27
aşkarlığıyla boynuma almaqdan qorxduğum hisslərim
başqalarına heç cür agah ola bilməz. Sən demə...
Çarpayıda
Rəsul Rzanın
üzünə çəkilib
yüz illərin ağ yuxusu.
Anar təslim olub
qısılıb küncə
Saçlarından, qaşlarından, üzündən
axıb tökülür
neçə ildir ürəyində
gəzdirdiyi qorxusu.
Fikrət Qocanın "Rekviyem"ində atamın ölümünü,
ölümündən sonrakı ilk saatları təsvir edən sətirləri oxuyanda
gördüm ki, "illər boyu ürəyimdə gəzdirdiyim qorxumu" gizlədə
bilməmişəmmiş. Hər halda şair gözlərindən gizlədə
bilməmişəm.
Belə qorxurdumsa, uzaq səyahətlərə niyə çıxırdım? Ağla
gələn ilk cavab – bu cavab mənim xeyrimə deyil – belədir ki,
qorxu qorxu yerində, amma kefimdən də qalmaq istəmirdim.
Bu cavabda bir azca həqiqət varsa da, həqiqətin hamısı, yarısı,
heç çərəyi də yoxdur.
Özümə bəraət qazandırmaq, olanları bəzəmək, münasib
səbəblər uydurmaq istəmirəm. Amma doğrudan, səfərlərə
çıxmağımın bir cəhəti də vardı – hansı səfərdənsə imtina
etsəydim, getməsəydim, demək, məhz bu müddət içində bəd
hadisə gözləmiş olardım.
Əlbəttə, atamın halı xarablaşanda səfərlərdən imtina
edirdim, amma 81-ci ilin fevralında İtaliyaya gedəndə atamı
evdə nisbətən gümrah halda qoyub getmişdim.
İndi İtaliyadan Moskvaya qayıdarkən mehmanxanaya
çatanacan, Bakıya zəng vuranacan ürəyim çırpınıb yerindən
28
çıxırdı.
Mehmanxana otağındayam, Bakının telefon kodunu, sonra
atamgilin nömrəsini, sonra öz nömrəmi yığıram. Uzun-uzun
sədalar. Cavab çıxmır ki, çıxmır.
Bacımgilin nömrəsini yığıram.
–Qorxma, heç bir şey yoxdur. Qan təzyiqi bir az yüksək
oldu, apardıq xəstəxanaya. Orda palatada telefon var, istəyirsən
zəng vur.
Xəstəxananın nömrəsini yığıram. Dəstəyi özü götürür.
Səsimi eşidən kimi gümrah tonla danışır.
–Lap yaxşıyam. Nigar da burda, yanımdadır. O da lap
yaxşıdır.
Dəstəyi anam alır. Səsində sevinc var, şadlıq var.
Əlbəttə, iki min kilometr məsafədə nigarançılığımı
sakitləşdirmənin yeganə vasitəsi budur.
Kefləri kök, damaqları çağ... Guya ki... Elə bil heç
xəstəxanadan danışmırlar.
Amma bilirəm axı, bilirəm axı...
Məlumdur ki, xəstələr
yaşamır.
Xəstələr gecə-gündüz
ölümlə dava çəkir.
Bəzisi səsli, haraylı,
bəzisi səssiz, səmirsiz;
mən təki...
Müxtəlif illərin misraları səslənir qulaqlarımda.
Beyin fosfor istəyir,
şəkər istəyir ürək.
həkim deyir:
şəkəri az yeyəsən gərək.
Beş, on il dözər can
Ciddi pəhriz saxlasan.
Bu sətirlər 58-ci ilin şerindəndir. Dözümlü canı, möhkəm
ürəyi atamı bu şerin yazılma tarixindən sonra iyirmi üç il
29
yaşatdı.
Amma bütün bu illər ölümünü də "qəlbində, beynində
saxladı".
Çinarın ölüm günü
ilk pöhrəsindən,
ilk yarpağından başlamışdı.
Əsr-əsr yaşadı bu ölüm
çinarın budağında,
gövdəsində, kötüyündə.
Ayrılmadı çinardan
bir an da, bir gün də.
Çinar duymasa da onu,
ölüm keçdi pöhrə-pöhrə.
yarpaq-yarpaq.
Budaq-budaq yolunu.
"Kölgə kimi ondan ayrılmayan ölüm" onu
bədbinləşdirmirdi, o, "ömür adlanan qəribə yolun sonucu bu"
deyərkən ölümü yox, həyatı, insanları, dünyanı düşünürdü.
Ancaq ki, bir qaçılmaz
qanunu var həyatın–
günlərin damlasından
dolacaq ömür gölü.
Necə uzaqda olsa
gələcək bir gün ölüm...
... Bir gün gedəri olsam
bəlkə azalacaqdır
bu dünyadan bir damla.
Ancaq dünya qalacaq;
dopdolu bir həyatla,
yaşayıb yaratmağa
qadir saysız adamla...
Hər gün onu "bir xəncər boyu" ölümə yaxınlaşdırırdı.
Amma o daima hərəkətdə idi, qolunun giri, ayaqlarının gücü
qaldıqca addımlayırdı. Həmişə yoldaydı.
30
Qurtarmaq bilmir qatarın yolu.
Gündüzü var, gecəsi var.
Hələ gülə-gülə minəcək,
kədərlə düşəcək
neçəsi var.
Nə mən bilirəm harda düşəcəyəm,
nə qatardakılar bilir
Bəlkə heç qatar dayanmır:
düşənə elə gəlir,
minənə elə gəlir,
bəlkə mənə elə gəlir...
...nə yol qurtarır,
nə – arzular.
Yenə iskələlər, duracaqlar ötüşür.
Kimsə minir.
Kimsə düşür...
Ömür qatarından yol boyu neçə tanışı, dostu, əzizi
düşmüşdü. Axır illər onları daha tez-tez, daha göynəkli
anımlarla xatırlayırdı. Müşfiq nisgilini "Qızıl gül olmayaydı"
poemasında ifadə etmişdi. Sabit Rəhmana, Nazim Hikmətə,
Abdulla Faruka, Mikayıl Rəfiliyə, Cəfər Cəfərova, Əvəz
Sadıqa, Tatul Huryana, Lətif Səfərova, Əliağa Kürçaylıya,
cavan vəfat etmiş bacısı Turəyə şerlər, poemalar, misralar həsr
etmişdi.
Mən kölgəsiz bağ görmədim,
El dərdi tək dağ görmədim.
Gözlərimi yumub-açdım,
neçə dostu sağ görmədim.
1962-ci ilin payızından 64-cü ilin yazına qədər mən
Moskvada, Ali ssenari kurslarında oxuyurdum. Atamın və
anamın məktublarının bir qismi bu illərdə Moskvaya
yazdıqlarıdır.
"Anar bala, xoş gördük!
Dostları ilə paylaş: |