxından əlaqəsi olan bir nəfər olub. Məktubun tapılması
bütün şübhələrin o saat o adamın üzərində toplanmasına səbəb olardı.
İndi tapdığımız digər iki dəlilin üzərinə gələk. Trubka təmizləyicisinin üstündən
keçirəm. Onun haqqında çox danışdıq. İndi dəsmala gələk. Bunu ən sadə şəkildə
izah etmək istəsək... bu, adı “H” hərfiylə başlayan bir adamın cinayətlə əlaqəsi
olduğunu və o adamın dəsmalı fərqinə varmadan yerə saldığını göstərir.
Doktor Konstantin:
– Elədir ki var, – dedi. – Qadın dəsmalını yerə saldığını bilir və o saat adını
gizləmək üçün tədbir görür.
– Tələsməyin! Mən heç vaxt nəticə çıxarmaqda tələsikliyə yol vermirəm.
– Sizin başqa bir versiyanız var?
– Əlbəttə, var. Məsələn, deyək ki, cinayət işləmisiniz və günahı başqa birinin
üzərinə yıxmaq istəyirsiniz. Təsadüfən, qatarda Armstronq ailəsiylə yaxından
əlaqəsi olan biri var. Bir qadın. Deyək ki, cinayət yerində o qadına aid bir dəsmalı
yerə atırsınız. Qadın istintaqa çəkiləcək və Armstronq ailəsiylə olan bütün əlaqəsi
ortaya çıxarılacaq. Hər şey hazırdır. Cinayətin səbəbi və əleyhinə maddi sübut.
Doktor etiraz etdi:
– Ancaq belə bir halda işə qarışdırılan adam günahsız olduğu üçün kimliyini
gizlətməyə çalışmaz.
– Eləmi? Siz belə düşünürsünüz? Məhkəmədə də belə düşünürlər. Ancaq mən
insan xarakterini bilirəm, dostum, əmin olun, cinayətdə əli olmaq ehtimalıyla
qarşılaşan bir adam, nə qədər günahsız olursa olsun, nə edəcəyində çaşıb qalar və
dünyanın ən gülünc işlərinə əl atar. Xeyr, xeyr. Yağ ləkəsi və yeri dəyişən etiket,
sadəcə, qrafinya Andreninin bir bəhanə ilə kimliyini gizlətməyə çalışdığını
göstərir.
– Bəs onun Armstronq ailəsiylə nə əlaqəsi ola bilər sizcə? Axı heç vaxt Amerikaya
getmədiyini deyir.
– Bax elə buna görə. Özü də ingiliscəni xarici ləhcəylə danışır, görünüşü də
xaricilərə bənzəyir, yeri oldu-olmadı bunu vurğulayır. Ancaq onun kim olduğunu
təxmin etmək heç də çətin deyil. Bir az öncə xanım Armstronqun anasının adından
söz açdım. Adı Linda Ardendi, çox tanınmış bir aktrisa idi. Əsasən də, Şekspirin
əsərlərində oynardı. Arden meşəsini və Şekspirin Rozalinda adlı qadın obrazını
yada salın. Linda Arden səhnə üçün ad axtararkən bunlardan istifadə etmişdi.
Bütün dünya onu Linda Arden adıyla tanıyırdu. Amma əsl adı bu deyildi. Bəlkə də,
Qoldenberqdi. Damarlarından yəhudi qanı axdığını güman etmək olar. Amerikaya
bir çox millətdən insan gedir. Mən cəsarətlə deyə bilərəm, bəylər, xanım
Armstronqun o fəlakət sırasında kiçik uşaq olan bacısı elə Helena Qoldenberq
özüdür. Yəni Linda Ardenin kiçik qızı. Və qraf Andreni Vaşinqtondakı macar
səfirliyində müşavir olan zaman onunla evlənmişdi.
– Ancaq knyaginya Draqomirova qızın bir ingilislə evlənmiş olduğunu söylədi.
– Knyaginya o adamın adını xatırlaya bilmədi! Baxın, sizdən soruşuram, belə bir
şey mümkün ola bilərmi? Knyaginya Draqomirova Linda Ardeni çox sevərmiş.
Böyük ledilər böyük sənətkarları necə sevərlərsə, o cür. Aktrisanın qızlarından
birinə ad qoyubmuş. Knyaginya digər qızın evləndiyi adamın adını bu qədər tez-
tələsik unuda bilərmi? Mümkün deyil bu. Məncə, knyaginya Draqomirovanın
yalan söylədiyini qəti olaraq iddia edə bilərik. Helenanın qatarda olduğunu bilirdi.
Onu görmüşdü. Retçettin əslində kim olduğunu eşidər-eşitməz Helenadan şübhə
edəcəyimizi başa düşdü, bax buna görə ondan xanım Armstronqun bacısı haqda
soruşduğumuz zaman yalan söylədi. “Yaxşı xatırlamıram, amma Helena, deyəsən,
bir ingilislə evlənib”, – demişdi. Bu sözlər həqiqətdən çox uzaqdır.
Qarsonların biri yan qapıdan girərək onlara yaxınlaşdı. Buka:
– Axşam yeməyi servisinə başlaya bilərikmi, müsyö? – deyə soruşdu. – Yemək
hazırdır, ona görə.
Buk Puaroya baxdı. Belçikalı başını yellədi.
– Əlbəttə, təbii ki. Yemək servisinə başlayın.
Qarson o biri qapıdan çıxdı. Əlindəki zınqırovu yelləyir və fransızca deyirdi:
– Birinci növbə! Axşam yeməyi hazırdır!
IV fəsil
Macar pasportundakı yağ ləkəsi
Puaro Buk və doktorla eyni masada oturmuşdu.
Vaqon-restorana toplaşan yolçular çox kefsiz idilər. Çox az danışırdılar. Boşboğaz
xanım Habbard belə qeyri-təbii sayılacaq qədər səssizləşmişdi. Oturduğu yerdə
nəsə mızıldanırdı.
– Ürəyim heç bir şey istəmir.
Amma sonra, deyəsən, vəzifəsi ona baxmaq olan isveçli qadının təskinlikverici
sözlərindən sonra gətirilən hər yeməkdən bir az yedi.
Servis başlamazdan öncə Puaro şef-qarsonun qolundan tutaraq ona nə isə
pıçıldamışdı. Konstantin qraf və qrafinya Andreniyə həmişə ən axırda servis
verildiyini və yeməyin sonunda da hesabın verilməsinin gecikdiyini görüncə,
Puaronun şef-qarsona nə tapşırıq verdiyini başa düşdü.
Ər-arvad yeməyi tamamlayıb ayağa qalxdılar. Puaro da yerindən fırlanaraq onların
arxasınca getdi.
– Pardon, madam, dəsmalınız yerə düşdü.
Əlində tutduğu kiçicik markası olan dəsmalı onlara uzatdı.
Gənc qadın dəsmalı aldı. Gözucu baxdı. Sonra da geri verdi.
– Yanılırsınız, müsyö. Bu dəsmal mənim deyil.
– Deyil? Əminsinizmi?
– Tam əminəm, müsyö.
– Ancaq üzərində sizin markanız var, madam.“H” hərfi yazılıb.
Qraf, sanki, Puaroya tərəf ani bir hərəkət etdi. Ancaq Puaro ona fikir vermədi.
Gözlərini qrafinyanın üzünə dikmişdi.
Gənc qadın sakit bir tövrlə ona baxaraq:
– Başa düşmədim, müsyö? – deyə cavab verdi. – Adımın baş hərfləri E. A.-dır.
– Mən elə güman etmirəm. Adınız Helenadır sizin. Elena deyil. Helena
Qoldenberq. Linda Ardenin ən kiçik qızı. Xanım Armstronqun bacısı Helena
Qoldenberq.
Bir anlıq dərin, gərgin bir səssizlik oldu. Həm qrafın, həm də qrafinyanın üzü
ağappaq olmuşdu.
Puaro daha yumşaq bir səslə:
– İnkar etməniz yersizdir, – dedi. – Elə deyilmi?
Qraf hirslə bağırdı.
– Müsyö, hansı haqla?...
Gənc qadın kiçik əlini ərinin ağzına doğru uzadaraq onu susdurdu.
–
Lazım deyil Rudolf, qoy mən danışım. Bu bəyin söylədiklərini inkar etmək
faydasızdır. Oturub bu məsələ haqqında danışmağımız daha doğru olar.
Səs tonu və ləhcəsi dəyişmişdi. İlk dəfə tam mənada bir amerikalı kimi danışırdı.
Qraf səsini çıxarmadı. Arvadının əliylə verdiyi işarəyə tabe oldu. İkisi birdən keçib
Puaronun qarşısında oturdular.
Qrafinya:
– Sözləriniz çox doğrudur, müsyö, – dedi. – Mən xanım Armstronqun bacısı
Helena Qoldenberqəm.
– Ancaq bunu mənə bu gün səhər demədiniz, madam.
– Elədir.
– Ərinizin və sizin mənə danışdıqlarınız başdan-ayağa yalan idi.
Dostları ilə paylaş: |